adalet.az header logo
  • Bakı 13°C

Qaranlıqdan aydınlığa

ZAKİR FƏXRİ
43889 | 2013-06-22 01:28
- İyun ayının 20-si İsmayıl oğlu Xalıqın 90 yaşı tamam olur. Ötən ay Xalıqın övladları Şair, Mahir, Sübahir və mən yolumuzu Xalıqın məzarından saldıq. Şeyx Abdul Basitin oxuduğu "Quran"dan bir parçanı (əl telefonumda var) qəbir üstə dinlədik...g O ecazkar səsin sədaları altında üç qardaşın başdaşındakı şəklə zillənmiş gözlərində qəribə bir sevgi, atalı günlərin işığı vardı...g

Qəmdən sinəmizə yara düşəndə,
Çovğuna düşəndə, qara düşəndə,
Səni səsləyərik dara düşəndə
Süfrəmiz başında çıraqdın, ata!
Yurd yerində yanan ocaqdın, ata!

Ötən illər düşür yadıma, insanların mehriban üzləri, bir-birinə sevgi dolu münasibətləri, qayğıları, haraya yetişmək ehtiyacları, xəstəyə xidmət etməyi müqəddəs borc saymaq və s. və ilaxır.
Və bu günə baxıram, - sosial şəbəkələrin yetişdirdiyi robotlaşan soyuq gənclik... Hanı o kişilər, o kişilərin övladları? Duyğusuz, anlamsız, təsəvvüfdən, romantikadan uzaq düşmüş bugünkü gəncliyin yolu haradı? Kim bilər, kim bilə bilər?
Xalıq kişinin 90 yaşıdı bu gün. Onun keçdiyi şərəfli ömür yolu gənclərə nümunə ola bilər. Böyük Yolda yol gedən kişilərin yolunu bilmək, azanda əlinizdən tutar, azmağa qoymaz sizləri. On dörd il bundan öncə, 1999-cu ildə dünyasını dəyişdi Xalıq kişi...

Qəbr evinə gedən yollar,
Sizdən Yola çıxdı Xalıq...
Çatdımı mənzil başına?
Ordan yola saldınızmı,
Xalıqı Haqq dünyasına,
Nələr yazaq başdaşına?
İnsan doğulduğu gündən iməkləyə-iməkləyə, addımlaya-addımlaya, gah asta, gah da yürüyərək son mənzilə tərəf gedir... Heç kimi o Yoldan tutub saxlamaq olmur...

Yol gedirdin, Yol Həqiqət,
Yolun harda bitdi, Xalıq?
O gözəllik, o şan-şöhrət,
Elə sənnən getdi, Xalıq.

Bu bir ömür türküsüdü,
İçindən yıxır adamı.
Bu ayrılıq bürküsüdü
Yandırır, yaxır adamı
Bu nə umu, nə küsüdü...

Sevincin, həm qəmin qaldı,
...O körpünü keçəmmədin...
Sünbül-sünbül zəmin qaldı,
Qol götürüb biçəmmədin...

Ömür damladı, qətrədi,
Ömürdən hər gün fitrədi...
Ayaqlarınmı titrədi,
...O körpünü keçəmmədin...

Dövlətin, varınmı qaldı?
O tayda yarınmı qaldı?
Əhdin, ilqarınmı qaldı?
...O körpünü keçəmmədin...

Roman-poemanın "Ömür dastanından səhifələr" bölümünü sevgili "Ədalət" qəzetinə əlamətdar 90 yaş gününda rekviyem olaraq göndərirəm.

Evlərinin həyətində, ağacların kölgəsində, sərinlikdə oturub çay içirdilər. Xalıq kişi çox dalğın idi, gözləri yol çəkirdi.
- Son günlər çox fikirli görünürsən, olmaya bir yerin ağrıyır? - deyə Şirvan dilləndi.
Şirvanla yaxın qohum, həm də möhkəm dost idilər, onunla tez-tez zarafat edər və bir sözlə, gün boyu ağır işdən sonra bu zarafatlarla yorğunluğunu çıxardardı.
- O gün bir həyətə girmişdim, göy-göyərti, tərəvəz əkdiyi yerə asfalt döşətdirdiyini gördüm. Şəhərdən kəndə kolbasa, sosiska daşıyırdılar. Kəndçi sözü leksikondan silinəcək deyəsən. Mal-qara, toyuq-cücə də saxlayan olmayacaq, - Xalıq kişi dilləndi.
Şirvan ixtisasca aqronom idi. Xeyli müddət bu sahədə çalışsa da, sonralar partiya xətti ilə rayonun milis (polis) idarəsinə siyasi məsələlər üzrə rəis müavini vəzifəsinə təyin olunur. Sonralar Yardımlı rayon pasport idarəsinin rəisi vəzifəsində çalışır. Bunlarla yanaşı, jurnalist fəaliyyətilə məşğul olan Şirvan "Qızıl Qələm" mükafatı da alır.
Söhbətin mövzusu dəyişdi, həmişə olduğu kimi, söhbət Qarabağdan, köhnə Sovetlər Birliyindən düşdü.
- Bilirsən, Şirvan, əslində məsələnin kökü çox dərindədi. SSRİ-nin çöküşünə, dağılmasına daxildə çox az adam inanardı. İkinci dünya müharibəsinin ağırlığına tab gətirən bir ölkə, dağıdılmış, viran qalmış şəhərləri, rayonları, kəndləri, təsərrüfatı, sənayeni, bir sözlə, hər şeyi bərpa etməyə özündə güc, qüdrət tapa bildi. Hətta qısa bir zaman içində atom, hidrogen bombaları da əldə edə bildi, ordusunu ən müasir silahlarla təchiz etdi. Kosmosa ilk adamını çıxartdı. Elmdə, təhsildə böyük sıçrayışlar oldu. Mədəniyyət, incəsənət intibah dövrünü də yaşadı. Öz aramızdı, gərək düzünü danışasan. Savadsızlıq kökündən ləğv olundu. Təhsil məcburi idi, ən əsası da - axşam fəhlə-gənclər məktəbləri açılmışdı, imkanı olmayanlar gündüzləri işləyib, axşamları oxuyurdu. Nə qədər tanınmş adamlar - alimlər, dövlət adamları, ədəbiyyat, incəsənət xadimlər - məhz axşam məktəblərindən çıxdılar. Təhsil pulsuz, səhiyyə pulsuz. Avamçılıqdan qurtulduq. Rus ədəbiyyatı, rus mədəniyyəti bizim üçün dünyaya bir pəncərə açdı. İki böyük "derjavadan" biri olan SSRİ-nin müharibədən 45 il sonra, özü də ən qüdrətli dövründə çökəcəyinə inanardınmı? Başda ABŞ və Qərb dövlətləri olmaqla öncədən düşünülmüş ideoloji soyuq müharibə, ardınca da dağıdıcı iqtisadi zərbə... Neft ölkələrinin əliylə düşünülmüş şəkildə neftin qiymətini elə bir sürətlə aşağı saldılar ki, SSRİ büdcəsinin əsasını təşkil edən neft pulları tükənməyə başladı. Bir yandan da Sovetlərin himayəsiylə yaradılmış bir çox ölkələrdəki kommunist partiyalarını saxlamağa xərclənmişdi pullar. İşə bax ki, SSRİ çökən kimi onların hamısı sabun köpüyünə döndü. Xarici dövlətlərdən mal almağa pul yetmirdi. İş o yerə çatdı ki, adicə yumurta belə qeybə çəkildi. Ağır müharibə illərində olduğu kimi, ərzaq məhsulları "talonla" verilirdi. Sən ki, bunları bilirsən. Respublikaları saxlamaq Moskvanın gücü daxilində deyildi. Qorbaçov bağlı qapıları hamının üzünə açmışdı, hansı ölkəyə istəsən, sərbəst gedib-gələ bilərdin. Qərb ölkələrinə səyahət edənlər özləriylə qərb yaşayış tərzini, qərb sivilizasiyasını eksport kimi ölkəyə daşıyır, beyinləri, şüurları "dustaqlıqdan" azad edirdilər... Xaricə gedib-qayıdanların söz-söhbətləri adama nağıl kimi görünürdü, hamını özünə çəkirdi. Müttəfiq respublikalarda qıtlıq baş alıb gedirdi. Ancaq Ukrayna və Azərbaycan özünü saxlamaq, dolandırmaq qüdrətinə malik idi. Pribaltika respublikalarının himayədarları, arxaları var idi. Cəmi 40 ildi SSRİ-nin tərkibinə qatılmışdılar, özü də zor gücünə, bölgü hesabına. 1968-in qanlı Praqa hadisələrini yadına sal... SSRİ-ni yalın əllə dağıtmaqmı olardı? Mümkünsüz bir işiydi. Qarabağa gəlincə... Hələ İkinci Dünya müharibəsi illərində o taylı, bu taylı Azərbaycanı birləşdirib SSRİ-nin tərkibinə qatmaq istəyirdi Stalin. Nəyə görə - məhz neftə, təbii sərvətlərə görə. Amma ABŞ, İngiltərə mane oldu, qoymadı. Erməni bir vasitəydi Moskvanın əlində. Erməni müharibə udmaq, torpaq işğal etmək gücündədimi? Avam adam da buna inanmaz. "Erməni qan gördü" misalını ki, bilirsən. Düz deyirlər, Reyqanla Qorbaçov Malta görüşündə dünyanı yenidən bölüşdülər. Elə Balkanlar da, Alma-Ata, Tbilisi, Vilnüs, Bakı hadisələri SSRİ-nin dağılması üçün bir bəhanə idi Qorbaçovun əlində...
Sənə demişdim axı bu Qorbaçovdan gözüm sü içmir. Elə hey "perestroyka" deyə-deyə kənd-kənd, şəhər-şəhər gəzir. Yenidənqurma dəyirmanda çuvalların yerini dəyişmək demək deyil. Torpağı, müəssisələri "kooperativ" adı altında dağıdır. Ölkəni ilmə-ilmə sökürlər. Kapitalizm qumara bənzəyir, burda ağıldan daha çox biclik, fırıldaq rol oynayır, abır-həya, vicdan, təmizlik arxa plana keçir. Bax gör varlananlar kimlərdi, hamısı da köhnə dələduzlar. Bir sözlə, qarşıda bizləri çox çətin, ağlasığmaz günlər gözləyir. Hələ bu harasıdı ki?!
Bunları söyləyib ürəyini boşaltdı. Azərbaycanın müstəqil dövlət olmasını hamıdan çox istəyənlərin biri də Xalıq idi. Unutmamışdı, babası Qurbanın, atası İsmayılın torpaqları, var-dövləti bolşeviklər tərəfindən əllərindən zorla alınmışdı...
Stəkandakı çay soyuyub buza dönsə də, bir nəfəsə içib yenisini gözləmədi. Gözləri həyət-bacanı dolaşdı. Bu süfrənin arxasında kimlər oturmamışdı, kimlər çörək kəsməmişdi - Maarif Naziri Mehdi Mehdizadə, görkəmli Azərbaycan tarixçiləri Əlövsət Quliyev, Ziya Bünyadov, Məmmədəli Hüseynov ... SSRİ Xalq rəssamı Mikayıl Abdullayev, Xalq artistləri Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Həbib Bayramov, Lütfəli Abdullayev, Səyavuş Aslan, Hacıbaba Bağırov, Aşıq Pənah, Cənaəli Əkbərov...
Xalıq kişi Azərbaycan tarixini, ədəbiyyatını dərindən bilirdi, muğam sənətinin, milli musiqimizin qızğın pərəstişkarı idi. Onun zəngin ailə kitabxanası vardı, ən nadir kitablar toplanmışdı orda. Ən çox pərəstiş etdiyi də kitablar idi, kitabsız, oxusuz günü olmazdı.

***
"Qəlbi təmiz olan o kəsdir ki, insanlara daim rahatlıq gətirir, heç kəsə, nə sözdə, nə əməldə, nə əmlakda xeyir verməkdən boyun qaçırmır.
Qəlbi naqis olan o kəsdir ki, insanları daim incitməkdən, onların iztirablarından həzz alır, onları əməli və sözü ilə incidir".
M.Ə.Nəsəfi

Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisi, elmlər doktoru, Kənd Təsərrüfatı Nazirinin keçmiş müavini İmran Əbilovla üz-üzə oturub çay içir, söhbətləşirik. Son dərəcə zərif, təvazökar, ziyalı, işıqlı bir adam olan İmran müəllimdən Xalıq kişi barədə bildiklərini, gördüklərini, yadda qalanları danışmasını xahiş edirəm. Gözləri harasa uzaqlara zillənir, dərindən nəfəs alıb söhbətə başlayır...
- Yuz biznesmen, yüz fermer yığıla, Xalıqın gördüyü işləri görə bilməz. Hələ 1985-1986-cı illərdə Xalıq deyirdi ki, marığda yatıb, gizlənənlərin əlinə göydən fürsət düşdü, onlar ölkəni çalıb-çapacaq, dağıdıb satacaq. Belə də oldu. Biz dastanlardan, tarixi qəhrəmanlardan, müsbət ədəbi personajlardan nümunə götürərdik. Bəs indikilər? - Xalıq qəlbi şüşə kimi şəffaf, bulaq suyu kimi təmiz, Allahın ən gözəl bəndələrindən biri idi. Mən deməzdim ki, Xalıq ölüb... O, sadəcə, dünyasını dəyişdi, belə insanlar heç vaxt ölmür, doğulur, yaşayır, Allah qarşısında borclarını ödəyib sakitcə bu dünyadan köçürlər, amma unudulmurlar, ürəklərdə, xatirələrdə yaşayırlar. Bunun ən əyani sübutu elə sizin kimi qələm adamının onu yazıya almasıdı... Xalıq mürəkkəb dövrdə yaşamışdı ki, həyat çox çətin və gərgin olmuşdur. Onun yalnız bir amalı vardı, - bacardıqca insanlara əl tutmaq, yardım etmək, qurub-yaratmaq... O, özündən, ailəsindən daha çox kəndlərini, kənddə yaşayan əhalini düşünər, onların rifah halını yaxşılaşdırmaq, cavanların ali təhsil alması, işlə təmin olunması, ailə həyatı qurması üçün alışıb yanardı...
Xalıqın həyatda, işdə, cəmiyyət arasında nüfuz qazanmasında onun ömür-gün yoldaşı Tərcübə bibinin müstəsna əməyi, rolu olmuşdur. Onlar ailədə çox mehriban, bir-birinə dayaq idilər. Ahıl yaşlarında belə aralarında sönməz sevgi və səmimiyyət vardı. Xalıq dünyasını dəyişəndən sonra Tərcübə bibi həmişə onun xiffətini çəkərdi. Bu yaxınlarda onun ölümü bizləri sarsıtdı... Sanki, bu iki insan bir-birini tamamlayardı. Yadımdadı, Xalıqdan sonra Tərcübə bibi özündə heç cürə rahatlıq tapa bilmirdi... Ölməmişdən qabaq vəsiyyəti də vardı, - məni Xalıqın anası, qayınanam Mirvarinin qucağında basdırın. Mirvari xanım şuşalı qızı idi, hamıya analıq etmişdi, özü də necə... O da yadımdadı ki, Xalıq 1998-ci ildə xəstələndi, onu insult vurdu. Həmin vaxtlar adamları çətinliklə tanıyırdı, yaddaşı zəifləmişdi. Heç zaman yadımdan çıxmaz, kəndə gedib onu ziyarət etdim, çarpayıda uzanmışdı, səsimi eşidib ayağa durdu, mənə tərəf gəldi, çox həyəcanlı idi: "İmran, sənsənmi?" - deyə soruşdu, sözləri güclə tələffüz edirdi. Onun bu halı məni çox mütəəssir etdi, təsirli bir an yaşadım, gözlərim doldu, qəhərdən boğulur, hönkürüb ağlamaqdan özümü güclə saxlayırdım. O, danışmaq istəyirdi, özünü toparladı, utandı bəlkə də, ... geriyə, uzandığı çarpayıya tərəf qayıtdı... Araya çox acı, ağır bir sükut çökdü... 1962-1964-cü illərdə iki rayonun - Masallı və Yardımlı rayonları İstehsalat İdarəsinin rəisi idim. Qıtlıq baş alıb gedirdi, un, ərzaq çatışmırdı. Kabinetin qapısı döyüldü, köməkçim içəri girib: "Sizi üç nəfər görmək istəyir, qəbul otağında gözləyirlər, - dedi, - Güllütəpədən bir ata öz balaca uşağıyla və Xalıq Qurbanov". Onları otağa dəvət etdim. Ata və uşağa "əyləşin" deyib, "Xalıq, sən gözlə, sonda, təklikdə görüşərik" dedim. Kişidən dərdini soruşdum: "yoldaş rəis, iki gündür uşaqlar acdı, un tapa bilmirəm, heç olmasa, mənə iki kilo un tapdırın". Körpəyə baxdım, dəhşətə gəldim, 2 kq un...
Rayponun müdirinə zəng elədim, ailəm üçün bir kisə un saxlamışdı mənə. "O kisədən on kilo un çəkdir, adam göndərirəm yanına, - ata və uşağını, - ver onlara", deyib telefonu yerə qoydum. Xalıqı dəvət elədim, nə var, nə yox, soruşdum. "Otur, söylə görüm nə məsələdi, nə problemin var".
- Yox, İmran, tələsirəm, heç bir işim yoxdu, o ataynan oğlunu mən gətirmişdim. Güllütəpədə işləyəndən tanıyıram, çox kasıb ailədi.
Bu sözlərdən sonra dərhal çıxıb getdi...
Bir dəfə də rayon mərkəzinə dəvət etdim Xalıqı, "Nə var, nə yox?" deyə hal-əhval tutdum.
- Sağlığın, bu yersiz yoxlamalar adamı iş-gücdən eləyir, bezdirir adamı, - deyə cavab verdi.
- Nə vəzifə istəyirsənsə, səni ora təyin edim, - dedim.
O illər partiya katiblərinin səlahiyyətləri əlindən alınmışdı, hər iki rayonda bütün səlahiyyətlər mənim əlimdə idi. Razılaşmadı Xalıq. - "O kənddən heç yana gedəsi deyiləm, camaatı kimə etibar edəsən?" Qardaşı oğlu İsrafil Masallı Rayon İcraiyyə Komitəsinin sədri idi. Heç ondan da istifadə etmədi, yararlanmadı...
Bir dəfə də kəndləri gəzirdim, Qızılavarda maşını idarəyə sürdürdüm, Xalıqı görməyə, - sədr yoxdu, Boradigaha gedib, - dedilər. Yolda rastlaşdıq. Özünün "moskviç"i vardı. Arxasınca öküz arabalarında xeyli adam vardı. Öyrənəndə heyrətə gəldim, - Boradigahda bir kilo un üçün, bir çörək üçün əl açan adamları görür Xalıq, bir-bir yaxınlaşıb soruşur ki, hardansan, - Qızılavardan - deyirlər. Beləliklə, on-on beş adamı yığır öküz arabalarına, gətirir kəndə, mühasibi çağırır, onlara həyətyanı torpaq verir, ev tikdirir kolxozun hesabına, hamısına da iş verir... Mən bu hadisələrin iştirakçısı olmuşam. Beş-altı ailəni öz hesabına dolandırardı. Hər il üç-dörd dəfə imkansız ailələrə ehtiyat fondundan pul verdirərdi. 200 min cücəni camaata paylayırdı, - "saxlayın, toyuqlar sizin, yumurtası dövlətin" - deyərdi. Çay yığımında camaat yaxşı pul qazanardı. O zamanlar, 1972-1973-cü illərdə ölkədə səs salmış məşhur "pomidorşik"lərin işində nə qədər sədr, mühasib tutuldu. Nadir sədrlərdən idi ki, Xalıq tər-təmiz çıxdı o işlərdən, o oyunlarda olmamışdı... Xalıqdan çox az danışdım sizə, inşallah, rayona yolumuzu salası olsaq, kənd camaatını toplayıb, orda söhbətimizi davam edərik...

***
Sıra dağların
ətəyindən keçirəm.
Yolların sağı-solu
Cəvahirli, ləllidi.
Xalıq da keçib bu yolu
Zirvələrdən buludlara yollar
Hardan başlayır, harda bitir
Tək Allaha bəllidi.
Yaşıl, mavi, sarı, qırmızı
qara naxışlar
qədim bir xalı kimi...
Ağacları,
yamacları, göy otları
isladan dup-duru yağışlar...
Köksündə min sirr gizlənmiş
zirvədən üzü bəri boylanan
qoşa qayalardakı susqunluq,
lal, məsum baxışlar...
altınızdan keçirəm
Bu yoldan Xalıq da keçib
Bu sudan Xalıq da içib. - ...

Bu yerləri gün boyu dolaşardı Xalıq kişi, qız-gəlinin nəğmələri səpələnərdi çöllərə, göylərdə cürbəcür quşlar uçardı. Torpağı, əkin yerlərini alın tərləriylə sulayardı adamlar, gecələri ocaq qalayardı...
Bəs indi?..

Kimsə yox əkində-biçində
Günəş özü becərir
İşıqlı əllərini uzadıb
Sahibsiz zəmiləri,
çay kollarını
adda-budda
torpaqdan baş qaldırıb cücərir...
Bir ruh dolaşır
sahibsiz torpaqları
qəhərdən boğulur, boğulur...
Doğulur
adda-budda sünbüllərdə,
çay kollarında, yarpaqlarda
Qurban kişinin nəvəsi,
İsmayılın oğlu,
Xalıq doğulur,
doğulur, qəhərdən boğulur...

***
Ötənlər dirilir
qayıdır bu günlərə
tapmayır bir doğmalıq
Çiçəklərdə, güllərdə
ətir qalmayıb
quruyub yaşıl ağaclar
Kölgələnməyə, daldalanmağa
çətir qalmayıb
Boğulur dünyanın qəribliyində
cansıxıcı bürküsündə boğulur
Viləşin sularından baş qaldırır
Qurban kişinin nəvəsi,
İsmayılın oğlu,
Xalıq doğulur.

***
Heyrətlə günümüzə baxır - ...
baxır qəmli-qəmli
çöllər yiyəsiz,
torpaq sitəmli
qərq olur sularda
Viləşin sularında
axır-axır...

***

Gün batır axşama doğru,
düşüb quranlıqda boğulur
Boylanır Qızılavara
əriyir qaranlıqlar
Ay işığında boğulur
Ay işığından
Qurban kişinin nəvəsi,
İsmayılın oğlu,
Xalıq doğulur.

***
Dillərdən qopan,
zəhmət kəlməsinin,
hər oxunan duanın qanadlarında,
uçur-uçur Qızılavar göylərində
uçur bir quş kimi
yuvasına dönən qaranquş kimi,
sehirli çıraq əlində
enir Qızılavara,
dönür yuvasına,
dönür Qızılavara
xatirə şəklində...
əyilib su içir
dodaqları sularda
ömür ağacının
budaqları sularda
Baxır, baxır sulara
ömrünü danışır,
nağıllayır sulara
yuva qurur dualar dilində
sulardan boylanır
xatirə şəklində.

***
Qoşulub buluda, buludla gəlir
Üzməyib torpaqdan umudlarını.
Qayıdıb, qayıdıb umudla gəlir
Dönsün bəndəyəmi, ya qula, bilmir.
Düşür Tərcübənin eşq kəməndinə
Nə illah etsə də, qurtula bilmir
Sehirli çıraq əlində,
Xatirə şəklində!

***
Xalıqın sevgisi də göylərdən gələn bir alın yazısıydı. Müharibənin ağır günlərində aldığı məktublar bir röyaya bənzəyərdi. Məktubların sonluğunda imza vardı: "Söylədi Gülzadə, yazdı Tərcübə". Qardaşı müharibədə olan illər bacısı Gülzadə Xalıqa bir gözaltı da eləmişdi. Qonşu kənddəki gözəl-göyçək, yaraşıqlı əkiz bacılardan, Tehran və Tərcübədən birini - Tərcübəni. Əsgər qardaşına məktub yazanda: "Mənim xəttim yaxşı deyil, sənin xəttin yaxşıdı, ay Tərcübə, mən söyləyim, sən də yaz", - deyərdi. Bu minvalla ikilikdə oturub Xalıqa məktub yazardılar.

Bir əlində silah,
birində məktub
Nə silahı, nə məktubları
əlindən yerə qoymazdı
Yüz kərə oxuyardı
oxumaqdan doymazdı.

Xalıq məktubları əlindən yerə qoymazdı, könül süfrəsinin duzuydu o məktublar. Hər məktubun sonundakı imzaya daha çox diqqət verərdi: "Söylədi Gülzadə, yazdı Təcrübə". İlahi, görəsən bu qız kimdi, deyə düşünərdi...

Bəlkə bu bir yazıydı,
Alnına yazılmışdı
Taleyinin baharıydı, yazıydı
Üzünü görmədiyin Tərcübə
Bir könüldən, min könülə
Aşiqəm sənə, deyib
Könlünü vermədiyin Tərcübə.
Amma, amma
sətirlərdən boylanan
üzünü görərdin
gülər gözünü görərdin
Sətirlərdə, o adda
bir sevginin
izini görərdin.
Məktublardan çıxıb
düzələrdin yola,
üzü Qızılavara.
Göy üzündən,
buludlardan, yağışlardan
o adı sora-sora.
zərrə-zərrə od salardı ürəyinə
damla-damla sətirlərdən, ürəyinə damardı
o addan doğan sevgi.
Sevgi də bir qumardı...

Xalıq əsgər məktublarını şinelinin döş cibində gəzdirərdi. Ağır, gərgin döyüşlərdən sonra o məktubları yenidən oxuyar, xəyalən özünü Qızılavarda, çəpərdən boylanan Tərcübəni görmək arzusuyla alışıb-yanan görərdi. Gərgin döyüşlərin birində Xalıq kürəyindən ağır yaralandı, ay ciyəri parçalandı.

O gün, o gün
göydə gəzən qara bulud
dalağını sancdı Xalıq.
Dilindən Allah qopmurdu
Dilindən Allah düşmürdü
Nə gözəl inancdı, Xalıq
Gözlərindən çəkilmirdi
uşaqlıq illərinin
soyuq, sazaq səhnələri
qurumuşdu, görürdün
atan İsmayıl kişinin
zəmiləri, su dəhnələri
O gün, o gün
taleyində bir çilləydi
soyuq çillə...
Kürəyindən keçib
ciyərini parçaladı
ya mərmiydi, yə qəlpəydi
ya gülləydi,
soyuq güllə...

Taleyə, alın yazısına bax... Əsgər şinelinin düyməsi qızılı, o düyməyə dolaşıb səni xilas edən tibb bacısının saçları qızılı, sonra müalicə, sonra qayıdıb geri döndüyün doğma kəndinin adı Qızılavar və illər sonra qazandığın, dillərdən düşməyən adın - Qızıl adam! Torpağın nə üstündə, nə də altında qızıl pas atmaz Xalıq!
Elə qızıl kimi də parlaq qaldın - xatirələrdə.

***
İşdən çıxıb evə gəldi, nahar vaxtıydı. Həyətdəki qələbəliyi görəndə yadına düşdü ki, doğum günüdü. Ad günləri keçirtməkdən xoşu gəlməzdi, bunu ailədə də bilirdilər. Anası Mirvari düşdü yadına, gözləri həyət-bacanı dolaşıb anasını axtardı. İçindən bir gizilti keçdi, - kaş anası sağ olaydı, başını dizinin üstünə qoyub yuxuya gedəydi, illərin yorğunluğu, acısı canından çıxaydı. Körpə uşaq kimi kövrəldi, doluxsundu bir az. Uşaq vaxtları sübh tezdən yuxudan oyananda gözlərini qamaşdıran günəşə baxırdı. Elə bilərdi ki, günəş onun anası Mirvarinin qucağından doğur...

Mənə elə gəlir günəşdən əzəl,
Dağlar arxasından ana boylanır.
Kainatı nura boyayan gözəl,
Al günəş ananın üzündə yanır.

Anasının ağarmış saçları düşdü yadına...

Anamdan əziz kəs varmı cahanda,
Bilirəm nə qədər əziyyət çəkir.
Onun ağ saçına nəzər salanda
Mənim qara saçım xəcalət çəkir.


Uşaqlıqdan zəhmətə alışmışdı Xalıq kişi. Xırmanda, taxıl döyəndə, öküzə qoşulmuş vəlin üzərində dövrə vurduğu günlər düşdü yadına. İşə bax ki, atası İsmayıla məxsus dəyirmanda özləri də növbə tutub dən üyüdərdilər. Ruhani ağsaqqallarından eşitdiyi müdrik deyimi xatırladı:
"Yer üzü - başa yetməyən arzular məkanıdır... Yerinə yetən bir arzunun arxasında, yerinə yetməyən onu dayanır. Bunu anlayanlar "arzular" deyilən niyyətindən əl çəkib olanlarla barışır və tabe olur...
Xilas - barışmaqda və tabe olmaqdadır. Bunu qəbul edən kəs cəhənnəmdən qurtulur və hər bir barışan, tabe olan - Cənnət qazanır... Hərçənd ki, düzgün fikirlərlə, xeyirxah tədbirlərlə, səylər və çalışmalarla bu dünyanın nemətinə sahib olmaq, var-dövlət, yüksək mövqe sahibi olmaq mümkündü, lakin hələ də heç kim, sabahın nə gətirəcəyini bilmir və bilməyəcək. Sabaha sağ çıxıb çıxmayacağını, hansısa bir xəstəlik tapıb-tapmayacağını, düzüb-qoşduğu işlərin, sonuna yetişib-yetişməyəcəyini bir kəs bilmir, bilməyib və bilməyəcək...
Neçə padşah sabah taxtadan salınacaq, neçə var-dövlət sahibi dilənçiyə çevriləcək?.. Nə qədər dilənçi sabah var-dövlət sahibi olacaq, nə qədər alçaldılmışlar şahlıq taxtına əyləşəcəklər?..
Bu dünya kükrəyən dənizə bənzər: dalğaları şahə qalxıb qüdrətli ucalıqlar yaradar, enib geriyə çəkilməmiş isə, yeniləri gələr, dikəlib əvvəlkiləri heçə çıxacaq..."
M.Ə.Nəsəfi.

Bu qüdrətli hikməti yada salanda ürəyinə xəfif bir sərinlik çiləndi. Həyətdə böyük bir süfrə açılmışdı, masaların üstündə bircə quş südü çatmırdı. Çox səliqə-sahmanlıydı həyət-baca.
- Deyirəm, bəlkə rayon rəhbərlərini də dəvət edəsən, yaşının yubiley çağıdı, - deyə ömür-gün yoldaşı Tərcübə dilləndi...
- Yox, ay Tərcübə, bilirsən ki, mən süfrə başında yalandan, boğazdan yuxarı tərif deyən, hədyanlıq edənlərlə bir yerdə oturmaram, o süni adamların arasında canım darıxır... Heyf deyil Şirvanla oturmaq, onunla hər dəfə bir süfrəyə oturanda elə bilirəm ki, ad günüdü, Şirvan onları əvəz edər...
Hamını gülüş tutdu, həyəti qəh-qəhə başına götürdü.
- Mənimki zəhmət adamlarıdı, kasıb-kusubdu, - deyib qapıdan çıxdı.
Bir az keçmiş arxasında on-on beş adam geri döndü. Hamısı da fəhlələr, traktorçular...
- Hə, bu da rəhbər işçilər, biri kombaynın, biri traktorun, biri əlindəki belin-kətmənin rəhbəri...
Onlarla bir süfrədə gecə yarıldan keçmişə qədər ləzzətli bir ad günü keçirdi Xalıq kişi... Urəyi, gözləri işıqla doluydu o gecə...

Zakir Fəxri

TƏQVİM / ARXİV