adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

F... uşaqları

SAMİRƏ ƏŞRƏF
32278 | 2013-06-22 01:30
Öz adıma deyə bilərəm ki, heç bir söz, cümlə boş-boşuna yazılmır. Bu insana, ovqata, məkana görə dəyişə bilər.
Gecənin bir yarısı, yuxum qaçıb, sərgərdan kimi evin ortasında gəzişib qalmışam. Dilsiz-ağızsız divarlardan mədət uman bir durumdayam... Telefonuma bacımdan mesaj gəlir. Qorxu canımı çuğlayır. Mesajı açıb oxuyana qədər haldan-hala düşürəm. Bəlkə uşaqlara nəsə olub, ya da anama... Hə yəqin ki, son variantdı... Çünki, ən yaxın adamlarını belə narahat etmək istəməyən, hələ gecənin bir yarısı onluq iş deyil. Mesaj açılır, ekranda üç kəlmə söz var. "Əla film idi". Nömrəyə bir dəfə də baxıram dəqiqləşdirmək üçün. Mesajın bacımdan gəlməsi dəqiqdi. Bəs nə filmi, hansı film?
Həyatımın gündüz növbəsinə kiçik bir ekskursiya edirəm. Yadıma düşür günorta onunla danışanda, baxmaq üçün məndən film adı soruşmuşdu. Məndə onun zövqünə uyğun ola bilən filmlərdən bir-ikisinin adını saydım. Sonuncu filmi çox tərifləmişdim. "Orospo... çoçukları" bizim dilə tərcümədə, yəni, "Fahişə uşaqları"nda onun çox sevdiyi İpək Tuzcuoğlu filmin əsas qəhrəmanlarından biridir. Yəqin ki, elə baxdığı filmdə də həmin film olub.
Yuxusuz adam olasan, dərd-səri gecənin qaranlığında əli çıraqlı gəzəsən, necə olar? Mən də elə bir vəziyyətdəyəm. Ən etibarlı dostum olan noutbukumun qarşısına keçib həmin filmi təkrar izləməyə başlayıram.
Film anasının balaca qızına danışdığı bir nağılla başlayır. Analarımızın bizə danışdığı nağıllardan biri ilə. Amma bu nağılın arxasında isti bir yuva, xoşbəxtlik vəd edən bir ailə yoxdur. Daha böyük məqsədlər, sevgi, göz yaşları, məşəqqətlər var.
Nağılı dinləyən uşağın atası həbsdə, anası Məryəm isə siyasi qaçaq vəziyyətindədi. O, sağ qalmaq üçün ilk yola düşəcək gəminin zirzəmisində ölkədən qaçmaq məcburiyyətindədi. Amma yolun uzaqlığı və şəraitin əlverişsizliyi ona qızını özü ilə aparmağa imkan vermir. Bunun üçün də onlara köməklik edən Saffət adlı oğlan ana və qızı fahişələrin uşaqlarının saxlanıldığı bir evə gətirir. Evi vaxtı ilə fahişə olmuş indi isə şəkər xəstəsi olan Mehtab adlı yaşlı bir qadın idarə edir. Uşaqların hamısı fahişə balalarıdı. Ananaları gecələr "işləyir", gündüzlər balalarını yoxlamağa gəlirlər.
Nəhayət Məryəm qərar verir. Ərinin, qızının sağ qalması və başqa yoldaşlarını güdaz verməmək üçün qızını həmin qadının evində qoyub İtaliyaya getmək məcburiyyətində qalır.
Lakin bir müddət sonra qızını geri qaytarmaq üçün musiqiçi yarı türk, yarı italyan əsilli Donatella adlı bir qızı Hazana italyan dilini öyrətmək üçün Türkiyəyə göndərirlər. Hazan italyan dilini bilməlidir ki, sonra onun dalınca gələn adamlarla italiyalı ailənin qızı kimi səfirlikdən sənəd alıb İtaliyaya gedə bilsin.
Lakin Donatellanın işi çətindir. Başqa şəhərin mədəniyyətinə, şəraitinə öyrəşmiş, klassik musiqi təhsilinin içərisindən gəlib küçə uşaqlarının yaşadığı, söyüşü bol olan bir evə düşmək və orda daima anasına, atasına qovuşmağın həsrətini çəkən qüssəli bir uşağa dərs demək onun üçün müşkül vəziyyət yaradır.
Filmin içərisində heç nəzər çarpmayan bir qadın da var. Əsl adı Bağdagül olan Xədicə. Namusuna təcavüz edən qayınatasının və qaynının əlindən körpə oğlunu qoyub kənddən şəhərə qaçıb gəlib pis yola düşən yüzlərcə qadınlardan biri...
Gəldiyi şəhərin pisliyindən qazandığı bir uşaqla o da bu evdə yaşayır. Lakin bir gün məlum olur ki, illər sürətlə ötüşmüş, oğlu böyümüş, əlinə silah alıb onu öldürmək üçün şəhərə, hətta onun məhəlləsinə gəlib çıxıb.
Ana hər gün pəncərədən onu öldürməyə gələn oğlunu-qatilini izləyir. Və bir gün vədə tamam olduğunda o, polisə zəng vurub Hazanın yerini söyləyir. Polislər gəldiyində Hazan, Saffət və Donetalla Xədicənin köməkliyi ilə artıq qaçmış olurlar. Xədicə Hazanı aparmaq üçün gələn adamlara Hazanın yerinə öz qızını verib İtaliyaya yola salar. Lakin bu da alınmır. Çünki, Xədicənin qızı italyan dilini yetərincə bilmir.
Daha sonra Xədicə bütün günü onun çölə çıxmasını gözləyən oğlunu küçədən səsləyib çağırır. İlk və son dəfə onu bağrına basıb anası olduğunu söylər. Atəş açılır və Xədicə aldığı öldürücü zərbə ilə daş səkinin üzərinə yıxılır. Qatil qaçır. Kıraçın filmlə səsləşən yanğılı mahnısı Xədicənin ölüm kadrıları ilə əlbir olub tamaşaçını məhv edir.
Filmin rejissor Murad Saraçoğlu bu qədər vəhşətin işərisində olan körpələri sona qədər məhv etməyə ürək etmir. Onların hamısına bir xoşbəxt sonluq bəxş edir. Zatən uşaqlıqdan çəkdikləri ağrı-acılar onlara bir ömür boyunca yetər.
Filmin ssenarisi Sırrı Süryya Öndərə məxsusdu. Güclü aktyor ansambılı heç bir kadrın belə boş qalmasına imkan vermir. Türkiyə teatr və kino sahəsində öz sözünü demiş nəhəng Demət Akbağ, Altan Erkəkli, İpək Tuzcuoğlu, Özgü NamaI, Sarp Apak kimi aktyorlar filmin bütün ağırlığını çiyinlərinə götürüb film boyu sürətlə addımlayırlar. Filmin söyüşlə dolu səhnələrindən tutmuş, göz yaşları, siqaret tüstülərinə qarışan sevgi anlarına qədər insan elə bilir ki, film yox, hardasa açıq qalmış pəncərədən həyatın girdabına düşmüş bir insanların başlarına gələnləri izləyirsən.
"Həyat bir səhnədi, insanlarda aktyor" fikri deyəsən öz yerini burda da tapır. Allah atana rəhmət eləsin Şekspir.
Bəlkə bu fikrinə görədir ki, son vaxtlar qarşımıza çıxan hər beş insandan elə beşi də öz həyatlarının romanlara sığmadıqlarını deyirlər. Lakin inanmıram onların hamısı sənin bu fikirlərini hardansa tapıb oxumuş olsunlar. Bəlkə Bulqakovun "Master və Marqarita" romanındakı "hərənin öz romanı, öz zirzəmisi" fikrini hardansa əldə ediblər.
Ya da ki, Herman Hessenin "İnsanların çoxu küləyə tuş gəlmiş yarpağa bənzəyir, havada fırlanıb aramla yerə düşürlər" fikrinə hardansa tuş gəliblər?!
Səhər açılır. Gecənin qaranlığı və tənhalığı da yavaş-yavaş sovuşub çəkilir. Bir-birilərinin başını qatmaq üçün yuxudan qalxan insanların ayaq səsləri, hənirtiləri ətrafı bürüməyə başlayır. Mən də çox dərinlərə gedib çıxsam, batdıqca batacam. Yazını oxuyanlar da yazdıqlarımı dərindən anlamaq istəsələr, Murad Saracoğlunun "F... uşaqları" filminə baxsınlar, özümə bu qədər zülm edib nələri demək istədiyimi anlayacaqlar.

Samirə Əşrəf

TƏQVİM / ARXİV