adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Sən dönsən...

VƏSİLƏ USUBOVA
31677 | 2013-07-06 00:27
Tənhalıqdan bezəndə, içimizdəki qaranlıq, dibsiz uçurumların təkinə bir işıq düşməsini istəyəndə, başımızı götürüb qaçmağa yer tapmayanda üstünə getdiyimiz televizorun ekranlarında baş qatan nəsə tapmaq gündən-günə müşkülə dönür.
Deyəsən, bu məmləkətdə sanballı verilişlərə baxıb ciddi düşünmək və əsl zövq almaq istəyən tamaşaçıların varlığı getdikcə unudulur...g
Lirik-romantik bir mövzu işləmək istəyimə qınaqla giriş verməyim səni üzməsin, sevgili oxucum. Ümid həmişə var. Üstəlik bu ümidi öz xarakteri, intellekti ilə doğruldanlar da. Həmin gecə o qadın "Mədəniyyət" kanalının "Mühazirə" verilişində həqiqətən baxımlı, düşündürücü, incə bir aura yarada bilmişdi. "Böyük Partlayış"dan-Kainatın əmələ gəlməsindən danışırdı. "İdeya" və "ideal" axtarışlarından çoxdan əl üzsəm də, indiki məqamında deməliyəm ki, savadlı, baxımlı və təbii məlahəti olan qadınlar mənim idealımdı. Başını kimlərinsə qoltuğuna verib, bacarıq və istedadı olanların yerini tutanlar bizdən deyil...
(Deyəsən, lirikaya keçməkçin çox uzaqdan fırlanıb gəlməli oldum. Neyləyim, bir ürəkdə nə qədər çək-çevir olar?!.)
İncə görkəmli, xoş sifətli xanım məlahətli səsiynən nəhəng bir mövzudan - Kainatın yaranması barədə müxtəlif ehtimal və fərziyyələrdən, elmi dəlillərdən danışırdı. Bu mənzərə özü bir lirika olsa da, mənə bəs eləmirdi. Özümünküləri-qəlbimdə və beynimdə olanları da qatmışdım araya. Xəyallarımı işə salıb qanadlarında uçmuşdum bir zamanlar mövcud olan dünyama. Məni yaşadığım zamanın və məkanın ağırlıqlarından, üzüntü və iztirablarından qurtarıb öz qoynuna alan dünyama. Elə bir dünyaya ki, orada nə materialistlərin, nə də idealistlərin fikirləri işləmirdi. Yunanlar və onların Aristoteli də söz yiyəsi deyildi o məkanda. O məkanda insan çəkisizdi, qorumaya ehtiyacsızdı, hər şey ürəyinin istədiyi kimiydi. Onu - O Dünyanı mən yaratmışdım. Qapısını da ürəyim istəyən birisinin üzünə taybatay açmışdım...
"Süd yolu" deyilən qalaktikanın özü də elə onun içindəydi. Öz Ayı, Günəşi, ulduzları vardı. Yağışları can oxşayır, küləkləri ətir saçır, tufanı, şimşəyi duyğuları dilləndirirdi...
Özümdən başqa Bir Qonağı da vardı yaratdığım dünyanın. Nə mən çağırmışdım onu, nə özü gəlmişdi. Onu göylər göndərmişdi. Göndərməmişdən qabaq yuxularıma qonaq eləmişdi. Bənzərsiz baxışlarıynan oxşamışdı üz-gözümü. Başqasına baxa bilmirdi gözləri. Özgələrin mövcudluğundan xəbərsizdi. Biganəlik, unutqanlıq nə deməkdi, bilmirdi. Təkcə özünü unutmuşdu. "Mən yoxam, - deyirdi, - bir ürəyim var, bir də gözlərim..."
Niyə həyatda belə olmur?! Mən yuxulardan da şirin həyat istəyirəm. Yuxular idarəolunandı. İstəklərimizə məhəl qoyulmur. Ən şirin yerində ayıldırlar bizi. Xoşbəxtlikdən əriyən ruhumuzu bədənimizdən ayırıb göndərirlər amansız kerçəkliyin qoynuna. Təzədən yuxulamaq, o saf dəqiqələrin qoynuna girmək istəyirik. Gerçəkliyin buz nəfəsi kəsib doğrayır ruhumuzu...
Bir gün... o xəyali dünyamızı da çox gördülər bizə. Nə tez xəbər tutdular, hardan öyrəndilər?! Biz ki, özümüzdən də gizlədirdik olanları. Anladılar, əl altından işlədilər, istəklərini yeritdilər... Nə zəif imişik biz. Nə ömürsüzmüş yaratdığımız dünya. Sabun köpüyündən də zəif, davamsız... Nə tez uçub-dağıldı, yerlə-yeksan oldu, viran qaldı... Bəs deyirdin... Sən heç nə demirdin. O sözləri mənim qulaqlarım eşitmək istəyirdi. Buludlardan, küləklərdən, quşlardan eşidib sənin adına yazırdı... Ürəyim uydururdu sevgi nağıllarını... Gözlərimin görmək istədiyini yuxuda göstərirdilər mənə...
Hara getdin?! O boyda dünyamın şəriki (sahibi) birdən-birə yox ola bilməz, axı... Bax, Kainatda min, milyon illərdi heç nə dəyişmir. Ay da yerindədi, Günəş də. Ulduzlar da əvvəlki kimi gündüzlər yox olub, gecələr göylərə səpələnir, Yer üzündəkiləri seyr edib, bic-bic göz vururlar. Dəyişənlər də yenə bir gün öz şəklinə qayıdır. Heç nə yox olmur, bitmir-tükənmir. Sönən işıq bir də yanır, batan səs təzədən eşidilir. Bəs, sənə nə oldu?! Bir dünyanı dağıtmağa belə gücün yetərmiş sənin. Bəs, bir qəlbi ovutmağa?! Doğrudanmı, gücün çatmır?!.
Yoxsa, istəmirsən?!.
Ümidləri, istəkləri ürküdüb pərən-pərən sala bilirsən. Bir sevgini yaşatmağa gücün yetmədimi?!.
Yetərdi... İstəsəydin...

***

Bir şair hamıdan əvvəl yaşamışdı bu duyğuları. Yaşamışdı və... qələmə də almışdı. Düzənini itirən Kainatın təzədən necə qurulmasının yolunu hamıdan yaxşı bilirdi O Şair...

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğutək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!
Əli Kərim

Qayıtdılarmı onun yanına?! Bilmirəm! Heç sən də qayıtma!..
Geri dönsən... Qorxuram, heç nə dəyişməyə...

P.S. Mən istərdim o xanım sevgilərimizin gücüynən yaratdığımız dünyaların bir gün necə dağılmasından danışaydı. Yəqin ki, çox gözəl danışardı...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV