adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

DƏNİZ NEÇƏYƏDİ???

BABƏK YUSİFOĞLU
41840 | 2013-07-03 00:21
Vallah-billah, bu gün belə bir mövzuda yazı yazmayacaqdım. Çünki fikrimdə tamam başqa problemlərdən bəhs etmək vardı. Amma səhər işə gələndən sonra bir-iki dost zəng vurub soruşdu ki, qardaş, "plyaj"dakı o hadisənin sonu necə oldu? O qoçuları yerində oturda bildin, ya yox?
Mənim təəccüblə - "Nə hadisə? Hansı qoçular?.." soruşduğumu eşidib söhbəti uzatmadan mənə məsləhət gördülər ki, Milli.Az internet portalında verilən "Bakı çimərliklərində qoçular peyda olublar" xəbərini oxuyum. Yazılanlardan hali olandan sonra gördüm ki, dost-tanışın narahatlığı heç də tamamən əsassız deyilmiş. Sən demə, mənimlə adaş olan bir sordaşımızın Mərdəkan çimərliyində başına qəribə bir hadisə gəlib və o da götürüb olanları milli.az-a göndərib. Hadisə adaşımın Xəzər rayonu, Mərdəkan qəsəbəsinin çimərliyində uşaqlarını quma basdırarkən baş verib:
"Ötən həftənin şənbə günü çimərlikdə iki formalı şəxs mənə yaxınlaşaraq istirahətimə mane oldu. Onlar FRAS istirahət mərkəzi yazılan obyektin ərazisindən gəlmişdilər. Mən həmin istirahət mərkəzinə bitişik olan ərazidən stol kirayələmişdim. Uşaqlarım dənizdən çıxıb təxminən 5 metr kənarda, FRAS adlanan obyektin ərazisində qumun üstünə uzandılar. Onları quma basdırmaq istəyəndə iki nəfər yaxınlaşaraq məndən stol götürüb-götürməməyimi soruşdular. "Hə" cavabı verdim. Dedilər ki, stolu bizdən götürmüsünüz, uşaqları da apar həmin obyektin ərazisinə. Dedilər, bura pulludur. Xeyli mübahisə etsək də, forma geyinmiş şəxslər bizi istirahət etməyə qoymadılar. Başa düşmürəm, uşaqlarımın sağlamlığı üçün hər gün çimərliyə 10 manat verməliyəm?"
Mən bilirəm ki, oxucularımız bunlara təəccüblənəcəklər ki, hə, nooooolsuun?! Guya təkcə Mərdəkan çimərliyiyi pulludur? Hamı bilir ki, Bakının heç bir "plyaj"ına gedib üzünüzə müftə bir ovuc su vura biləməzsiniz. Yox, əgər risqə gedib belə bir iş tutsanız, Həzrət Abbas haqqı sizdən tutub elə haqq-hesab tələb eləyərlər ki, elə bilərsiz onların dədələrinin xüsusi mülkiyyətinə qəsd etmisiniz.
Əslində bu məsələdə heç adaşımın da elə bir günah yoxdu. Yəqin uşaqlaırını götürüb çimərliyə gedəndə o elə bilib ki, cimərliklərin pulsuz olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bu il mayın 21-də imzaladığı 179 saylı sərəncamını vecinə alan var. Əslində bir az tədbirli olsaydı öyrənərdi ki, indi dövlətin, hökumətin qanunlarını, qaydalarını bir tərəfə tullayıb özlərinin "zakon"larını əllərində rəhbər tutanlar Xəzər sahilində hasarlamadıqları yer qoymayıblar. Hələ o gün eşitmişəm ki, cənub zonasında birisi dəniz sahilinin böyük bir yerini hasarladıb, özü üçün nəsə yardıb və deyirmiş ki, "voobşe" Xəzər adını dəyişib dənizə dədəmin adını verəcəyəm. İnanmayanların da ağzının üstündən vurub ki, əşi puluynan döyül, verəcəyəm, həll omunacaq...
Doğrusu, canımı dişimə tutub bura qədərini bir təhər sinirə bildim. Amma bir məsələni ha o yan-bu yana çevirdim, ha başına-gözünə döydüm, gördüm olmur. Bu da nədi?.. Adaşımın yazdıqları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Milli.Az-a açıqlamasında bildirib ki, çimərliklərin pullu olması qeyri-qanunidir: "Kimdənsə pul istəsələr, onlardan qəbz tələb etsin. Əks halda aparıb polisə versin. Çimərliklər tam pulsuzdur. Jurnalistlər də bu işdə bizə köməklik etsinlər. Hamı çimərliyə kefə getmir. Biri günəş, digəri qum, başqası su vannası qəbul etməyə gedir. Hərənin bir dərdi var. Onlardan da pul tələb olunması vicdansızlıqdır. ...Sakinlər də mübariz olsunlar. Onlardan pul tələb edənə qarşı haqlarını müdafiə etsinlər. Oğru adam qorxaq olar. Onlardan pul tələb edənlər heç nə edə bilməzlər. Çünki qanunu pozduqlarını yaxşı bilirlər. Polis və əlaqədar təşkilatlar köməklik etməlidir".
Əvvəla, onu deyim ki, sağ olsun Əliabbas müəllimi, yaxşı ki, qiymətli vaxtından ayırıb əhalini maarifləndirir, heç bununla da kifayətlənməyib çox yaxşı məsləhətlərini də verir. Amma burada ən azı iki şey yenə aydın olmur. Əgər bu möhtəkirlərə, qanunsuzluq edənlərə, Allahın dənizinin sahillərini hasarlayıb bu yazıq camaatın cibini soyanlara, insanları ən adi hüquqlarından məhrum edənlərə... qarşı əhali mübarizə edəcəksə, həftənin əzablarını, streslərini atmaq üçün özlərinə, ailələrinə ayırdıqları o bircə günü də dövlət orqanlarına ayaq döyüb belələrini cəzalandırmaqla vətəndaşlar məşğul olacaqsa, görəsən onda yes-yekə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti və digər aidiyyəti dövlət orqanları nəyə gərəkdir?!! Əgər hər şeyi, elə qoçularla mübarizə camaatlıqdısa onda həmin idarələrdə oturub əməkhaqqı olanların işinin adı nədi?!! Maraqlıdı, deyilmi?
İkincisi də Əliabbas müəllim, soruşmaq ayıb olmasın, deyirsiniz ki, hamı çimərliyə kefə getmir. Biri günəş, digəri qum, başqası su vannası qəbul etməyə gedir. Hərənin bir dərdi var. Onlardan da pul tələb olunması vicdansızlıqdır. Məgər dərdi olmayan, yəni sağlam adam çimərliyə gedərkən sağlamlığı üçün oradakılara pul ödəməlidi?!!
Əliabbas müəllimin sözlərindən belə anlaşılır ki, guya aidiyyəti orqanların əlində konkret faktlar olmadığı üçün müvafiq tədbirlər görə bilmirlər. Əşi, vallah ayıbdı. Billah ayıbdı. Necə olur ki, Xəzər çimərliklərində bu cür soyğunçuluqların baş alıb getdiyindən mənim 6 yaşlı nəvəm - Önər belə xəbərdardı, amma cavabdeh şəxslər xəbərsizdi?! Əgər lap təzə faktlar istəyirlərsə özlərinə zəhmət verib Mərdəkanda, Hövsanda, Türkanda... çimərlikləri adi şəxs qismində dolaşsınlar, camaatın cibinin "başına" hansı oyunların açıldığının isti-isti şahidi olsunlar. Yox, bunlar sərf etməsə, elə həmişəki kimi oturub əhalini mübariz olmağa səslənsinlər. Nə olar, olar...

P.S. Adaşıma da adaş məsləhəti: hələlik 10-15 manatlıq dəniz suyunun dadını çıxar. Çünki bir qədər keçəndən sonra bu qiymətə dənizə yalnız uzaqdan baxmaq mümkün olacaq...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV