ALTMIŞINCILAR: ƏŞRƏF VEYSƏLLİ - 1

TOFİQ ABDİN
42687 | 2013-06-22 01:21
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
- Sizi mərkəzin yazarlar cəmiyyətində heç görmürük. Nədir bu özünəqapanış? Bir inciklikmi var? Dostlardanmı xəyanət görmüsən, yoxsa...
- Siz yaxşı bilirsiniz ki, heç gənclik illərimdə də mərkəzin yazarlar cəmiyyətində çox görünməzdim. Əstəğfürullah heç kəsdən incikliyim yoxdu. Dostlarım özümdən vəfalıdır. Təsəvvür edin, məni dəfələrlə İctimai Televiziya "Səhər Sovqatı" verilişinə dəvət edib. Lakin səhhətimdə olan ciddi problemlər mənim oralara getməyimə mane olub. Bir də ki, indi elə bir zəmanədir ki, hər kəsin başı özünə, öz problemlərinə qarışıb... Bilirsiniz - sizdən ötrü, Fikrət Sadığı, Fikrət Qocanı, Ələkbər Salahzadəni, Vaqif Yusiflini görməkdən ötrü burnumun ucu göynəyir. Amma nə yazıqlar ki, elə "bu gun, sabah" deyə-deyə günlərimi yola salıram. Bəzən elə hadisələr baş verir ki, adam heç kimə bildirmək istəmir:

Əşrəf, yaşa el içində,
"El içində, öl içində".
Adam belə ağır gündə
Dostu imtahan eyləməz.

- Çox işlənmiş sual olsa da bilmək istərdim, ədəbiyyat dünyasını seçməyinizdə bir təkan olubmu, yoxsa Allaha təvəkkül deyib o zamanın ən gözəl fakültələrindən biri olan şərqşünaslığı qazanmışdın?
- Hələ 4-cü, 5-ci sinifdən şeir yazardım. Təəssüflər ki, onların hamısı bu gün işğal altında olan Yuxarı Veysəlli kəndində qaldı. Ədəbiyyat dünyasını seçməyimdə ədəbiyyat müəllimlərimin: Feyruz Əliyevin, Nemət Hüseynovun, Ənvər Həşimovun və Murad müəllimin böyük əməyi olub. Onların saatlarla klassik və çağdaş ədəbiyyatımızdan ürək coşqusu ilə söhbət açmaları məndə şerə-sənətə sonsuz maraq yaratmışdır. Şərqşünaslıq fakültəsini seçməyim isə sözün əlçatmaz zirvəsində qərarlaşan böyük Füzulini dərk etmək, anlamaq istəyimdən irəli gəlib. Etiraf edim ki, indinin özündə də M.Füzuli yaradıcılığında qaranlıq məqamlarım çoxdur.

Əridin şam kimi hey yaza-yaza,
Keçilməz sədləri şeirinlə keçdin...
Sənin salamını almadılarsa,
Mənim salamımı kim alacaq, kim?

- Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin bu ömür yolundan razısanmı?
- Deyirlər ki, dünyada heç nəyin təkrarı yoxdur, oxşarı var. Hətta ağacın yarpaqları da, insan barmaqlarının izləri də bir-birinin təkrarı deyil... haçansa oxuduğum yazıda deyilərdi ki, adını unutduğum bir rəssam on il göydən düşən qar dənəciklərinin şəklini çəkib və o da bu qənaətə gəlib ki, onlar da bir-birinin təkrarı deyil. Bəlkə də yaşadığımız dünyanın özəllikləri də, gözəllikləri də bu təkrarsızlıqdadır. Keçdiyim ömür yoluna baxanda isə orada çoxlu boşluqlar görürəm. Mən onu bütünlüklə ədəbiyyata sərf etməməyimə görə təəssüflənirəm. Keçdiyim ömür yolundan razı olsam da, olmasam da o mənimkidir... Şirinli-acılı bir ömür yolu...

Növ-növ oyunlarla baş qatmışam mən,
Çox vaxt uduzmuşam - bəxtim olmayıb.
Vaxtı öldürməyə vaxt tapmışam mən,
Vaxtı yaşatmağa vaxtım olmayıb.

- Azərbaycan ədəbiyyatının 60-cı illər havasında sənin adın dostların tərəfindən həmişə hörmətlə çəkilir və yazdığın şeirlər uzun illərdi unudulmur və məncə hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır və ədəbi aləm sənin o illərini bir etap kimi dəyərləndirir. Özünüz bu barədə nə düşünürsünüz?
- Adımı hörmətlə çəkən bütün dostlarımın qarşısında baş əyirəm. Onların xoşuna gələn bir neçə yazım varsa, özümü xoşbəxt sayıram... bir dəfə böyük rus şairi Mixail Svetlovdan soruşurlar ki, sənin neçə yaxşı şeirin olar? Cavabında: olsa-olsa üç yaxşı şeirim var. SSRİ Yazıçılar İttifaqının 15 000-ə yaxın üzvü var. Əgər onların hərəsinin üç yaxşı yazısı olsa, biz X1X əsri qabaqlayarıq, - deyir. Doğurdan da 60-cı illər ömrümüzün ən coşqulu və qaynar vaxtları idi...
- Dostlar itirmişik, onların içində bizimlə çox yaxın olanlar da vardı, kimlərin itkisi səni incidir?
- "Şairlər hamısı bir ananın övladlarıdır", - deyir Fikrət Qoca. Bu baxımdan çoxlu sayda sənət qardaşlarımızı itirmişik, sıralasaq böyük bir siyahı alınar. Qoy hamısının ruhu şad olsun. Ancaq bizimlə xüsusi və yaxın münasibətləri olanlardan Əli Kərim, Xəlil Rza Ulutürk, Məmməd Araz, Fərman Kərimzadə, Sərdar Əsəd, İsi Məlikzadə, İsa İsmayılzadə, Ağa Laçınlı, Eldar Baxış, Əhəd Muxtar, Davud Nəsib, Tofiq Bayram, Zamin Mahmudov, Vaqif İbrahim, Səyavuş Sərxanlı, Elçin Elgün, Ağəddin Mansurzadə, Zülfüqar Qodmanlı, Fikrət Cavad, Sabir Rüstəmov, Nüsrət Kəsəmənli, Tofiq Mahmud, Tofiq Məmməd, Hikmət Ziya, Rüfət Zəbioğlu, Cabir Novruz, Kamran Veysəlli, Akif Səməd, Əliağa Aslan, Şaiq Vəli və ömrünün son dəqiqəsində də yanında olduğum Feyzi Mustafayevin...yoxluğu içimi ovur.

Qan ağlayan simlər düşdü yadıma,
Dürlü-dürlü qəmlər düşdü yadıma
Aman Allah kimlər düşdü yadıma,
Dəli olmaq istəyirəm bu gecə.

Alışıram, qovruluram hər gecə.
Uzandığım yorğan-döşək odlanır.
Bu dünyada qalan ömrüm beləcə,
Cavan ölən dostlarımdan utanır.

Dost itkisi ürəyimə xəncər kimi sancılıb. Vətən itkisi - Qarabağ itkisi isə belimi qırıb:

Azadam, xoşbəxtəm deyə,
Səs saldım bütün ölkəyə.
Sevincdən hoppandım göyə,
Düşəndə torpaq olmadı.

- Yəqin ki, ədəbiyyatımızın bu günü haqqında gedən söhbətlərdən xəbərin var. Yenə də hər kəs öz işindədi, bu sizi incidirmi?

- İstedadına güvəniləsi çoxsaylı gənclərimiz var... keçmişi bəyənməmək, "bir-birinin bostanına daş atmaq" həmişə dəbdə olub. Məşhurlardan biri deyib ki, "keçmişinə güllə atanları, gələcək topdan atəşə tutacaq". Uşaq öyrənə bilmədiyi dərsdən qaçan kimi biz də klassiklərimizi dərindən öyrənmək əvəzinə, çox vaxt onları bəyənmirik. Belə yerdə Rəsul Rzanın bir fikri yada düşür: "Bəyənməməyin, bilməmək kimi atası var". Bizim həmişə məbəd kimi baxdığımız yazarlar birliyinin adına deyilən, əslində ona yaraşmayan fikirlər məni də ağrıdır. Gənclərimizin qrup halında birliyi tərk etmələrinə pis baxıram... Ancaq M.Füzuli heç bir yaradıcılıq Birliyinin üzvü olmayıb. Deməli, Birliyin üzvü olmadan da yaxşı sənət nümunələri yaratmaq olar. Bir də ki, müdriklərimizin gözəl bir kəlamı var: "Dəyirman öz işindədir, çaxçax başını ağrıdır".

ƏŞRƏF VEYSƏLLİNİN YENİ ŞEİRLƏRİNDƏN SALAM

Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb, mətləb anlayan,
Qədir bilən şairlərə.

Bir nəfəsə min ah çəkən,
Hər sözünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.

Hər gecə yanıb-yaxılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə!

ANADAN OLMAYAN ŞAİR

Sözə könül verdim uşaqlığımdan,
Dilsiz vərəqlərə açdım qəlbimi.
Alışa bilmədim söz ocağında,
Elə tüstüləndim yaş odun kimi.

Titrədi, büdrədi atdığım addım,
Həsrət qoşun çəkdi üstümə mənim.
Güc bəla özümü oddan çıxartdım -
Kimsə kor olmasın tüstümə mənim.

Aləmi özümə güldürmüşəm mən,
Bəxtimin gülşəni gülməyib hələ.
Özümdə bir şair öldürmüşəm mən.
O şair anadan olmayıb hələ.

QƏRİBLİYƏ

Oğlanlarım qərib oldu,
Özüm düşdüm qəribliyə.
Mən vətəndə bir qəriblik
Sezib düdüm qəribliyə.

Həsrət gəlib tapdı məni,
Soydu məni, çapdı məni.
Nəvələrim öpdü məni,
Gözüm düşdü qəribliyə.

İlhamını alıb eldən,
Könlüm uçub qalıb eldə.
Bir söz dedim qərib eldə,
Sözüm düşdü qəribliyə.

QÜRBƏTİ

Zamanın gərdişi, vaxtın qələmi
Yazdı qismətimə yenə qürbəti.
Bir muğam dəstgahı, bir saz havası
Gətirdi imana-dinə qürbəti.

Yaşıl meşələrdə yanğın başladı.
Yandı yuvaları perik quşların.
Üç məsum körpənin qız baxışları
Qoymadı köksümə sinə qürbəti...

Gəzib dolaşdılar gözü-könlü tox
Ömrün ləzzətini daddılar az-çox.
Qərib olsalar da görmədilər, yox
Baba qəribliyi nənə qürbəti.

Nə var bu dünyada vətəndən əziz,
Ona sevgimiz də tükənməz dəniz.
Vətən övladları, var olun ki, siz
Vətən eylədiniz mənə qürbəti.

(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV