adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ən uğurlu "Müharibə"

ETİBAR CƏBRAYILOĞLU
40763 | 2013-06-29 07:25
"Həqiqəti demək insanı yüngülləşdirir.
Amma bəzən həqiqəti unutmaq daha yaxşıdı"
Müharibə ilə bağlı səhnə əsərinə baxmağa gələn tamaşaçılar yəqin ki, özlərini başqa bir ovqata kökləyirlər. Əli silahlı aktyorların ora-bura qaçacaqlarını gözləyir, bomba səslərinə alışmağa hazırlaşırlar. Elə bilirlər ki, bir azdan döyüşə hazırlaşan əsgər səhnədə şəfqət bacısını bir kənara çəkib ona romantik sözlər deyəcək...
Lakin bu "Müharibə"də hadisələr tamam başqa cür cərəyan edir. İsveç yazıçısı və dramaturqu Lars Nuren müharibəni fərqli şəkildə görür. Onun yazdığı "Müharibə"nin neçənci illəri əhatə etdiyi məlum deyil. Hadisələrin hansı ölkədə baş verdiyi də elə bir önəm daşımır.
Söhbət müharibələrin insanlara gətirdiyi faciələrdən, bəşəriyyətə vurduğu yaralardan gedir. Söhbət Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan "Müharibə"dən gedir. Bu yazı da teatrın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi "Müharibə" barədədi.

Müharibə görənlərin faciəsi

Ana (əməkdar artist Kəmalə Hüseynova) bir-biri ilə mübahisə edən Benina (Nigar Məmmədova) və Semina (Roza İbadova) qızlarını sakitləşdirməyə çalışır. Analarına qulaq asmaq istəməyən qızlar ona ev işlərində kömək etmək, hətta bir vedrə su gətirmək barədə belə fikirləşmirlər. Bu zaman...
Bu zaman ailənin başçısı müharibədən qayıdır. "Mən qayıtdım" - deyən Atanın (əməkdar artist Qurban İsmayılov) sevinci uzun sürmür. Məlum olur ki, müharibənin bütün dəhşətlərini bədənində hiss edən, düşərgədə olmazın məhrumiyyətlərə dözən, gözlərini itirən Atanın yolunu heç kim gözləmir.
Müharibə onun ailəsinə başqa cür yaralar vurub. Ata "Əsas məsələ odur ki, mən qayıtmışam" - deyə fikirləşirsə, ailə üzvləri başqa fikirdədirlər. Həyat yoldaşına gözlərini itirmiş ər lazım deyil. O, başqası ilə - ərinin qardaşı İvenlə (aktyor Rasim Cəfərov) özünü daha xoşbəxt sayır. Müharibəyə getməzdən əvvəl qızlarının dodaq boyasından istifadə etməsini istəməyən Atanın böyük övladı yol kənarında durub ötüb-keçənlərə bədənini təklif edir. Benina pullu əcnəbilərlə uzaq ölkələrə getmək, əyləncə dolu günlər yaşamaq arzusundadı. Kiçik qızı Semina 11 yaşında olarkən zorlanıb. Onun da öz arzuları var. Maraqlı kitablar yazmaq, məşhurlaşmaq istəyir. Gözlərini itirmiş Ata ailənin sevimli iti Dinonun da hənirtisini eşidə bilmir. Çünki Dino artıq yoxdu. Arvadı və qızları acından ölməmək üçün iti kəsib yeməyə məcbur olublar.
Ata elə fikirləşir ki, müharibə qardaşı İvenin də ömrünə son qoyub. Uşaq yaşlarından həmişə yüksək yerlərdə olmağı arzulayan, lakin əlindən heç bir iş gəlməyən şair təbiətli qardaşı artıq yoxdu. Arvadı və qızları onu inandırırlar ki, son dəfə qış günlərinin birində çıxıb gedən İveni sonra görən olmayıb.
Əslində isə hər gün onun yanında dolaşan qardaşı-əlindən heç bir iş gəlməyən İven müharibədən əməlli-başlı yararlanıb. Qardaşının arvadını ələ keçirib, indi qızları Tanrının da unutduğu bu yerlərdə qoyub birlikdə başqa şəhərə köçməyi təklif edir.
"Elə bilirəm ki, əlimi uzadıb işığı yandıra bilsəm görəcəm" - deyə düşünən Ata gözlərinin açılacağı təqdirdə hansı mənzərə ilə rastlaşacağını ağlının ucundan belə keçirmir.
Və günlərin birində Ata qardaşı İvenin sağ olduğunu öyrənir. Kiçik qızı Seminanın dediyi kimi, həqiqət insanı yüngülləşdirir. Amma bəzən həqiqəti unutmaq daha yaxşıdı.
Finalda ailə yenə bir yerdədi. İven də onların arasında. Yaradıcı heyət hər şeyi tamaşaçıların öhdəsinə buraxır. Səhnədə atəş səsləri, döyüş səhnələri, əli silahlı aktyorların ora-bura qaçmasını gözləyən, lakin tamam fərqli "Müharibə" görən tamaşaçıların öhdəsinə.

Sizi görüm "Müharibə" görəsiniz!

Müxtəlif teatrlarda uğurlu tamaşalar hazırlayan əməkdar incəsənət xadimi Bəhram Osmanov Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olunduqdan sonra "Müharibə" ilə növbəti dəfə adından söz etdirdi. İstedadlı rejissor maraqlı səhnə yozumu, düzgün aktyor seçimi ilə "Müharibə"ni əsl teatr hadisəsinə çevirməyi bacarıb.
Təsadüfi deyil ki, hər tamaşası anşlaqla keçən "Müharibə"də həm rejissor işi, həm də aktyorların ifası barədə yalnız yüksək fikirlər səslənir.
Əməkdar artist Kəmalə Hüseynova "Müharibə" tamaşasında yaratdığı obrazla bir daha sübut etdi ki, o, bu gün səhnəmizdə ən istedadlı aktrisalardan biridi. Bəhram Osmanov rejissor kimi aktrisanın yaradıcılıq imkanlarını düzgün qiymətləndirməyi bacarıb və sonda belə maraqlı rol ərsəyə gəlib.
İstedadlı rejissor Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Dövlət Gənclər Teatrında bir-birindən fərqli rollar oynayan əməkdar artist Qurban İsmayılovun bu gün çalışdığı kollektivə psixoloji uyğunlaşmaq üçün sanki belə bir obrazla səhnədə görünməyə ehtiyacı var idi. Bəhram Osmanov bunu duyubmuş kimi istedadlı aktyora belə bir fürsət yaradıb. Qurban İsmayılovun bu gün "Müharibə"də yaratdığı obraz son illər Azərbaycan səhnəsində oynanılan ən uğurlu rollardan biridi.
Dövlət Gənc Tamaşaçılar Teatrında bir neçə nəslə mənsub aktyorlar çalışır. Roza İbadova kollektivdə gənc nəsli təmsil edir. Son vaxtlar repertuara daxil olan tamaşaların bir neçəsinə bu bacarıqlı aktrisa uğurla çıxış edir. Roza İbadova Semina kimi olduqca mürəkkəb bir obrazın öhdəsində gəlməyi bacarır. Benina rolunun ifaçısı Nigar Məmmədova haqqında da yalnız xoş sözlər demək olar. İnanıram ki, bu rolundan sonra rejissorlar Nigar Məmmədovanın yaradıcılıq potensialından daha səmərəli istifadə edəcəklər. Yaradıcı heyətin digər bir üzvü Rasim Cəfərov İvenin daxili aləmini tam çatdırmağa çalışır və məncə buna nail olur.
"Müharibə" bitkin bir tamaşadı. Onun ərsəyə gəlməsində və belə böyük uğur qazanmasında quruluşçu rəssam Sevinc Həsənovanın, musiqi tərtibatçısı İradə Muradovanın və rejissor assistenti kimi Gülnar Hacıyevanın, Lars Nurenin qəhrəmanlarını dilimizdə danışdıran istedadlı tərcüməçi Dilsuzun da əməyi var.
Bu tamaşa 85-ci mövsümünü başa vuran Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyinə kollektivin hazırladığı ən yaxşı hədiyyələrdən biridi.
Bu günlərdə milli peşəkar teatrımızın 140 illik yubileyi təntənə ilə qeyd olundu. Son illər teatrlarımızda çoxlu maraqlı tamaşalar hazırlanıb. Təbii ki, nöqsanlar, qüsurlar da var. Amma uğurlu işləri görməzdən gələnlərə bircə sözüm var. Sizi görüm "Müharibə" görəsiniz...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV