adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

GETDİLƏR EHSAN YEMƏYƏ...

MƏZAHİR ƏHMƏDZADƏ
78274 | 2013-07-06 00:30
Yəqin ki, dünyanın hər yerində belədir: toya gedənlər toy sahibinə gözaydınlığı verib təbrik edir, yasa gedənlər yas sahibinə başsağlığı verib kədərinə şərik olduğunu bildirirlər. Toy toydur. Hansı tərəfdən baxsan şənlikdir, yemək-içməkdir. Ancaq bizim yas mərasimlərimiz isə illərdir tamam başqa bir istiqamətdə formalaşır və normaya çevrilir. Məsələn...
Əvvəllər əksər bölgələrimizdə cüzi istisnalarla yas məclislərində ehsana getmək ayıb sayılırdı. Birincisi, insanlar hüzr yiyəsinə əziyyət verməmək, ikincisi isə özünə rəva bilməmək səbəblərindən. Yadıma gəlir ki (başıma da gəlib), yas sahibi ehsan verilən vaxtı heç olmasa həmin vaxt çadırda olanların qalması üçün qapının qarşısında dayanıb umulacaq dərəcədə dil tökürdü, xahiş edirdi. Ələlxüsus kasıb adamın ehsanına 5-10 nəfər də qalmayanda bu, daha ciddi təsirləndirirdi. Yas sahibi ikiqat kədərlənirdi. Belə keçirdi ehsan günləri.
İndi başqa cürdür. İllər ötdükcə adamlar yas yerlərindəki ehsan günlərini bir-birindən sorusurlar. Hətta bəziləri arxaya "kəşfiyyat" da edirlər: "Üçündə bozbaş idi, yeddisində nə olacaq?"
Mən bir hadisənin də şahidi olmuşam. Dostlardan biri əzizi rəhmətə getmiş digərinə sifariş verirdi: "Yaxşı olar ki, yeddiyə şüyüdlü plov bişirtdirəsən..."
İndi doğurdan da tamam başqa vəziyyətdir. Baxılmır ki, imkanlı və ya imkansızdır, eşidən-bilən axışır elə. Çoxu da kədərə şərik olmaq üçün deyil, ehsan üçün. Bakının mərkəzə yaxın həyətlərinin birində qohumumun yas məclisi idi. Telefonla danışmaqdan ötrü çadırdan çölə çıxmışdım. Qoltuğunda bağlama olan orta yaşlı normal bir kişi mənə yaxınlaşıb kimin vəfat etdiyini soruşdu. Mərhumun adını dedim. "Allah rəhmət eləsin" deyib bir az tərəddüd etdi. Hiss olunurdu ki, öləni tanımır. Sonra da elə bağlaması əlində içəri keçib ehsan verilməsini gözlədi.
Doğrudur, yas sahibinə müxtəlif köməkliklər də milli adətlərimizdəndir. Və indi də qüvvəsində qalır. Ancaq insanların ehsana bu qədər meylliyi adətimiz olmayıb. Lap imkansız və əlsiz-ayaqsız deyilən zümrədən başqa yas sahibinə yaxın olmayanlardan heç kimi, vallah, ehsana saxlamaq mümkün deyildi. Bir stəkan çayı da yarımçıq içiblər ki, ayıbdır. Belə olmuşuq.
İndi tamam başqa haldayıq. Ehsan günlərində yas çadırlarında bütün zümrələrdən olan insanlar sıralanır, çöldə ayaq üstə gözləyənlər olur, vaxtında gəlib yer tuta bilmədiyinə görə dilxor olanlar da...
Bir dəfə nisbətən imkanlı adamın yas məclisində (dostumun qayınatası idi rəhmətə gedən) çeşidli ehsan verilirdi. Yeməkdən sonra molla ehsan duası oxuyarkən "Amin" deyəndə doyunca yeyib rahatlanan məclis iştirakçılarından biri gur səslə öz razılığını bax beləcə bildirdi: "Elə Amin!!!"
İndi əzizini itirənlər bu kədəri yaşamaqla yanaşı həm də daha çox ehsan haqqında düşünməli olurlar.
Biz belə olmuşuqmu? Zəmanədəndirmi?
Yaxşı ki, Orucluq başlayır...

Məzahir ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV