adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SƏNGƏR

FAİQ QİSMƏTOĞLU
42311 | 2013-07-13 00:48
... Kəndə çıxmağa və el-oba arasında olmağa utanırdı. Utanırdı ki, camaat onu qınayacaq və oğlunun hərəkətini tez-tez onun başına vuracaq. Həsən kişi kəndə çıxanda istəyirdi ki, çoxları onu görməsin. Görənlər də soruşurdu ki, ay Həsən, oğlun Cəfər nə qələt eləyib ki, əsgərlikdən yayınır. Amma Həsən kişinin oğlu Cəfər elə də bir qələt eləməmişdi. Sadəcə olaraq, gözü əsgərliyə getməkdən qorxurdu. Çünki qonşularından bir neçə nəfər hərbi xidmətdə olsa da qayıdanda xəstəliyə tutulmuşdular. Deyilənlərə görə, qonşu Abdulla kişinin oğlu Vaqif hərbi xidmətdə olarkən bərk soyuqlamış və sonra da bu xəstəlik onu yatağa salmışdı...
Həkimlər də Abdulla kişinin oğlu Vaqifi müalicə eləsələr də görmüşdülər ki, o sağalmır, ona görə də vaxtından tez Vaqif ordu sırasından xəstəliyinə görə tərxis olunmuş və evə göndərilmişdi.
Bax bu cür vəziyyətlər Həsən kişinin oğlu Cəfərin gözünün odunu almışdı. Hər dəfə də hərbi komissarlıqdan çağırış vərəqəsi alanda Cəfər bir bəhanə eləyər və görüm-baxımla əsgərlikdən yayınardı. Ancaq bu dəfə vəziyyət başqa cür idi. Dədəsi Həsən kişi el-obanın tənəsindən boğaza yığılmışdı. Oğlunu çağırıb diqqətlə başdan-ayağa ona baxdı. Sonra da dilləndi:
- Ay oğul, sənin töhmətindən el-oba arasına çıxa bilmirəm. Camaat mənə elə baxır ki, sanki böyük bir günah işlətmişəm. Onları da qınamalı deyil. Dörd il əsgərlik vaxtından keçib, hər dəfə bir ətək pul verib səni saxlatmışam. Amma day utanıram. Bu dəfə pul verən deyiləm və səni əsgərliyə göndərəjəm.
Cəfərin boğazı qurudu və udqunaraq dedi:
- Dədə, mən əsgərlikdən qorxmuram ey, gedərəm də, canım çıxar orda əziyyət də çəkərəm! Amma məni qorxudan odur ki, hərbi hissələrin çoxunda əsgərə qul kimi baxırlar və onu eşşək yerinə qoyurlar. Elə bil ki, əsgər nökərdi, yaxud da ağır cinayət eləyib.
Dədəsi:
- Bunu sən hardan bilirsən, ə?!
- Qonşumuz Abdulla kişinin oğlu Vaqif deyib. Görmürdün, əsgərə gedəndə nə boydaydı?! Qayıdanda çöpə dönmüşdü. O qədər arıqlamışdı ki, ayağı-ayağına dolaşırdı. Yazıq vərəm olub gəldi...
- A bala, axmaq-axmaq danışma! Əsgərlikdə hamı məgər xəstələnir?! Sənin kimi aciz adamlar və zəif uşaqlar sadəcə olaraq, çətinliyə dözə bilmir, tez də xəstələnirlər. Lakin siz bilməlisiniz ki, əsl kişi hərbi xidmətdə olmalıdır və əsgərlik həyatını yaşamalıdır. Əsgərliyi görməyən adam bərkə-boşa düşəndə uşaq kimi ağlayar, dədəsini-nənəsini köməyə çağırar!..
Dədəsinin bu sözləri oğlu Cəfəri möhkəm tutdu. Oğlu Cəfər indi anladı ki, nəyə görə kənddə hamı ona ana uşağı kimi baxır. Tay-tuşları çoxdan hərbi borclarını versələr də, o hər dəfə bir bəhanə ilə əsgərlikdən yayınırdı. Fikirləşdi ki, dədəsi düz deyir. Kişi gərək çətinliyə düşsün, əzilsin, sıxılsın və bundan sonra polad kimi möhkəm olsun...
O, üzünü dədəsinə tutub yenidən dilləndi:
- Ay dədə, kim pul verir onu yaxşı yerə salırlar. Pul verməyənləri ya cəbhə bölgəsinə göndərir, ya da Naxçıvana aparırlar. Sənin də pulun yoxdu. Qonşumuz Abdulla kişinin oğlu Vaqif Füzulidə döyüş bölgəsində xidmət eləyib. O, deyir ki, cəbhə bölgəsində bir dənə varlı uşağını görmədim. Hətta nəinki varlı, bir balaca pulu olan adamların uşaqları Füzuliyə göndərilsə də səngərə getmir, elə hərbi hissənin özündə qalırdı.
Həsən kişi əsəbi halda oğluna baxdı:
- Ə, kişi ol! Xidmət eləmək istəyirsən, get, vətəninə qulluq elə! Sənin yolunda soğan kimi soyulmuşam. Bu dəfə bir qəpik pul da verən deyiləm! Hara göndərsələr, canın çıxıb ora da gedəjəksən. Bildin, a bala?!
Cəfər:
- Bildim dədə!..
Hərbi komissarlıqdan Cəfərin adına gəlmiş çağırış vərəqəsi onlara çatdırıldı. Vərəqəni elə Cəfərin özünə verdilər. Dedilər ki, ayın 10-da hərbi komissarlıqda olarsan! Səni Tərtərə göndərəcəklər.
"Tərtər" sözünü eşidəndə Cəfərin rəngi ağappaq oldu. Çünki Tərtər də cəbhə bölgələrindən sayılırdı. Ancaq Cəfər day qorxmurdu. O, ondan qorxurdu ki, əsgərliyə aparacaqlar. Əgər əsgərliyə aparırdılarsa, islanmışın yağışdan nə qorxusu?!
Özü hərbi komissarlığa tək getdi. Dədəsi Həsən kişini də qoymadı. Hətta əmisi və dayısı uşaqları da onu yola salmaq istəsələr də bununla razılaşmadı. Dedi ki, məni yola salmağa heç bir ehtiyac yoxdur. Ayın 10-u Tərtərə yola saldılar. Avtobusda Cəfərdən başqa kənddən və rayondan bir neçə də gənc vardı.
Elə oldu ki, onların hamısı axşam saatlarında Tərtərə çatdı. Hərbi hissədə çağırışçılar bir-bir bölündü, onlara əsgər paltarı, əsgər ayaqqabısı, əsgər köynəyi verildi. Karantin müddətində Cəfər çox şey öyrəndi. İlk növbədə möhkəm nizam-intizam və çeviklik dərsi ona çox şey əxz elədi. Hiss elədi ki, artıq ana uşağı deyil. Səhər saat 6-da ayağa qalxır, idman eləyir və sonra da təlimlərdə iştirak edirdi...
Tərtərdə karantin müddətini başa çatdırandan sonra onu birbaşa döyüş mövqeyinə göndərdilər. Aydın idi ki, bu mövqedə xidmət eləmək və çətinliklərə dözmək insandan iki qat qüvvə və iradə tələb eləyirdi. İlk günlər komandirlərinin etimadını qazanmağa çalışdı.
Hətta postda olarkən bir neçə dəfə ermənilər atəşkəsi pozdu. Cəfər də bu atəşkəsə atəşlə cavab verdi. Cəfər özü də gözləmirdi ki, belə bir şəraitdə hər şeyə tez alışa bilər. Amma Cəfər kənddə o qədər çətinlik görmüşdü ki, burdakı çətinlik ona bir o qədər də ağır gəlmirdi. Əsas məsələ o idi ki, komandirlərin tapşırıqlarına diqqətlə əməl eləyəsən, silahla davranmağı bacarasan, döyüşün qaydalarını və taktikasını biləsən. Cəfər həm də fiziki cəhətdən möhkəm idi: onun uca boy-buxunu, iri ayaqları və yekə də əlləri vardı. Baxanda elə bilirdin ki, zalım oğlu pəhləvandı.
Ancaq Cəfər pəhləvan-zad deyildi. O, sadəcə olaraq, zəhmətkeş, əzabkeş gənc olduğu üçün belə bir görkəmə malik idi. Kənddə olanda günün böyük bir hissəsini əkin sahələrində keçirir, qalan vaxtı da evlərinin yaxınlığındakı futbol meydançasında futbol oynayırdı. Yaxşı futbol oynamağıyla hərbi hissədə çoxlarının diqqətini cəlb eləmişdi. Hətta komandirləri ona texnikalı futbol oynadığına görə, Messi deyirdilər. Bu "Messi" də topnan o qədər gözəl davranırdı ki, sanki ayağında bir maqnit vardı və topu da o maqnitlə özünə çəkirdi.
...Həmin günü yenidən posta yollandı. Hava da həddindən artıq çox soyuquydu. Möhkəm qar yağmışdı və şaxta düşmüşdü. Belə soyuq havada postda durmaq və döyüş mövqeyində ayıq-sayıq olmaq əsgərdən daha çox gümrahlıq və cəsarət tələb eləyirdi. Postda tək deyildi. Onunla birlikdə iki əsgər yoldaşı da vardı. Elə oldu ki, düşmən tərəf yenə atəşkəsi pozdu və bir-birinin ardınca mövqeyimizə güllələri yağış kimi yağdırmağa başladı. Cəfərin yanındakı əsgər yoldaşlarından biri bu güllələrdən yaralandı. Cəfər özünü itirmədi. Tez hərbi hissəyə bu barədə operativ məlumat çatdırdı. Özü isə yaralını qırağa çəkib onun yarasını sarıdı və düşmənin mövqeyini atəşə tutdu. Onun atəşindən sonra düşmən mövqeyi susdu.
Qan içində olan əsgər yoldaşı Arifə təsəlli verdi:
- Qardaş, qorxma! Sənin qanını yerdə qoymadım! O səni vuran nadürüst erməninin düz alnından atdım...
Arif:
- Qan içindəyəm. Get-gedə zəifləyirəm. Elə bil ki, ölürəm...
Cəfər:
- Uşaq-uşaq danışma. Rəngin-rufun yerindədi. Bir az çiynindən yara almısan. Qan da dayanıb. İndicə həkimlər gələr, sənə lazimi kömək eləyərlər...
... Heç beş dəqiqə keçmədi ki, hərbi həkimlər gəlib yaralı əsgəri postdan apardılar. Xoşbəxtlikdən yara da elə ağır deyilmiş. Güllə əsgərin sağ çiynindən dəymiş və ordan da çıxmışdı. Yaralı əsgər bir ay hərbi hospitalda müalicə olunandan sonra tam sağalmış və yenidən hərbi hissəyə qayıtmışdı.
Arifi hərbi hissədə görəndə Cəfərin gözləri yaşardı. Ona sarı qaçıb qucaqladı:
- Qardaş, sənə qurban olum! Şükür Allaha, səni qorudu! Fikirləşirdim ki, Allah eləməmiş bir şey olar, mən də ömrüm boyu günaha bataram...
Arifin sifətində bir təbəssüm yarandı:
- Görünür, ipim hələ Allah-Təala tərəfindən üzülməyibmiş. Sən də çətin vəziyyətdə karıxmadın, yaramı sarıdın və qanaxma dayandı! Gördüm ki, çox kişi adamsan. Mən vurulanda canını qoymağa yer tapmırdın. Sən mənim qardaşım oldun!
Cəfər:
- Elə sən də mənim qardaşımsan - deyib yenidən onu qucaqladı və möhkəm-möhkəm bağrına basdı. - Biz hər ikimiz ölümdən qorxan oğlan deyilik...
Bir il dörd ay idi ki, Cəfər Tərtərdə xidmət eləyirdi. Və bu bir il dörd ayda bir dəfə də valideynlərini hərbi hissəyə gəlməyə qoymamışdı. Amma yaxşı xidmətinə görə, ona iki dəfə "otpuska" vermişdilər. O da kəndə gəlib, qohum-əqrəbası ilə görüşmüşdü və dostları ilə hal-əhval tutmuşdu. Camaat da onu görəndə məəttəl qalmışdı. Camaatın dili ilə demiş olsaq, fərasətsiz Cəfərdən heç bir əlamət qalmamışdı. Daha da kökəlmiş, sifəti enlənmiş və ətə-qana dolmuşdu...
Axırıncı ayı da başa vurdu və əsgərlik xidmətini bitirdi. Tərtərdən evlərinə qayıdanda yolda onu taksi sürücüsü Əhməd kişi gördü və dedi:
- Ay maşallah, nə qəşəng kökəlmisən ə?! Əsgərlik sənə düşürmüşük ki?! Day dədən də utanıb-eləməyəcək camaatdan. Sən əsgər getməyəndə kişi elə bil nəsə böyük günah eləmişdi. Xeyirdə-şərdə sıxıla-sıxıla otururdu. İndi səni evinizə aparacam və dədəndən muştuluq alajam!
Cəfər Əhməd kişinin maşınına əyləşdi. Yarım saatdan sonra kənddə oldular. Maşın həyətə girəndə oğlunun gözünə ilk sataşan anası Nazpəri xanım oldu. Anası heç maşına fikir vermirdi. Sürücü Əhməd kişi sevincək halda səsini ucaltdı:
- Ay Nazpəri, gözünüz aydın, oğlunuz Cəfəri gətirmişəm! Hanı o Həsən kişi, mənim muştuluğumu versin?!
...Səs-küyü həyətdə işləyən Həsən kişi də eşitdi. Əlindəki dəryazı yerə atıb qapıya tərəf keçdi. Gördü ki, arvadı Nazpərinin gözləri yaşarıb və oğlu Cəfəri qucaqlayıb deyir:
- Boyuna qurban olum, ay oğul! Şükür Allaha qayıdıb gəldin! Elə indi dədən ayağının altında saxladığımız qara qoçu da kəsər!
Həsən kişi əvvəl taksi sürücüsü Əhmədlə görüşdü. Heç onun ağzını açmasına imkan vermədi. Cibindən 50 manat çıxarıb, onun ovcuna basdı və dilləndi:
- Şad xəbər olasan ay Əhməd! Allah səni sevindirsin!
Sonra da oğlunu bağrına basdı və dedi:
- Bax indi əsl kişisən! Kişinin əlləri dəmir kimi möhkəm olar. Ayaqları yerə dəyəndə yer sirkələnər...
Cəfər atasına diqqətlə baxdı:
- Dədə, bundan sonra qoymaram ki, sən əziyyət çəkəsən. Bütün işləri özüm görəjəm. Ayrı təsərrüfat yaradacam və maşın-traktor da alajam. Görəcəksən ki, oğlun nə işlər görür?!
...Az müddətdə Cəfər fermer təsərrüfatı yaratdı. Maşın-traktor aldı. Və iki-üç il ərzində böyük var-dövlət sahibi oldu. Kəndin qızlarının çoxunun ürəyindən keçirdi ki, Cəfər onlara elçi göndərsin. Hansı ki, əsgərlikdən qabaq heç bir qızın Cəfərdən xoşu gəlmirdi və deyirdilər ki, o tənbəlin biridi, arvad saxlayan deyil. İndi isə Cəfər elçilərini heç kimin qapısına göndərmirdi. Qızlar isə hər gün elçi gözləyirdilər...

FAİQ QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV