adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

O ELƏ BELƏ DƏ YAŞAMALIYDI VƏ...

BABƏK YUSİFOĞLU
70957 | 2013-07-09 01:11
Nə vaxtsa belə bir müdrik kəlam oxumuşdum: deyilirdi ki, insanlar dünyaya əziyyət çəkməyə, həyəcanlanmağa, daim nəyisə axtarmağa, ümidlərini bəsləməyə gəlirlər. Bu deyimin nə qədər dəqiq olduğuna hökm verə bilməsəm də onu deyə bilərəm ki, müəyyən əlavələrdən sonra əslində bu tezisləri mən də qəbul edərdim.
Bəlkə də əbədi hərəkətin mənbəyi elə budur. Axı, ağıllı adamlardan daim eşitmişik ki, həyat hərəkətdə olmaqdır. Hərəkət bitdiyi yerdə ölüm başlayır: bir yaradılışın tam mövcudluğu. Dialektikanın Əksliklərin vəhdəti qanunu kimi...
Qəribədir, çox zaman insanlar yaşadıqları zaman ölüm haqqında, ölüm kürsüsündə isə həyat haqqında düşünürlər. Bəzən həyatda elə insanlar da olur ki, onlar bir ömrə sığmayacaq qədər çox hərəkətdə olur, başqalarının öhdəsindən gələ bilməyəcəyi işləri bacarırlar. Sanki bir saatın əvəzinə iki saat yaşaya bilirlər... Bu qəbil insanların sırasında elələri də olur ki, Tanrının onlara lütf etdiyi hər şeyin səbəbini kənarda axtarır, ən sadə həqiqəti görməkdə çətinlik çəkir, elə bu dolaşıqlıq üzündən də ölümlə qarşı-qarşıya qaldıqları zaman həyatı, həyatda ikən ölümü, əbədi hərəkətsizliyi seçirlər. Amma kimliyindən asılı olmayaraq İlahi düzənə qarşı durmağa çalışanların heç birinə İnanclı birisi kimi baxmaq doğru deyil.
Qəribə idi, ağlı, istedadı, yüksək intellekti... olsa belə o da Həyat, İnanc... məsələlərində dolaşıqlıqlar yaşamışdı. Ömrünün böyük hissəsini Allaha inanmamışdı...
Artur Kostlerdən danışıram...

(Əvvəli qəzetin 2 iyul sayında)

Bəlkə də belə bir aqibəti yazıçı heç vaxt təsəvvürünə belə gətirə bilməzdi. Təsəvvürünə gətirə bilməzdi ki, İspaniya türmələrində ölüm kamerasında oturub edam hökmünün icra olunacağını günlərlə, həftlərlə, hətta aylarla gözləyəcək. Olduğu həbsxana kamerasının yöndəmsiz dəmir qapısı onun üçün ölümə açılan yol, həyatının son keçidi kimi qarşısında duracaq. Bunları hər gün, hər saat hiss etmək, yaşamaq inanılmaz qorxunc bir şey idi. Və o bunları yaşamaq zorundaydı. Həm də iki il əvvəl ailə həyatı qurduğu həyat yoldaşına uzaqdan da olsa bu qorxunu yaşatmalıydı.
Əlbəttə, müəyyən şəxslər onun xilası üçün çabalar göstərirdi. Amma İspaniyanın, ümumiyyətlə bütövlükdə Avropanın həmin qarışıq dövründə bu elə də asan bir iş deyildi. Artur Kostlerin bu dəhşətli dövrü nə az, nə çox beş ay sürdü. Və bir sıra dövlətlərin, xüsusən də Böyük Britaniyanın nüfuzlu diplomatlarının, beynəlxalq ictimaiyyətin intensiv çabaları sayəsində tanınmış yazar Artur Kostler frankoçuların as-təyyarəçinin arvadıyla dəyişdirilərək ölümün pəncəsindən qurtula bildi.

TARİXİN VƏ HƏYATIN YAZDIRDIQLARI...

Bundan sonra Kostler bir neçə il əvvəl yazmağa başladığı əsərlər üzərində işləməyə girişdi. Bura elmi kitablar, eləcə də bədii yazıları daxil idi. Məşhur qladiatorlar üsyanı - Spartak və silahdaşlarının mübarizəsindən bəhs edən "Qladiatorlar" romanını tamamlaya bildi. Maraqlıdı ki, əsər almanca yazılsa da ilk dəfə ingilis dilinə tərcümə edilərək çap olundu. Onun orijinal variantı haqda isə müxtəlif versiyalar mövcuddur. Əsər tamamlandan üç il sonra - 1940-cı ildə almanca işıq üzü görsə də bu, ingiliscədən tərcümə idi.
Yazıçının həmin illərin bəhrəsi olan maraqlı əsərlərindən biri də İspaniya səyahətləri zamanı topladığı təəssüratlardan ibarət "İspan vəsiyyətnaməsi" sənədli kitabıdı. Onun bu əsəri də ilk dəfə ingilis dilində Londonda nəşr edildi - 1937-ci ildə. 1938-ci ildə tamamladığı "Dar ağacı haqda düşüncələr"i də oxucular çox maraqla qarşıladılar. Artur Kostlerin burada ölümün, həyatın, mühitin insanlarda yaratdığı təəssüratları maraqlı bir dillə təqdim etməyi bacarıb. Özünün ölüm cəzası altında yaşadıqları yazıçıya imkan verirdi ki, əsərdə hər şeyi təbii olaraq oxucuya çatdıra bilsin. Əlbəttə, bu mövzunu özləri həmin hiss və həyəcanları təbii olaraq yaşayan yaradıcı insanlardan yaxşı kimsə təsvir edə bilməzdi.

QARANLIĞIN KOR ETDİYİNDƏN DƏ YAZDI

Həmişə olduğu kimi yazarın bunun ardınca atdığı addımları da qəribə idi. Çünki son dövrlər onun qarşılaşdıqlarını kim yaşasaydı heç şübhəsiz ki, bir müddət müəyyən qədər sakit həyatı seçər, ən azı tezliklə xarici hərbi hissəyə üzv yazılmazdı. Amma o yazıldı. Bəli, Kostler fransız əcnəbi legionun tərkibinə daxil olaraq Şimali Afrikaya yola düşdü.
Onun bu missiyası da davamlı olmadı və hərbi hissəni icazəsiz tərk edərək Avropaya - Portuqaliyanın paytaxtı Lissabona gəlib çıxdı. Lakin tezlikllə ölkəyə qeyri-qanuni gəlişinə görə həbs edilən Artur Kostler iki aya yaxın yenidən türmədə qalmalı oldu. Elə həmin illərdə siyasi dünyagörüşündə dəyişiklik baş verdiyi üçün (1938-ci il) kommunist partiyasının sıralarını tərk etdi.
Həmin ərəfələrdə çoxlarının anlamayacağı daha bir addım atan Kostler bu dəfə könüllü olaraq Britaniya ordusu sıralarına yazıldı. Komandanlıq onu istehkamçı batalyona göndərdi. Artıq bu həmin dövrlər idi ki, çoxları Almaniyanın bütün dünya üçün bir fəlakət hazırladığının fərqində idi. Yazıçı həftədə bir dəfə Londona gələrək alman dilində radio vasitəsi ilə alman əsgərləri üçün təbliğat xarakterli verilişlərdə çıxış edir, totalitar hakimiyyətlərin insanlıq üçün hansı təhlükələr yatada biləcəyi ilə bağlı leksiyalar oxuyurdu. Lakin əbəs yerə...
İkinci dünya müharibəsindən iki il sonra, yəni Almaniyanın SSRİ-yə hücumu başlayacağı dövrdə yazıçı ona böyük şöhrət gətirərən əsərini - "Kor edən qaranlığ"ı yazdı. Müəllif burada o dövr üçün çox aktual olan və Avropanın ictimai-siyasi həyatında mühüm rol oynayan hadisələrdən bəhs edirdi. Oxucu yüksək peşəkarlıqla yazılan bu əsər vasitəsi ilə Sovet İttifaqının daxilində gedən proseslərdən, həmin proseslərin dünyada doğurduğu əks-sədadan, Stalin terrorunun beynəlxalq aləmdə sosializmin qalasının imicinə vurduğu zərbədən... ətraflı xəbərdar ola bilir.
Bununla da Kostler kommunizm haqqında təsəvvürlərinin iflasını təsdiqləmiş oldu. Bioqraflar yazırlar ki, əsər Fransada çox böyük tirajla çap olmağına baxmayaraq qısa müddət ərzində satıldı. Bu da müəllifin şöhrət pillləsindəki yerini yüksəklərə qaldırdı. Qeyd edim ki, 33 dilə tərcümə edilən əsərin hələ o vaxt effekti elə bir həddə idi ki, kommunistlər bütün tirajı satın alıb məhv etməyə təşəbbüs də etmişdilər. Müəllifsə Avropanın müasir düşüncəli ziyalılarının hörmətini qazanmışdı. Andre Malro, Alber Kamyu və digərləri da bu sıradaydı...

O YAZMAĞA VAXT TAPIRDI...

Kostlerin müharibə və sonrakı illərdə yazıb çap etdirdiyi kitabların sırasında ən çox diqqət çəkənləri "Yer kürəsinin alçaqları", "Gəliş və yola düşmə", "Yoq və komissar", "Günorta qaranlığı", "Güclü istəklər əsri", "Gecə vaxtı oğruları".... alman və ingilis dillərində çap edilsə də, sonradan müxtəlif dillərə tərcümə olundu. Ümumiyyətlə, Artur Kostleri birmənalı olaraq məhsuldar, məhsuldar olduğu qədər də çox oxunan müəlliflər sırasına aid etmək olar. Hətta onun cap etdirdiyi sənədli kitablarına belə maraq heç vaxt azalmamışdı.
Qəribə olanı isə bu idi ki, onun haqqında heç vaxt birmənalı fikirlər söylənmirdi. Kostleri çox böyük yazıçı, elm adamı hesab edənlər də vardı, sıradan olan yazıçı kimi qiymətləndirənlər də. Arturun humanizm, demokratiya tərəfdarı olduğunu deyənlər bilirdilər ki, bu fikri qəbul etməyənlər, əksinə, yazıçının həyatda nifrətə, qəzəbə layiq olan addımlar atdığını iddia edirlər. Kostleri dahi görənlərsə heç vaxt onu ucuz ideyalar ardınca qaçan, əqidəsini tez-tez dəyişən qələm sahibi kimi tanıyanları başa düşməyiblər. O, milliyyətçi kimi tanınsa da milliyyətçilərin özünü belə məyus edəcək fəaliyyətdə də bulunurdu.
Elə Avropaya yayılmış yəhudilər haqqımnda irəli sürdüyü iddialar çoxları tərəfindən sərtliklə tənqid edilirdi. Kostlerə görə "qoca qitə"də məskunlaşan yəhudilər - aşkenazlar Fələstindən, Vaviliondan deyil, Volqanın deltasında yaşamış xəzərlərin içərisindən çıxıb gələnlərdi. Maraqlıdı, müharibə dövründə yəhudilərin soyqırıma məruz qaldığını ən bərk səslə, özü də özünəməxsus formada bəyan edənlərdən biri Kostler olsa da, faşist Almaniyasında əsir düşərgələrində işgəncə çəkən, qaz kameralarına doldurularaq məhv edilən yəhudilərə dünyanın diqqətini çəkmək üçün hətta, Britaniya hökumətindən həmin əsir düşərgələrini bombalamağı tələb etsə də, o, bəzi addımlarıyla yəhudi ideoloqlarını məyus vəziyyətə salırdı.
Arzuladığı İsrail dövlətinin yaradılmasından sevinən yazıçı sonradan yəhudi dövlətinin millətçi bir dövlətə çevrilməsindən heç də razı qalmadığından da bəhs edirdi. Və məhz bu baxışları Kostlerin 1947-48-ci illər jurnalistik fəaliyyətlərində də özünü qabarıq şəkildə göstərir. Bəzi bioqraflara görə, bu müxtəliflik görünür onun xarakterindən, psixi vəziyyətindən qaynaqlanan bir təzahür idi. Çünki yazıçının şəxsi həyatı da yaradıcılığı, elmi iddiaları, ictimai-siyasi baxışları... kimi prinsipial düzəndə olmayıb.
Artur Kostler üç dəfə evlənmişdi. İlk dəfə Doroti Aşerlə qurduğu ailə həyatı bitəndən sonra elə həmin il - 1950-ci ildə katibəsi Memiani Pagetlə evlənən yazıçının bu evliliyi də uzun müddət sürmədi. İki illik bərabərlikdən sonra o, üçüncü və sonuncu dəfə Sintiya Cefferieslə ailə qurdu. Və onun bu evliliyi ömrünün sonunadək, hətta demək olar ki, əbədiyyətədək davam edəcəkdi... Ona görə "davam edəcəkdi" deyirəm ki, Kostlerin ölümü də həyatı kimi sıradan bir sonluq olmadı...

O BU DÜNYADAN TƏK GETMƏDİ

Həyatının qürub çağına çatan yazıçının səhhətində çox ciddi problemlər baş qaldırmaqdaydı. Parkinson xəstəliyindən və daha sonra leykozdan əziyyət çəkən Kostler üzücü ölümdən imtina etdi. Onsuz da həyatının müəyyən dövründə evtanaziyanın (ağır xəstələrin könüllü olaraq ölümü seçməsi) ən fəal tərəfdarı olan, sonradan bu ictimai hərəkatın vitse-prezidenti seçilən Kostler hesab edirdi ki, insanlar yaşamaq hüququna sahib olduqları kimi ölmü seçmək azadlığına da malikdirlər.
Həyat sanki bu ideyalarına görə, onu imtahana çəkməyə qərar vermişdi. Və Kostler buna hazır olmalıydı. 1983-cü ilin əvvələrində Artur Kostler intihar etməyə qərar verdi. Və bunun üçün mart ayının 3-ü seçdi. Amma bu qəribə adamın ölümü təkcə ona görə sırdan bir ölüm deyildi ki, bu addımı arvadı Sintiya Cefferies də onunla birgə atdı. Onlar ölümcül həddə yuxu dərmanı qəbul edərək Londonda həyatlarına özləri son verdilər...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV