ATLAR BİLMİR Kİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
105621 | 2013-07-06 00:26
Az qala bir ay ötüb. Dəqiq tarixi xatırlaya bilmirəm. Daha doğrusu, o tarixi xatırlamaq imkanımı kimsə əlimdən alıb və mən də o imkanın dalınca da getmək fikrində deyiləm. Don vurmuş adam kimi, eləcə hər tərəfə sakit baxışlarla baxmaqdan başqa indi nəyinsə qulpundan yapışmaq istəmirəm. Bu istəyimi də əlimdən alıblar. Özü də xəlvət yox, hamının gözləri qarşısında, günün günorta çağıg alqışlar altında, göz yaşları içində. Və mən bu alqışların, bu göz yaşlarının içərisindən süzülən işıqdan başqa hələ ki, heç nə görmürəm...g
Allah bütün canlıları yaradarkən onların hər birinin də özünə görə missiyasını müəyyənləşdirib. Bu mənada ən böyük vəzifə, ən böyük yük mənim düşüncəmə görə, atların və adamların çiyninə düşür. Təəccüb etməyin, bu mənim qənaətimdi. Siz fərqli düşünə bilərsiniz, o da sizin qənaətiniz olacaq. Amma mən yenə deyirəm, bu günlərdə ən böyük yük atların və adamların çiynindədir. Çünki atlar muraddır... çünki adamlar o murada can atanlardı... Hə, düşünməyin ki, filosofluq etdim. Xeyr, mən atlarla bağlı kifayət qədər məqalələr gözdən keçirmişəm, yazılar oxumuşam. Ən çox yadımda qalanı mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin "Qarabağ atları" şeiri olub. Bəxtiyar müəllim o şeiri ilk dəfə mənə özü öz evində, öz iş otağında yana-yana oxudu. Mən də o şeiri Bəxtiyar müəllimin icazəsi ilə "Ədalət" qəzetində çap etdirdim. Onda anladım ki, atların da bəxtlisi, bəxtsizi var. Elə adamların da. Bəxtli atların bəxtli adlamlara qismət olması yəqin ki, təəccüb doğurmaz. Elə bəxtsiz atların da bəxtsiz adamlara qismət olması kimi. Təəccüblü odur ki, bəxtli atlar bəxtsiz adamlara və yaxud bəxtsiz atlar bəxtli adamlara qismət olur...
Əvvəldə dedim ki, atlar barədə məlumatlıyam. Hətta televiziyalarımızın ara-sıra nümayiş etdirdiyi, Xəzər dənizinin adsız adalarında vəhşi atlarla bağlı çəkilmiş film də mənim üçün maraqlı olub. O marağı isə üstələyən, bax elə indi barəsində danışacağım atlar və onların taleyi oldu. Film atların kişnərtisi ilə başlayır. Odun-alovun içindən keçən, başlarına tökülən mərmilərdən, qradlardan yayınan atlar hara gəldi, necə gəldi qaçırlar və bu atların ləpirləri altında bir yazı diqqəti çəkir. O yazının müəllifi Mirzə Fətəli Axundovdu. Orada yazılıb ki, "atlar bilmir ki, dünyada nə qədər otlaqlar, biçənəklər, çayrlar.... var. Bilsəydilər, gedib o otaları, o çiçəkləri, o çayırları... otlayardılar...". Mən atların nalından qopan o səslərin içində böyük Mirzə Fətəlinin də səsini eşitdim. Və ilk dəfə onda anladım ki, ilahi, gör atlar nələri bilmirlər və görəsən bu nələri bilməyən atlar bilmədikləri üçün nələr çəkiblər? Hələ bilmədikləri o nələri, onların taleyini necə dəyişdiyini, necə onları gülləyə, məhrumiyyətlərə apardığını bilsəydilər, görəsən onda nələr olardı? Yenəmi çapıb gedərdilər? Yoxsa, elə olduqları yerdəcə daş heykəllərəmi çevrilərdilər?..
Atın cilovundan tutub atdan danışan atın baxıcısı, səsin qarabağdakı səs deyil... səsinin kəsəri yoxdur... səsin elə bil ki, tumarladığın atın tərifi yox, onun mərsiyəsidir, onun ağısıdır. Çünki sən də, sənin sığallayıb tumarladığın at da əslində siz deyilsiniz, siz Qarabağda qalmısınız. Siz Qarabağda qaldığınızdan kökündən uzaq düşmüş kəslər kimi səsiniz də kökdən düşüb. Siz sadəcə danışmaqla olduğunuzu, olacağınızı diqqətə çatdırırsınız...
Kadrlar dəyişir və birdən xalq şairi Bəxtiyar Vahabzadənin şeirinin qəhrəmanı ekranda görünür:

Kraliçaya hədiyyə olunmuş Qarabağ atı!!!

Bunun ardınca yenə yad bir ölkədə hər kəsə meydan oxuyan Qarabağ atı ekrana gətirilir. Atın üzərində Azərbaycan gözəli! Atla birlikdə Azərbaycan rəqqasları da meydana çıxırlar. İlahi, bu rəqsi elə-belə izləmək mümkün deyil. Rəqqaslar da oynayır, at da oynayır. Hiss edirsən ki, nə bu rəqs , nə bu alqışlar onların gələcəyini işığa çıxarmayacaq, işığa aparmayacaq. Çünki durduqları torpaq, üzərində oynadıqları torpaq yaddır. O alqışlar, o publika, hətta kraliçanın ömrünün ahıl çağında özünü toparlayıb əl çalması da Qarabağ atının həsrətinə son qoymur... Mən bu rəqsin aurasından çıxmamış ikinci bir zərbəni alıram. Nərgiztəpədə ucaldılmış abidə, o abidənin yaxınlığındakı yol nişanları, o nişanlar üzərindəki rəqəmlər və bir də türk dünyasının dəyərli şarkıçısı, yazarı və ən vacibi böyük ürəkli, böyük adamın - Əhməd Şəfəqin səsi! Əhməd bəy oxuyur:

Gələcəyik, görəcəyik
Qarabağa dönəcəyik!
Şuşaya dönəcəyik!!!

Sanki bu səs, bu ifa, bu səsin və bu ifanın Əhməd Şəfəqin sifətində ifadəsi, Şuşaya tuşlanan barmağındakı ox, nizə olmaq qətiyyəti, gülləyə çevrilib hədəfə dəymək yanğısı insanı elə havalandırır ki, elə həmin andaca durub getmək istəyirsən, yüyürmək istəyirsən, uçmaq istəyirsən, Şuşa deyib, Qarabağ deyib nərə çəkmək keçir könlündən. Təkcə bir dəli ağlamaq, bir dəli sevda deyil, bu həm də bir qəhrəman, bir qazi olmaq odudu, alovudu, harayıdı... Canında-qanında iynə ucu boyda , göz yaşı boyda, su damlası boyda, lap elə ürəyin ilk səsi boyda yürd sevgisi, Vətən sevgisi olan hər kəs o atların kişnərtisindən, o atın rəqsindən, Əhməd Şəfəqin ifasından sonra mütləq ayağa qalxmalıdır. Çünki bu dediklərim bir hökmdu, bir əmrdi. Ona yalnız əməl etmək lazımdı. Ona yalnız "OLDU!" - demək lazımdı.
Film davam edir. Əslində film yox, bizim içimizdə, bizim ruhumuzda bir Qarabağ vərəqlənir, bir tarix çözülür. Bu çözülən, bu vərəqlənən tarixdən möhtəşəm xanəndəmiz Mənsum İbrahimovun səsi boy göstərir, "Qarabağ şikəstəsi" oxuyur. Qarabağsız "Qarabağ şikəstəsi"ni təqdim edir Mənsum İbrahimov. Mən onun "Qarabağ şikstəsi"ni bu cür ifa etdiyini ilk dəfə dinləyirəm, ilk dəfə seyr edirəm. Sanki bu film Mənsum İbrahimova da Qarabağ atlarının, Qarabağ adamlarının, Qarabağ torpağının durumunu, ağrı-acısını, yaşamını yenidən nöqtə-vergülünə qədər diktə edir. Sanki Mənsum İbrahimov Ağdamı, Şuşanı məhz indi itirdiyni, indi işğal olunduğunu eşidib, gücü ancaq səsinə çatırdı...
Filmdəki misralar, filmdəki görüntülər bir-birini elə tamamlayırdı ki, onları ayırmaq, onları fərqləndirmək insafsızlıq olar. Xüsusilə, Azərbaycanın çox dəyərli mədəniyyət adamı Siyavuş Kəriminin Qarabağa, Şuşaya səfəri ilə bağlı söylədikləri... Həmin söylənin fikirlərin fonunda kadrlardan gəlib keçən Qarabağ, Şuşa həsrətimiz, dərdimiz, nisgilimiz, qələbəyə ümidimz - bunlar hamısı musiqiylə, kardlarla, jestlərlə tamaşaçıya çatdırılır. Burda heç kim ermənidən danışmır, burda heç kim erməninin nə qədər qaniçən, nə qədər əzazil, nə qədər murdar olduğunu dilə gətirmir. Burda yalnız gəzinti var, burda yalnız tamaşa var, burda yalnız görüb-götürmək var...
"Xocavəndlilər təqdim edir" layihəsinin ideya müəllifi Eyvaz Hüseynovdur. Filmi araya-ərsəyə gətirən dəyərli Bəxtiyar Qaraca və onun komandası 45 dəqiqə ərzində bir dəfə də olsun ekrandan öz səsini, öz sözünü tamaşaçıya çatdırmır. Əksinə, susmaqla, öz içinə çəkilməklə Qarabağı önə çəkir, özü də kadrlarla, fraqmentlərlə, Üzeyir bəyin fikirləri ilə. Filmi izlədikcə görürsən ki, danışmadan da çox şeyi demək mümkündür. Burada şairə Sona Vəliyevanın misraları o qədər kadrlarla qaynayıb-qarışıb ki, onlar sadəcə film kimi yox, həm də bir danışan dil kimi, bir canlı şahid kimi həqiqətləri açıb sərgiləyir. Zənnimcə, bu filmin ən böyük uğuru onun danışması yox, göstərməsidi. Bir az da adi formada ifadə etsəm, "Ya Yarabağ, ya ölüm!" filmi heç bir tanınmış aktyorun iştirakı olmadan, sadə Azərbaycan insanlarının, Qarabağdan olan qaçqınların baxışları ilə, hərəkətləri ilə, jestləri ilə çox böyük mətləbləri tamaşaçıya çatdırır. Hələ səsinə vurğun olduğumuz, səsinin tonu adamın içini silkələyən Şəmistan Əlizamanlının ifa etdiyi "Oğlum" şarkısı bu filmin cəngisinə, qələbəyə çağırış əmrinə bənzəyir. Şəmistan öz səsinin sehri ilə "Gəl!" deyir Qarabağa, Şuşaya... "Gəl!" deyir torpağı xilas etməyə... "Gəl!" deyir muradına çatmağa... "Gəl!" deyir Qarabağ atlarını Qarabağa qaytarmağa...
Və bir də "Sarı gəlin"in Əhməd Şəfəq ifasındakı sonluğu... daşlaşan qəhrəmanın örpəyi yerdə qalmış sevgilisinin örpəyini qaldırmaq... bu məqama bəlkə də Mənsum İbrahimovun "Mən Qarabağın Məcnunuyam!" sözləri ilə elə bil ki, bir damğa kimi, bir möhür kimi adamın ürəyinə yapışır, adamın varlığını sıxıb yumruğa çevirir. Çünki Mənsum müəllimin sevə-sevə ifa etdiyi "Leyli və Məcnun" da bir yer var - Məcnunun atası oğluna xitabən deyir: "Durun gedək evimizə..."
Bax, bu kadr Məcnunun timsalında bizim hamımıza ünvanlanan bir çağırışdı: durun gedək! Bu çağırışı Füzuli edir, bu çağırışı Üzeyir bəy edir və bu çağırışı bizə Mənsum İbrahimov təkcə səsi ilə yox, həm də baxışlarıyla çatdırır... bu çağırışı bizə Bəxtiyar Qaraca və onun komandası "Ya Qarabağ, ya ölüm!" filminin diliylə bəyan edir.
Bu filmdə Qarabağ atlarının bəxtsiz taleyi, torpağı işğal olunmuş insanların bəxtsiz taleyi ilə paralel yol gedir. Filmi izlədikcə atlarla adamların harda, necə dil tapacağını fəhm etməyə çalışırsan. İstəyirsən bir az qabağa gedib bu qovuşma nöqtəsini görəsən. Çünki səni buna səsləyən, buna vadar edən filmin yaratdığı mühitdi, filmin səni havalandırmasıdı. Amma xəstənin istəyilə, tələsməsiylə deyil ki, meyvə vədəsində yetişir. Bax, bir tamaşaçı kimi, mən nə qədər tələssəm də, Qarabağ atlarının, o yurd-yuvasız insanların harda, necə qovuşmasını görmək istəsəm də, səbirli, son dərəcə dözümlü yaradıcı kollektiv Qarabağla İsmayıllı coğrafiyasının paralelləri fonunda mənə də nəfəs çəkmədən filmi axıra kimi izləməyə, gözləməyə səbr verir. Və görürəm ki, Ağdamda Ali baş Komandana Qarabağ atı bağışlanır. O atların Qarabağa, Şuşaya öz süvariləri ilə birlikdə getməyə hazır olduğu vurğulanır. Bu nöqtə təkcə filmin qələbə kulminasiyası deyil, bu nöqtə həm də bəxtsiz atların bəxtsiz adamlarla öz bəxtləri uğrunda döyüşə getməyə hazır olduqlarını xəbər verən real bir görüntüdür, gerçək bir həyat kadrıdır...
Yazının əvvəlində filmin ilk anlarında diqqətimi çəkmiş böyük Mirzə Fətəlinin "Atlar bilmirlər ki..." fikirlərini oxucuya təqdmi etmişdim. Özü də bilərəkdən. Yenə həmin fikrə qayıdıram. Bəli, atlar bilmirlər. Bəs adamlar necə? Adamlar bilirmi ki, Şuşa var?... Ağdam var?.. Füzuli var? Cəbrayıl var, Zəngilan var, Qubadlı var, Laçın var, Kəlbəcər var, Xocavənd var, Xocalı var, Ağdərə var, Malıbəyli var, Kərkicahan var, Daşaltı var, Minkənd var, Qarakeşiş var, Qaradağlı var, Tuğ var, Muğanlı var, Qarğabazar var, Mərcanlı var, Mehdili var, Süleymanlı var, Quşçular var, Ağkənd var, Əlyanlı var, Başarat var, Eyvazlı var, Axullu var, Govşadlı var, Qacar var, Qırmızıbazar var...? Adamlar bilmirlər, doğrudan bilmirlər... Adamlar bilsələr, o kişnəyən atları minib, heç nə fikirləşmədən, heç nəyi göz önünə gətirmədən gedərlər, çaparlar, öldürərlər, alarlar o yerləri. Atları o yerlərdə su içər, o yerlərdə otlayar, o yerlərdə kişnəyər...
Yox, adamlar bilmirlər. Amma deyəsən atlar bilirlər. Elə ona görə də atlar dəli kimi kişnəyirlər.
Bax, elə bu notlarla atlara və adamlara pıçıldayıram:

Yer də tapa bilmirəm
Durub nəfəs almağa.
Mən ki doğulmamışam -
Arzuma qəfəs olmağa?!

Fikrimi tarazlayıb
Özümü cəmləyirəm
Mən bu qəfəs içində-
Ruhumu dəmləyirəm...

Kimsə görmür, ya baxmır
Külək qovur yarpağı
Canımla yarpaq boyu
Qaldıracam torpağı...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV