SÖZƏ BAĞLI BİR ÖMÜR

VAQİF YUSİFLİ
82494 | 2013-06-22 01:24
Onu çoxdan tanıyırdım. Yetmiş-səksəninci illərdə qonşu Cəlilabad rayonunda qəzet redaktoru, sonra rayon partiya komitəsinin ikinci katibi vəzifələrində çalışdığı vaxtlar bir-iki təsadüfi görüşümüz olmuşdu. Bilirdim ki, bu adam istedadlı bir jurnalistdir, nəinki Cənub bölgəsində, Azərbaycanda tanınan gözəl bir ziyalıdır. Qəzet redaktoru işləyərkən hər şeyi sıfırdan başladı, sıradan seçilməyən adi bir rayon qəzetini Ümumittifaq (SSRİ) miqyasında adı çəkilən, respublikada isə yüksək qiymətləndirilən bir səviyyəyə qaldırdı. Qəzet SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçün təsis etdiyi mükafata layiq görüldü. Qəzetdə rayonda gedən quruculuq işlərinə, əmək adamlarına həsr olunan standart, quru yazıları canlı, isti, səmimi yazılar əvəz etdi, tənqidi yazıların, felyetonların sayı isə artdı, həm də bu yazılarda satira hədəfləri xırda adamlar deyildi, vəzifə sahibləri idi.
O zaman Əlövsət Bəşirlinin işlədiyi Cəlilabad rayonu respublikada yüz min tondan artıq üzüm istehsal edən bir qabaqcıl rayon idi, təbii ki, bir çox mənfi hallar, neqativ meyllər də diqqəti yayındırmırdı və sonralar Əlövsət Bəşirli bütün bunları bir sıra hekayələrində və məqalələrində əks etdirəcəkdi. Xüsusilə səksəninci illərin sonları-doxsanıncı illərin əvvəlləri Cəlilabad mənzərələri "Biz hara gedirik?" ("Azərbaycan" jurnalında "Qanla suvarılan ağac" adıyla çap olunub) povestində bədii-publisistik şəkildə canlandırılıb. Müvəqqəti olsa da, hakimiyyəti ələ keçirmiş, lakin onu idarə etməyə təcrübəsi olmayan, hətta buna mənəvi haqqı çatmayan "bəylərin" yaratdığı hərc-mərclik, xaos həmin povestdə öz parlaq ifadəsini tapmışdır. Bu povest eyni zamanda, avtobioqrafik bir əsərdir, qocaman jurnalistimiz Əlövsət Bəşirlinin keçdiyi ömür yolunun bir çox döngələrini, burulğanlı, təlatümlü anlarını da gözlərimiz qarşısında canlandırır.
Povestdə publisistik ahəng çox qüvvətlidir, ancaq bu ahəng bədiiliyi zəiflətmir, çünki müəllif bütün əsər boyu qəhrəmanının iziylə gedir, onun mübarizələrlə dolu həyatını qələmə alır. Obrazın ən çətin vəziyyətdə, ağır xəstəlik zamanı düşüncələrinə diqqət yetirək: "Dünyanın əşrəfi insan öz adına layiq yaşamalı, ömrü boyu arzuları uğrunda mübarizə aparmalıdır. İnsan istəklərinə çatanda özünü xoşbəxt hiss edə bilər".
Ümumiyyətlə, Əlövsət Bəşirli sovet dövründə yetişmiş, amma həmin dövrün stereotiplərinə tam uyğunlaşmayan, bəzən gəmidə oturub gəmiçi ilə dalaşan bir ziyalı idi, müstəqillik dövründə isə o artıq öz ritmini, axarını tapdı, illər boyu ürəyində gəzdirdiyi arzularına yetincə qələmini də bu ruhda köklədi. Ancaq bir fikrimi də gərək bildirim: məncə, Əlövsət Bəşirli tipli insanlar üçün sistem və quruluş önəmli əhəmiyyət daşımır. Ziyalılıq özünü həyatın, gerçəkliyin, cəmiyyətin bütün aspektlərində nümayiş etdirir. Bu baxımdan Əlövsət Bəşirli böyük Zərdabinin, Mirzə Cəlilin ənənələrini yaşadan xələflərdən biridir.
Əlövsət Bəşirlinin bütün nəsr əsərlərindən işıqlı bir xətt keçir. Bu xətt dövrün, zamanın aparıcı meyllərini özündə əks etdirən, varlığında yaşadan MÜASİR İNSANdır. Milli-mənəvi dəyərlərimizi, əsrlərdən əsrlərə keçən əxlaqi gözəllikləri, humanist keyfiyyətləri torpaq, hava, od, su kimi hifz edən bu insan bütün varlığı ilə Vətəninə-Azərbaycana bağlıdır. Bu müasir insan həyatda, yaşadığı mühitdə çoxlu çətinliklərlə, maneələrlə qarşılaşır, o, sarsılır, mənfiliklərə qarşı mübarizədə məğlub olmaq dərəcəsinə gəlir, amma son anda bütün mənəvi, iradi gücünü toplayıb hər bir imtahandan şərəflə çıxır. Ə.Bəşirlinin "Adamsız adam", "İnsan kimi", "İblis xisləti", "Yalqız", "Üfüqdə qaralan dağlar" və s. hekayələrində müasir insanın mənəvi dünyası ilə tanış oluruq. "Adamsız adam"da öz istedadı, biliyi sayəsində bütün maneələri, sədləri aşıb keçən Hünər Hikmət oğlu, "İnsan kimi" hekayəsində isə Şahin və Fərəh xanımın mənalı müəllim ömrü nümunə göstərilir.
Əlövsət Bəşirlinin böyük rəğbətlə təsvir etdiyi insanlar kökə, doğulduqları yurda bağlıdırlar. "Üfüqdə qaralan dağlar" adlı hekayədə müəllif general rütbəsinə çatmış Eldar Azəroğlunu kəndinə, elinə-obasına sadiq bir insan kimi təqdim edir: "Uşaqlıq çağlarını, ilk gənclik illərini xatırladı. Sonra tələbəlik həyatı. Hər il yayda tətilini kəndlərində, dağlar qoynunda keçirərdi. Hərbçi kimi lap uzaqlarda xidmət edəndə də bu adətinə xilaf çıxmadı. Məzuniyyət vaxtını ailəsi ilə doğma səfalı yerlərdə dincəldi.gÜfüqdə qaralan dağlara eyvandan baxanda ömrünün ötən çağlarının nisgilini çəkib kövrəlsə də, təsəlli tapırdı ki, indi həmin yerləri, torpaqlarımızı qoruyanlar arasında onun dərs dediyi, hərbin sirlərini öyrətdiyi zabitlər də var.gQaş qaraldıqca üfüqdə uzaqlaşıb gözdən itən dağların nisgili qəlbində qövr edir, qeyri-adi bir istək baş qaldırırdı: kaş o doğma, səfalı yerlərdə pay-piyada gəzəydim, gül-çiçəyin ətrindən bihuş olub, bağın meyvəsini dərib, bulağın buz suyunu içə biləydim".
Yurdsevərlik, doğulduğu torpağa bağlılıq Əlövsət Bəşirlinin xatirə və məqalələrində də öz əksini tapır. Müəllifin uşaqlığı Kürün sahillərində keçib. Odur ki: "Əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi. Siz heç Kürün səsini eşitmisiniz? Mən çox eşitmişəm. Hər dəfə gözlərimi yumub diqqət kəsilmişəm: mənə elə gəlib ki, çox uzaqlardan qopub gələn bu səs ulu babalarımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrunda canlarını əsirgəməyən uluların səsi..."
Kürün sahillərində ömrün ötüb keçən illərini xatırlayan müəllif mənsub olduğu nəslin şöhrətli insanlarını da yada salır. Doğma yerlərə baş çəkəndə xatirələr ümmanına qərq olur, Kür qırağında, yaşıllığa bürünmüş sahildə ata-baba yurdunu seyr edir.
Kür deyəndə bir də Əliağa Kürçaylı yada düşür. Ə.Bəşirli böyük ehtiramla xatırlayır ki, yaradıcılıq aləmində ilk xeyirxahı, qolundan tutan adam Əliağa Kürçaylı olubdur. Ə.Kürçaylının köməyi ilə o, Radio və Televiziya Komitəsində işə düzəlmişdi. Buna görə də yazır ki: "İllər keçdikcə müxtəlif ictimai işlərdə, məsul vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, "vətən övladını sorğu-suala tutan" poeziyası ömrüm boyu yol-yoldaşım, sirdaşım oldu". Ə.Bəşirli Əliağa Kürçaylının həyat və yaradıcılığına həsr olunan "Çıxıram qəlblərin səyahətinə..." (müəllifləri Zamin və Mahmud Mahmudovlar) kitabından da rəğbətlə söz açır.
Əlövsət Bəşirli tənqidçi və ədəbiyyatşünas deyil, amma ayrı-ayrı yazıçıların yaradıcılığından, keçdiyi sənət yollarından, bədii əsərlərindən səmimiyyətlə söz açır. Çalışır ki, bir publisist kimi haqqında söz açdığı yazıçılara və bədii əsərlərə obyektiv qiymət verə bilsin, oxuculara əsl həqiqəti çatdırsın. Onun bu tipli yazıları PORTRET səciyyəlidir. Bu yazıların bir məziyyəti xüsusi qeyd edilməlidir: müəllifin haqqında söz açdığı ədiblər və digər sənət adamları əksərən onun müasirləridir, ünsiyyətdə olduğu insanlardır. Ona görə də bu yazılar səmimi təsir bağışlayır. Günlərin bir günü Məmməd Arazla Cabir Novruz Salyana gəlirlər. İş gününün axırında, redaksiyanın ("Qələbə" qəzeti, Ə.Bəşirli burada redaktor müavini işləyirdi) dəhlizində rastlaşırlar. Ə.Bəşirli onları evinə dəvət edir. Gecədən xeyli keçənə qədər həmsöhbət olurlar. Gözəl şair-tərcüməçi Vilayət Rüstəmzadə, istedadlı rejissor Əliqismət Lalayev, şair Oqtay Rza, son dərəcə maraqlı şair Abbasağa Azərtürk, publisist Südabə Ağabalayeva haqqında qələmə alınan yazılar da məhz səmimiyyətilə seçilir. "Poeziyamızın Oqtay Rza ünvanı" məqaləsində Ə.Bəşirli özünəməxsus poetik nəfəsiylə seçilən Oqtay Rzanın şair səciyyəsini canlandırmağa səy göstərir. Məlum olur ki, Salyanda ədəbiyyat vurğunları, yaradıcılığa yenicə başlayan cavanlar rayon Mərkəzi kitabxanasına toplaşarmışlar. "Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb Mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən böyükləri - Əliağa Kürçaylını, Ağacavad Əlizadəni, Xəlil Rzanı görürdük. Oqtay onlardan 5-6 yaş kiçik olsa da, kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar tutmayan, xoşsifət oğlan mənə simsar görünürdü. İkimiz də atasız böyüyürdük. Onun ali təhsilli müəllim atası repressiya qurbanı olmuşdu".
Onun Aqil Abbasın "Allahı qatil edənlər", İradə Tuncayın "Sarı odalar" kitabları, Nahid Hacızadənin 75 illiyi münasibətilə qələmə aldığı yazılarında mənəvi borcdan doğan bir məsuliyyət hissi görürsən. Fikirləşirsən ki, ən yaxın dostu Nahid Hacızadə haqqında, onun mənalı yaradıcılığı barədə Əlövsət Bəşirlidən başqa kim səmimiyyətlə söz aça bilərdi? "Yaxınları, həmkarları həmişə Nahidə qibtə ediblər və əslində elə indi də həsəd aparırlar. Əlbəttə, ona görə yox ki, o, istedadlı, qələmi, bacarığı, təşkilatçılığı sayəsində zaman-zaman inkişaf edib, püxtələşib, yüksəlib. Həm də ona görə ki, vəzifə, səlahiyyət heç vaxt onu bir insan kimi dəyişə bilməyib, səmimiyyətini, sadəliyini, düzgünlüyünü, bir sözlə, şəxsiyyət bütövlüyünü!
Sənət aləminə öz dəst-xətti ilə qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı dili müqtədir sənətkarların, çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin silahı olan Dilin Nahid Hacızadə qələmində sanki muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə öz yerində işləndiyi xüsusi vurğulanmalıdır".
Əlövsət Bəşirli haqqında söz açdığı müəlliflərin üslubunu, özünəməxsus yazı manerasını, həyata, gerçəkliyə yanaşma tərzini düzgün səciyyələndirməyə çalışır. Kimdən yazırsa, onun sənət aləmində fərdi, bir kimsəyə bənzəməyən xüsusiyyətlərini açıqlamağa çalışır. Məsələn, indicə haqqında söz açdığımız Nahid Hacızadə yaradıcılığı barədə yazır ki: "Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi - bütün bunlar yazıçının qələmindən çıxan hekayələrin, povestlərin, pyeslərin, romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini oxuyanda elə bil adamın ürəyinə bir işıq seli axır. Bu əsərlərdə insana, təbiətə, gözəlliyə məftunluqdan doğan poetik təsvir gözümüzü, könlümüzü oxşayır". Son illər öz publisistik və tənqidi yazıları ilə diqqəti cəlb edən Südabə Ağabalayevanın fərdi, özünəməxsus yazı tipini belə müəyyənləşdirir: "Kitabdakı yazıların hər biri mahiyyətə nüfuz etmək, mövzu ilə bağlı müstəqil fikir söyləmək bacarığı, yüksək təhlil mədəniyyəti, eləcə də orijinal fərdi üslubu, axıcı təhkiyəsi, səlis və rəvan dili ilə seçilir. Müəllifin yaradıcılığı jurnalistika ilə ədəbiyyatşünaslığın uğurlu sintezinə gözəl nümunədir".
Əlövsət Bəşirlinin həyat və yaradıcılıq yolu onun qələm dostları tərəfindən də yüksək qiymətləndirilib. Müxtəlif yazılar içərisində biri daha çox seçilir. Bu, Əməkdar jurnalist Ələkbər Abbasov - Şəhrilinin "Əlövsət və Dilarə" dastansayağı yazısıdır. Yazıda Əlövsət Bəşirli və Dilarə Vəkilova sevgisinin həyat amalına, birlik qayəsinə çevrilməsini səmimiyyətlə qələmə alır. Yeri gəlmişkən qeyd edək ki, yarım əsrdən artıq jurnalistikada külüng çalan bu ürək və əqidə yolçuları qələmlərini və imzalarını "Bizim dünya" kitabında birləşdiriblər.
İkinci belə bir yazını Nahid Hacızadə yazıb: "Qəlbin xatirəsi, yazıçı harayı". Bu yazıda Əlövsət Bəşirlinin bir insan kimi, dost kimi, gözəl bir ziyalı kimi portreti ilə qarşılaşırıq. Müəllifin "Ömür keçdi" xatirə-povesti, "Qəsd" romanı ilə əlaqədar mülahizələri öz obyektivliyi ilə seçilir. Çoxşaxəli, dramatik kolliziyalarla zəngin olan romanda müasir həyatın, gerçəkliyin narahatlıq doğuran problemləri öz əksini tapır. Nahid Hacızadə doğru olaraq qeyd edir ki: "Qəsd" - roman-ittiham, həm də çağırışdır, haraydır! "Qəsd" romanı sözün əsl mənasında yatmış hissləri, sönmüş vicdanları, qaralmış qəlbləri təlatümə gətirən, işıqlandıran bir kitabdır".
Yetmiş beş il! Baba yaşı! Müdrikliyin, ağsaqqallığın çatdığı zirvə...gBu yaşdan geriyə boylananda Əlövsət Bəşirli mənalı bir ömür yaşadığına əmindir. Biz də əminik. Gözəl yazıçı, jurnalist həmkarımıza, böyük qardaşımıza can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV