adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

"O gün uzaqda deyil"

ETİBAR CƏBRAYILOĞLU
41672 | 2013-06-22 01:32
Elməddin Dadaşov müəllimi Vaqif İbrahimoğludan öyrəndiklərini səhnədə tətbiq etmək istəyir
Elməddin Dadaşov 1984-cü ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Universitetində görkəmli rejissor Vaqif İbrahimoğlundan rejissorluğun sirlərini öyrənib. Dram rejissorluğu ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildən Dövlət Musiqili Teatrında çalışır. Ü. Hacıbəyli "Arşın mal alan", S. Ələsgərov, Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu", R. Mirişli, M. Haqverdiyev "Qısqanc ürəklər", C. Quliyev, Ə. Əmirli "Yeddi məhbusə anası", F. Sücəddinov, T. Vəliyeva "Mən dəyərəm min cavana", S. Fərəcov, Ə. Nesin "Şəhərdə manyak var", Ə. Haqverdiyev "Kimdir müqəssir?", S. Kərimi, M. F. Axundzadə "Kmiyagər" və başqa tamaşalarda rejissor asissenti olub, müxtəlif tamaşalarda aktyor kimi rollar oynayıb.
Rejissor asissentlərinin hamısı quruluşçu rejissor olmağı arzulayır. Bütün əsgərlər general olmaq istədiyi kimi. Dövlət Musiqili Teatrında rejissor asissenti kimi çalışan Elməddin Dadaşov tamaşalara quruluş da verib. Düzdü, hələlik teatrın nəznindəki Uşaq Yaradıcılıq Studiyasında hazırlanan tamaşaların quruluşçu rejissoru olub. Amma özünün dediyi kimi, peşəkar aktyorlarla tamaşa hazırlayacağı gün o qədər də uzaqda deyil.

- Bu günlərdə Dövlət Musiqili Teatrının nəzdindəki Uşaq Yaradıcılıq Studiyasında quruluş verdiyin daha bir tamaşanın premyerası oldu. Digər tamaşalarda olduğu kimi, "Düyməcik" də bitəndən sonra da quruluşçu rejissoru səhnəyə dəvət etdilər. Tamaşanın sonunda səhnəyə çıxmaq, təbrikləri qəbul etmək, zalın reaksiyasını görmək necə hissdir?
- Çox gözəl hissdir. Tamaşaçıların alqış səslərini eşitmək, onların gözlərindəki ifadəni görmək təbii ki, quruluşçu rejissora böyük sevinc bəxş edir. Başa düşürsən ki, tamaşa üzərində əziyyətin, bir neçə aylıq zəhmətin boşuna getməyib. Premyeranın sonunda səhnəyə çıxan hər bir rejissor həm də yəqin ki, böyük məsuliyyət hiss etdiyindən həyəcanlı olur. Çünki işə yaradıcı yanaşmasan, zəif tamaşa hazırlasan, tamam fərqli reaksiya görə bilərsən. Zəif tamaşaya görə səni nə alqışlayan olacaq, nə gül dəstəsi verən...
Mənim fikrimcə, quruluşçu rejissorun sonda səhnə önünə çıxmasının həm də bir rəmzi mənası var. Zalda oturanlara sanki bir mesaj verilir ki, tamaşanın müəllifi, siması, bayraqdarı quruluşçu rejissordu. Bayaqdan səhnədə baş verənlərə görə də ilk növbədə o məsuliyyət daşıyır.
- Studiyada artıq 3 dəfə belə məsuliyyət daşıdığını ortaya qoya bilmisən. Bu studiyadakı fəaliyyətin barədə bir qədər ətraflı danışaq...
- Dövlət Musiqili Teatrının nəznindəki Uşaq Yaradıcılıq Studiyası Mədəniyyət və Turizm Nazirliyinin xeyir-duası ilə 2008-ci ildə yaradılıb. Əsas məqsəd istedadlı uşaqları üzə çıxarmaq, öz bacarıqlarını göstərmək üçün şərait yaratmaq, onlarda teatra, ümumilikdə götürdükdə isə incəsənətə marağı artırmaqdı. Uşaqlarla birgə ilk tamaşamızı iki il öncə təqdim etdik. A. Rıbnikov və A. Tolstoyun "Buratino" əsərini Azərbaycan dilində ilk dəfə olaraq məhz bizim studiya tamaşaya hazırladı. Ötən il ikinci tamaşaya quruluş verərkən də maraqlı bir əsərə müraciət etdim. O. Zülfüqarov və R. Heydərin "Şəngülüm, Şüngülüm, Məngülüm" əsəri Dövlət Musiqili Teatrının repertuarında vaxtı ilə öz yerini tutan tamaşa idi. Amma studiya üzvləri olan uşaqların ifasında bu əsər yeni quruluşda, fərqli səhnə yozumunda tamaşaya qoyuldu. Andersonun "Düyməcik" əsərinin tamaşası ilə də biz bir ilkə imza atdıq. Bu məşhur əsərin qəhrəmanları bizim səhnədə ilk dəfə doğma dilimizdə danışdılar. Çünki bu əsərə teatrımızın rus truppası müraciət etmişdi. Bayaq dediyim kimi, ilk dəfə Azərbaycan dilində oynamaq məhz bizim studiyanın üzvlərinə nəsib oldu.
Quruluş verəcəyim növbəti əsəri də müəyyənləşdirmişəm. "Bir nağıl de" adlı bu əsərin tamaşası müzikl kimi hazırlanacaq, musiqiləri balaca aktyorlar səhnədə canlı olaraq ifa edəcəklər. Başqa yaradıcılıq planlarımız da var. Əsas odur ki, teatrımızın rəhbərliyi bizi dəstəkləyir. Fürsətdən istifadə edib studiyanın fəaliyyəti üçün hər cür şərait yaradan, diqqət və qayğısını əsirgəməyən Dövlət Musiqili Teatrının direktoru əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə təşəkkürümü bildirmək istəyirəm.
- Uşaqlarla tamaşa hazırlamağın öz çətinliyi var. Tamaşada rol alan balacaların təbii ki, heç də hamısı peşəkar aktyor olmayacaq, fərqli sahələrdə çalışacaqlar. Onlara çəkdiyin əziyyətə görə təəssüflənmirsən ki?
- Qətiyyən. Uşaqlarla işləmək olduqca maraqlıdı. Bu gün studiyada hazırlanan tamaşalarda böyük həvəslə rol oynayan uşaqların hamısı gələcəyini bu sənətlə bağlamayacaq. Amma onların arasında gələcəkdə istedadlı teatrşünas və ya musiqiçi kimi yetişə biləcək uşaqlar var. Balaca istedadlarla birgə çalışarkən mən özüm də nələrisə öyrənirəm. Belə demək mümkünsə, peşəkar aktyorlarla quruluş verəcəyim tamaşalara hazırlaşıram.
- Musiqili Teatrın afişalarında sənin adına tamaşanı idarə edən, rejissor asissenti, aktyor kimi çoxdan rast gəlinir. "Quruluşçu rejissor Elməddin Dadaşov" sözləri yazılan afişanı bəs nə zaman görəcəyik?
- Teatrda səhnə maşinisti də işləmişəm, tamaşa da idarə etmişəm, rejissor assienti də olmuşam, aktyor kimi irili-xırdalı rollar da oynamışam. İnşallah quruluşçu rejissor kimi də uğur qazanacağıma inanıram. Həmin günün eşqi ilə yaşayıram. Sənətə olan bu bağlılıq məndə təsadüfi hiss deyil. Əməkdar incəsənət xadimi kinooperator Mirzə Mustafayevin nəslindənəm. Görkəmli rejissor, pedaqoq Vaqif İbrahimoğlunun tələbəsiyəm. Azərbaycan teatrında öz yeri olan unudulmaz müəllimimdən öyrəndiklərimi səhnədə tətbiq etmək istəyirəm. Bu illər ərzində Cənnət Səlimova, Bəhram Osmanov, Yusif Əkbərov, Oruc İzzətoğlu kimi rejissorlarla birgə çalışmışam. Əliqismət Lalayev başda olmaqla teatrımızın bütün kollektivi mənə inanır və etibar edir. Yəqin ki, quruluşçu rejissor kimi tamaşaçılarla görüşəcəyim gün uzaqda deyil.

Etibar
CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV