adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SAYAD MUSTAFAOĞLU

MƏMMƏD DƏMİRÇİOĞLU
45856 | 2013-07-13 00:47
Nə yaxşı sən varsan, ay Sayad qağa,
Susuz səhralara çay kimi varsan.
Billah, tərif olmaz desəm ki, nursan,
Zülmət gecələrə ay kimi varsan,

Həyada səmasan, vüqarda dağsan,
Şeirdə, sənətdə meyvəli bağsan.
Elində-obanda neçə ki, sağsan
Səxada Hatəmə tay kimi varsan.

Haqdan əmanətdi könlümün səsi,
Öysə Dəmirçoğlu öyər ər kəsi.
Sevildin hər kəsə, sevdin hər kəsi,
Tanrıdan İncəmə pay kimi varsan.

Xeyli zamandı ki, Sayad Mustafa oğlunun portrerini işləməyə qərar vermişəm. Amma etiraf edim ki, bu amansız zaman axarında özümü toparlayıb qərarımı həyata keçirməkdə xeyli gecikmişəm. Vaxt çox sürətlə ötüb gedir, axşam, sabah qaçdı-tutdusunda göz açmamış axşam olur, göz yummamış səhər açılır... Nə isə.
Haqqında söz açıb, mənzərəsini cızmağa cəhd etdiyim bu urvatlı İncəli kişisi reklamlardan, təriflərdən nə qədər uzağa qaçsa da hər yerdə onun tərifi, xüsusi qeyd edək ki, halal tərifi dillər əzbəri olub. Harada adı anılıb, üzlərdə xoş əhval-ruhiyəli təbəssüm yaranıb, haqqında ağız dolusu xoş sözlər söylənib. Bu da təbii ki, təsadüfi deyil. Bu uca könül sahibi təvazökar olduğu qədər səxavatli, saxavətli olduğu qədər ədəb-ərkanlı, ədəb ərkanlı olduğu qədər istedadl bir söz sahibidir. Ədəbiyyat camiəsində özünü şair kimi təqdim etməsə də Gədeyli bulağı qədər duru, İncə çayı kimi rəvan, xarakterinə bənzər utancaq şeirlərinin çoxusu sazın sinəsinə ucalmış, bir çox görkəmlı aşıqların repertuarlarının bəzəyinə çevrilmişdi...
Bahar aylarında İncə dərəsinin ayrı gözəlliyi olur. Allı-güllü yal-yamaclar, bu yal-yamacların çiçəkli qoynuna səpəlnmiş irili-xırdalı evlər, İncə çayı boyunca uzanan yam-yaşıl bağ-bağat zolağı, dil-dil ötən quşların cəh-cəh səsləri cənnətə döndərir bu məkanı. Mən baharın vurğunuyam. Bahar ötdükdən sonra gələn baharın eşqiylə yaşamışam həmişə...
Sükan arxasındayam. Şəhərin haylı-küylu bürküsündən, cansıxıcı tünlüyündən çıxıb üzü Qazağa, İncə Dərəsinə səfərdəyəm. Yol yoldaşım Sayad Mustafaoğlunun şeirlərinə köklənmiş bir neçə aşığın "Hərənin öz İncəgülüsü" adı ılə çıxardıqları bir albomdur.
Telli sazın avazı, azacıq açılmış pəncərəmdən içəri süzülən bahar nəfəsinə qarışıb ruhuma, iliyimə süzülür. "İncə Gülü" havası Aşıq Cahangirin barmaqlarında bir ayrı cürə səslənir:

Mənə haralısan deyən a dostum,
Bil, qonaq-qaralı İncəliyəm mən.
Qəlbim o yerdədi, özüm uzaqda,
Düşmüşəm aralı, İncəliyəm mən.

Zamanın qəsdinə getdi dağlarım,
Bəhrəli torpağım, gülşən bağlarım.
Qırıldı dəhnəsi, yandı tağlarım,
Ürəyi yaralı İncəliyəm mən.

Üç övlad anası İncə Dərəsi
Bir qoşuna cavab verər hərəsi.
Tarixdən bəllidi bəndi-bərəsi,
Basılmaz qalalı İncəliyəm mən.

Dillənmir Avdının, Cəlalın sazı,
Meşələr yas tutub, açılmır yazı.
Çəkilmir torpağın, çəkilmir nazı,
Torpağı paralı İncəliyəm mən.

Sayad necə desin- haralıyam, dost,
Getdi Qılınc kəndim, yaralıyam, dost.
Keçmişim haralı-oralıyam, dost.
Bir dəli nərəli İncəliyəm mən.

Bir heyrətin ovsunundan çıxmamış, ikinci heyrət anı başlayır. Mən elə hesab edirəm ki, Sayad Mustafa oğlu bütün qoşmalarını "İncəgülü" havası üstündə yazıb. Cahangirin ustad nəfəsi, sazın mükəməl barmaqlardan süzülən ecazkar səsi, Avdı babamızın ruhuyla, Sayad Mustafa oğlunun İncəliyə olan sevgiləri qoşalaşaraq bu monolit möcüzəni yaradır, xəyallarımı əlimdən alıb yaşanmış illərin gerçəklikləri ilə qovuşdurur .
Növbəti ifada tanınmış İncəli aşığı İlham Asdanbəyli gözləri yol çəkən, sonra da özü o yollara qoşulub, şair oğlu Aslan Kəmərlinin uyuduğu torpağa yollanan ağ saçlı bir ananın laylasını oxumağa başlayır:
Sığındım qoynuna sənin,
Ana, mənim laylamı çal.
Başım qoyum dizin üstə
Ana, mənim laylamı çal.

Cavanlığım yada gəlsin,
Nə dərd, nə də qada gəlsin.
Çağır onu, o da gəlsin,
Ana, mənim laylamı çal.

Bu dünyaya baxa-baxa,
Yaşım getdi axa-axa.
Doğma ətək, doğma yaxa,
Ana, mənim laylamı çal.
Qocalsam da uşağınam,
Ucalsam da uşağınam.
Mən Sayadam, hələ sağam.
Ana, mənim laylamı çal.

Sağ ol Aşıq İlham. Yanıqlı səsinə bir az da ana nisgili, bir az da bala sevgisi qatıb nə gözəl oxudun. Qeyd edək ki, İlhamın ifasında səslənən istənilən bir şeir bal kimi ruhumuza süzülür, özünə yaşam statusu qazanır.
Sayad müəllim çağdaş İncəlinin ədəb məktəbidir desəm yanılmış olmaram. Təkcə ədəb məktəbimi?
Mən heç bir yazımı sifarişlə yazmamışam və təmənnasız bir könül sahibi olduğumdan səmimiyyətimə inana bilərsiniz. Bu gün İncə dərəsində adı, ünvanı olan yetərincə saz-söz və dəyərli elm xadimlərı, istər siyasi səhnədə, istərsə də digər sahələrdə tanınmış ziyalılarımız və iş adamlarımız var. Bu bolluğun içində Sayad müəllimin xüsusi olaraq seçilməsi məni düşündürdü və bu qənaətə gəldim ki, Sayad müəllimdə olan BÖYÜK ÜRƏK, eyni zamanda doğulduğu torpağa olan İLAHİ SEVGİ çox fərqlidi. Sadəliyi, səxavəti (təmənnasız səxavəti) çoxlarına nümunə olacaq bu qos-qoca türk kişisi mən deyərdim İncə dərəsinə çox yaraşır və bu böyük elata xüsusi gözəllik verir.
Aşıq Qəribin dolu, sarğarlı səsi məni düşüncələrimdən ayırdı. O da öz növbəsində, öz "İncəgülü"-sündə Sayad qağanın hicran nəfəsiylə dolu başqa bir sözünü oxumağa başladı:

Bir gün axşam çağı qonağın oldum,
Saldın ürəyimə xal, qadan alım
Halım pərişandı, bilmirəm niyə,
Bu küsgün künlümü al, qadan alım.

Oturaq göz-gözə dayanma gendə,
Deyim ürək sözüm, qalmasın məndə.
Eşqin zirvəsinə ucaldı səndə
Şirindi ləblərin-bal, qadan alım.

Sayadam, bilmədim düşdüm kəməndə,
Keçdi cavanlığım dumanda-çəndə.
Günah nə səndədi, nə də ki məndə,
Yazan belə yazıb, bil, qadan alım.

Əslində mən bu yazımla Sayad Mustafa oğlunun həm də yaradıcılığına güzar eyləyirəm. Sayad müəllim özünün olanları yazır. Özü bildiyindən, özü dərk etdiyindən artıqlara əl uzatmır, tanınmış şair olmaq amacı yoxdur, bilir ki, İncəli sazına hopan şeirləri İncəli və saz ömrü qədər yaşayacaq.
Bu da Oqtay Xalloğluya oxuduğu laylası. Aşıq Cahangir bu laylanı da özünə məxsus hüznlə, bal dadan bir kədərlə oxuyur:

Oyanmadı, yatan baxtın,
İllər ağlar, a Xalloğlu.
Dayanıbdı yolum üstə,
Yollar ağlar, a Xalloğlu.

Gözü yolda qalanın var.
Yanı üstdə solanın var.
Sənə həmdəm olanın var,
Ellər ağlar, a Xalloğlu.

Tərs yazıldı - yazın başdan,
Layla dedin oldu dastan.
İncə dərən çıxar yasdan,
Güllər ağlar, a Xalloğlu.

Dan ulduzun qaraldımı,
Al günəşin saraldımı?
Halallığı yar aldımı,
Sellər ağlar, a Xalloğlu

Yazılmamış yazın qalıb,
Çəkilməmiş nazın qalıbş
Sayad deyər, sazın qalıb,
Tellər ağlar, a Xalloğlu.

Arabamın yarıaçıq pəncərisindən təbiəti seyr edirəm. Sürətlə şütüyən avtomobilin şüşələrində axıb gedən baharın əlvan lövhələrini tutub saxlamaq mümkün olmur, bir lövhəni başqa bir lövhə, bir havacatı digər bir havacat əvəz edir.
Bu da Aşıq Saiq İncəli. Bu da onun "İncəkülüsü:

Yenə xatırladım keçmiş illəri,
Gəldin göz önünə, ay Əsgər baba
Hatəm səxavətli, qonaq qaralı,
İndi yoxdu sənə tay Əsgər baba...

Şaiq İncəlidən sonra bir anlığa özlüyümdə ayrıd etməyə çalışdım ki, ey dili qafil, bu aşıqların hamısı "incəgülü" oxuduğu halda necə oldu ki, havacatların heç biri digərinə bənzəmədi. Məncə bu haqda düşünməyə dəyər.
Salahlıdan sola burulub İncənin yoluna yönləndim. Yönləndim yönü İncə dərəsinə.
Aşıq Qəribin səsinə səs verən bildircinlərin səsi, yovşan ətrinə bələnib köksümə dolur. Ürəyim döyünür, könlüm atlanır. Qərib oxuyur:

Aç qolların, balan gəlir,
Allı-güllü İncə Dərəm.
Qucaqlayım boynunu mən,
İki əlli İncə Dərəm.
İnsanların qoaqpərvər,
Şirin dilli İncə Dərəm.
Kökü dərin keçmişin var,
Adı bəlli İncə Dərəm.
Anasısan üç evladın,
Pətək ballı İncə Dərəm.

Əsli xanlı, əsli bəyli,
Evladın var-Asdanbəyli
Qarşılayır ilk qonağı,
Məclis qurur Asdanbəyli.
Doğma yurdun keşiyində,
Məğrur durur Asdanbəyli.
Torpağına göz tikəni,
Gözdən vurur Asdanbəyli.
Bir müqəddəs ocağın var,
Xoş dualı İncə Dərəm.

Qalx yuxarı-Qaymaqlıya,
Dərdə dərman havası var.
Cavanların üzərində,
Böyüklərin duası var.
Yaylaqların yolu bağlı,
Yağılarla davası var.
Mərd qeyrətli oğlu-qızı,
Bu torpağı alası var.
Rahat yatsın Avdı babam,
İncə güllü İncə dərəm.

Bir az keçsin, ayaq saxla,
Başı duman Kəmərlidi.
Xanlıqların yurdu olub,
Etmə güman, Kəmərlidi.
Aşıq Cəlal sinə dəftər,
Şair Aslan Kəmərlidi.
Qılınc kəndim darda qalıb,
Gec-tez alan Kəmərlidi.
Mən Sayadam, sizə qurban,
Durna telli İncə Dərəm,

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV