adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SİLAHLI TOQQUŞMALARIN MÜƏLLİFLƏRİ...

BABƏK YUSİFOĞLU
54865 | 2013-07-10 00:41
Bu gün dünyanın bütün beynəlxalq təşkilatları, böyük siyasi fiqurlar, nəhəg dövlətlərin liderləri hər dəfə çıxışlarında ədalətin müdafiəsinin, insan haqlarının qorunmasının vacibliyindən, sülhün, sabitliyin saxlanmasının zəruriliyindən... danışırlar. Və bu istiqamətdə üzərlərinə düşən vəzifələrin layiqincə həyata keçirilməsi üçün hazır olduqlarını bildirirlər.
Maraqlıdı, yazdıqları beynəlxalq qanunlarda da özlərini yuxarıda sadaladıqlarımız və sadalamadıqlarımız düzənin qarantı kimi görürlər. Dünya ictimaiyyətində elə təsəvvür yaradırlar ki, onlar olmasa dünya qan gölünə çevrilər. Ölkələr müharibə alovlarından məhv olar, terror bəşəriyyətə böyük fəlakətlər gətirər, bir sözlə hər tərəfdə qorxunc xaos hökm sürər. Dəhşətlidi, deyilmi.
Əlbəttə, sadəlövh insanlar bu təbliğat qarşısında həmin dövlətlərə, o liderlərə hətta qəlblərində minnətdar da olurlar. Necə də olmasınlar, xaos onların da başının üstünü ala bilərdi axı...
İnsanlar elə bilirlər ki, dünyada siyasi dəngəni qorumaq, dövlətlər arasında münasibətləri tənzimləmək, təhlükələrin qarşısını almaq, sülhü qorumaq üçün BMT yaradılıb. Bununla kifayətlənməyib daha konkret vəzifə bölgüsü - Təhlükəsizlik Şurası da təsis edilib ki, bütün bunlara görə bir nömrəli cavabdehliyin kimlərə aid olduğunu hər kəs bilsin. Cavabdehlik isə çox böyük bir işdir.
Amma insanların əksəriyyəti xəbərsizdi ki, dünyanın başına ən böyük oyunları məhz onların özləri, Təhlükəsizlik Şurasının beş daimi üzvü: Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Fransa və Böyük Britaniya açır. Əlbəttə, bu iddialar heç də jurnalist təhlilinin nəticəsi deyil. Bunlar faktlarla söykənən reallıqlardı. Əvvəla, qısaca da olsa BMT-nin nizamnaməsinə baxaq. Orada yazılıb: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) - BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanıdır. BMT-nin Nizamnaməsinə görə, o, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır.
İddiamızı təsdiqləmək üçün gəlin bəzi faktlara - rəsmi statistikaya nəzər salaq. Yəni, dünyada silah satışına görə hansı dövlətlərin öndə getdiyini öyrənək. Bu günlərdə açıqlanan Stoqholm Sülh problemlərinin təhqiqatları üzrə institutunun (SİPRİ) 2012-ci ildə silah ticarəti ilə bağlı məruzəsində hər şey öz əksini tapıb.
Məruzədən məlum olur ki, 2008-2012-ci illər üzrə hərbi texnikanın, güclü silahların satışı üzrə liderlik yenə də ABŞ-dadır. Belə ki, dünya silah ticarətinin 30 faizi təkcə Vaşinqtonun payına düşür. Sülhün qarantı olacaq Təhlükəsizlik Şurasının digər üzvü Rusiya isə 26 faizlə ikinci yeri zəbt edib. Ölüm saçan rəsmi ticarətin 7 faizi Almaniyaya, 6 faizi Fransaya, 5 faizi Çinə məxsusdur (Yeni məlumatlarda Çinin bu siyahıda bir qədər irəlilədiyi də göstərilir). 1950-ci ildən 2008-ci ilədək həmişə "layiqli" sırada məskunlaşan Böyük Britaniya isə bu beşlikdə görünməsə də sıralamada sonrakı pillə ona aiddir.
Bu məsələdə ən acınacaqlı gercəksə həmin silahların əsasən müsəlman ölkələrinə satılmasıdır. Və burada biabırçı bir paradoks, daha doğrusu utancverici gerçək üzə çıxır. Bəli, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan bu ölkələr məhz bu maska altında uzun illər qırğınların, müharibələrin müəllifləri, qızışdırıcıları kimi fəaliyyət görtəriblər. Və nə yazıq ki, həmin ölkələr əvvəlki dövrlərdəki kimi gizlində deyil, indi bu ticarəti açıq-açığına aparırlar. Bu beş nəhəng ölkəni kimin haqqı çatar ki, qınasın?
Faktlardan çıxan məntiqi nəticənin belə olmadığını isə sübut etmək sadəcə gülüş yarada bilər. Çünki heç bir ölkə fantastik məbləğdə xərc çəkib anbarlarına yığmaq üçün bu qədər silah istehsal etməz. Təkcə bir rəqəmə müraciət edək. Dünya üzrə adi silahlar və hərbi texnikanın ticarətindən orta hesabla 60-70 milyard dollardan çox pul qazanılır. Hələ böyük masştablı silahların, strateji xarakterli texnikaların satışının milyardları buraya daxil deyil. Belə böyük məbləğdən hansı dövlət imtina edər ki?!
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını çıxarması üçün BMT-nin qəbul etdiyi qətnamələri Təhlükəsizlik Şurasının razılığı olmadan Yerevan cırıb zibil yeşiyinə tullaya bilərdimi?! (Həmin ölkələrin ortabab bir hərbi bazası Ermənistan respublikasından böyükdür). Əlbəttə ki, yox. Bütün bunlar onu sübut edir ki, dünyadakı silahlı toqquşmalar, gərginliklər, müharibələr... məhz dünyada sülhün qorunmasına cavabdeh olanlar tərəfindən tənzimlənir. Ona görə də istənilən münaqişənin, müharibənin, iç savaşın günahkarlarını haradasa axtarmaq ən absurd bir işdir. Çünki onların bir ünvanı var...
Bəlkə belə deyil, hə???

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV