ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
83511 | 2013-07-13 00:41
Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr heç şübhəsiz, ədəbiyyata da təsirsiz qala bilməz. Bu haqda çox danışılıb və həmin hadisələri bir daha xatırlatmaq istəməzdik. Lakin bu hadisələrin ictimai şüurda, ədəbiyyat və incəsənətdə dərin izlər buraxdığı hamıya məlumdur. Dəyişilən təkcə ictimai quruluş və hakimiyyət deyil, həm də insanlardır, onların psixologiyasıdır, həyata, cəmiyyət hadisələrinə münasibətin yeniləşməsidir. Bütün bu hadisələr Azərbaycan şairlərinin hisslərində, duyğular aləmində necə əks-səda verir? İlk növbədə, bunu aydınlaşdırmaq lazımdır...
V.Q.Belinski yazırdı ki: "Hər bir şəxsiyyət təkdir: onun bir çox marağı və istiqaməti ola bilər, lakin bunları həmişə təsir altında saxlayan baş istiqamət vardır; madam ki, şəxsiyyət yaradıcılıq fəaliyyətinin canlı və bilavasitə mənbəyidir, o zaman şairin bütün əsərləri vahid ruhlu, vahid pafoslu olmalıdır. Şairin yaradıcılıq fəaliyyətində hakim olan bu pafos onun şəxsiyyətini və poeziyasını açan açardır".
Bu gün hər bir şairdən yalnız eyni mövzularda yazmağı tələb eləmək çox absurd bir məsələdir. Çünki Belinski demişkən, "hər bir şəxsiyyət təkdir". Kimsə öz poeziyasında dövrün, zamanın ictimai-siyasi hadisələrinə, cəmiyyətdə baş verən olaylara münasibətini poeziya dililə ifadə edir, başqa birisi isə bu haqda çox az düşünür. Hansı şairi qınamaq olar ki, sən bu iyirmi ildə Qarabağ hadisələrinə, məmləkətimizdə baş verən olaylara niyə şeir həsr etməmisən?
Əlbəttə, qınamaq olmaz. Amma Azərbaycanda elə bir şair tapılmaz. Çünki hər bir Azərbaycan şairinin içində bir Qarabağ dərdi yaşayır. Bu dərdi bir və ya iki şeirlə, yaxud böyük bir silsilə ilə ifadə etməyin bir elə əhəmiyyəti yoxdur.
Bu gün şeir kitablarında, qəzet və jurnal səhifələrində yenə də Qarabağ, yurd həsrəti, şəhidlik mövzularında şeirlər, poemalarla qarşılaşırıq. Mərhum şairimiz Mətləb Misir "Çadır etüdləri"ndə qaçqınlığın doğurduğu ağrıları-acıları şeirə gətirir, şair, özünün də yaşadığı çadırdan tutmuş bütün çadırları bircə-bircə gəzib-dolanır, baxıb görür ki, çadırların birində dərd balalayır, o birisində bir xəstə uşaq doğulur, isində "ehtiyac izləyir adamları qarabaqara", baxıb görür ki, "çadır yollarında həsrət sürünür, çadırlardan çox-çox böyükdür dərdin ölçüsü", bu çadırlar sanki "qan-qan, qana-qan deyən oğulların hirsini, hikkəsini soyutmaq üçün qənşərinə atılmış yaylığa, şala da bənzəyir". Doğrudan da, bu kədərli misraları oxuyanda sarsılırsan, Mətləb Misirin ağrısını öz ağrın kimi yaşayırsan. Mətləb Misirin "Çadır etüdləri" şeirindən də belə bir ümidlə ayrılırıq ki:

Qollarım uzalı qalıb
Doğma Qarabağa.
Bərkimiş qollarımı
Dəstək eləməyim gəlir
Şuşaya sancacağım bayrağa.

Haçansa televiziya kanallarının birində kimsə deyirdi ki,son illər Qarabağ mövzusunda əsərlərimiz yoxdur". Amma görünür, o adamın bu mövzuda yazılan əsərlərdən xəbəri yoxdur. O yəqin ki, doxsanıncı illərdən üzü bəri İsa İsmayılzadənin "Haran ağrıyır, Vətən?", Zəlimxan Yaqubun "Bir qızın göz yaşları", Ələkbər Salahzadənin "Xocalı xəcilləri", Ədalət Əsgəroğlunun "Dərdimizin qan rəngi" poemalarını, Adil Şirinin, Qaçay Köçərlinin, Ələmdar Quluzadənin, Elçin İskəndərzadənin, Rəfail Tağızadənin, Əbülfət Mədətoğlunun,Vahid Əlifoğlunun, Əli Mahmudun, Zakir Fəxrinin, Mahirə Abdullanın, Məlahət Yusifqızının şeirlərini oxumayıb. Təbii ki, bu mövzuda yazılan bütün şeirlər, poemalar barədə danışmaq mümkün deyil və biz yalnız bəzi xarakterik nümunələrə müraciət edəcəyik.
İlk növbədə, gəlin müəyyənləşdirək, görək, müasir poeziyada Qarabağ mövzusu hansı aspektləri əhatə edir?
Bu mövzuya tez-tez müraciət edən şairlərdən biri də Rəfail Tağızadədir. Onun əksər şeirlərində Qarabağ həsrəti, yurd itkisindən doğan göynərtilər, çadır şəhərciklərində yaşayan insanların, müharibədə igidlik göstərən qazilərin duyğu və düşüncələri, şəhidliyin ağrı-acıları diqqəti cəlb edir.
R.Tağızadə üçün Qarabağ əcdaddır, kökdür, ana Vətəndir. Ancaq bugünkü Qarabağ balasından, övladından ayrılan Anaya bənzəyir və Rəfail bu həsrəti poetik yanğıya çevirir. (Ona görə poetik yanğı deyirik ki, bu gün Qarabağdan söz açan şeirlərin bir çoxunda məhz bu yanğı görünmür. İstəməzdik ki, dərdli Qarabağa sönük misraların işartısı qarışsın).

Bu gecə yuxuma gəlmişdi nənəm.
Qızartı yoxuydu yanaqlarında.
Sifəti ağappaq
amma gözləri yenə gömgöy idi.
Qucaqlayıb
öpüb bağrıma basdım əvvəlkitək.
...Yarpaq dolması istədi nənəm
yəqin indi tənəklər quruyub orda.
Dirəkdən asılan məftillər
ayrılıq nəğməsi səsələndirir
sükut dalğasında.

Rəfail Tağızadənin "Çadır şəhərciyi" poeması bu mövzuda son illərdə yazılan ən ağrılı əsərlərdəndir. Bu poemanın qəhrəmanı yoxdu. Çünki çadır şəhərciyi göz yaşlarından hörülüb, "bu yerdə kəkotu, qantəpər olmur", "bu yerin çiskini, dumanı yoxdu", "bulaq yox, gözündən sular damcılar".

Palçıqlı çadır şəhərciyi-
nə şəhər kimi şəhərliyin,
nə kənd kimi kəndliyin var.
Biz getsək, neylərsən
bu boş səhrada?

Beləcə kədərlə başlayan poema kədərli misralarla da başa çatır.
Rəfailin Rəsul Rza mükafatına layiq görülmüş "Qarabağ qazisi haqqında ballada" poeması isə iki yöndən diqqəti xüsusi ilə cəlb edir. Bu poema bizə böyük şair Əli Kərimin assosiativ üslubda yazılmış "Heykəl və heykəlin qardaşı" poemasını xatırlatdı. Böyük Vətən müharibəsinin qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş həmin poemada Əli Kərim poetik təhkiyə vasitəsilə həm Cəmil, həm onun anası, həm qardaşı, həm də ümumiyyətlə, müharibə haqqında dolğun təəssürat yaradırdı. Rəfailin poemasında da biz Qarabağ müharibəsi, onun doğurduğu acılıqlar, bu müharibədə ayağını itirmiş bir döyüşçü və onun keçirdiyi mənəvi əzablarla qarşılaşırıq.

Mənim qazi qardaşım
həyətdə oturub
ud çalırmış kimi
kötük güdüllərini ovuşdurur:
sağ barmağım qaşınır,
sol ayağımın altı aşınır,
ayağım atlanmır
yox dizimə duz yığılıb deyəsən...
Qucağına götürə bilmədiyi
o bircə gül körpəsinə baxır...

Sonra biz onu dəhşətli xatirələr içində görürük. Bu xatirələr bir insanın - Qarabağ qazisinin keçdiyi döyüş yolundan onun protez ayaqlarına qədər yol keçir.
Ümumiyyətlə, Qarabağ həsrəti şeirimizdə yeni bir cığır açıb desək, səhv etmərik. Bu cığırla irəlilədikcə Şuşanın, Ağdamın, Füzulinin, Cəbrayılın gözəl günlərinin, Cıdır düzünün, İmarət bağının, Laçın dağlarının, Kəlbəcər oylaqlarının çiçəklərini qoxlayırsan, bir nostalgiya hissi bürüyür səni. Amma sonra talan olmuş şəhərləri, kəndləri, həşəm olmuş gülləri, çiçəkləri, şəhidlərimizin qanı tökülən torpaqları, əzizlərimizin uyuduğu məzarları xatırlayırsan, bu nostalgiya hissi bir anlığa çəkilib gedir. Çünki az qala iyirmi il keçməsinə baxmayaraq, yara hələ istidir, elə bil, Şuşada indi də döyüşlər gedir, Ağdamda şəhidlərimizin qanı tökülür. Biz "Qarabağ mövzusunda əsər yazılmır" deyənlərə yenə bir şairin şeirlərini nişan verə bilərik. Əşrəf Veysəllinin "Ürəyim allah evidir" kitabında (2008) toplanan şeirləri xatırlatmaq istərdik.

Gün batan tərəfə baxa bilmirəm,
Qırılan ömrümün köçü göynəyir.
Qarlı zirvələrə qalxa bilmirəm,
Yaşlı gözlərimin içi göynəyir.

Vətən harayına çatan əsgərin,
Özünü odlara atan əsgərin,
Şəhid məzarında yatan əsgərin
Bəlkə Xocalıda qıçı göynəyir.

Bağrı şan-şan olub dilsiz daşın da,
Vətən savaşında, yurd savaşında.
Kövrək anaların doqqaz başında
Təndiri göynəyir, sacı göynəyir.

Gözəl Qarabağın acı həsrəti,
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.

Hər bir şeir hissin, duyğunun bəyanıdır və deyək ki, Qarabağ həsrətini ifadə edən, həm də poetik cəhətdən belə sanballı şeirlər müəyyən nostalci hisslər yaratsa da, həqiqəti ifadə edir. Şair yalnız düşündüyünü yazmalıdır. İllər boyu yaşadığı, hər bir qarışını əziz tutduğu evini, həyətini, çölünü, çəmənini, bülbüllü bağçasını tərk edən bir insanın (o da şair ola) çadırlara alışa bilməməsi (söhbət bir vaxt çöllərə səpələnən çadır evlərdən gedir, indi onlardan əsər-əlamət yoxdur-V.Y.), daim yurd, ocaq həsrəti ilə yanıb-yaxılması çox təbiidir. Bülbüllü bağçalardan çadırlara enən və burada maddi çətinliklərlə, mənəvi məhrumiyyətlərlə qarşılaşan insanların dərdini poeziyaya gətirmək zaman keçdikcə bir nostalgiya yaratsa da, bunlar yaşanılan hisslərdir. Vahid Əlifoğlu (dünyasını dəyişmişdir, allah rəhmət eləsin!) müasir poeziyamızda bu dərdin, bu həsrətin şairi idi. Onun şeirlərində açıq-aşkar görünən, hiss edilən dərd heç də bir insanın şəxsi, fərdi dərdi, kədəri deyildi. Gəlin, onun bir şeirinə müraciət edək:

Hər körpü başında təzə bərə var,
Bu yol sudan keçir, batır, görünmür.
Arada o qədər dağ var, dərə var,
Bakıdan baxanda çadır görünmür.

Ölü yaddaşlarda Qarabağ qalıb,
Geniş saraylarda çoxdu Qarabağ.
Bircə çadırlarda Qarabağ qalıb,
Çadırdan kənarda yoxdu Qarabağ...

Ələmdar Quluzadənin "Qadan mənə, Qarabağ" kitabında toplanan şeirlərin, poemaların əksəriyyəti Qarabağa həsr olunub və ifrata varmadan bu kitabı müasir dövrümüzün kiçik "Qarabağnamə"si adlandıra bilərik. Ələmdar Qarabağda baş verən o dəhşətli hadisələrin bilavasitə şahidi və iştirakçısı olmuşdur. Onun şeirləri daxili bir yanğının ifadəsidir, o yanğını, o həsrəti, o qəzəbi Ələmdar poeziyanın yanğısına, həsrətinə və qəzəbinə çevirə bilib. Şeirlərdə hisslər, duyğular rəngərəngdir, çoxçalarlıdır, bir yandan yurd itkisindən doğan qəhər, bir yandan Xocalı faciəsinin yaratdığı dərd, nisgil, bir yandan bütün bu hadisələrin mahiyyətinə, köklərinə varmaq istəyi, bir yandan da Qarabağ müharibəsinin qəhrəmanlarının keçdiyi döyüş yolu, şəhidliyin qəhrəmanlıq kimi dərk olunması, bir yandan da sabaha, qələbəyə optimist baxış... bu motivlər hamınıza yaxşı tanışdır. Tanıdığım şairlərin heç biri bütün bu motivlərin hamısına müraciət etməyib, Ələmdar isə öz kiçik "Qarabağnamə"sində son iyirmi iki ilin Qarabağ mənzərəsini canlandırmağa can atıb.

Bu bağlar qara bağlar,
Çiçəyi qara bağlar.
Bakı qan ağlayanda
Qarabağ qara bağlar.

***
Torpaq sipər olanın,
Çəpər güdənin deyil.
Cıdırlar, kəhər atlar
Pambıq didənin deyil.
Dünyada kişi varsa
Dünya gədənin deyil.
Bu alova bürünüb,
Bu inamla yanıram.
O gün dan yerindədir-
O günə inanıram.

Ə.Quluzadinin iki şeirindən gətirdiyim bu misallardan da göründüyü kimi, ovqat müxtəlifdir. Birində fəryad, nisgil, haray var, şair qan ağlayır, ikincisində isə optimist ruh hakimdir. Ümumiyyətlə, Ələmdarın şeirlərindəki bu çoxovqatlılıq yaşanılan hisslərin özündən gəlir.
"Azərbaycan" jurnalının 2008-ci il, 2-ci sayında Məmməd İlqarın "Qaratel" poeması çap olundu. "Poema-dastan" şəklində təqdim edilən bu əsərdə Qarabağ müharibəsinin qəhrəmanı və şəhidi Qarateldən, onun igidliyindən danışılsa da, əslində, müəllifin məqsədi təkcə bu deyil. M.İlqar bu poemada müharibənin mahiyyəti, yurddaşlarımızın psixologiyasında onun silinməz təsiri, ölkənin öz daxilində gedən proseslər, xalqın tarixi qəhrəmanlıq ruhu və əlbəttə, bütün bunların fonunda Qaratelin igidliyi barədə söz açır.

Hamı haqlı çıxır mübahisədə,
Sinələr qabarır, çənələr qızır.
Elə bu andaca, bu saatdaca-
Dağın o üzündə, mühasirədə
Döyüşür millətin Qaratel qızı!..

Əlbəttə, Qarabağ həsrəti, müvəqqəti də olsa, işğal olunmuş torpaqlarımızı qayıtmaq arzusu kədərli bir ovqat yaradır və bunu danmaq olmaz ki, bu həsrətli şeirlər illər keçdikcə bir şablon da yaradır. Çünki yazılan bütün dərdli şeirlərin, yurd həsrətindən yaranan nümunələrin heç də hamısı əsl şeir deyil. Həm də unutmayaq ki, Qarabağ mövzusu təkcə doğma yurdun, doğulduğun torpağın həsrətini səkməkdən, ora qayıtmaq arzusundan ibarət deyil. Bəs bu müharibədə qəhrəmanlıqla həlak olan igidlərimizin obrazlarını yaratmaq necə? Bəs müharibə dövrünün ictimai-siyasi-mənəvi ab-havasını, insanların bu müharibə barədə nə düşündüklərini əks etdirmək necə? Bəs bu müharibənin əsas səbəbkarlarını ifşa etmək, baiskarları poeziyanın mühakiməsinə çıxarmaq necə? Bəs müharibə gedə-gedə ölkədə baş verən daxili çəkişmələri, xaosu, hərc-mərcliyi təsvir etmək lazım deyilmi? Bəs Atəşkəsdən sonra çoxlarının sönmüş ruhunu alovlandırmaq necə? Biz iddia etmirik ki, sadaladığımız bu məsələlərə poeziyamız biganə qalıb. Əlbəttə, 90-cı illərin poeziyasından bir çox nümunələr misal gətirə bilərik ki, həmin əsərlərdə doğrudan da, müharibə dövrünün həqiqətləri öz poetik əksini tapırdı. Xalq şairləri Bəxtiyar Vahabzadənin, Qabilin, Fikrət Qocanın, Məmməd Arazın və Zəlimxan Yaqubun bir çox şeirləri, İsa İsmayılzadənin "Haran ağrıyır, Vətən?" poeması müharibə dövrünün həqiqətlərini əks etdirmək baxımından poeziyamızın dəyərli nümunələri kimi yaşayır. İstərdik ki, bu nümunələrin sayı əksilməsin, Atəşkəs rəsmi şəkildə elan edilsə də, poeziyamızda Atəşkəs olmasın.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV