ŞEİRİMİZDƏ QARABAĞ

VAQİF YUSİFLİ
183054 | 2013-07-06 00:21
Başlanğıcda fransız yazarı Giyom Apollinerin bir fikrini xatırlatmaq istəyirəm: "Yaddan çıxarmayaq ki, hər hansı bir millətdən ötrü ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəli ola bilər". Bəli, ruhən işğal olunmaq məğlubiyyətə yol açır. Bizim poeziya, ümumən ədəbiyyat həmişə qələbəyə inam hissi yaratmalıdır. Torpaqlarımızı işğaldan azad etmək üçün müharibə zəruri və qaçılmavz olarsa, düşmənin üstünə həm də poeziya ilə silahlanıb getməliyik.
İlk növbədə, gəlin müəyyənləşdirək görək, müasir poeziyada Qarabağ mövzusu hansı aspektləri əhatə edir?
Qarabağ müharibəsi başlananda, ilk şəhidlərimizin qanı bu torpağı lalə kimi qızardanda, kəndlərimiz,rayonlarımız, şəhərlərimiz torpaqlarımız işğal olunanda şeirimizdə səfərbərlik əhval-ruhiyyəsi, çağırış motivləri daha güclü idi. "Ayağa dur, Azərbaycan!" nidasını tez-tez eşidirdik.

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!

(Məmməd Araz)

Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,
Yetmiş yeddi yara var sinələrin dağında,
Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında,
Daş yandırar intizarım, daş yandırar həsrətim.
Dur ayağa, məmləkətim, qalx ayağa millətim!

(Zəlimxan Yaqub)

Sonrakı illərdə də bu çağırış ruhu zəifləmədi, ancaq get-gedə torpaq itkisi, yurd həsrəti Qarabağ mövzusunda aparıcı xəttə çevrilməyə başladı. Bir tərəfdən, şəhidlərə matəm tutuldu, onların qəhrəmanlığı vəsf olundu, digər tərəfdən isə elegik notlar güclənməyə başladı. Bir tərəfdən, qaçqınlığın, köçkünlüyün doğurduğu bəlalardan söz açılırdı, digər tərəfdən, Qarabağ döyüşlərində igidlik göstərən yurddaşlarımızın xatirəsi yad edilirdi. Bunları bəzən eyni şairin şeir və poemalarında izləsək də, bəzi şairlərdə yalnız yurd həsrəti ifadə olunur ya da qaçqınlığın doğurduğu faciələrdən danışılırdı. Bir sözlə, şeirimizdə (eləcə də nəsrimizdə, publisistikamızda) Qarabağ mövzusu müxtəlif və rəngarəng şaxələri, qolları ilə diqqəti cəlb edirdi.
Əlbəttə, poeziyamızla Qarabağ mövzusu ilə bağlı geniş təsnifat aparmaq fikrimiz yoxdu. Ən əsas mövzunun qolları, şaxələrindən söz açmaq əvəzinə, ayrı-ayrı şairlərin yaradıcılığında bu temanın necə əks olunduğunu nəzərinizə çatdırmaq istərdik.
Qarabağda baş verən olaylar, xain qonşuların xarici dövlətlərin dəstəyilə ayrı-ayrı rayon və kəndlərimizi işğal etmələri, qaçqınlıq, köçkünlük bəlaları, çadırlara sığınan həmyerlilərimizin gün-güzəran ağrıları, yurd göynərtisi, fərarilik, ölkəmizin öz daxilində gedən siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizəgbütün bunlar keçən əsrin doxsanıncı illərindən başlayaraq ədəbiyyata da təsirsiz qalmırdı. Biz poeziyamızın əksər nümayəndələrinin yaradıcılığını nəzərdən keçirsək, həmin illərin ağrı-acılarının onların şeir və poemalarında necə əks olunduğunu izləyə bilərik. Doğrudur, indi üstündən illər keçib, o şairlərin bir çoxu da (Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Hüseyn Kürdoğlu)) dünyalarını dəyişmişlər, amma yazdıqları şeirlər bir tarix olaraq qalır.
Burada Xalq şairləri Qabilin və Cabir Novruzun şeirlərini xatırlamaqla onlara dərin ehtiramımızı bildirək. Yada salaq 1990-cı ilin o dəhşətli Yanvar qırğınını. O günlər təkcə xalqımız deyil, şeirimiz də yas içindəydi. Xalqın istilaya, zülmə qarşı çevrilmiş etirazı ilkin olaraq Qabilin poeziyasında da öz əksini tapdı.

Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər.

Qabilin bu "Mərsiyə" şeiri o zaman dillər əzbəri idi. Klassik Azərbaycan şeirinin bu forması elə bil yenidən doğuldu.
Vaxtilə Abbas Səhhət yazırdı, Mirzə Ələkbər Sabirin şeirləri İran məşrutə hərəkatına bir ordudan ziyadə xidmət etmişdir. Doxsanıncı illərdə də bu missiyanı üzərinə götürənlərdən biri Qabil oldu. Onun həmin illərdə qələmə aldığı "Çalsın Azərbaycan haray zəngini", "Qeyrət, a vətəndaşlar!", "Çalma, qaboy", "Bu gün idman vaxtı deyil", "Xəcalət", "Qərənfillərdən uzaq", "Çadırlar", "Çadırlara alışmayın", "Yanıq Kərəmi", "Nəsimi bazarında", "Rəqs", "Haray, tələsin, gəlin" və nəhayət, "Ümid sənədir ancaq" şeirləri Sabir cəsarəti ilə köklənmişdi. Həmin şeirləri Qabil xaos və hərcmərclik dövrünün yaratdığı ictimai-siyasi, mənəvi-psixoloji ab-havaya kəskin etiraz kimi qələmə almışdı. "Çadırlara alışmayın!" - bu, o deməkdir ki, ruhunuz sönməsin, xarici ölkələrin pay-puşuna göz dikməyin, əlinizə silah götürüb torpaqları azad edin. "Yanıq Kərəmi"yə oynamaq olmaz, bu gün hər kəs işğal olunmuş Vətən torpaqları barədə düşünməlidir. Qabilin "Ümid sənədir ancaq" şeiri fikrimizcə, təkcə poetik bəyənat deyil, həm də torpaqlarımızı azad etmənin xilas yoludur.

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb-daşınıram
Özlüyümdə dərindən.
İntiqam ala bilməz,
Qana qan ola bilməz.
Məzarları bəzəyən
Ehtiram çiçəklərig
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Bir başqa şeirində - "Nəsimi bazarında" Qabil hamımıza tanış olan bir mənzərəni canlandırır. "Nəsimi" adlanan Bakı bazarında qızğın alver gedir. Xalq, əlində ölü manat, qarın hayındadır. Şair yüzlərlə şəhidi olan bir məmləkətin halına acıyır, birdən-birə Nəsimini xatırlayır, onun dönməzliyini yada salır. Nəsimi dönməzliyilə "Nəsimi" bazarındakı alver-möhtəkirlik arasında tarixi-sosial təzadların səbəbləri üzərində düşünür. Şair bu ağrılı məsələləri bir az da sərt məcraya yönəldir, "Nəsimi" bazarındakı qızğın alverlə Çeçenistanda gedən ölüm-dirim savaşını müqayisə edir:

Nəsimi bazarına
Əs, ey odlu külək, əs!
Əs, çeçen diyarından!
Bəlkə tərpəniş görə
Xalq öz oğullarından!

Ümumiyyətlə, Qabilin həmin illərdə yazdığı şeirlərində bir səfərbərlik, haray, çağırış motivləri ilə rastlaşırıq. O, yurddaşlarını fəallığa, mübarizəyə səsləyir, öncə haqqında söz açdığımız şeirdə olduğu kimi xilasımızı, nicatımızı qisas almaqda, intiqamda, döyüşdə görür. Azərbaycan həmin illərdə neçə çadır şəhərcikləri ilə dolu idi və Qabil üzünü o çadırlarda yaşayanlara tutub deyirdi ki:

Cərgə-cərgə, düzüm-düzüm,
Görüb qan ağlayır gözümg
Millətimə budur sözüm:
Çadırlara alışmayın!

Tayfa deyil, millətik Biz,
Bir evik, bir külfətik Biz,
Saraylara şöhrətik Biz
Çadırlara alışmayın!

Xalq şairi Cabir Novruzun poeziyasında da Qarabağ mövzusu, həmin illərdə məmləkətimizdə baş verən ictimai-siyasi olaylar öz əksini tapdı. Cabir Novruz öz təbiəti etibarilə həmişə nikbin şair olmuşdur, onun ən kövrək şeirlərində belə bu nikbinlik, bu işıq əskilməmişdir. Ancaq səksəninici illərin sonlarından başlayaraq onun poeziyasında kədərli notlar güclənməyə başladı. Bu kədər, bu bədbinlik notları şairin hər gün müşahidə etdiyi hadisələrdən, rastlaşdığı dərdli insanların baxışlarından hasil olurdu. O, böyük Azərbaycan dərdi zirvəsindən baxırdı hər gün rastlaşdığı hadisələrə. Deyirdi ki:

Bu gün bircə dərdimiz var-Vətən dərdig
Hamımızı oda yaxar-Vətən dərdig
Dava gedir torpağımda,
Şəhid olur yurdumuzun yüz-yüz mərdi,
Vətən dərdi qabağında
Əfsanədir çörək dərdi, yemək dərdi, gödən dərdi.

Şairin "Əl açdı gəlin mənə", "Qan içində", "Əlac gərək, əlac gərək" və s. şeirlərində Vətənin dərdlərindən doğan hallar poeziyaya gəlir. Əgər belə demək mümkünsə, Cabir Novruz dərdin poeziyasını poeziyanın dərdinə çevirir. Onun iki poeması - "Azərbaycan" və "Şuşa yolu" (birinci poema 1990, ikincisi isə 2002-ci ildə "Azərbaycan" jurnalında işıq üzü görmüşdür) məhz bu həqiqəti təsdiq edir ki, Şair öz Məmləkətinin, Vətəninin dərdlərinə biganə qalmamalıdır. Haray çəkməlidir, yurddaşlarını bir məslək uğrunda mübarizəyə səsləməlidir.
"Azərbaycan" poemasında Birlik ideyası təbliğ olunur. 1946-cı ildən sonrakı Azərbaycan-bir tərəfi Şimal, bir tərəfi Cənub adlandırılan, həmişə vahidliyə can atsa da, bölünən, parçalanan, qəlpələnən Azərbaycanın faciələri canlandırılır. Bakının Təbrizdən, Təbrizin Bakıdan ayrı düşməsi, bu pyrılığın böyük həyəcanlar, fırtınalar doğurması poemada təsirli, emosional misralarla oxucuya çatdırılır. Şair iki Almaniyanın birləşməsini görür, buna ürəkdən sevinir, amma..

Qırx dörd ildə dözmədilər almanlar, amma,
Bəs sən, əsr yarım keçib, necə dözürsən?
Uyuyuram, anam Təbriz girir yuxuma,
İkiləşmiş Astaramız durur gözümdə.

C.Novruzun bu poemasında əsas obraz Vətəndir, o taylı-bu taylı Vətən. Ancaq bu Vətəni Ayrılıq xəncərləri həmişə ikiyə bölüb. İndi də...g

Bu yay bizi heç Şuşaya buraxmadılar,
Silahlanmış hərbiçilər bələdçi oldu.
Təhlükənin, səksəkənin keçdik cənginə,
Burdan Şuşa qalasına qırx akğac oldu,
Yol kəsmişdi ermənilər-ərəbzəngilər.

Deyin, adam durub kimə şikayət etsin,
Bu boyda da ağır bəla, pis gün olarmı?
Vətəninə əsgər səni müşayiət etsin,
Şair üçün bundan böyük nisgil olarmı?

Şuşanı çox sevirdi Cabir Novruz və bu maddi mədəniyyət abidəsi ilə fəxr edirdi. Onun ömrünün son illərində bitirdiyi "Şuşa yolu" poeması da bu məhəbbətin ifadəsiydi. Amma bu məhəbbət kədərlə, nisgillə, bir az da nostalgiya ilə ifadə olunur. Şair Şuşa ilə bağlı xatirlərini dilə gətirir, indi Şuşaya gedən yolun qapanmasını milli bir faciə hesab edir. Poema belə başlayır və bu başlanğıc misralar əsərin ideya yönünü təyin edir:

Düz on ildir nə gecəm,
nə gündüzüm yox.
Düz on ildir el içində
gizlənməyə bir üzüm yox.
Düz on ildir, bir əziz ad
dilimdədir.
Qovruluram, odlanıram
külümdə mən.
Püskürürəm, alışıram,
hayqırıram.
Düz on ildir
Şuşa deyib qışqırıram.
Daha papaq gəzdirmirəm
düz on ildir.
Düz on ildir
göz yaşlarım ürəyimə
gildir-gildir axır mənim.
Şuşa dərdi öldürəcək axır məni.

Düz bir il sonra, 2002-ci ilin dekabrında Cabir Novruz ağır xəstəlikdən sonra vəfat etdi. Ola bilsin, o, hansısa çarəsiz bir dərdə tutulmuşdu və əlacı mümkün deyildi. Amma sizi inandırıram ki, onun dərdinin içində böyük bir ŞUŞA DƏRDİ də vardı.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV