GÖY ADAMLARINA MƏKTUB

ƏBÜLFƏT MƏDƏTOĞLU
85986 | 2013-06-22 01:31
Çoxdandı məktub yazmıram. Düzdür, bunun günahı məndə deyil. Axı indi məktub yazmaq dəbdən düşüb, adamlar o qədər böyük işlərlə məşğuldular ki, məktub oxumağa vaxtları olmur. O ki, qaldı yazmağa, bu da lap zülüm bir işdi, məktubu gərək səliqəli yazasan, səhvsiz yazasan, ətraflı yazasang Birdən kiminsə əlinə düşə bilər, oxuyub səni şəbədəyə götürməsin. Heyif deyil indiki zəmanə, telefonla bir dənə mesaj atırsan... qurtardı getdi. Nə başqa adam oxuya bilmir. Oxuyan da hərif səhvini görəndə günah qalır texnikanın boynunda. Nə isə...
Bəli, çoxdandı məktub yazmıram, amma indi qəti qərara gəlmişəm ki, şeytanın qıçını sındırıb bir məktub yazım. Özü də elə bir məktub ki, oxuyanın bir əlində dəsmal olsun, bir əli də dizində və ürəyinin üstündə. Hər sözdən, hər işarədən sonra dizinə çırpıb, ürəyini sıxıb gözünün suyunu hopdursun dəsmala. Özü də elə-belə yox ha, cani - dildən. Çünki mən elə-belə məktub yazan qələm admlarından deyiləm. Yadıma gəlir, cavanlığımda yazdığım məktubları oxuyan neçə qız intihar etmək istəmişdi. Elə ona görə də tövbə elədim məktub yazmağa. Çünki camaatın gül parçası kimi uşaqları bir şirin sözün havasından əməlli-başlı havalanıb intihara könül verirdilər...
Düzü, mən heç o qızları da başa düşmürdüm. Məktubu yazan mən, mənə könül vermək əvəzinə intihara meyil edirdilər. Zavallı bəxtim bu işdə də gətirmirdi. Bax belə-belə söhbətlərin, mətləblərin üzündən məktub məsələsinin varağını qatlamışdım. Amma sözümə sadiq qala bilmədim, vədimi pozası oldum. Çünki dünyanın dolaşıq işləri kələfimi elə dolaşdırdı ki, təkcə verdiyim söz yox, hətta arada adım da yadımdan çıxdı. Məcbur olub evdəkilərdən sözarası adımı soruşdum. Qızım da təəccüblə üzümə baxıb dedi:
- Ata, nə xəbərdi? Bu gün məktəbdə də müəllim sənin adını soruşurdu.
Mən də üstünü vurmadım. Çünki dərinə getsəm, məsələ qəlizləşə bilərdi. Ona görə yarızarafat, yarı ciddi dedim ki:
- Yəqin nəyi isə dəqiqləşdirmək istəyib...
Qızım da açığı, üstümə gəlmədi. Elə bu aralıqdaca mən adımı onun dilindən eşidib adımı yadıma saldım. Adım yadıma düşən kimi də dərhal keçdim yazı masamın arxasına. Düşündüm ki, bir az da ləngisəm, məktub yazmaq fikrindən daşına bilərəm və yaxud da yadımdan çıxa bilər. Odur ki, isti-isti, eldə salamsız-kəlamsız köhnə vaxtlarda olduğu kimi, ətraflı hal-əhval tutmadan birbaşa xitab elədim göy adamlarına...
Bəli, bugünlərdə köhnə yazılarıma baxırdım. Diqqətimi neçə illər yazdığım bir şeirim çəkdi. Həmin şeirin adı "Mücərrədlik" idi. Elə o mücərrədliyin də zavalına gəldim. Yəni məhz həmin o mücərrədlik məni vadar elədi ki, göy adamları ilə təmas qurum. Çünki şeirdə yazmışdım:

Yerdə yer yersizindi
Göydə göylülər qalır.
Yerdə yeri yersizlər,
Göydə göylülər alır...
Yerdən qaçan yerlilər
Göy qapısın döyürlər.
Qaçanlara göylülər -
Xeyr ola? - deyirlər...

Yerdə yerə yer yoxdu
Göydə göyün günü göy.
Yerə yar deyən çoxdu-
Gendən gəzir günü göy!

Mən nə yerdə yerliyəm,
Nə də göydə müsafir.
Yerlə göy arasında,
Allah, qalıb bu şair!..

Bax, elə bu yerlə göy arasında qalmaq ucbatından qəti qərara gəlib göy adamlarına xitab etdiyim şeirimdə onlardan bəzi-bəzi mətləblərə aydınlıq gətirmələrini istədim.
Çünki həmin mətləblərə yer üzündə aydınlıq gətirəcək bir kimsəm yoxdur. Doğrudur, ürək dostlarım, könül sirdaşlarım heç vaxt məni tək qoymurlar. Amma o fağırlar da elə mənim günümdədi. Mənim günümdə olanların da mənim günümü yozması, çözməsi mümkünsüzdü. Bir növ keçəlin dərman məsələsi kimi bir şeydi. Elə bu yerdəcə yadıma rəhmətlik Baba Pünhan düşür.
O rəhmətlik deyirdi ki:

İtim, gəl dur önümdə
Gəl, başına dönüm gəl
Sən Pünhanın günündə,
Pünhan da it günündə!

Doğrudan da bu dünya çox etibarsızdı və bu etibarsız dünyadan beşəlli yapışanlardan heç başım çıxmır, daha doğrusu, onların nə istədiklərini, nəyə can atdıqlarını anlaya bilmirəm. Dünya malına, yoxsa dünyanın özünə bunlar belə hərislik nümayiş etdirirlər. Axı hər ikisi heç kimindir. Bunu böyük Məmməd Araz da deyib:

Dünya sənin, dünya mənim,
dünya heç kimin!!!

Çoxdandı məktub yazmıram deyə, bayaqdan sağa-sola var-gəl edirəm, necə deyərlər, kol-kos doğrayıram, birbaşa mətləbə keçə bilmirəm.
Amma necə olursa olsun, bu mətləbin ipucunu tapacam və sizə, daha doğrusu, göy adamlarına öz istəklərimi yazılı şəkildə çatdıracam.

Yorub əldən salmışam,
Qaçmağa halı yoxdu.
Əl uzadıb yaxasın,
Açmağa halı yoxdu-
Ürəyimin!

Nəfəsi ovcundadı,
Səsi quyu dibində
Arxayınca oynadı
O açar tək cibində -
Ürəyimin!

Mən hisslərin köləsi
Mən duyğular əsiri
Sevgiyə qurban etdim
Mən bu boyda qəsiri -
Ürəyimi!..
***
Yer üzü insanlarının sayı ilə tam da olmasa, yüzdə doxsan doqquz faiz bəlli bir məkandır. Bu bəlli sayda insanların "Yer!" deyib yaxasından yapışdıqları məkan dağı ilə, dərəsi ilə, otu ilə, quşu ilə, daşı ilə, seli ilə, suyu ilə, ağacı ilə, heyvanı ilə, böcəyi ilə, iblisi ilə, ən əsası isə şeytanı ilə kiminə cənnətdi, kiminə cənnətməkan, kiminə isə yaşamağa məhkum olunduğu ərazi. Doğrudur, biz yer üzünü o qədər şərəfləndirmişik ki, ona doğulduğumuz ərazi çərçivəsində Vətən! - də demişik. Zənnimcə, yer üzünün ən böyük mükafatı da, ən böyük qazancı da elə Vətən olmasıdı. Bu mənada "Ana"nı, "Vətən"i seçmirlər. Hikməti nə qədər düşündürücü, cəsarətli və həm də qəbuledilən olsa da, başına döndüyümüz analar da, vətən də övladlarını hamısına eyni gözlə baxmır. Bunu etiraf edək ki, ailədə uşaqdan biri həmişə ərkəsöyünlüyü ilə, hansısa bir fərasəti ilə mütləq ananın, atanın, valideynin, o cümlədən də vətənin diqqətini daha çox çəkir, sevgisini daha çox qazanır. Mənim kimilər isə nə qədər vətən desə də, ana desə də, bu təkcə bir övlad etirafı, övlad borcu olaraq qalır.
Bir şeyi də etiraf edək, biz ana borcunu qaytara bilmədiyimiz kimi, vətən borcunu da bütünlüklə qaytara bilmirik. Görünür, elə bizim o borcu bütünlüklə qaytara bilməməyimiz üst-üstə yığılıb bizi yer üzündə sıxır, bizi yer üzündə yersiz qoyur. Mən kosmopolit deyiləm, heç lunatik də deyiləm. Amma ulduzlarla, ayla danışmağı sevirəm, dan üzünü seyr etməyi də. Amma bunlar mənim özümə çəkiləməyimin, tənha qalmağımın bir göstəricisidir. Bütövlükdə isə mən də bu məmləkətin bir sıra nəfəriyəm. Olsa-olsa fərqim qaçqınlığımda, ev-eşiksiz qalmağımda, sözə bir az meyil vermək, könül verməyimdə, haqqın ardınca getməyimdə və nəhayət, özümlə sözümün bir olmağındadı. Yəni necə düşünürəm, necə görürəm, necə yazıram, elə o cür də varam, bütün nöqsanlarımla birlikdə. Axı, özümə təsəlli üçün demirəm, müdriklər deyir ki, günahsız bəndə yoxdu, eyibsiz də gözəl! Öz aramızdı özümü bərk təriflədim, üzrlü sayın...

Yer üzü sıxır adamı,
Büdrədib yıxır adamı
Adamdan çıxır adamı-
Gedək göy üzünə tərəf...

Yer üzü əsəb meydanı
Bəsləyir dəli şeytanı
Poza bilmədik qaydanı -
Gedək, göy üzünə tərəf...

Yer üzü görüş yeridi
Çəməndi, örüş yeridi...
Özünə dönüş yeridi -
Gedək göy üzünə tərəf!

***
Bütün bu yazdıqlarımın hələ ki, göy adamlarına heç bir dəxli yoxdu. Çünki onlar mənim nə yazdıqlarımın heç fərqinə də varmırlar. Bu da səbəbsiz deyil. Axı göy üzünün adamları bizim kimi xırda, cılız hisslərlə, xəbis duyğularla yaşamırlar, onların içində xılt yoxdu, onlar kimisə bilə-bilə çərlədib öldürmək fikrindən çox uzaqdılar, onlar bir kimsənin haqqını tapdamırlar, onlar göy üzü qədər dupduru və göy üzü qədər də geniş bir ürəyə malikdilər...
Son vaxtlar mətbuatda, telekanallarda, hətta internet saytalrda yad planetlərdən gələnlərlə bağlı müxtəlif xəbərlərə rast gəlirəm. Hətta fantastik filmlərdə də yad planetlilərdən söhbət açılır. Bəzi alimlər də onların mövcudluğunu bizimlə, yəni yer adamları ilə əlaqə qurmaq istəklərini ciddi cəhdlə sübut etməyə çalışrlar. Bunun nə qədər həqiqət olduğunu təbii ki, ancaq alimlər bilər. Ancaq mənim üçün maraqlı budur ki, görəsən yad planetlilərin özlərinə yazığı gəlmir? Axı onlar göy üzünü qoyub niyə yer üzünə gəlib bədbəxt olmaq istəyirlər. Məgər onlara hansısa bir partiyanın üzvü olmaq, hansısa bir beynəlxalq təşkilatda təmsil olunmaq, hansısa bir vəzifəni tutmaq çoxmı vacibdir? Məgər göy üzünün adamı müsavatçı və yaxud AXCP-çi, kommunist, daha nə bilim digər hansısa bir partiyanın üzvü olmaq üçün bu qədərmi maraqlıdır, bu qədərmi əldən-ayaqdan gedir? Bu istək onların amalıdırsa, yer adamlarının böyükləri yığışıb onları başa salsınlar, onları bu fikirlərdən daşındırsınlar. Çünki sonra gec olacaq. Əgər özgə planetdən gələnlər, yəni göy üzünün adamları yerdə hansısa bir partiyaya üzv oldularsa, hansısa bir quruma ilişdilərsə, ordan ancaq qovulmaqla yaxalarını qurtara bilərlər. Hələ mən mafiya məsələlərini demirəm. İnternetdən oxuduqlarıma görə, həmin şəbəkəyə giriş var, amma çıxış yoxdu. Çıxış ancaq və ancaq son mənzilədi, özü də səssiz, izsiz...
Hörmətli göy adamları üzümü sizə tuturam. Nə badə yer adamı olmaq istəyəsiniz. Mən sizin gəzmək, görmək istəyinizin əleyhinə deyiləm. Amma inanın ki, yuxarıdan aşağı baxmaq bugünün mentalitetindən yanaşsaq. Daha gözəldir, daha maraqlıdır. Axı siz bizə yuxarıdan aşağı baxırsınız. Biz fağırlar isə altdan yuxarı boynuna, gözünə zülm edə-edə sizi seyr edirik. Oturun yerinzdə, o ucalıqdan enməyin, o ucalıq elə sizin üçündü. Bilin ki, yer adamlarının baltasının sapı da özündəndi. Sizdə isə bildiyimə görə, baltaya da, sapa da ehtiyac yoxdu...
Hə, mən bu üç-dörd cümləmi yazdım. Bilmirəm, göy adamları mənim yazdıqlarımı oxuya biləcəklərmi? Bizim əlifbadan xəbərləri varmı, yoxmu? Amma mən bir cəhd etdim. Qalanı, daha doğrusu, babalı göy adamlarının boynuna, qaxılıb otursunlar yerlərində. Mən özüm elə ilk imkanda, ilk fürsətdə işıq gələnə, yəni göy üzünə tələsəcəm. Orda görüşərik...

Dərd gəlir əli baltalı
Budanır ömür ağacım
Sapı özündən kəsilib-
Utanır ömür ağacım...

Yağışlar yarasın yuyur
Küləklər ağrısın duyur
Bilinmir ölüb, ya uyur -
Odlanır ömür ağacım...

Görüb gələn də, gedən də
Ruh dinclik tapmır bədəndə
Dərdlər nümayiş edəndə -
Dadlanır ömür ağacım.

Hə, Göy adamları, məktubumu alanda SMS göndərərsiniz. Axı indi SMS dəbdədi.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV