adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Bir yastıqda qocalmağın fəlsəfəsi

XURAMAN HÜSEYNZADƏ
43623 | 2013-06-29 07:21
Sevginin günü, zamanı olmur, deyirlər. Sevgi əbədiyaşar hissdir. Ən gözəl şeirlər ona həsr olunar, bədii əsərlərin, filmlərin içindən o keçər. "Sevgidən ya uşaq qalar, ya da xatirə" demişdim bir dəfə...
Bir hiss ki, insanların xoşbəxtliyinin səbəbkarıdır, onun haqqında nə qədər xoş söz desən, yenə də az olar.
Sevgililərin də günü olmur. Sevənlər üçün hər gün sevgililər günüdür. Hər gün sevdiyin insanın gözlərindən səni sevdiyini oxumaq gözlərini sevindirər; onun üçün kim olduğunu eşitmək qulaqlarına xoş gələr; qolları arasında o qədər xoşbəxt olarsan ki, Yer kürəsi belə gözlərinə kiçik görünər. Bilərsən ki, tənha deyilsən. Həyatında kiminsə olması kiminsə sənin yaşam stimulu olman deməkdir. Və sən də bu zaman kimisə həyata bağlayan varlıq olursan. Nə qədər gözəl bir hissdir!
Leylidən, Məcnundan betər sevənlər var. Bu günün məcnunları leylisinə qovuşmaq üçün mübarizə aparır və sonda bir ömür xoşbəxtliyi paylaşırlar.
Başqalarının fevralın 14-də qeyd etdiyi Sevgililər Gününü biz iyunun 30-da 20 yanvar şəhidləri İlham və Fərizənin toy günləri tarixində qutlayırıq. Bu ideyanın müəllifi Əvəz Zeynallı tezliklə azadlığa qovuşsun...
Əvvəllər bu tarixi Sevgililər Günü kimi qeyd etməyənlər son dövrdə öz sevgilərini 30 iyun tarixində bir daha sübut etməyə çalışırlar. Əlbəttə, ağrılı bir tarixdi. Amma bu ağrıya başqa bir duyğu da qatılıb: öz sevgilini vətənin qədər, vətənini sevgilin qədər sevmək duyğusu. Bu tarix gənclərimizə, bütün sevənlərə eyni zamanda vətəni, milləti sevməyi, lazım gələrsə ilk öncə onun azadlığı uğrunda canından keçməyi öyrədir.

***
Sevginin zamanı olmur. İnsanlar yaşa dolduqca bir-birinə daha möhkəm bağlanırlar. Pərvazlandırıb həyatın ənginliklərinə uçurduqları oğul-uşaqlarına, nəvə-nəticələrinə baxıb məsud halda köks ötürürlər-xoşbəxtlik budur...
Bu Sevgililər Günü münasibətilə öncə "bir yastıqda qocalmağın" metafizikasını bizə göstərən nənə-babalarımızı təbrik edək. İnsan zamanın axarında yaşlansa da sevginin, sevməyin, sevgili olmağın zamanı olmadığını sübut edir və... ürəyi qocalmır.
Hər birinizə tək belə günlərdə yox, daim sevib-sevilməyi arzulayıram.

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV