adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Onun yerinə bir başqası olsaydı...

ETİBAR CƏBRAYILOĞLU
85377 | 2013-07-13 00:44
Camal Zeynaloğlunun "Baş nazirin oğurlanması"ndan da xəbəri var, "Qatil"dən də
Bəs necə, onun yerinə bir başqası olsaydı ən azından hər gün qəzet səhifələrində görünərdi. Hələ mən telekanalları demirəm.
Öz reklamını qurmaq istəsə, nə dağlar aşmağa ehtiyac var, nə dərələr keçməyə. Bu gün ən oxunaqlı qəzetlərdə, xəbər saytlarında, televiziya kanallarında və çeşidli FM radiolarında Camal Zeynaloğlunun dostları çalışır. Camal həmin dostlarını mətbuatda çalışdığı illərdə qazanıb. Özü qazandığı dostlarına həmişə sadiqdi.
Dostumuzun mətbuatda görünməyinə heç bir problem olmamalıdı. Kəsdiyimiz duz-çörək, aramızdakı xətir-hörmət öz yerində. Daşıdığı vəzifə də buna tam imkan verir. Camal Zeynaloğlu bu gün Azərbaycan iqtisadiyyatında önəmli yerə sahib məşhur bir şirkətlər qrupunun mətbuat xidmətinə rəhbərlik edir.
Onun yerinə bir başqası olsaydı ədəbi məclislərdə yuxarıbaşa keçməkdən yorulmazdı.
Camal Zeynaloğlu ədəbi aləmdəki yerini çoxdan haqq etsə də, nə iclaslarda, təqdimat mərasimlərində özünə ön cərgələrdə yer axtarır, nə də ədəbi proseslərdəki mübahisələrə qoşulur.
Amma ön cərgədə görünməyə, mübahisələrdə haqlı olduğunu sübut etməyə yetəri qədər əsası və haqqı var. Çünki Camal Zeynaloğlu bu gün istedadlı tərcüməçilərimizdən biridi. "Cinayətlərin Kraliçası" adlandırılan Aqata Kristinin "Baş nazirin oğurlanması", "Mavi kuzənin sirri", "Bir milyon dollarlıq istiqrazın oğurlanması" əsərlərini uğurla tərcümə edib. Ədəbiyyata kiçik həcmli "Sesassa vadisinin sirri" hekayəsi ilə gələn, sonralar dünyanın ən məşhur yazılarından birinə çevrilən Artur Konan Doylun bəzi qəhrəmanları Camal Zeynaloğlunun köməyi ilə bizim dildə danışıb. Detektiv əsərlər ustasının "Brilyant tac", "Göy yaqut" əsərlərini Azərbaycan oxucularına dostumuz Camal təqdim edib. Dünya ədəbiyyatının nəhənglərindən sayılan Uilyam Somerset Moemin "Muzdlu tərəfdaşlar"ını Camal Zeynaloğlunun tərcüməsində oxumağın ayrı ləzzəti var. Təkcə doğulduğu Çikaqonun deyil, bütün dünyanın fəxr etdiyi Ernest Heminqueyin "Qatil"inə Camal Zeynaloğlu öz uğurlu tərcüməsi ilə özgə bir nəfəs verib.
İstedadlı dostumuz dünya şöhrətli yazılardan Oskar Uayldı da tərcümə edib, Cek Londonu da, Arçibald Kroninin də əsərlərini çevirib, Cessi Stuartın da. Amma elədiklərini əlində bayraq kimi tutaraq gəzmir.
Onun yerinə bir başqası olsaydı yazdığı kitabları təbliğ etməkdən yorulmazdı. Camal Zeynaloğlu istedadlı tərcüməçi olmaqla yanaşı, istedadlı da yazıçıdı. "Qanlı fevral gecəsi", "Ölümlə üz-üzə", "Tanrı cəzası" kimi maraqlı roman və povestlərin müəllifidi.
Lakin aşırı dərəcədə mütəvaze olan dostumuz özünü reklamdan, bayağı tərifdən uzaq qalmağı bacarır. Belə şeylərdən qaça-qaça dostlarına bir qədər də yaxınlaşır. Yəqin elə bu üzdən ona olan hörmətimiz illər ötdükcə daha da artır.
Onun yerinə bir başqası olsaydı 55 illik yubileyini belə gec yada saldığıma görə məndən inciyər, hər dəfə mehribancasına görüşüb söhbətləşəndə buna bir eyham vurub narazılığını bildirərdi.
Amma onun yerinə heç kim ola bilməz. Axı o, Camal Zeynaloğludu...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV