adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BƏS, BU MƏMLƏKƏTƏ KİMLƏR LAZIMDIR?!

VƏSİLƏ USUBOVA
36879 | 2013-06-20 00:30
Yazıya kiçik bir müdaxilə: Bir ay olar "525-ci qəzet"dəki bir neçə dosta yenicə çıxan ONLARIN DÜNƏNİ (Publisistika -1) kitabımı vermişəm və təmənnam da bu ki, bir həmkar bəlkə ondan bir xəbər yazdı. Kimsədən çırt belə yox. Arxivlə eşələnirkən çox hörmətli qələm sahibi Vəsilə xanım Usubovanın 2002-ci ildə mənim haqqımda yazdığı yazı rastıma çıxdı. Vəsilə xanımdan icazə almadan bir baxımdan həmin kitabdakı yazıların havasında yazılan yazını oxuculara təqdim edirəm.

"Lili İvanovnanın səsi və barmaqları" yazısının müəllifi TOFİQ ABDİNƏ

Onda tələbəydik. Başımız az qala buludlara dəyir, ayağımızın altındakı torpağa minnətlə qədəm basırdıq. "Səadət hər kəsin öz əlindədir, işində, gücündə, əməlindədir" mahnısına qulaq asa-asa, qulaq asıb inana-inana xoş günlərimizin öz əlimizdə olduğuna, əməllərimizlə ucalacağımıza, gərəkli, qiymətli vətəndaş olacağımıza əmindik. Az qala hər ay, hər həftə kosmosa raket, peyk göndərən vətənimizdə özümüzü nəinki ulduz kimi, lap elə kainatın sahibi kimi hiss edirdik. Bəxtəvərliyimizin bir təsdiqi də o idi ki, köşklərdən istədiyimiz qəzet-jurnalı alıb oxumağa pulumuz vardı. Pulumuz vardı və biz də alıb oxuyurduq. "Azərbaycan gəncləri"ndə, "Ulduz"da gedən yazıları izləyir, oxuyub bir-birimizə ötürür, yığışıb təngənəfəs müzakirə edirdik.g
gBir gün oğlanlardan biri "Qobustan"ı gətirdi. "Burada gedən yazını oxumusunuz?" deyə soruşdu. Cavabımızı gözləmədən açıb göstərdi: "Lili İvanovanın səsi və barmaqları"...gO zaman cəmi bir manata satılan "Qobustan"ı rast düşən kimi alırdım və həmin yazını da oxumuşdum... Müzakirədən sonra oğlan jurnalı qatlayıb qoynuna soxdu və "mən bu gündən sonra o adamın yazılarını izləyəcəyəm" dedi...
O vaxtdan iyirmi beş ildən artıq bir zaman keçir. Tələbə yoldaşım öz sözünə əməl elədi, eləmədi, bilmirəm, amma mən həmin vaxtdan Tofiq Abdinin yazılarını izləməyə başladım... Amma az yazırdı. Ola bilsin ki, mənim əlimə düşmürdü. Bir ara şeirlərinə də rastladım...
Bu iyirmi beş ildə çox şeylər oldu. Ən azından daha Lili İvanovanı eşitmirəm - indi başqaları oxuyur. Amma mən gəncliyimizin Lilisini - onun səsini və boğazından daha çox "oxuyan" arıq əllərini, gərilmiş barmaqlarını unuda bilmirəm. Və həmişə də Tofiq Abdinin həmin məqaləni yazan barmaqlarını xəyalımda canlandırmağa çalışıram...
Qəzet-jurnallardan, ekran-efirdən bu aləmə bir qədər bələdçiliyim var. Fikrimdə yanlışlıq olsa da deyəcəyəm. (Mən səhv etməkdən yox, ürəyimdəkiləri deyə bilməməkdən daha çox əzab çəkirəm). Elə bilirəm ki, sənət dünyasında olan çəkişmələr, didişmələr heç yanda yoxdur və əksər dəyərləndirmələrdə, söz demələrdə bir üzgörənlik, təmənna olmamış deyil. Bəzən qiymətli bir əsər barədə susur, ortabab birini göylərə qaldırıb ədəbi hadisə alandırırlar.
Qayıdıram mətləb üstünə. Sonralar "Yeni Azərbaycan"ın "Ədəbiyyat" əlavəsində Tofiq Abdini tapdım! Amma bir qədər fərqlə. Elə bil yazılarının dili bir qədər ağırlaşıb. Bir də... içini gəmirən, rahatlıq verməyən bir nigarançılıq duyuram yazılarında. Ümidsizlik, həsrət, nisgil duyulur sətirlərində. Hardasa sızıldayır, göynəyir Tofiq Abdin...
Bu yerdə mən ikiəlli səs verirəm ona. Haqlıdı Tofiq Abdin! Qələm sahibinin iç yanğısı nə qələmi, nə kağızı yandırır. Bu alovun dilləri ancaq oxucu qəlbini yalayıb keçir. Həm də duyğu və düşüncələri, iç dünyası qələm tutana məhrəm olan oxucunun qəlbini. Bu məqamda onu onunla baş-başa verib dərdləşmək istəyirəm.
Biz aldadılmış nəsilik, Tofiq Abdin! Yanğımız da aldanışımızdan doğur. Ən doğma, ən əziz adamının cənazəsini görmək də insanın ümidlərinin, xəyallarının puç olması qədər ağrıtmır. Qiyamət onda qopur ki, öz əllərinlə ümid və xəyallarının gözlərini qapayırsan. Yaratdığın illüziyaların kəpənək qanadının tozu kimi barmaqlarında qalan izləri qəbir evinə qədər göynədir səni. (Bu sətirlərin Sizə aidiyyatı nə dərəcədədir, bilmirəm. Mən öz dünyamdan söz açıram).
Uzun ilər müxtəlif yazı müəlliflərinə məktub yazmaq istəmişəm. Sonda ümidsizləşib fikrimdən soyumuşam. "Ədəbiyyat" əlavəsinin 20-ci nömrəsində dərc olunmuş "Bu məmləkətdə mən Kiməm" adlı yazınız qəti şəkildə həvəsləndirdi məni. Bu hamımızın içindən gələn, əslində içində qalan və bizi zaman-zaman gəmirən bir sualdır. Elə bilirdik öz taleyimizi özümüz yazırıq. Sonralar, (çox təəssüf, min təəssüf ki,) çox-çox sonralar, gecdən də gec anladıq ki, biz taleyimizi nəinki yaratmırıq, onun bir anını belə dəyişdirməyə qabil deyilik. Olsa-olsa, taleyimizin ardıycan sürünürük. İnsan ömrü proqramlaşdırılmış kompütermiş - idarə olunurmuş! (Kaş əvvəldən buna inanaydıq, çünki bunu anlayandan sonra yaşamaq asan olur!)
Ancaq... İkinci bir tərəfdən, insan öz zəmanəsinin adamıdır, axı. Ayaq tutub yeriyən gündən üzv olduğu cəmiyyətin qadağa və güzəştləri burulğanında çabalayır. Çabalaya-çabalaya bir gün ayılır ki, yaş yarıdan keçib. Ömür köhləni dördnala çapıb gedib, yüyəni qalıb əlində. Sən kitabxanalar küncündə gözünün nurunu əridəndə keyfxanalarda gözləri süzülənlər səndən daha gərəkli olublar. Ayaqüstə dura bilməyənlər oturublar sənin başında. Nazıyla oynamadığın, səxavətlə "xərclədiyin" cansağlığın da bir tərəfdən durub qəsdinə... Və sən daha heç kimə gərək deyilsən. Və... və... bir gün də ədəb-ərkanla deyirlər ki, buyur, çıx təqaüdə, yerini ver cavanlara. Bax, onda diksinib ayılırıq. Qəlbimizdə ağrılı-acılı bir nida qopur: Axı, mənim qüvvəmdən, illər uzunu qətrə-qətrə yığdığım təcrübəmdən nə vaxt istifadə etdilər ki... Axı, mən çox şey edə bilərdim. Çox şeyə qadirdim...
Əvvəllər göz yumurlar, sonra bəyənmirlər. Bilirsənmi, uzun illər bundan qabaq bu sətirlərin müəllifinə dik gözünün içinə nə dedilər? "Nəyimizə lazımdır sənin savadın, bacarığın?" Mən də öz növbəmdə həmin adamdan soruşdum: "Savad istəmirsiniz, bilik, əxlaq, mədəniyyət istəmirsiniz. Bəs, onda sizə nə lazımdır?" Heç birimizin cavaba ehtiyacımız yox idi - hər ikimiz öz sualımızın cavabını yaxşı bilirdik. Bax, həmin gündən mənim də beynimi, varlığımı bir sual gəmirir: "Bu məmləkətə Kimlər lazımdır?" Cavabını bilirəm, daha dəqiqi, hər addımbaşı dörd bir yanımda görürəm bu sualın cavabını...
Bax, belə, əzizim. İnsanı beləcə öz torpağında qəribə çevirirlər. Yadınızdadırmı, o illərdə bir şablon ifadə vardı - yeri gəldi, gəlmədi işlədirdilər: filankəsin ömür yolu daşlı-kəsəkli cığırlardan keçib. Yalan idi! Heç istedadı, bacarığı olanların qabağına itələnən kötüklərdən söz açılmırdı. Heç belələrindən yazırdılar ki... Bütün "qəhrəmanlar" kötüksüz irəliləyənlərdi...
Bu saydıqlarım məni heç vaxt sındıra bilməyib, əksinə, daha da qürurlandırıb. "Sayılmayan qadın dünyanın ən gözəl qadınıdır" deyiminə necə baxırsınız?..
Tofiq bəy, adətimdi, yazılarımı nikbin sonluqla bitirməyi xoşlayıram. O zaman "Qobustan"dakı yazılarınızdan biri belə adlanırdı: "Siz İsmayıl Osmanlıya məktub yazmısınızmı?" O yazıda ürəyimcə olan bir fikir vardı: xarici ölkələrdə sənət adamlarına məktub yazmaq həmişə dəbdə olub. Və bir yazınızda da belə bir fikir önə çəkilmişdi: niyə vaxtında bir-birimizə layiq olduğumuz sözləri demirik. Axı, yetmişdən sonra heç nə adama ləzzət vermir. Baxın - qabağınızdan çıxdı - mən Sizə məktub yazdım. Sizi bəlgə tutub həm öz ürəyimi boşaltdım, həm də Tofiq Abdinə onun bu məmləkətdə kim olduğunu bir parça xatirələrimlə anlatmaq istədim. İnsan başqasını qiymətləndirəndə özü də qiymətli olur!
Klassiklər demişkən, sizlərə bir namə yazdım can üzə-üzə (Həmişə yazanda ən yaxşı cümləmi unuduram). Qalanı qaldı badi-səbanın boynuna. Yetişəcəyinə, oxunacağına, dərc olunacağına ümidliyəm. Üstəlik Sizdən cavab məktubu da gözləyirəm - əlbəttə, qəzetdə. Niyə bizim yazışmamız əyalətlə mərkəz arasında bir körpü olmasın?! Üz versəniz, yenə də yazılar göndərəcəyəm. Qorxmayın, astar istəmərəm. Bir balaca soyuqluq göstərsəniz, hesabımı götürəcəyəm - çəkilib oturacağam yerimdə. Necə ki, bu uzun illər oturmuşam.

Vəsilə USUBOVA

TƏQVİM / ARXİV