adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Avtovernisaj

MƏMMƏD DƏMİRÇİOĞLU
29365 | 2013-07-06 00:24
İlk böyük rəsm "əsərimi" İncə çayınının qırağında, "Dar qandax" deyilən yerin sağ tərəfindəki yaşıl bir düzənlikdə işləmişəm. Ola bilər inanmayasınız, amma bu bir həqiqətdir. Təxminən on beş metr uzunluğu olan göy çəmənlikdə torpağı eşə-eşə iri bir maral rəsmi çızmışdım. Çayda düzəltdiyimiz dəhnədə çimişən tay-tuşlarım nə etdiyimdən baş çıxara bilməmişdilər.
- Bu çəmənliyi niyə eşirsən? - deyə sual edən həmyaşıdlarıma, - gedin "Dar qandağın" üstündən baxın, - deyə cavab vermişdim.
Bir şey anlamayan uşaqlar hündür təpənin qaşına çıxıb baxanda iribuynuzlu maral rəsmini görüb çığırışaraq: - Marala bax!! Nə gözəldi, - deyib mənim rəssamlığıma heyran qalmışdılar...
Mən Bakıya oxumağa gedirdim. Bu məndən çox atamın arzusu idi. Hamı kimi o da başını dik tutaraq - "Mənim də oğlum Bakıda oxuyur", - deyərək bala fərəhini, ata qürurun yaşamaq istəyirdi.
Mən Bakıya oxumağa gəlmişdim. İlk dəfə dənizi görəndə necə heyrətləndiyimi təsvir etməyə elə bir qüdrətim yoxdur. Mən ömrümdə İncə çayından böyük çay, həmin çayın qabağını daş-kəsəklə, çumbuzlarla kəsib çimmək üçün düzəltdiyimiz dəhnədən isə böyük dərya, ümman görməmişdim. Yəqin heyrətimin maştabını anlaya bildiniz...
Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olunmuşdum. Elə birinci kursdan əla oxuyanların sırasında oldum və may ayında əsgərliyə çağrıldım. Tələbə dostlarımdan ayrılmaq, yenicə isnişdiyimiz çox yoxsul kirəkeş mənzilimizdən (kirədə qaldığımız yer padval, padvalın yuxarı hissəsi isə ev yiyəsinin saxladığı qoyunların tövləsi idi. Tavana bitişik balaca pəncərədən qoyunların mizi süzülüb axsa da, bu üfunətə, iy-qoxuya öyrəşmişdik) ayrılmaq çətin olsa da hərbi xidmətə gedəsi olduq.
Ə.Əzimzadədə tanış olub sevişdiyim Zenfira xanımdan (indi həyat yoldaşımdı) ayrılmaq, uzun bir hicran ömrü yaşamaq dururdu qarşımda.
Şimal Nərbi Dəniz Donanmasına düşmüşdüm. Paqonuna "SF"( Severnıy flot) yazılmış qara mundir mənə də çox yaraşırdı. İlk illər çox darıxırdım, sevdiyim qızın həsrəti bağrımı dalam-dalam edirdi. O illədə yazdığım bir şeir bəlkə də o günlərimin rəsmini çəkə bilər:

Düşündükcə aram-aram-
Narahatlaşıram,
Paxıllaşıram,
Qısqanclaşıram.
Səni mənsuiz görüb
Hər nə var-
Yaltaqlanır, ayağıma dolaşır yollar.
Səni mənsiz görüb mehin əlləri,
Tumarlayır şıltaq-şıltaq
Hələ əlim dəyməmiş,
Həsrətini çəkdiyim ipək telləri.
Hələ bir
Söyüdlərin kölgəsinə bax,
Necə bürünüb əyninə.
Saçaqları sallanıb,
Səpələnib çiyninə.
Bəs o gülüş, bəs o qəm? -
Gah dodağına qonurlar,
Gah gözlərinə.
Yaxşıca yer tapıblar özlərinə.
Çiçəkli ağaclar
Ləçək atır sənə,
Göz görə-görə sataşır sənə.
Mən isə...
Nə gəlir əllərimdən?
Uzaqlıq, ayrılıq bağlanıb əllərimə.
Gücüm də çatmır ki, qıram.
Səni anıram, xatırlayıram,
Bax onda da belə -
Paxıllaşıram,
Narahatlaşıram,
Qısqanclaşıram.

...Artıq "slujbamız" başa çatırdı. Son məktublarının birində həsrətiylə qovrulduğum Zenfira xanım yazdı ki, may ayının 15-nə qədər gələ bilsən, imtahan verib ikinci kursa keçə bilərsən. Əks halda birinci kursu yenidən oxumalı olub bir il geri düşəcəksən.
Bütün xidmətim boyu rəssamlığımla və nümunəvi hərbi tərbiyəmlə böyük hörmət qazandığımdan komandirim vəziyyətimi anlayıb "Prikaz" çıxan kimi birinci olaraq məni tərxis etdi.
May ayının 12-də təyyarənin pillələriylə aşağı düşəndə dünyanın ən xoşbəxt adamı mən idim.
O illərin xatirələrini yenidən yaşamaq çox şirin olsa da belə, imtahan ərəfəsində yaşadığım o üç günün macərası, bir ömrün ağrıları qədər ağır olmuşdur. O, ürək ağrıdan maraqlı anları yenidən yaşayaraq olduğu kimi təsvir etməyə çalışacağam...
Zenfira xanım əhdinə vəfa qılaraq, mən qayıdınca bütün qəm-qüssələri gizlicə axıtdığı göz yaşlarına bükərək, gözləri yollarda qalan ümidlərinə söykənib məni gözləmişdi. Elə məni hava limanında da qarşılayan üç dostumun biri o idi. Hacı Soltandan sonra mənə yaxınlaşaraq əl uzatdı. Göz-gözə baxışmağa utandıq. Mənə əl uzadaraq "şükür ki, sağ-salamat qayıtdın", - deyıb titrək səsiylə məni salamladı. Ürəklərimizda coşub qaynayanları, gözlərimizdən aşıb daşanları, dilimizdə-dodağımızda zümzümə edənləri necə gizləyə bilirdik, İlahi.
Mən hava limanından birbaşa Ə.Əzimzadəyə gəldim və sevimli müəllimlərim məni görüb çox sevindilər. Mətləbimi anlayıb məni alqışladılar və sabah "prasmotr" olacağını söylədilər. Onlar bilirdilər ki, mən bu işin öhdəsindən gələcəyəm.
Rəssamlıqda biz belə imtahan verirdik. Rəngkarlıq, kompozisiya və risunokdan ibarət olan işlərimizi aboylara kleyləyərək divardan asardıq. Baş hissədə isə adımızı, soyadımızı yazardıq. İmtahan götürən müəllimlər və komissiya üzvləri divardan asılmış işlərə baxış keçirib, hər fənn üzrə tələbənin qiymətini müəyyənləşdirərdilər.
Mən əsgərliyə gedərkən il ərzində işlədiyim işlərin hamısını Zenfira xanıma əmanət etmişdim. Səhəri günü o bütün işlərimi gətirməli və onları aboylara kleyləyərək divardan asmalı idik.
Axşam tərəfi biz ayrıldıq və mən kecələmək üçün Serebrovskidə yaşayan dostum Hacıgilə getdim. O, mətləbimi anlayıb məyus halda söylədi ki, kirədə qaldığım evin yiyəsi yanımızda başqa adamın qalmasına icazə vermədi. Bakı şəhərində heç bir qohumum olmadığından tək ümidim Hacıya idi. Ondan bu sözləri eşidəndə dərin fikrə getdim.
- Qardaş, gərək heç ona deməyəydim, gizlincə qalardın. Amma indi gizlincə də qala bilməyəcəksən. Başqa ümid yerin varmı - deyib, əlacsız halda məndən cavab gözlədi.
- Hacı, əziz dostum, sən narahat olma, mehmanxanada qalaram, - deyib əlimdəki xırda çamadanı ona uzatdım. - Heç olmasa bunları sizdə saxlaya bilərəmmi? - deyib, nakleykalarla bəzədiyim balaca çamadanı ona uzatdım.
- Bu nə sözdü, qostum, ayıb olar ki, - deyib çamadanı məndən aldı.
Razin elektriçka stansiyasına gəldim. Acından ölürdüm. Cibimdəki pullarımı saydım. Qarşıdakı iki günü və Qazağa gedəcəyim yol pulnu nəzərə alanda mən gündə bircə dəfə çörək yeyə bilərdim. Amma aclıq mənə güc gəlirdi.
Elə bu aradaca burnuma xoş bir yemək iyisi gəldi. Sol tərəfdəki kafenin müdiri (mənə belə gəldi. Çünki, onunçün ayrıca süfrə açmışdılar) məxsusi onunçün hazırlanmış badımcan qızartmasını cəngəlinin ucuna dolayaraq çox iştahla yeyirdi. Badımcanı dilim-dilim qızardan gənc xanım qızarmış dilimləri onun nimçəsinə qoyub, o yeyincə başqa dilimləri qızardırdı. Hərdən də qarşısındakı ağzı köpüklü pivə bakalını başına çəkərək ağzını marçıldadırdı. Gözlərimi ondan çəkə bilmirdim. O an mənə elə gəlirdi ki, dünyanın ən ləziz xörəyidi bu yekə qarın müdirin iştahla yediyi badimcan qızartması. Elə indinin özündə də o yemək mənim ən sevimli yeməyimdi və hər dəfə badımcan qızartması yeyəndə o mənzərə gözlərimin önünə gəlir...
Hava çoxdan qaralmışdı. Fikrimdə tutmuşdum ki, stansiyadakı gözləmə zalındaca, skamyaların birinin üstündə yatıb, gecəni başa vuraram. Amma gecə milisləri buna icazə verməyib məni oradan qovladılar. Novbəti elektrik qatarına minib şəhərə gəldim və fikirləşdim ki, dəmiryolu vağzalı böyükdü, bəlkə orada mənə toxunmazlar. Görünür fikrimdə yanılmamışdım. Gecə yarıya qədər mənə toxunan olmadı. Amma ümidim boşa çıxdı və məni nəzarətdə saxlayan milislər yaxınlaşıb haraya getdiyimi soruşdular. Qazağa gedəcəyimi söyləyəndə mənə gülərək dedilər ki, Qazax qatarı çoxdan gedib. Dinməz-söyləməz vağzalı tərk edərək dəniz kənarına üz tutdum. Hökumət evinin qabağına gələrək Leninin iri heykəlinə xeyli tamaşa etməyə başladım. Leninlə ürəyimdə söhbət etdim ki, ay Lenin, bə mən indi harda yatım? Cibimdə pulum çox az, şəhərdə də dostum, qohumum yox. Mənə bir məsləhət ver. Lenin isə əlini yuxarı qaldıraraq susub qalmışdı.
Bulvarda sahibsiz olan itlərdən, məndən və bir də əli göydə qalan Lenindən başqa bir kimsə yox idi. Gecə polislərinin fit sələrini, bir də bir-biriylə boğuşan itlərin səsini nəzərə almasaq, şəhərə qaranlıq bir sükut çökmüşdü.
Axır qərarım bu oldu ki, səliqə ilə doğranmış, dördkünc hasara bənzəyən dekorativ ağacların arxa tərəfindəki yaşıl otların üstündə yatım. Elə də etdim. Aclıq məni üstələdiyindən kağız torbanı açdım, aldığım kolbasadan bir az qırıb, çörəklə yeməyə başladım. Elə bu an, qörd-beş it hürüşərək üstümə atılmaq istədilər. Özümü itirməyib çörək payımdan onlara da atdım və itlər quyruqlarını bulayaraq yenə istədilər. Səhərə saxlayacağım payımı onlara verəsi oldum və bu itlərə etibar etməyib ağacın başına çıxmaq qərarına gəldim. Ən doğru yol bu idi. Ağacın başında məni nə gecə milisləri, nə də sahibsiz itlər narahat etməyəcəkdilər.
Bir təhər qalın, sıx budaqlı küknar ağacının başına dırmaşdım və yastı budaqların arasında özümü rahatlayıb yuxuya getdim. Hərdənbir boğuşaraq səs-küy salan itlərin səsini nəzərə almasaq elə bir narahatçılığım olmadı.
Səhərə yaxın üşüdüyümü hiss edib yuxudan oyandım. Hava hələ işıqlaşmamışdı. Bədənim səhərin ayazından donub qaxaca dönmüşdü. Birtəhər ağacdan düşüb su axtardım. Suyu tezliklə tapıb əl-üzümü yudum, amma üst-başımdan xəbərim olmadı. Bulvarda bir az var-gəl edib, havanın işıqlanmasını gözlədim. Hava işıqlaşanda üst-başımı görüb çox məyus oldum. Qara rəngli "marskoy" formam ağappaq ağarmışdı. Sən demə çıxdığım küknarın iynə yarpaqları toz mədəni imiş. Tez həmin su krandına yaxınlaşıb cib dəsmalımla paltarımın tozunu təmizləməyə başladım. Amma bir şey əmələ gətirə bilmirdim. Nə qədər təmizləsəm də, qara sukon kitelin ləkələri bilinirdi. Əlacsız-əlacsız Ə.Əzimzadəyə tərəf yollandım.
Zenfira xanım üst-başımı görüb niyə bu hala düşdüyümü soruşdu. O əzab çəkməsin deyə gecə əhvalatını ondan gizlədim. O isə məni çox sorğu-sual etmədi və birlikdə işlərimi auditoriyamızın mənə ayrılmış divarından asdıq.
Axşam tərəfi dostum Hacıgilə gəlib gecəki əhvalatı ona danışdım, xahiş etdim ki, bu gecə ağac başında yatmaq üçün mənə köhnə paltarlarından birini versin. O halıma acısa da, əlacsız olduğundan köhnə bir şalvar və nimdaş bir pencəyi mənə uzatdı...
Ola bilsin ki, bu ürək ağrıdan etüd parçası sizi kədərləndirmiş olsun. Buna bənzər xatirələrim çoxdur. Amma hər yadıma düşəndə məni göynədən bir xatirəm də var.
Atam dünyasını dəyişəndən çox-çox sonralar anam ondan söz salıb kiçicik bir əhvalat danışdı: "Bir gün gördüm ki, nahar vaxtı atan çörəyi duza batırıb yeyir. Üzünü məndən gizlətməyə çalışsa da gözlərində axan yaşı görüb soruşdum ki, ay kişi, nədir o yediyin? O isə: "canıma azar" - deyib, boğazına ilişmiş loğmanı güclə də olsa udmağa çalışdı. Mən hirislənib - "Soyuducuda yağ, pendir, qaymaq ola-ola sən niyə duz çörək yeyirsən? O isə: "Onlar mənim boğazımdan keçərmi? Heç bilmirəm Məmməd oralarda acdı, toxdu. Bəlkə heç o, bu duz-çörəyi də tapıb yeyə bilmir", - demişdi.
O yoxsulluqla atam məni oxutdu, toyumu etdi, Bakıdan ev aldı. Sonralar bildim ki, o, hətta yeməyinə belə qənaət edərək bunları edib. Mənim hələ toxtamamış vaxtlarımda isə dünyadan köçdü.

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV