adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Quyudakı həyat

XURAMAN HÜSEYNZADƏ
36014 | 2013-07-13 00:38
Arxa məhəllədə iki qardaş yaşayır. İllərdir torpaq davası döyürlər. Bu yaxınlarda məlum oldu ki, dava ikinci qardaşın qələbəsi ilə başa çatıb. Və sonra məlum oldu ki, sən demə, dava cəmi-cümlətanı 2 metr torpağın üstə imiş. İllərdir, bu iki metr torpaq tək iki qardaşı yox, iki ailəni-altı uşağı və iki qadını, üstəgəl onların qohumlarını da üz-üzə qoyubmuş. Bu iki metr torpaq bir yığın adamı düşmən edibmiş...
Nə qəribə həyatdır?! Bir atanın belindən gəlib, bir ananın qarnında yatasan, bir damın altında böyüyəsən, bir qabdan yemək yeyəsən, birlikdə nə qədər acılı-şirinli günlər yaşayasan, axırda iki metr torpaq üçün bir-birinə qənim kəsiləsən. Hər şeyin dəyərdən düşdüyü şəhərdə bircə daş-torpaq dəyərlidi, deyəsən... Öləndə ikisinə də elə cəmi iki metr torpaq lazım olacaq-sümükləri qalana qədər çürümək üçün...
"Elin töhməti" sözünə indi "ictimai qınaq" deyirlər. Əgər adamlar bir işi tutanda bunu nəzərə almırsa, üzü burundan kəsirsə, demək ki, dünyanın sonunu nahaq yerə ötən il gözləmişik. Bir qarında yatanların dünya malı üçün bir-birinin qanına yerikləməsinin şahidi oluruqsa, insanları başqa nə təəccübləndirə bilər ki? Dünyanın hansısa köşəsinin iki metr torpağı bu qədərmi şirindi? "Dünya sənin, dünya mənim, dünya heç kimin..." - böyük Məmməd Arazın unudulması, qulaq ardına vurulması mümkün olmayan sözləridir...
Halbuki bu dünyanın daha şirin nemətləri var: xeyirxahlıq, xoşxasiyyət, mehriban olmaq, insanların rəğbətini qazanmaq, ac qarın doyurmaq... İnsanlar niyə dünyanı, həyatı məhdud çərçivədə qavrayırlar, görəsən? Nədənsə yadıma "həyat, "beş günlük dünya" nədir" sualına cavab verən bir rəvayət düşdü...
Bir kişi çöldə azğın bir dəvəyə rast gəlir. Ondan xilas olmaq üçün qaçır, dəvə isə onu təqib edir. Birdən qarşısında bir quyu peyda olur. O, dəvənin qorxusundan özünü quyuya atır. Bu zaman quyunun divarından ip kimi asılmış sarmaşıqları görüb onlardan yapışır və quyunun içərisində asılı qalır. Dəvə gəlib quyunun ağzında dayanır və onun çıxmağını gözləyir. Sonra sarmaşıqlara baxıb görür ki, bir ağ və bir qara siçan onları çeynəyir, qırmaq istəyir. Bu halda ikən görür ki, quyunun divarında arılar bal töküb, şirəsi axır. O, bir əli ilə asılı olduğu halda o biri əlilə baldan götürüb yeyir: əlini uzadarkən arılar əlini sancırsa da baldan əl çəkə bilmir. Burda dəvə həmin şəxsin əcəlidir-onun dalınca gedir və onu izləyir. Quyu bu dünyadır ki, o şəxs həmin quyunun içindədir. Quyunun dibindəki əjdaha isə ölüm və qəbirdir ki, həmin adamın gec-tez oraya düşəcəyi qətidir. Sarmaşıqlar isə insanın ömrüdür - ağ və qara siçanlar, yəni gündüz və gecə onu çeynəyib doğrayırlar. Bal isə dünyada insanı cəlb edən ləzzətli şeylərdir ki, onları əldə etmək üçün arıların zəhərinə, yəni hər cür əzab-əziyyətə, çətinliklərə qatlaşmaqla həyatın şirin nemətlərinə can atırsan...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV