adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Həbsxanadakı azadlıq - 10 saylı cəzaçəkmə müəssisəsindən reportaj

CEYHUN MUSAOĞLU
92436 | 2013-06-29 07:38
Həbsxanadaydım. "Dolu" filmini məhkumlara göstərməyə aparmışdıq. Mistikaya bax: "Dolu" bir gün sonra Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif sənət sahələrində fərqlənənlərə və onların yaratdıqlarına verilmək üçün təsis etdiyi ən dəyərli mükafata - "Zirvə"yə layiq görüldü.
Məhkumlar həbsxanada müvəqqəti də olsa həyatın dibinə düşmüş adamlardı. Kino isə böyük mədəniyyət hadisəsidi. Mədəniyyət həyatın dibində olanlara qədər enmək böyüklüyündədirsə, onun yaratdığı nümunə - "Dolu" ZİRVƏYƏ çıxmalıydı.

Məhkumlar üçün mükafat

Bir gün sonra mükafat alacaqlarını bilməyən filmin ssenari müəllifi Aqil Abbası, quruluşçu rejissoru Elxan Cəfərovu və "Dolu"nun özünü məhkumlar mükafat kimi qəbul etdilər. Komandir də ordaydı - Məmməd Səfa. Rejissor Əliqulu Səmədov, quruluşçu operator Nadir Mehdiyev, kaskadyor Əli - məhkumlar üçün əlçatmaz obrazlar deyildilər. Bu adamlar üzlərini məhkimlara tutub deyirdilər: "Allah qapınızı açsın". Bu arzu sıradan olanların dilindən çıxmırdı. Ona görə məhkumlar üçün mükafat idi.

Qanunu pozan ən doğma adama belə, keçmək olmaz

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindəyik. Bizi müəssisənin rəisi ədliyyə polkovnik leytenantı Mirsaleh Seyidov və Penitensiar Xidmətin mətbuat katibi, ədliyyə polkovniki Mehman Sadıqov qarşıladı. Rəisin kabinetində maraqlı söhbətimiz oldu. Jurnalistikanın prinsiplərindən çıxış edərək suallar verirdim. Cavabsız sualım qalmadı. "Rəis necə olmalıdı ki, məhkumlar onu çox istəsin, ona güvənsin" - belə soruşdum. Mirsaleh Seyidovdan aldığım cavab: "Məhkumlarla səmimi olmaq lazımdı. Onlara yalan danışmaq olmaz. Ən doğma adamın belə rəhbərlik etdiyin müəssisədə cəza çəkirsə, qanunu pozacağı təqdirdə onu da başqaları kimi cəzalandırmaq lazımdı".
İndiki həbsxanalar, orda yatan məhkumlar əvvəlkilərdən - sovet zamanından çox fərqlənir. Hər halda belə eşitmişəm. Rəisdən bu fərqin nədən ibarət olduğunu öyrənirəm. Deyir ki, indiki dustaqlar demokratiya nə olduğunu bilirlər: "Həbsxanada Qaynar Xətt var. İstənilən dustaq hər hansı şikayəti olanda Penitensiar Xidmətə zəng edə bilir. Heç təcili yardım maşınları belə, Xidmətin əməkdaşları kimi tez gələ bilməz. Gəlib, anındaca problemi aradan qaldırırlar".

Məhkumların azadlıqdakı həyatını da düşünürlər

Mehman Sadıqov da görülən işlərdən danışır. Maraqla dinləyirik: "Məhkumun azadlığı əlindən alınıb, qalan konstitusion azadlıqlarından istifadə edə bilər. Sizə şərait yaradacağıq həbsxananı gəzəcəksiz, dustaqlarla söhbət edəcəksiz. Əminəm ki, hər şeyin müsbət mənada dəyişdiyinin şahidi olacaqsız".
Artıq kluba getmək vaxtıdı. Rəis kabinetdəki 8 yerə bölünən monitordan bütün prosesləri izləyir. Aydınca görünür ki, klub tamaşaçı ilə dolub.
Kluba çatana qədər məhkumlar üçün yaradılan şəraitlə tanış oluruq. Kompyuter otağı: geniş, səliqəli, işıqlı zalın dəyirmi masası ətrafında xeyli sayda kompyuter var. Hamısı məhkumların istifadə etmələri üçündü. Dilim dinc durmur. Soruşuram: "İnternet var?!." Rəisin cavabı: "Əlbəttə yoxdu. Ancaq məhkumların bir-biri ilə ünsiyyət qurmaları üçün daxili şəbəkə var. İstəyirik, onlar kompyuter biliklərinə yiyələnsinlər ki, azadlığa çıxanda özlərinə rahat iş tapa bilsinlər".

Azadlıq eşqini itirməyənlər daxilən məhkum deyillər

İdman zalı doğrudan ləzzət elədi. Qurğular müasir standartlara cavab verir. Zalda təmizliyi ilə göz oxşayan duş kabinəsi var. Məhkumlar bir anlıq da olsa, idman hərəkətlərini dayandırırlar. Hal-əhval tuturuq. Razılıq edirlər. Gözlərdən azadlıq arzusu boylanır. Deyəsən içəri keçəndə özümüzlə bir az da olsa azadlıq gətirmişik. Məhkumlar bizim azadlığımıza cavab kimi gözlərindəki azadlıqlarını parıldadırlar. Sevinirik. Azadlıq eşqini itirməyənlər həbsxanada belə, məhkum deyillər. Onlar buranın müvəqqəti olduğunu bilirlər. Belə düşüncə yəqinliyi məhkumu ən pis əməllərdən çəkindirir. Onu kompyuter otağına, idman zalına, kitabxanaya çəkib aparır.

Həbsxanada zəngin kitabxana

Kitabxana. Çox xoşuma gəldi. Nə vaxtsa həbsxanaya düşsəm, (heç kim sığortalanmayıb) yaşayacağım otaq. Rəis deyir ki, burda 5300 kitab var. "Oxuyurlarmı?" Kitabxanaçı bir neçə səhifəsinə dustaqların adları qeyd olunan jurnalı göstərir. Kitab götürənlərin adları və imzalarıdı. Bu, aparıb oxuyub, qaytaracağıq deməkdi. Kitabı özüylə qaldığı yerə aparmaq məhkum üçün hadisə olsun gərək.
Kitablar qədər insanı anlayan ikinci varlıq yoxdu. Təəssüf ki, bu fikri məhkumlara çatdıra bilmədim. Həbsxanadan çıxandan sonra ağlıma gəldi.
Kitabların siyahısına baxanda yaxşı mənada təəccübləndim. Pelevin, Patrik Züskind, Kafka, Dostoyevski, Anar, Elçin, Aqşin və neçələri... Kitabxanaçıdan xahiş edirəm ki, məhkumlara "Ətriyyatçı"nı oxumağı məsləhət görsün.

Düz nə varsa, üzə çıxmalıdı

Adətən əsgər və məhkum yeməkxanalarının spesifik qoxusu olur. Bu qoxuya pis mənada başgicəlləndirən də deyirlər. Naharın yenicə qutarmasına baxmayaraq, 10 saylı cəzaçəkmə müəssisəsində bu qoxunu hiss etmədim. Keyfiyyətinə baxmaq üçün bir "buxanka" çörək istədim. Azadlıqda xüsusi olaraq axtardığımız qara çörək. Bir tikəsini yedim. Mehdiabadda yaşayıram. Yaxınlıqdakı mağazalardan beləsini tapa bilməmişəm. Çox soruşmuşam...
Rəis deyir ki, yeməklərin keyfiyyəti də yüksək səviyyədə dəyişib. Dəqiqləşdirmək üçün bir dustaqdan soruşuram və cavabını özümdə saxlayacağıma, kimsəyə bildirməyəcəyimə söz verirəm. Yeməkdən olduqca razılıq edir. Yalan danışmadığı aydın hiss olunur. 38 yaşım var, 5 ilim belə yeməkxanalarda keçib, ən azından bu mövzudakı yalanı göydə də olmasa, yerə düşəndə tuturam. Əminəm ki, məhkum düz deyir. Ondan yaxşı cavab alıram, ona görə də yazıram. Bilirsiz bu xatırlatma nə üçündü. Axı yuxarıda belə yazmışam: "dəqiqləşdirmək üçün bir dustaqdan soruşuram və cavabını özümdə saxlayacağıma, kimsəyə bildirməyəcəyimə söz verirəm". Kitabxanada "Ədalət" qəzetinin "potşivka"sını görmüşəm. Reportajı dustaqlar oxuyacaq. Elə bilməsinlər ki, sözümə əməl etməmişəm. Məhkuma deməyəcəyimi bildirib, açıqlamasını yazmışam. Dostlar, yaxşı nə varsa yazılmalıdı. O təriflədi və düz danışdı. Düz nə varsa, üzə çıxmalıdı. Bu, həm azadlığın, həm də həbsxananın qanunudu.

Cəzaçəkmə müəssisəsində çəkilən "Rezonans"

10 saylı cəzaçəkmə müəssisəsində namaz qılanlar üçün "İmam Əli" otağı var. "Heydər Əliyev guşəsi"ndə də oluruq. Yaxın tariximizi əks etdirən xeyli dəlillər var.
"Xəzər" televiziyasında məhz məhkumların həyatından bəhs edən "Rezonans" verilişi yayımlanır. İdeya müəllifi Penitensiar Xidmətin mətbuat katibi, ədliyyə polkovniki Mehman Sadıqovdur. Veriliş tam formada 10 saylı cəzaçəkmə müəssisəsində hazırlanır. Hazırlıq prosesində məhkumlar iştirak edir. "Rezonans"a baxanda adam bir daha həbsxanaya qayıtmasın deyə, azadlığa tək barmaqları ilə yox, həm də dırnaqları ilə bağlanır. Filmin nümayişindən sonra "Rezonans"ın çəkildiyi studiyada oluruq. Birgə şəkil çəkdiririk. Millət vəkili Aqil Abbası verilişin qonağı kimi yarım saat danışdırırlar. Göstərəcəklər.

Kluba daxil olanda bütün dustaqlar ayağa qalxır. Nizam-intizam rahat yaşamağın təməlidi. Əvvəlcə rəis Mirsaleh Seyidov çıxış edir. "Dolu"nun məzmunundan danışır. Filmdə həbsxana kadrlarının olduğunu deyir. Məhkumların Vətən uğrunda şücaətlə vuruşması səhnələrini xatırladır: "Bu filmə tamaşa edən hər kəs bir daha əmin olur ki, Azərbaycan ordusu mütləq torpaqlarını işğaldan azad edəcək. Müharibə olacağı təqdirdə hamımız orada çiyin-çiynə vuruşacağıq. Filmdə məhkumlarla bağlı da çox təsirli səhnələr var. Başda hörmətli millət vəkilimiz Aqil Abbas olmaqla, bu filmi yaradanlara, rejissor Elxan Cəfərova, operatorlara, aktyorlara minnətdarlıq edirəm".

Aqil Abbasın çıxışından ruhlanırlar

Ssenari müəllifi Aqil Abbasın çıxışı dustaqlara ruh verir. Yazıçı təxəyyülü ilə azadlığı həbsxana ilə birləşdirən, ancaq aralarında şəfaf sərhəd qoymağı unutmayan Aqil Abbas həyat barəsində o qədər nikbin danışır ki, arxamda oturan dustağın səsini eşidirəm: "Yaşamaq gözəldi, qardaşım". Ona tərəf çönürəm. Qara geyimli cavan oğlan. Gülümsəyərək deyir: "Film adıdı". Mən də gülümsəyirəm. Özüm demirəm, elə gülümsəməyim deyir: "Bütün filmlər həyatdı".

Orijinal təqdimat

Bir azdan həyat başlayacaq. Aqil Abbası dinləyən dustaqlar bəlkə də bura filmə baxmaq üçün yığışdıqlarını unudublar. Millət vəkili yaradıcı kollektivi belə, yaradıcı tərzdə təqdim edir. "Film mənim deyil, rejissorundu", "Hamımız filmə operatorun gözü ilə baxırıq". "İkinci rejissorsuz film yoxdu", "Məmmədsəfa həm filmdə komandirdi, həm həyatda..." "Kaskadyor Əli özü də vuruşur" fikirləri yaradıcı heyəti tamaşaçılara təqdim edəndə eşitdiklərimizdi.
Aqil Abbas bir saatlıq həbsxanaya düşən Ceyhun Musaoğluya da orijinal "zərbə" vurur: ""Ədalət" qəzetinin şöbə müdiri Ceyhun Musaoğlu. Ya siz onun yanına gələcəksiz, ya o sizin".

"Məhkumların incidilməsi hadisəsi baş verə bilməz"

Məhkumlar deyəsən tərpənmirlər də. Klubda səs yoxdu. "Dolu"nun ssenari müəllifi çıxışını yekunlaşdırır: "Heç kim bura düşməkdən sığortalanmayıb, amma düzgün yaşamaqla özünüzün azadlığınızı siğortalaya bilərsiz. Anton Makarenko məhkumların psixologiyasını dərindən bilən yazıçı idi. O deyirdi ki, müxtəlif cinayətlər edən insanları bir kamerada saxlamaq lazımdı. Məsələn, adam öldürənlə oğurluq edən bir yerdə olsa, biri qətlin, o biri isə oğurluğun düzgün olmadığını izah etməyə çalışacaq, əsaslandıracaq. Nəticədə məlum olacaq ki, hər ikisi düzgün deyil. İndi baxacağınız filmdə məhkumların həyatı əks olunub. Romanda bu barədə daha geniş yazmışam. O kitabı sizlərə hədiyyə edəcəm, oxuyub görəcəksiz ki, məhkumlar vətən üçün canlarını qurban verirlər. Filmin qəhrəmanı - Komandir də məhkumluq həyatı yaşamış adamdı. Biz bütün bunlarla göstərməyə çalışmışıq ki, hər hansı əməlinizə görə cəzaya məhkum olunmağınız sizi həyat sevgisindən uzaqlaşdırmasın. Həmişə azadlığınızı düşünün, azadlığa qovuşmaq üçün cəzaçəkmə müəssisəsində sakit həyat keçirin. Daha heç vaxt rəislərin məhkumları incitməsi kimi hadisələr baş verə bilməz. İndi hər yerdə demokratiyadı. Dövlətimizə və onun prezidenti cənab İlham Əliyevin humanistliyinə inanın. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, hörmətli Mehriban xanım Əliyeva artıq neçənci dəfədir ki, Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış edir və qanun qəbul olunur. Əmin olun ki, o humanist aktlar sizin hər birinizə şamil olunacaq".

Azadlıq çərçivələrdə gözəldir

"Dolu" başladı. Əvvəl filmdə yağdı. Sonra ekrandan səhnəyə səpələndi. Səhnədən zala - dustaqların üzərinə isə qrada çevrilib şığımağa başladı. Zalı bir anlıq gözdən keçirdim. Güllə-baranın qarşısında məğrurcasına dayanmışdılar. Beynimdəki mənin pıçıltılarını eşidirdim: "Onlar bu an özlərini məhkum hiss etmirlər". Bu fikrə inandım. Axı mükafatları əsasən azadlıqda olanlar alır. İndi isə yüzlərlə məhkuma mükafat verilmişdi. Dolu mükafat. "Dolu" mükafatı.
...Həbsxanadan çıxmağa hazırlaşanda bizi rəis müavini ədliyyə mayoru Şahmurad Qasımovla tanış etdi. Sanbo üzrə dünya çempionudur. Ayaqüstü 5 dəqiqəlik söhbətimiz oldu. Ədəbiyyatın məhkumların həyatında oyanaya biləcəyi müsbət rolundan danışdıq. Olduqca mədəni və savadlı fikir mübadiləmiz baş tutdu.
Rəis Mirsaleh Seyidov, müavin Şahmurad Qasımovla ünsiyyətimizdən sonra məhkumlara ünvanlanan məşhur "Allah qapınızı açsın" fikrini təkrar etməyi artıq bildim. Məhkumlar zatən bağlı qapılar arxasında deyil. Hər yerdə ərazi var - azadlıqda da. Hər kəs həmin ərazidə azaddı. Azadlıq zatən çərçivələrdə gözəldi. Yetər ki, bu çərçivələrin dağılmaması, yəni gözəlliyin məhv olmaması üçün nəzarətçi funksiyasını həyata keçirənlərə dost, qardaş gözü ilə baxasan. 10 saylı cəzaçəkmə müəssisəsində bu fəlsəfəni şüara çevirmək mümkündü.

Ceyhun Musaoğlu

TƏQVİM / ARXİV