adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KÖYNƏK

VƏSİLƏ USUBOVA
29904 | 2013-06-22 01:26
Şahzadə qarı can verirdi. Dörd bir yanını kəsdirmiş qara yaylıqlılar himə bənddilər. Dindirən olsaydı, hönkürərdilər, göz dolusu, sinə dolusu ağlayardılar. Ancaq qulaqları eşidə-eşidə arvadı deyib ağlamaq olmazdı...
Dünya şirin dünyaydı, yaşamalı dünyaydı. Bu dünyanın yazını-payızını görmüşdü, acısını-şirinin dadmışdı Şahzadə qarı. Hələ haqq-hesabı çürütməmişdi bu dünyaynan. Ona borcu vardı bu dünyanın. Düz əlli il əvvəl qaragöz oğlunu əlindən alıb uzaqlara aparmışdı bu dünya. Əvəzində gözlərinin nurunu bir az da artırmışdı yollara baxmaqçın. Ürəyinə səksəkə doldurmuşdu, təlaş doldurmuşdu hər çıqqıltıdan diksinməkçin. Uşaqlığında yemlik, quşəppəyi yığdığı yamacları, allı-güllü yaylaqları, qaragöz köşəkləri, sərin bulaqları yuxularından qovmuşdu. Gözlərinin çimirinə əsgər şinelli bir oğlanı keşikçi qoymuşdu. Sonra yavaş-yavaş, birər-birər sonu göynərtili yuxularını da əlindən almışdı. Alıb ərşə çəkmişdi. İndi də hər şeyi bomboz dumana döndərmişdi ki, qarın çaşdırsın, dünyanın bu ucundan o ucuna aparan yolları görməsin. Amma xeyri yoxdu. Hər tərəf zülmət dumana dönsə də, Şahzadə qarı arıq, damarlı əlləriynən qaranlığı yara-yara bu dünyanın yaxasını tapacaqdı, ondan istəməlisini istəyəcəkdi... "Mənim davam sənnəndi, ay qoca tülkü. İnnən belə nə hoqqa çıxaracaqsan, bilmirəm. Ancaq bu gün, bu saat mənnən haqq-hesabı çürütməlisən. Hanı mənim əmlik quzum, dəcəl ovrağım? Ağzının sarısı getməmişdi mənim balamın. Mənim balam... Dünya elə siftədən fanidi, barı sən etibarlı ol. Belə oyun, belə od olmaz, axı. Belə nankor oğul olmaz. Mənim də sanılı günüm vardı. Daha getməliyəm. Bu dünyanın ətəyini buraxmalıyam. Bu gün harda olsan, özünü yetir. Son nəfəsimdi, axı... Gəlməsən, mənim səni görməyim qiyamət gününə qaldı. Qorxuram onda məni tanımayasan. Bilirsən, necə ərimişəm?... İnnən belə min il də gözlərdim, əcəl qoymadı. Gəlmirsən... Daha gözüm dumanlanır, gəlsən də görməyəcəm səni..."
Gözlərini açdı, heç kəsə baxmadı, baxa bilmədi.
- Axtarır... - böyük qızı Nübar onun arıq, qarayanız əllərini sifətinə tutub hıçqırdı. Tez də səsini kəsib anasına tərəf əyildi, - bəlkə bir söz demək istəyirsən, ay nənə?
- Ayna gəlmədi?
- Gələcək, indicə gələcək. Dalıycan adam göndərmişik, - sonra neçənci dəfə oturanlara nağıl eləməyə başladı, - dünən xəbər göndərmişdi ki, Nübar gəlib ev-eşiyi silib-süpürsün. Mən paltar-palazı çəpər üstünə tökəndə özü də çıxıb güneydə oturdu. Bir xeylaq toyun səsinə qulaq asdı. Xəbər aldı ki, kimin toyudu, dedim Elxanın. Dedi Elxanın atası mənim Səftərimlə yaşıd idi. Anasını da o vaxt mən gözaltı eləmişdim... Sonra da dedi, evə döşəkçə sal, balış da qoy, uzanacam... O uzanan oldu...
Qapıdan süzülən işığı iri bir kölgə kəsdi. Yaşı səksənə çatsa da, hələ ətini, əndamını saxlamış Ayna qarı on iki arşınlıq xara tumanının balağını bürmələyib içəri girdi. Yay günəşindən qamaşmış gözlərini qıyıb bir oturanlara, bir də Şahzadə qarıya baxdı:
- Bu qaraya batmış nöşün tirtap uzanıb? Rəhmətlik kişisi bunun nazıynan çox oynardı. Köhnə xasiyyəti hələ başındadı. Dur ayağa görüm, yalan yerə qız-gəlini qorxutma...
Nübarın ağlamaqdan qızarmış gözlərində ümid işartısı göründü. "Bəlkə nənəmə soyuq-zad olub. Qoca arvaddı, day heç nəyə dözümü qalmayıb. Keçib gedər. İnşallah..." Qarı göz qapaqlarını araladı, elə bil o dünyadan bu dünyaya baxdı. Əlini qaldırıb qonşusunun dizinin üstünə qoymaq istədi. Xasiyyətiydi, söhbət eliyəndə arabir əlini qaldırıb Ayna qarının ətli dizlərinin üstünə qoyardı. Qolu sanki bədənindən aralanmaq istəmirdi, əli sürüşüb yerə düşəndə Ayna qarı onun yarpaqsız budaq kimi qurumuş əllərini tutub sığalladı. Bayaqdan bəri şuxluq eləyib oturanların, ən çox da Nübarın kefini açmaq istəyən arvadın sifəti tutuldu, doluxsundu, səsi boğula-boğula:
- Başuva dönüm, ay Şazada, nöşün birdən yıxıldun? - güclə deyə bildi... Qonşusu çuxura düşmüş bulanıq gözlərini ondan çəkmirdi. Qarı bir az canlandı, üzündən kəpənək uçuşu kimi xəfif bir qızartı da keçdi...
- Gəldun... yaxın qonşum, şirin söhbətim... Gəlməseydun, ölə bilməyəcəydim... Nübara söz demişəm... Bilirəm, molla razı olmayacaq. Gümanım sənədi... Sənun sözunnan heç kəs çıxmır. Dediyim kimi eləməsoz, qəbirdə də durub-oturub yollara baxacam... Susdu, sözünün dalını gətirməkçin nəfəsini dərdi. - Sən hələ ölmə. Səftər gəlsə, heç olmasa, nənəsinin bacılığını görsün... Ətlas tumanın qırçınnarı yarımçıq qaldı, qurtara bilmədim. Halal elə...
Ayna qarı elə bil daşa döndü. Həmişə məclislərdə yuxarı başda oturub, bu kəndin toyunu-yasını yola verən arvad bəlkə də ömründə ilk dəfəydi ağlaya bilmirdi. Nübar əyilib qulağına nəsə pıçıldayanda qarının iri bədəni əsdi, əlindəki dəsmalı gözünə sıxıb səssiz-səssiz xeyli ağladı... Ovcundakı əlin soyuyub qaxaca döndüyünü hiss edəndə barmaqlarını qonşusunun soyuq gözlərinə apardı...
...Həyətdə iki-bir, üç-bir gəzişən, söhbət edən, tənbəki eşən qocalar Ayna qarının həzin-həzin ağı deməsindən, əlinə girəvə düşmüş arvadların səs-səsə verib yanğılı-yanğılı hıçqırmalarından başa düşdülər ki, Şahzadə qarını bu ağlı-qaralı dünyaya bağlayan ip daha davam gətirmədi, gərilib-gərilib qırıldı...
- Hə... gözun tökülsün, ay fələk. Bu da gözləyə-gözləyə getdi...
- Yazığın canı dincəldi... Əriyib çöpə dönmüşdü...
- Ölüm haqdı, hamımız öləceyik. Amma, hayf balalarımızdan. Dünyanın bu ucundan baxdılar, o ucunu görmədilər. Arzuları, muradları gözlərində qaldı...
Molla yasin oxumağa başlayanda içəridə arvadlar kiridilər. Ayna qarı ağrılı qıçlarını sürüyə-sürüyə köhnə evin alçaq balkonundan enib həyətin o başında qoyulmuş təndirə tərəf getdi, balaqlarını yığıb kötüyün üstündə oturdu. Şahzadə bu kötüyün üstündə oturub təndirə yapdığı çörəklərin qızarmasını gözləyərdi. "Binəvanın özünü günə verməkdən yaman xoşu gələrdi. Deyərdi, ay Ayna, həlbət çox arıq olduğuma görədi, sümüklərim qızmır ki, qızmır. Yayda da günün altından çəkilmək istəmirəm... Oğul dərdi yazığı tez apardı... Cavanlıqdan qurumuşun biriydi, indi də yollara boylanmaqdan boğazı armud saplağına dönmüşdü... Mənim də vaxtıma az qalıb... Dünyanı tutub getmiyəcəm ki..." Kürəyini qızdıran günün əvəzinə torpağın soyuqluğunu hiss edirmiş kimi, üşürgələndi... "Nə qədər dərdin-sərin olsa da, adam heç ölmək istəmir. İşıqlı dünyada doyunca yaşamaq istiyirsən. Balalarımız yanımızda olseydi, vallah, heç ölməzdik. Lap qurdnan qiyamətə gedərdik. Qoymurlar beş günlük dünyada balalarımız da gözümüzün qabağında birtəhər dolanaq...Deyirəm, nə ola, fələk bir möcüzə eliyə. Səftər bir saatlığa qayıdıb gələ, nənəsini cınağında qəbir öyünə apara..." Kürəyi getdikcə daha bərk istilənirdi...
Onda da hava belə bürküydü. Cəbhəyə gedənləri kəndin qırağınacan yola salıb qayıdırdılar. Elə bil ayaqlarından da, ürəklərindən də daş asılmışdı. Heç kəs geri qayıdıb evinə girmək istəmirdi. Yayın istisində buza dönmüş otaqlara girib nə qayırsaydılar... Evə çatar-çatmaz Şahzadənin gözü ipə sərilmiş ağ köynəyə sataşdı, bərkdən içini çəkib özünü danladı: "Bıy, mənim canım ölsün, uşağın köynəyi elə ipdə qalıb. Neynək, uzaqbaşı bir aya qayıdıb gələllər..."
... Kimsə əlini onun çiyninə qoydu..
- Ayna xala, günün qabağında nöşün oturmusan?
Arvad başını qaldırdı. Papağını gözünün üstünə endirmiş əsgərin sinəsi gün işığında bərq vururdu. Qarı onun əlini çiynindən götürüb gözlərinə sıxdı:
- Başuva dönüm, ay bala, ay Səftər, nə yaxşı oldu, gəldun. İndiyəcən hardeydun? Dayan, qoy bir Nübarı çağırım...
- Yox, Ayna xala, tez qayıdacam. Qoy gəlməyimi heç kəs bilməsin. Hay-küy düşər, yubanaram...
- Hara gedirsən, ay oğul, anon ölüb ey, bilmirsən?
- Bilirəm, elə ona görə gəlmişəm. Bu gecə yuxuma girmişdi. Dedi, ürəyim yanır, köynəyini gətir, sinəmə sərəcəm. Budey, gətirmişəm. Mən getdim. Sağlığnan qal, Ayna xala...
Qoltuğundakı bükülünü arvadın qucağına qoyub tələsik uzaqlaşdı. Ürəyi partlamağa çatan qarı:
- Ay Səftər, ay bala, səni and verirəm Allaha, bircə getmə... Bu gün getmə...İndi getmə... - var gücüynən çığırıb əlləri uzaqlı üzüstə yıxıldı...
Kölgəyə gətirib üzünə, sinəsinə su vurdular...
Kişilər namaza durmuşdular. Fatihə oxunub meyit götürüləndə ürəyi üstünə gəlsə də hələ sakitləşməyən Ayna qarı iri bədənini qabağa verdi.
- Dayanın, - dedi, - məni o dünyadan üzübəri qovsalar da, Şazadanın vəsiyyətini yerinə yetirəcəm. Onsuz da bu dünyada çəkdikləri ona bəsdi, heç olmasa, o dünyada dinc yatsın... Doqquz yaşımdan Allah-Təalanın buyruğundayam. Bir dəfə də oruc-namazımı ötürməmişəm. Qurban olduğumu həmişə böyük, ulu sanmışam. Ancaq bu gün mən öz Tanrımdan incidim... Adamların arasından narazılıq bildirən uğultu keçdi. Qarı sözünü kəsmədi. - İncidim ona görə ki, bir anaynan bir balanı görüşdürə bilmədi. Onun əlində nədi ki... Əgər özünün bir övladı olsaydı, dünyanı yaratdığı gündən indiyəcən qoymazdı qan-qada görsün. - Qoynundakı bükülünü çıxardıb açdı, - molla deyir ki, ölü bu dünyadan kəfənnən başqa heç nə aparmamalıdı. Ancaq Şazada aparacaq... Ona görə ki, kəndimizdə oğul yolu gözləyən axırıncı anaydı. Vəsiyyət eləmişdi, bu köynəyi ona geyindirib basdıraq...
Qarı əvvəlcə köynəyi burnuna tutub qoxuladı. Sonra hər iki əliynən köynəyin çiyinlərindən tutub başı üstünə qaldırdı:
- Ürəyimə damıb... Day bunnan sonra bir də müharibə olmayacaq, qan tökülmiyəcək. Balalarımızın köynəyi sandıqlarda kiflənməyəcək, əyinlərində dağılacaq. Ona görə ki, bu gün axırıncı əsgər köynəyini ana öz sinəsində qəbirə aparır...
Bu yerəcən Ayna qarını səbirlə dinləyən kənd mollası Məşədi Zübeyir camaatdan aralanıb ona yaxınlaşdı.
- Allah ağzunnan eşitsin, Ayna bacı... İndi köynəyi mənə ver, özun qayıt geri. Dinimizdə arvaddarın qəbiristanlığa getməsi...
Qarıda hövsələ deyilən şey qalmamışdı. Qonşusunun vəsiyyəti bir yana, Səftər özü ayağıynan gətirib köynəyi ona vermişdi. Ayna qarı daha gerçəkliknən yuxunu, qarabasmanı ayıracaq halda deyildi. O boyda arvad elə bil kiçilmiş, balaca uşağa dönmüşdü. Köynəyi bərk-bərk sinəsinə sıxıb gözlərini mollaya zilləmişdi. Onun bu halı Məşədini də çaşdırdı. "Kəndimizdə bunnan ağıllısı, dözümlüsü yoxeydi, dərd bunu da çaşdırdı, deyəsən. Allah, sən özün saxla..." Ehtiyatnan arvada yaxınlaşdı:
- Ayna bacı, sən həmişə mənə inanmısan, axı...
- Hə...həmişə inanmışam. Sənə də, sən oxuyan kitaba da. Ancaq bu gün öz bildiyimi heç kəsə verən döyürəm...
Müharibə illərində hər yuxusunu qarışdıranda mollanın yanına qaçardı. O da bacardığı qədər təkbaşına altı-yeddi uşaq böyüdən, indi də iki oğul yolu gözləyən qadına təsəlli verib yola salardı. Bir dəfə lap yanında Quranı açdı, sonra da gülər gözləriynən onu süzüb: "Lap arxayın ol, Ayna bacı. Oğlanlaruvun ikisinin də ulduzu Yusif Peyğəmbərin ulduzuynan yanaşıdı. Yusif öz atasına necə qovuşdusa, səninkilər də sağ-salamat qayıdıb sənə qovuşacaqlar..."
O gündən müharibə qurtarınca Ayna qarı mollanı narahat eləmədi...
Qəbiristanlığa çatmışdılar... Dayanıb fatihə verdilər.
- Heç olmasa, burdan qayıt. Bayaq sən camaata gözaydınlığı verəndə mən də uşaq kimi söyündüm. Ancaq... Adəm öyladı ki, belə başlıyıb...Heç gözüm su içmir... Deyəsən, kənddə yoxeydun...
- Hə... Bu gün gəlmişəm...
- Deyirəm, axı. Bayaq elə danışanda başa düşdüm...
Molla sözlü adama oxşayırdı. Deməyə ürək eləmirdi. İndi heç onu görmürdü də. Başının üstündən arxaya baxırdı. Ayna qarı da döndü...Bəndin döşündəki torpaq yolnan cənazə gətirirdilər. Qabaqda iki oğlan ağaca bağlanmış qırmızı kəlağayını, üçrəngli bayrağı başlarının üstündə yellədə-yellədə gəlirdilər. "Cavandı..." Qarının bədəni uçundu. Qıçları sözünə baxmadı, ağır-ağır torpağın üstünə çökdü. Mollanın pıçıltıynan dediyi sözlər çəkic kimi gicgahlarını döyəclədi: "Qarabağda şəhid olub...", "Qarabağda şəhid olub..." "Qarabağda... Qarabağda..." Hə...Bu dünya mən bildiyimnən də zalımmış. Əlindəki köynəyi mollaya uzatdı:
- Day mən burda qala bilmərəm. Köynəyi verərsən bu uşağın anasına...
- Əməlli-başlı çaşmısan, Ayna bacı. Bir az toxdaq ol. Bu uşağın anası öləndə cavan gəlin idi...
- Hə...Onda bəxtəvər köçüb bu dünyadan...
İki ölünün arasında çaşbaş qalmışdı. Nə oxşamağa, nə ağlamağa taqəti qalmamışdı. Nə deyib ağlayacaqdı,... Bircə onu bilirdi ki, bu yerdən bacardıqca tez uzaqlaşmalıdı. Ayaqları sözünə baxsa... Burda nə qədər çox qalsa, o qədər də çox adam öləcək... Hamını öldürüb göndərəcəklər bura.... Birdən elə bil arvada qüvvə gəldi, bayaqdan bəri sözünə baxmayan ayaqları möhkəmləndi. Əlindəki köynəyi qəbiristanlığın darvazasına bağlayıb dalınca atlı qovurmuş kimi cəld oradan uzaqlaşdı...
Molla xırda addımlarla irəli yeridi, kəpənək tuturmuş kimi titrəyən əlləriynən saralmış köynəyi ehmalca götürdü. Sifətinə sıxdı, arıq çiyinləri qalxıb endi. Kişilərin arasından xəfif bir uğultu keçdi. Məscidin damına yığışıb quruldaşan alabaxtalar diksindilər, qanadlarını çırpıb axmaza tərəf uçdular...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV