adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Əl boyda diplom üçün bir ömrü itirmək...

XURAMAN HÜSEYNZADƏ
45446 | 2013-06-22 01:30
Dünyaya uşaq gətirmək, ata, ana statusu qazanmaq nə qədər şərəfli, sevindirici olsa da həmin uşağı tərbiyə edib cəmiyyətə faydalı, ağıllı övlad kimi yetişdirmək bir o qədər məsuliyyətlidir. Hindlilərin uşağın yaş xüsüsiyyətlərini nəzərə alaraq tərbiyə metodu seçməyə dair elmi əsasları olan bir məsəli var: "Oğlun beş yaşına çatanadək onunla şah kimi, beşdən on beşədək nökər kimi, on beşdən sonra isə dost kimi rəftar elə".
Pedaqoq kimi təhsil aldığım müddətdə uşaqlarla necə davranmağı mənimsəməyimi özümün həyatdakı ən böyük qazanclarımdan biri hesab edirəm.Öyrəndiklərimdən bir az da sizinlə bölüşüm...
Uşaqların öz valideynləri ilə çox vaxt problemləri olur. Uşaq, onu dünyaya gətirən ata, anası ilə yola getmir. Düzgün tərbiyə olunmadıqları üçün pis yola düşən uşaqların öz valideynlərini, çox vaxt atalarını görməyə gözü olmur. Valideynlər harda səhvə yol verdiklərini düşünəndə isə artıq gec olur... Valideyn uşağın tək maddi yox, həmçinin mənəvi ehtiyacını da qarşılamalı, onunla dost olmalı, problemini bilməlidir. Uşağı gözümçıxdıya salmaq, başqalarını ona misal göstərmək olmaz - uşaq sarsıntı keçirə, özünü fərasətsizlikdə qınaya bilər. Bəzən depressiya o dərəcədə uzunmüddətli ola bilər ki, uşaq artıq özünü ailəyə, cəmiyyətə yararsız biri hesab edər və bundan qurtulmaq üçün yollar arayar. Bu yollardan birinin intihar ola bilməsi ehtimalı böyükdür. Bir sinif yoldaşım vardı. Atası onu təpiklə, çubuqla döyürdi. Guya tərbiyə edirdi. Döyüldükcə sırtılan uşağı tərbiyəsizliyinə görə məktəbdən qovdular. Bir insan beləcə korlandı...
Bu yaxınlarda bir tanışımız oğlunun "zay məhsul" olmasından ürəkağrısı ilə danışdı. Professor N. Kazımovun sözlərini xatırlatdım ona: "Uşaqların tərbiyəsində çətinliklə qarşılaşan bəzi tərbiyəçilər "qozbeli qəbir düzəldər", "qurda nə qədər yaxşılıq etsən, yenə də meşəyə baxar", "ilanın balası yenə də ilan olar" və s. deməklə özlərini tərksilah edir, tərbiyə işində aciz olduqlarını göstərirlər".
Maksim Qorki deyirdi ki, "belə eləmə" az deyilməlidir. Göstərmək lazımdı ki, bax, belə elə.

***
Son illərdə imtahandan bal yığa bilmədiyi üçün intihar edən gənclərin sayı artmaqdadır. Artıq bu xəbərə təəccüblənmiriksə, demək ki, statistika mənfiyə doğru dəyişir. Valideynlər sonradan göz yaşı tökməmək üçün vaxtında uşağın təhsili ilə ciddi maraqlanmalı, bal yığa bilməsələr belə, ali məktəbə daxil ola bilməməyi problemə çevirməməyi başa salmalıdırlar. Uşaqla dəmir pərdə saxlamağa ehtiyac yoxdu. Uşaqların qəlbinə nüfuz etməyi bacarmaq lazımdır...

***
Yeniyetmələrə üz tuturam: dostlar, boğazı kəndirə keçirmək, dərman içmək, özünü yüksəklikdən atmaq asan işdi. Uzağı bir neçə dəqiqə sərf olunacaq. Axı sizi bu işıqlı dünyaya gətirən vaıideynləriniz var. Ananızın 9 ay çəkdiyi zülmləri bir neçə saniyəyə, dəqiqəyə qurban vermək bu qədərmi asandı? Heçmi düşünmürsünüz onlar sizdən sonra yaşamayacaq - ömür boyu sinəsi dağlı, əli qoynunda qalmaq yaşamaq deyil. Geridə gözüyaşlı buraxdıqlarınızı düşünün. Əl boyda diplom üçün özünü tələf etmək, bir ömrü itirmək olmaz. Özü də elmin biznesə uduzduğu indiki dövrdə. Zamanında yaxşı oxuyun...
Qarşılıqlı olaraq hər kəs öz məsuliyyətini dərk etsə, faciələrimizin də sayı az olar...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV