adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QIZIL DÖVRƏ QƏDƏR

VƏSİLƏ USUBOVA
39744 | 2013-06-29 07:27
Ağıllı adamı aldatmaq çətindi. Nə etsən, onun dərin zəkası, işıqlı düşüncələri qarşısında aciz qalacaqsan. Ən tutarlı dəlillərin belə məntiqi mühakimələrinin qarşısında sönük görünəcək...
Nəzərə alsaq ki, mən heç də ağıllı sayılan birisindən deyil, əksinə, zamanında müasirlərinin ələ saldığı, dəli, fərsiz hesab elədikləri, üstəlik, dörd yüz ildən bəri nəsillərin rişxənd və qəhqəhəynən xatırladığı bir obrazdan danışıram, onda hansı səviyyəyə gəlib çatmağımızın mənzərəsini çizməyə ehtiyac qalmır. O, elə bir dövrün sonuna gəlib çatmışdı ki, artıq igidlik deyil, biclik, riyakarlıq dünyanı idarə eləməyə başlayırdı. İnsani keyfiyyətlər əzəli müqəddəs çəkisini itirir, yerini yüngül, bayağı davranışlara verirdi. İbtidaidən üzü bəri insanlar ancaq gərəkli, vacib, onsuz yaşaması mümkün olmayan şeylərin alverini edirdilər. İndi isə bütün münasibətlər alqı-satqı obyektinə çevrilməyə başlayırdı. Namus-ismət də, doğmalıq-yaxınlıq da, ədəb-ərkan da. Elə bir zaman çatırdı ki, məhəbbət xəstə təxəyyülün məhsulu, sədaqət əyləncə sayılmağa başlayırdı. Ən gözəl şeyləri itirməyə başlayan insanlar artıq onun xiffətini çəkməyə, ümidlər, xəyallar qurmağa başlamışdılar. Ədalətin təmənna və şəri məhv edəcəyinə inanır, insanlığın Qızıl Dövrə qədəm qoyacağını səbirsizliklə gözləyirdilər...
Daha demirdilər ki...

***
O, nə istəyirdi ki... Haqqında oxuduğu, eşitdiyi cəngavərlərə bənzəmək, onların yaşadığı qızıl dövrün ömrünü uzatmaq, cəngavərliyə məxsus kübar və ədalətli duyğu və davranışların aradan çıxmasına imkan verməmək... Buna nail ola bilməsə də, payına düşmüş adi bir insan ömrünü boşuna xərcləsə də, kimsəyə zərər vermirdi, heç kimi incitmirdi. Ancaq onu anlamadılar. Onun simasında öz keçmişlərini ələ saldılar. Kim bilir, bəlkə bu obraz olmasaydı, o gözəl dövr yenidən qayıdacaqdı. Ancaq bundan sonra kimsə belə fikrə düşməyə, gülüş hədəfi olmağa qərar verə bilməzdi...
Vermədi də...
Bir roman bir epoxanı öldürdü...
Ancaq yaşada da bilərdi...
Tarixin təkrar olunması fikri çox məntiqsizdi. Zahiri bənzərliklər olsa da, tarix heç zaman geri dönmür. Onun həmişə bir və özünəməxsus sifəti olur. Biz qəbul eləsək də, eləməsək də... Bəyənsək də, bəyənməsək də...
Hamı onun başına ağıl qoymaq istəyir. Əslində, bu adamların özləri lamançlı Don Kixotdan da avara və sərsəridirlər ki, ona bu qədər baş qoşur, bu qədər vaxt ayırırlar. Bakalavr Samson Karasko deyir: "Bizə filosofların öyrətdikləri kimi yaşamaq lazımdı. Heç nəyə təəccüblənmədən. Əgər daxili sakitliyi qoruya bilsən, yaşamaq asan olacaq!" Adama elə gəlir ki, əgər Samson yaşca Don Kixotdan böyük olsaydı, bu ağıllı fikirlər onun başına girərdi. Üstəlik, yaşadığı bu hadisələrdən sonra, yorğan-döşəyə düşdüyü məqamlarda da olsa, eşitdikləriylə razılaşardı... Razılaşmır... Bəlkə də haqlıdı. Çünki... Yaşamaq nə zaman asan olub ki...
Sanço Pansonun da özünə görə filosofluğu var: "Ördək suda batmaz, onu şiş gözləyir!"

***
İmkanı olanlar öz kefləri, məzələri xatirinə onların arzusunu "yerinə yetirirlər". Ələ salmaq istədikləri şəxs ağıllı, tutarlı cavablarıynan gülüşləri dodaqlarda dondurur. Üzdən də olsa, ona hörmət və qayğı göstərilir... Sanço Pansonunsa iştahı pis deyil. Ürəyindən qubernator olmaq keçir. İstəyinə "əməl edirlər". O isə həmişəki kimi özünə sadiqdi. Camaatın görüşünə ulağın belində gəlir. Qəhqəhələrlə qarşılansa da, özünü o yerə qoymur: "Qubernatorun ulağın belində gəzməsi gülməlidi. Ancaq qubernatorun yerində ulaq əyləşərsə, əlbəttə, buna gülmək çox çətindi..."
Dəyərli, həm də yüz illər keçsə də, köhnəlməyən mühakimədi...
Adamların arasından qışqıra-qışqıra özünü yetirən qadın çobanın ona sataşmasından, üstəlik pulqabısını da oğurlamasından şikayətlənir. "Təzə qubernator" pulqabını alıb qadına qaytarır. Sonra təzədən işarə edir ki, pulqabını güclə qadından alsın. Qadın bu dəfə elə bir həngamə qoparır ki, əvvəlki onun yanında toy-bayramdı... Pulqabını yenə çobandan alıb qadına qaytarır. Yəqin ki, bu sözləri deməkdən ötrü: "Əgər namusunu da bu pulqabı kimi qoruya bilsəydin..."
Elə sözlər var ki, onu izah eləməyə ehtiyac yoxdu...

***
Hər şeyin sonu kədərlidi. Xüsusən, insan ömrü arzu və istəklərinə yetmədən sona varırsa, bunun ağrı-acısı müqayisəyə gələn deyil. O isə buna inanmır. Bəlkə də dərk etmir. Yorğan-döşəkdə də xəyallar qurur, sağalacağına, təzədən "cəngavərlik ömrü"nə başlayacağına ümid edir. Başına yığışanların öyüd-nəsihəti də ağlına batmır. Bakalavrın "mən istəyirdim ki, o da hamı kimi yaşasın" sözlərinə başını çevirib yanğı və təəssüflə cavab verir: "Bax, bunu mən bacarmıram!"
Hamı kimi yaşamayanların hamısını da elə onun aqibəti gözləyir: kimsə tərəfindən başa düşülməmək, daimi rişxənd və qınaqlar, bayağı məsləhətlərin obyektinə çevrilmək...
Sevgisi də bənzərsizdi. Sevgisi də onun cəngavərlik amalına xidmət edirdi: "Yəqin ki, xəyalında bir gözəl qadın gəzdirən kişilər cəngavər olurlar..." Ancaq ömrü də, çabaları da gözəl Dulsineyanın xəyalı kimi boşluqda, puçluqda əriyib sona verdi. Bütün qınaqlara, məzəmmətlərəsə cavabı bu oldu: "Məni istədiyiniz kimi xatırlayın. Ürəyiniz necə istəyirsə..."
Bax, bu onun yeganə və əsl cəngavər jesti idi...
Heç kəsin fikrini vecinə almadı ömrünün sonunadək... "Bu da mənim ömrüm idi. Belə istədim, belə də yaşadım!"
Doğrudan da onu hamı istədiyi kimi xatırlayır. Və bu istəklərin içində bir ümumi xətt var: Sevgi və təəssüf...
Qızıl Dövrə qədər yaşayacağına ümid eləyirdi. Bədbəxt cəngavər daha bilmirdi ki, insanlıq o dövrü arxada qoyub...
Bizlərsə, hətta onun özünə də qibtə eləyirik...
Qızıl Dövrə inamımızı itirəndən bəri...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV