adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

O ELƏ BELƏ DƏ YAŞAMALIYDI VƏ...

BABƏK YUSİFOĞLU
62336 | 2013-07-02 00:58
Nə vaxtsa belə bir müdrik kəlam oxumuşdum: deyilirdi ki, insanlar dünyaya əziyyət çəkməyə, həyəcanlanmağa, daim nəyisə axtarmağa, ümidlərini bəsləməyə gəlirlər. Bu deyimin nə qədər dəqiq olduğuna hökm verə bilməsəm də onu deyə bilərəm ki, müəyyən əlavələrdən sonra əslində bu tezisləri mən də qəbul edərdim.
Bəlkə də əbədi hərəkətin mənbəyi elə budur. Axı, ağıllı adamlardan daim eşitmişik ki, həyat hərəkətdə olmaqdır. Hərəkət bitdiyi yerdə ölüm başlayır: bir yaradılışın tam mövcudluğu. Dialektikanın Əksliklərin vəhdəti qanunu kimi...
Qəribədir, çox zaman insanlar yaşadıqları zaman ölüm haqqında, ölüm kürsüsündə isə həyat haqqında düşünürlər. Bəzən həyatda elə insanlar da olur ki, onlar bir ömrə sığmayacaq qədər çox hərəkətdə olur, başqalarının öhdəsindən gələ bilməyəcəyi işləri bacarırlar. Sanki bir saatın əvəzinə iki saat yaşaya bilirlər... Bu qəbil insanların sırasında elələri də olur ki, Tanrının onlara lütf etdiyi hər şeyin səbəbini kənarda axtarır, ən sadə həqiqəti görməkdə çətinlik çəkir, elə bu dolaşıqlıq üzündən də ölümlə qarşı-qarşıya qaldıqları zaman həyatı, həyatda ikən ölümü, əbədi hərəkətsizliyi seçirlər. Amma kimliyindən asılı olmayaraq İlahi düzənə qarşı durmağa çalışanların heç birinə İnanclı birisi kimi baxmaq doğru deyil.
Qəribə idi, ağlı, istedadı, yüksək intellekti... olsa belə o da Həyat, İnanc... məsələlərində dolaşıqlıqlar yaşamışdı. Ömrünün böyük hissəsini Allaha inanmamışdı...
Artur Kostlerdən danışıram...
Əslində Kostlerdən söz açarkən onun nəyindən, hansı məziyyətlərindən daha çox bəhs etmək lazım olduğunu dəqiqləşdirmək asan deyil. Bilmirsən ki, onun yaradıcılığı, bədii əsərlərinin diqqəti çəkən xüsusiyyətləri, həyat, insan haqqında düşüncələri haqqında danışasan, yoxsa ictimai-siyasi görüşlərindən, daim təhlükəli labirintlərdən keçən həyatından, bir sıra hallarda tələsik qərar verdiyi qərarların yanlışlarından, və ya ölüm kamerasındakı qəribə günləri haqqında danışasan. Əslində onu tanıtmaq istərkən təkcə bir şey dəqiq aydın olur, Artur Kostler haqqında hər şeyi yerli-yataqlı, ətraflı yazmaq, səhvlərini, doğrularını bütünlüklə anlatmaq üçün uzun bir zaman, qalın kitab gərəkdir. Mənsə bu qəribə insan haqqında bir qədər konkret söz açmağa çalışacağam...
Diqqət edin, milliyyətcə yəhudi olan Artur Kostler Macarıstanın paytaxtında anadan olub, lakin britaniyalı nasir kimi dünya ədəbiyyatında tanınıb, bəzən kommunist, bəzən sionist, bəzən beynəlmiləlçi... kimi, bəzən isə yəhudilər haqqında yazan təhqiqatçı, müəyyən zamanlarda jurnalist, ya da filosof rolunda özünü göstərib. Onun haqqında oxuyan adamlara hərdən elə gəlir ki, yazıçı nəfəs dərmədən hərəkətdə olub, yerdən-yerə keçib, qərarlarını dəyişməkdə nə tərəddüd edib, nə də vaxt itirib. Yalnız ona görə ki, necə deyərlər o, Artur Kostler olub...

ARTUR

O, 1905-ci ildə Budapeştdə sənayeçi və ixtiraçı Henrik Kostlerin ailəsində anadan olmuşdu. Onun haqqında haqqında yazan bioqraflar qeyd edirlər ki, hər iki valideyni yəhudi olsalar da, övladlarını normal mühitdə böyütsələr də sonralar Artur nəinki mənsub olduğu dindən üz döndərmişdi, hətta ateizmədək yuvarlanmışdı. Atası Rusiya əsilli, anası Adler isə müflis olmuş zadəgan yəhudi nəslindən idi. Və imperiyanın süqutundan sonra ailə ölkədən köçməyə qərar verdi və onlar Venaya gəldilər.
Orta məktəb təhsilindən sonra Artur Kostler Vena Universitetinə qəbul olundu. Bu da maraqlıydı ki, hələ yeniyetmə dövrlərində macar dilində şeirlər yazmağa başlayan Artur texniki fakültəni seçmişdi. Onda 1922-ci il idi və savadlı, ağıllı gənc kimi tanındığı üçün Artur çox qısa zamanda sionist hərəkatının fəallarının diqqətini cəlb etmişdi. Və bir qədər keçdikdən sonra isə gənc bütünlüklə onların təsiri altına düşdü.

SİONİST, KOMMUNİST, JURNALİST...

Dünyanın qəribə paradoksları var. Bir zamanlar təqiblər üzündən dünyanı günahkar bilən, haqlarının tapdalandığını sübut etməyə çalışan yəhudilər sionizmi yaratmaqla heç fərqində deyildilər ki, indi onların özü başqa inanc sahiblərini, başqa millətləri sıxışdırmaqla, onların torpaqlarına sahiblənməklə eyni taleyi digərlərinə yaşadır. Yəni, güclülərin yaşatdıqları dəhşətləri bu dəfə onlar özlərindən zəif görünənlərə yaşatmağı doğru sayırdılar. Artıq belə məsələlər onu elə məşğul etmişdi ki, Artur universitet təhsilini yarımçıq qoymağa qərar verdi. 1926-cı ildə Kostler Fələstinə yola düşdü...
O, bir alman nəşrinin xüsusi müxbiri kimi Yaxın Şərqdə fəaliyyət göstərdi, bir çox yazılar yazdı. Onun belə fəaliyyəti bir neçə il - 1929-cı ilədək davam etdi. Bundan sonra Avropaya qayıdan jurnalist fəaliyyətini Parisdə sürdürdü. Eyni zamanda Avstriyaya, Almaniyaya, Rusiyaya, İspaniyaya və digər ölkələrə səyahət edərək oralardan reportajlar hazırlamaqla ictimaiyyətin diqqətini cəlb etməyi bacardı. Onun qaynar, təhlükəli bölgələrdə çalışmağa can atması bir az xarakterindəki çılğınlıqla bağlı idi. Elə 1931-ci ildə almanların "Qraf Çeppelin" dirijablıyla Şimal qütbünə səyahət missiyası da, digər təhlükəli bölgələrə səfərləri də...
Həmin ildə iş yerini dəyişdi. Belə ki, Berlinə gələrək "Vossische Zeiting" qəzetinin elmi redaktoru vəzifəsinə başladı. Ümumiyyətlə, onun yaradıcılığına nəzər saldıqda şahidi oluruq ki, Kostlerin jurnalist kimi fəaliyyəti onun ciddi bədii yaradıcılığından xeyli qabaq başlayıb. Hətta siyasət aləminə girişməsi də Avropaya səs sala bilcək romanlarından xeyli əvvələ təsadüf edir. Ümumiyyətlə, İkinci Dünya Müharibəsinədək Artur Kostler jurnalistlik fəaliyyəti sayəsində daha çox tanınmağa başlamışdı.
Məhz 1930-cu illərdən başlayaraq ictimai-siyasi proseslərlə yaxından maraqlanan, yazılarında o dövrün sinfi mübarizəsinə diqqət çəkən gənc yəhudinin artıq kommunistlərlə əlaqələri də yaranmışdı. Və çox keçmədi ki, kommunist ideologiyasını özü üçün həyat idealı seçən Kostler Almaniya Kommunist Partiyasının sıralarına qoşuldu. Amma bununla kifayətlənməyən gənc yazar kommunistlərin möhtəşəm qalası hesab edilən SSRİ-yə səyahət etdi. Və çox maraqlıdır ki, Artur Kostler bu səyahəti zamanı bizim paytaxtımızda - Bakıda da olmuşdu.
Əslində həmin illər belə ideyaların ardınca getmək çox qorxulu idi. Çünki Avropanı daha böyük təhlükə təhdid etməkdəydi. Faşistlər sürətlə güclənir, təşkilatlanırdılar. Və Sovet İttifaqından geri dönən Kostler Almaniyada uzun müddət yaşaya bilmədi. Təxminən il yarımdan sonra Almaniyada baş saxlamaq kommunistlər üçün, özü də yəhudi kökənli insanlar üçün mümkün olmadı. 1933-cü ilin sentyabrında Adolf Hitlerin partiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət daha da kəskinləşdi və Kostler vaxt itirmədən Fransaya, valideynləri isə Böyük Britaniyaya getmək məcburiyyətində qaldılar.
O, Fransaya gəldikdən sonra fəal şəkildə təbliğat xarakterli məqalələr yazmağa girişdi. Və o vaxtlar nə onun, nə də başqalarını ağlına belə gəlmirdi ki, çox keçməyəcək alman faşizmi bütün Avropanı öz qanadı altına alacaq, onların düşmən elan etdikləri isə gizlənməyə yer axtaracaqlar. Lakin hələ o günlərə bir qədər qalmışdı...

ÖLÜM HÖKMÜ...

Qonşu İspaniyada da ara qarşımışdı. Ölkədə vətəndaş müharibəsi tüğyan edirdi. Ölümlər, dəhşətlər Avropaya hər tərəfdən tədidlər yağdırırdı. Məhz həmin zamanlar - 1937-ci ildə Artur Kostler İspaniyaya getdi. Lakin onunku gətirmədi. Çünki az sonra - fevral ayının sonunda Malaqa ələ keçirilərkən Artur Kostler Frankoçular (general Fransisko Franko əsgərləri) tərəfindən əsir alındı. Bu sözün əsl mənasında onun üçün dəhşət demək idi. Çünki aqibətinin necə sonuclanacağı artıq çoxları üçün bəlli idi. Və doğrudan da gözlənilən baş verdi. Ona ağır ittiham irəli sürüldü. Belə ki, Kostleri cəsusluqda müqəssir bilib ölüm cəsasına məhkum etdilər.

(Ardı qəzetin 9 iyul sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV