adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GÜNAHLAR İÇƏRİSİNDƏ PARILTI...

BABƏK YUSİFOĞLU
62510 | 2013-06-25 00:52
Bilmirəm, siz belə bir ifadə eşitmisinizmi: Allahın lənətinə gəlmiş(lər)? Amma mən nəinki bu cür deyimi eşitmişəm, hətta oxuduğum kitabların bəzilərində həmin ifadəylə rastlaşmışam da. Lakin tələbəlik illərimdə savadlı, ağıllı, geniş dünyagörüşlü bir din adamından eşitdiklərim indiyədək yadımdadı. O, danışırdı ki, böyük günah əməllərinə görə Tanrının qəzəbinə gələnlər gec və ya tez buna görə cavab verirlər. Sadəcə olaraq belələri cəzalarını alarkən onun hansı səbədən, nə vaxt qazandıqlarını ya qəsdən xatırlamaq istəmirlər, ya da ümumiyyətlə unudurlar.
O, deyərdi ki, günah əməllərin bu dünyadakı cəzasını almaq insan oğlu üçün hələ böyük mükafat hesab olunmalıdır. Çünki Böyük Yaradanın dərgahında hər şey daha fərqlidi. Və heç kəs belə düşünməsin ki, həyat şərtlərinin çətinliyi, maddi sıxıntılar, müəyyən məqsədlərin həyata keçməməsi və s. kimlərinsə boyuna biçilmiş həmin cəzaların sırasındadı. Əsla. Günah əməllərin bədəlləri insan oğluna böyük heybətiylə, dəhşətiylə ürcah olur. Hələ onlar da bizim gerçəkçi sandığımız dünyada baş verirsə...
Bəzən bəhs etdiklərim haqqında düşünəndə niyəsə ilk növbədə bir sıra məşhurları xatırlayıram, o cümlədən XIX yüzillikdə yaşamış böyük ingilis şairi Persi Bişi Şellini... Onun yaşadıqlarının, keçdiyi həyat yolunun başqa bir yerə yozumu mümkünmü? Mən bilmirəm...

(əvvəli qəzetin 17 iyun sayında)

Bəlkə də Şellinin ikinci dəfə ailə qurmaq üçün Harrietdən boşamnağa çalışmasını, bütün fikrini ancaq Meri ilə həyatını birləşməyə həsr etməsini, hətta bir ata kimi körpə qızının - İantanın taleyinə göstərdiyi biganəliyi şair üçün amansızlıq, daşqəlblilik adlandırmaq bəs etməzdi. Lakin həyat gerçəklərini nəzərə alsaq, 16 yaşlı yeniyetmə bir qızı sevgi duyğularıyla evindən, ailəsindən ayırıb uzaqlara gətirərək onu bir körpə ilə köməksiz qoymağı... ən azı vicdanını susdura bilən adam bacarardı. O şəxs şair olsa belə, başqasına dəlisəcəsinə vurulsa belə, ayrı çıxış yolu tapmasa belə...
Persi Bişi Şellinin hətta arvadının ikinci uşağa hamilə olduğunu, bununla yanaşı yaşananlar üzündən əsəblərinin son dərəcə gərildiyini, maddi sıxıntılar içərisində də əzildiyini bilə-bilə belə bir addım atmasına haqq qazandıran bioqrafların arqumentlərinə isə acımaqdan başqa yol görünmür. Bəlkə də istedadlı şair bununla ağır günahların altına girdiyini ağlına belə gətirmirdi. Axı, o, Tanrıya da, taleyə də inanmırdı. Mütləq Həqiqətin isə yanlışsız hesabı vardı...

SƏYAHƏT

Təhqiqatçılar Harrietin məhz bu hadisələr ərəfəsində başqa birisi ilə tanışlığa başladığını yazırlar. Onların bir müddət həmin adamla bərabər olduğunu, lakin bu ilişkilərin də uzun sürmədiyini qeyd edirlər. Məhz belə davranışları üzündən şairin Harrieti tərk etdiyini söyləyənlər də var. Lakin fakt odur ki, bütün bunlaradək artıq Persi Bişinin Meri macəraları başlamışdı. Və Harrietin yeni ilişkilərinin sonrakı dövrü göstərdi ki, ailənin dağılması qadının kiməsə vurulduğunun nəticəsi deyil. Bu qənaəti bölüşənlər bildirir ki, Harrietin ona xəyanəti ilə bağlı həqiqi sübutlar olmayıb. Ancaq şairdə belə fikirlərin formalaşması üçün boşanmanı istəyənlər təşəbbüs göstərirdilər. Hətta Qodvinin də belə çabalarda bulunduğu məlumdur.
Əlbəttə, Harrietin başqası ilə intim münasibətləri yaranmışdı. Amma bunlar, belə demək mümkünsə, iş-işdən keçəndən sonra baş vermişdi. Nə bilmək olar, bəlkə də bütün bunlar ümidi hər yerdən kəsilmiş, hətta boşanmamaq kimi "silahı"nın da heç bir işə yaramayacağını bilən əlacsız bir qadının əvəz çıxmaq, intiqam almaq istəklərindən doğan duyğuların bəhrəsiydi. Əbəs yerə... Çünki artıq Persi Bişiyə heç nə təsir etmək gücündə deyildi.
Şelli sevgilisi ilə bərabər uzaqlara getmək, lap başqa bir ölkəyə qədəm qoymaq istəyirdi. Belə səyahət onu həm də maddi ehtiyacları üzündən götürdüyü kredit sahiblərinin gözündən də uzaq tutacaqdı. Çünki son zamanlar onlar da şairi tez-tez narahat etməyə başlamışdılar.
1814-cü il iyul ayının sonlarında Merinin ögey bacısı Kler Klermontu da götürüb Fransanın, oradan isə İsveçrənin yolunu tutan sevgililər bir sıra çətinliklərlə də olsa səyahətlərini həyata keçirdilər. Bu addımın Harrietə sarsıdıcı zərbə vurmayacağını isə düşünmək inandırıcı görünə bilməzdi. Hətta rəsmi ər-arvad olmayan cütlüyün 1816-cı ilin yanvarında Vilyam adlandırılan oğlu da dünyaya gəldi. Elə həmin ilin ortalarında ailə yenidən, özü də eyni "heyətlə" Cenevrəyə getdi.

ARVADININ İNTİHARI

Əslində həmin ərəfədə günlərini gah Cenevrədə, gah da İngiltərədə keçirən Şelli bir sıra dəyərli əsərlərini ərsəyə gətirdi - "Alstor"u, "Laon və Çitna"nı, "İslamın hiddəti"ni, çox sayda pamfilitləri, "Rozalinda və Yelena"nı... Maraqlıdır, Persi Bişi Şellinin çox mürəkkəb həyat tərzi keçirdiyinə baxmayaraq yaradıcılığını "axsatmamışdı". Və ard-arda gözəl əsərlər yaratmaqla artıq çoxlarının diqqətini və rəğbətini qazanan şair daha çox tanınmağa başlamışdı. Həmin illərdə tanış olduğu, sonrasa dostluq etdikləri məşhur Corc Bayron belə onun yaradıcılığını bəyənirdi.
Persi ilə Merinin səyahətləri uzun zaman hər şeyin düzələcəyinə özünü inandırmağa çalışan Harrietin ən kiçik ümidlərini belə öldürdü. Bu, onun üçün artıq ayrılığın geri çevirilməyəcəyinin əyani təsdiqi idi. Təhqiqatçılara görə, cütlük ayrılandan sonra uzun müddət qeyri-stabil həyat sürən, psixoloji və mənəvi cəhətdən sarsılan Harriet sonradan doğmalarına sığınmış, daha bir övladı - bir oğlu dünyaya gəlmişdi. Əsəbi həyat tərzi keçirən, psixoloji dəngəsini itirən Harriet nəhayət özünə qəsd edərək həyatına son verdi. Zavallı qadının meyitini təsadüfən tapdılar. Ayrı yaşasalar da Harrietin belə ölümü Şellini çox kədərləndirdi. Bəlkə də şair ürəyinin dərinliklərində nələrdəsə özünü günahkar sayırdı...
Maraqlıydı, şair Harrietin ölümündən sonra uşaqlarını öz himayəsinə almaq istəsə də qanunları tətbiq edənlər - məhkəmə bunun üçün ona şans tanımadı. Baxmayaraq ki, məhz həmin dövrlərdə varlı babasının ölümü ilə böyük miras sahibinə çevrilən, amma atasının xeyrinə ondan imtina edən Şelliyə atası ildə 1000 funt təqaüd ayırmışdı və həmin pullarla şair çox rahat, gen-bol həyatını sürdürə, uşaqlarına da baxa bilərdi. Amma olmadı... Və yəqin ki, bu zaman onun ailəsi ilə davranışları, başqasına aşiq olması üzündən mənəvi, insani haqları görməzdən gəlməsi əsas götürülmüşdü. Bəlkə də haqlıymışlar.
Lakin bəzi araşdırmaçılar övladlarıyla bağlı alınmış qərarın Persiyə çox pis təsir etdiyini bildirirlər. Bu qənaətin nə qədər haqlı olduğuna hökm vermək çox çətindi, çünki sevdiyi üçün həyatını onunla birləşdirən arvadının intiharından dərhal sonra Persi Bişi Şelli Meri ilə rəsmi nikah bağladı. Axı, artıq əngəl aradan qalxmışdı.

QIZININ ÖLÜMÜ...
NÖVBƏTİ ŞEDEVRLƏRİ...

Əslində bu rəsmiyyət heç nəyi dəyişməmişdi. Kiçicik hadisələri nəzərə almasaq, ailə hələlik yenə əvvəlki kimi həyatını sürdürür, səyahətlər edirdi. Yeniliklərdən biri isə o idi ki, onların Cenevrədə keçən günlərində tez-tez Bayronla əlaqə saxlamaları Merinin ögey bacısının şairdən hamilə qalması ilə nəticələnmişdi.
Şelli ailəsi 1818-ci ilin martında vətəni tərk etmək qərarına gəldi, Klerlə qızı da daxil olmaqla İtaliyaya getdilər. Və onların buradakı həyatı təxminən dörd il davam etdi və Şelli sonrakı məşhur şedevrlərini - "Xilas olmuş Prometey", "Maskaradın anarxiyası", "Çençi" faciəsi və digər əsərlərini yazdı.
Onlar İtaliyada da müxtəlif şəhərləri gəzir, dövrün tanınmış ziyalıları, yaradıcı insanlarıyla görüşlər keçirir, təbiətlə yaxın ünsüyyətdə olurdular. Və belə demək mümknüsə, şair həyatının dadını çıxarır, onu qarşıda böyük dəhşətlərin gözlədiyindən hələ xəbərsiz idi.
Ailə Venetsiyaya gələndən az sonra 1817-ci il, 2 sentyabrda anadan olan qızı Klara qəfildən xəstələndi. Valideynlərin, həkimlərin bütün çabalarına baxmayaraq kiçik qızcığazı 24 senyabrda ölümün pəncəsindən xilas etmək mümkün olmadı. Klara anasının qolları arasında keçindi. Əlbəttə, bu cür faciənin valideyn üçün nə demək olduğunu izah etmək, sözlə çatdırmaq mümkünsüzdü. Amma bu heç də Şellinin son dəhşəti deyildi...

OĞLUNUN ÖLÜMÜ

Ailə Romaya gəldi. Qərbəydi, tale ağır itkinin acılarını sağalda biləcək bir hədiyyənin sevincini Şellilərə yaşatdı. Belə ki, həmin hadisədən iki ay sonra onların ay parçası kimi bir oğlanları dünyaya göz açdı. Adını Florens qoydular. Lakin yenicə doğulmuş sevinclərinin dadıyla təsəlli tapmağa macal tapmamış Şellinin sevimli oğlu Vilyam öldü. Və bu zərbə şairi sözün əsl mənasında şok həddinə gətirdi. Saatlarla oğlunun kiçik cəsədinin yanından ayrılmaq bilməyən Persi Bişi bayqınlıq keçirdi. Meri isə oğlunun ölümü ilə həyatın da onun üçün bitdiyini zənn edirdi. Amma neyləmək olar. Vilyamı ingilislər qəbiristanlığında dəfn etdilər...
Bir müddət sonra dərin sarsıntılar keçirmiş ailə yaşayış yerlərini dəyişməklə başlarını qatmağa çalışdılar. Onsuz da qarşıdan solğun, cansıxıcı qış gəlirdi. Onlar havası bir qədər yumşaq olann Pizaya gəldilər. Orada günləri bir qədər fərqli keçməyə başlamışdı. Çünki oradakı yaxınları və köhnə tanışları onların ətraflarına yığışmışdılar. Hətta əmisi oğlu da, məktəb illərinin dostu Tomas Medvin də gəlib çıxmışdı.
Həmin illər özünü yaradıcılığa və dostları ilə gəzintilərə həsr edən Şelli qısa zaman içərisində ingilis ədəbiyyatına çoxlarının illərlə verə bilməyəcəyi əsərləri töhvə verdi. Bioqrafları qeyd edir ki, Şelli həmin zamanlar həm də çox mütaliə edirdi. Antik filosofları, Avropa ədəbiyyatını, fəlsəfərə aid kitabları, hətta peyğəmbər İisus haqqında da oxuyurdu. Ümumiyyətlə, onun poeziyasına diqqət edərkən orada həyat reallıqlarının dərin fəlsəfi fikirlərlə çulğalaşdığını asanlıqla görmək mümkündü. Əslində Şelli romantizmində poetik düşüncənin özünəməxsus üslubla təsviri üst səviyyədəydi. Maraqlıdı ki, həyatda yaşadıqlarından çox, xarakteri Şellinin yaradıcılığında öz təsirini göstərib. Bəlkə də elə bu səbəbdən idi ki, Şellinin poetik fəlsəfəsi öz orijinallığı ilə seçilir.

ONA ÖLƏCƏYİ XƏBƏRİNİ GƏTİRİRDİLƏRMİ?..

Vaxtıyla dostlarının birinə göndərdiyi məktubda o, belə yazmışdı: "Mən o şəxslərin sırasına aidəm ki, həmin adamlar həqiqətən mümkün olan hər şeyə qane olmağa hazırdırlar, amma onları əslində heç nə razı sala bilmir". 1820-ci ilin yayında Şelli Livornaya gəldi. Onun gözəl şeirlərinin çoxu, dostlara məktubları, esseləri məhz burada yazıldı. Həmin dövrlərdə Persi Lord Bayronla bir dərgi nəşr etməyi də düşünürdü. Lakin taleyin ona yaşatdıqları hələ bitməmiş kimi görünürdü...
Çoxları inanmayacaqdı. Yaşadıqları qəsrin yaxınlığı çox mənzərəli, meşəlik olduğundan onlar tez-tez gəzintiyə çıxır, təbiətin səxavətlə bəxş etdiyi gözəlliklərdən zövq alırdılar. Günlərin birində yaxın dostlarından biri Şelliylə evdə görüşərkən heyrətlə bildirmişdi ki, indicə uzaqdan onu meşədə gəzərkən görmüş, amma heç cür ona çata bilməmişdi. Məlum olmuşdu ki, Persi Bişi həmin gün ümumiyyətlə meşəyə gəzməyə getməmişdir. Şairin başqa dostunun da onu olmadığı bir məkanda gördüyünü söyləyəndə bunu çox müxtəlif mənalara yozdular. Amma ciddiyə də almadılar. Allaha inanmayan, taleyi rədd edən Şelli Tanrının verdiyi ömrü yaşadığının fərqində deyildi...
1822-ci il isti yay günlərinin birində - 8 iyulda Şelli yaxın dostu E. Uilyamsla birgə yelkənli qayıqla dəniz gəzintisinə çıxmışdı. Onlar sahilə yan alarkən Persi Bişi özünün sahildə dayanaraq ona baxdığını gördü. Bu xəyal idimi, kabus idimi bilinmirdi. Onlar sahilə yan alarkən "ikinci" Şellini yerində görmədilər. O, sanki qeybə çəkilmişdi. Dostlar yenidən qayığa minib geriyə üzdülər və... Dənizdə hava şəraitinə görə böyüməyə başlayan dalğalar Viaredjodan təxminən 10-12 mil aralıda onların mindiyi qayığı çevirdi...

SON

Bir neçə gün onlardan xəbər çıxmadı. Sonra yerli adamlar xəbər verdilər ki, başqa-başqa yerlərdə tanınmaz hala düşmüş iki meyit var. Şellini cibindən çıxan Sofoklın və Kitsin cildlərindən tanıdlar. Bütün doğmalar və yaxınlar, Lord Bayron da gəlib çıxdı. O dövrdə İtaliyanın karantin qanunlarına görə, meyitlər tapıldığı yerdə basdırılmalı idi. Elə də etdilər. Amma xeyli cəhdlərdən sonra ailəyə izn verdilər ki, mərhumların cəsədləri yandırıla bilər.
Dünya ədəbiyyatının görkəmli simalarından biri Persi Bişi Şellinin meyiti elə sahildəcə yaxınlarının iştirakı ilə tonqalda yandırıldı və külü Romadakı qəbiristanlıqda, oğlunun qəbrinin yanında basdırıldı. Bioqrafların yazdığına görə, kiçik Florensi təkbaşına böyüdən Meri ərinin kömürə dönmüş ürəyini götürüb özündə saxlamışdı. Ta ki, dünya ilə vidalaşanadək...
Nə bilmək olar, bəlkə də bütün baş verənlərlə Şelli günahlarının cəzasının çoxunu elə bu dünyada çəkmişdi... Axı ona külünü xristian adətləri ilə xristian qəbiristanlığında, sevimli oğlunun məzarının yanında torpağa qovuşmaq nəsib olmuşdu...

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV