adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Sistemin tərsinə...

XURAMAN HÜSEYNZADƏ
40589 | 2013-07-06 00:20
Küləyə baxdım, yağışda islandım və darıxdım. Bu istidə qəfil küləyin başlaması, havanın sərinləməsi, yağışın yağması qaydaları pozmaq deməkdir. Təbiət də bunu edir. Deməli, həyat pozulan qaydaların hesabına rəngarəng, maraqlı olur.
Sistemin tərsinə hərəkət şıltaqlıqdır, nadinclikdir. Sistemlə hərəkət edən, "cızığından çıxmayan" isə yalnız Zamandır, ömrümüzün əlindən sürüşüb düşən Vaxtdır...
Həyat öz məcrasından çıxanda - səndən uzaqda olanda darıxıram. Səninlə bağlı düşüncələrim ah kimi qopur ürəyimdən. Yayın cırhacırında belə dəli küləyin əsməsi, narın yağışın səpələməsi darıxdığın zaman ürəyinə dolan sevgiyə bənzəyir. Buludlar dolur, mən yazıram, sən darıxırsan. "Unut məni..." yazıram. "Bu yağışda səni necə unudum" sualını verirsən. Sual işarəsi çətirə oxşasa da adamı həmişə qorumur...
Bəlkə elə bu yağış səni darıxdırmaq və məni unutdura bilməmək üçün yağır. Buludlar göyün üzündə, mən monitorun arxasında məşğul ikən sən darıxırsan. Əslində üçümüz də eyni məqsədə, amala xidmət edirik. Göy üzü buludları, mən sətirləri, sənsə mənli xatirələri, düşüncələri qovursan - üçümüz də Zamanı qaranəfəs eləmişik. Sabah günəş çıxacaq, mən yazmayacam, sənsə mənim gözlərimə baxacaqsan. Həmişə aramızda bir məsafə olacaq - Zaman. Məsafələrin ayrılığı ayrılıq deyil, intizardı...
Adam sevdiklərindən uzaqda olanda vaxt keçmək bilmir. Rayona, kəndə, xarici ölkəyə üz tutanda saatları, dəqiqələri qovmaqla məşğul olursan. Sevdiklərinlə eyni məkanda yaşayıb, eyni havanı udub, eyni sudan içəndə isə vaxt səni qovur. İş-güc, yazı-pozu, sevdiklərinlə baş-başa vaxtın bivaxt keçməsi... bir də görürsən ki, şər qarışıb, axşam düşüb. İtirdiyimiz bir dəyər var ki, onu da heç vaxt tapa bilməyəcəyik - bu, vaxtdır...

***
Zamanı qabaqlamazdan öncə onunla ayaqlaşmağı bacarmalısan. Zamanın nazı ilə oynamalısan və eyni zamanda həyatını boşuna keçirməməlisən. "Çax-çaxın baş ağrıtmamalıdır, dəyirman bildiyini edəcək" - vaxt öz yolundadır yəni. Bunun üçün tək ağıl və ya istedad bəs eləmir. Həm də cəsarətli olmalısan... Cəsarət çox vaxt zamanın xeyrinə işləyir. "Həqiqi cəsarət tək yuxarı qalxmaq üçün şar deyil, eyni zamanda aşağı düşmək üçün paraşütdür". (L. Berne)
Bu dəfə cəsarət göstərib suallarımı Zamana ünvanladım:
- Həyatımız yaxşılığa doğru dəyişəcəkmi?
- Xoşbəxt olacağıqmı?
- Bizi bir az gec qarşılaşdırdın. Buna qarşılıq olaraq "gec olub, güc olacaqmı"?
Sanki qulağıma bir səs gəlir: "Yaşayarsan, görərsən". Yenə də vaxt lazımdı!!!
Cəsarət göstərib yaşamağı bacaraq...
Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV