YOL ROMANI(X hissə)

İRADƏ TUNCAY
57476 | 2012-04-16 17:36

(Əvvəli ötən şənbə saylarımızda)
   
   EPİLOQ
   
   Bəşər övladı neçə min illərdi yol salır. Hər dövr öz nəqliyyat vasitələrinin yolunu qurub. Ağac döşəyiblər, kəsmə daş düzüblər, beton töküblər. Yollar insan mədəniyyətinin bir parçası olub. Və həm də istəyinin... Harasa getmək istəyinin, özü olmaq istəyinin, özündən qaçmaq istəyinin... Yollar bəzən onları qurub düzəldənlərin adıyla bağlanıb, bəzən ordan keçib gedən hakimlərin adıyla, bəzən də ordan daşınan qiymətli yüklərin adını daşıyıb.
   
   Müharibələr və ticarət karvanları yol anlayışına yeni bir anlam verib. Qədim Romalılar bütün fəth etdiyi torpaqlarda şəbəkə yollar qurub, əsas yola bağlayıblar. İmperiya genişləndikcə yollar rahatlaşıb. Amma əsas olan budur - bütün yollar Romaya aparıb... Romaya...
   
   İnsan varsa yol da var. Qısası bu. Və hər dildə olsun gərək Yol sözünün birbaşa, ya da məcazi anlamı. Ömrümüz boyu bu anlamları getdiyimiz yollarla daşıyırıq - "Yola düşürük", "yola gedirik", "yol tapırıq", "yoldan çıxırıq", "yola veririk". Həyat yolumuzu bəlirləyən, bizi-biz edən bu anlamlardan hansının daha üstün gəlməsidi. Öz Yolumuzu beləcə tapırıq...
   
   Bütün yollar Romaya aparır. Ha Romaya, ha Romana...
   
   Anamı ağlatdı bu Roman mənim. Çox danışdım özümlə... Uşaqlığımgilə dəydim, oyuncaqlarımgilə dəydim. Bəzən gizlətdim özümü, bəzən bütün çılpaqlığı ilə baxdım özümə. Mutsuzluqdan bir şey yapamaz olunca mutsuzluğu düşünməyə başladım. İşıqlı qaranlıqda ulduzlarla danışdım, o uzaqlıqdan öz yaxınıma qayıtdım. Ümid yolun açdım... İstək varsa, ümid də var... Ümid varsa inam da var... Bu Varların içində yoxluqları itirməyə çalışdım. Çalışdım hər halda...
   
   Sonra bu ötüb-gedən ili təhlil etməyə çalışdım. Bu qədər dəyişimlərin üst-üstə gəlmələrinin səbəbini axtarmaq istədim. Və mənə heyrət verən bir kəşflə üzləşdim. Sən demə, 2011-ci il Mayya təqviminə görə, Şimşək iliymiş, mən də həmin ildə doğulmuşam, yəni anlayacağınız mənim Mayya təqvimindəki bürcüm Şimşəkdi. Maraqla bürcün özəlliklərini oxudum və gördüm ki, tam isabət. Bu təqvimə görə, Şimşək ən üstün bürcdü və dünyanın çox məşhurları həmin Şimşək günündə doğulublar. (Dahi olduğun bir daha təsdiqləndi, Qumral gözlüm). Bu adamlar çox emosionaldılar, hətta çox sakit olduqları vaxtda da gözlərindən daxili gərginliyi və hisslərinin gücü bilinirmiş. Elə şimşək kimi çaxıb anidən hər şeyi işıqlandırmaq gücü varmış. Bu Şimşəyin həm pozitiv, həm də neqativ hisslərinə aid imiş. Və dəyişkən halları olurmuş Şimşəyin, anidən böyük sevinci anlaşılmaz kədərə dönüşə bilirmiş. Amma onlar lap kiçik yaşlarından öz güclərinə bələd olduqlarından hər zaman bu gücü istiqamətləndirməyi və yönətməyi də bacarırlarmış. Və öz iç dünyası ilə əbədi savaş onların simasına bir tragik möhür də vururmuş. Xasiyyəti başına bəlaymış Şimşəyin - içindəki həyəcanlar, təbəddülatlar rahat qoymurmuş onu ömrü boyu. Bu xasiyyət onun ətrafındakı adamlara da çox əziyyət verirmiş (Tofiq abi necə yazmışdı mənim haqqımda - Sənsiz yaşamaq çətin, səninlə yaşamaq zor). Diqqət çəkə bilir, diqqət mərkəzində ola bilir və buna səbəb onun xarici görkəmi, ən əsası isə şimşək kimi çaxan gözləriymiş. Bu adamlar özlərini daha çox sənətdə, ədəbiyyatda realizə edə bilirlərmiş. Nüvə enerjisi kimidi Şimşəklər - həm dağıdıcı, həm də yaradıcı özəlliyi var. Və Şimşək həyatını məsud yaşamaq istəyirsə, içindəki hüzuru bulmalıdı. O zaman heç kimə müəssər olmayan zirvələrin fəthi şəksiz bir şey. Tam bir bəlaymış bu Şimşək!
   
   Ay aman, il ötüb-gedib və mən - Şimşək indi öyrənirəm bunları. İndi agah olur mənə bəzi hikmətlər. Bu Mayya təqvimi indi çox aktual olub axı - deyirlər 2012-ci ilin dekabrında dünya dağılacaqmış. (Əslində belə deyil təbii. Təqvimə görə, bir günəşin dövrü bitir və yeni dönəm başlayır).
   
   Cəhənnəmə dağılsın, mən öz Şimşək ilimi yaşadım, Yolumu getdim.
   
   Hər şeyi demək də, danmaq çətin... Arabir bu gizli dərd udur məni...
   
   Yolu getdim. Neçə sərhəddən keçdim, ötəri də olsa baxdım... Nəyə baxdığımı gözlərim gördü. Gözlərimin gördüyünün bir qismini sizə də göstərdim. Qəlbimin gördüyünü saxladım. Qırxıncı otaq qapalı qalmalıdı. Açılsa fəlakət olar dedilər. Niyə olsun ki?.. Qapalı ölkədən keçdim - insanların üzündə dərd-ələm gördüm... Qapalıydılar - əyinləri də, ruhları da... Dili-ağzı bağlı... Hətta məzarları da dəmir barmaqlıqlarla örtülmüşdü... Altdan-üstdən... Beləsini heç yerdə görmədim... Necə yaşayırlar, elə də ölüb-gedirlər... Örtülü, qapalı... Anlamadım - bunlar ölülərini də niyə həbs edirlər, niyə dəmir barmaqlıqlar altında yatırdırlar? Yadımdadı, nənəm bizə vəsiyyət edərdi ki, "üstümə sinə daşı qoymayın". Qiyamət gününə inanırdı qadın - hər kəsin bir gün məzardan qalxacağına inanırdı...
   
   Əməl etmədik, sonra fikirləşirdim həmişə bunu. Fikirləşirdim ki, bizə günah yazıldı. Amma indi dəmir qəfəsin içində yatan bu məhkum - ölülər də qiyamət günü yəqin zindanla əlləşməli olacaqlar.
   
   İndi həm də düşünürəm ki, neçə minillik tarixi olan bir dövlətin yollarıyla gedə-gedə niyə nekro-düşüncələrdən qurtula bilmirdim. Dağ yolları, yamacda məzarlar, o biri tərəfdən də çay axır. Araz axır... Çayın o biri sahilində də müharibə viranələri. Xaraba kəndlər... İçimə çökmüş ağırlıqdan qurtula bilmirdim. Yolun bitməsini istəyirdim. İncitdi məni...
   
   Bu bölgənin gələcəyini təsəvvür etməyə çalışırdım, ağlıma qorxudan başqa heç nə gəlmirdi. Bir də kəndlərin içindən keçəndə miskin görünüşlü insanlara baxıb da Çalıquşu Fəridənin müəllimlik etdiyi köyü xatırladım, cocuqları da ölü oyunu oynayan köyü. Qorxu üzərində bərqərar səltənət.
   
   Sonra bu qorxunun hətta qoxusunu hiss etdim, səsini duydum, soyuqluğu üşütdü məni. Yaxın, doğma adamların bir-biriylə pıçıltıyla danışması ürpəndirdi məni. Nə şüşə kimi yollar, nə təmizlikdən parıldayan küçələr, nə bol havalı meşələr ciyərdolusu nəfəs almağa imkan vermədi. Narahatlığın içində rahat olmaq... Könül xoşluğu bulmaq... Xülya... İlğım...
   
   Böyük İmperiyalar qurmuş babaların torpaqlarında gəzdim, dolaşdım. Çox düşündüm - nəyi tapdıq, nəyi itirdik? Cavabını da tapa bilmədim, itmişdi əsrlər öncə...
   
   Dəyişimlər yolu... Özümdən-özümə yol... Bir ömür xərclədim bunun üçün... Büdrədim, yıxıldım, qalxdım...
   
   Sonra bir gün həyatım dəyişdi bütün mənalarda. Hətta düzənim, günümün axarı dəyişdi. Deməli, boş şeymiş deyəndə ki, bəlli bir yaşdan sonra insan heç nəyi dəyişə bilməz, bu dəyişimlərə dözə bilməz. Əksinə, insan hər zaman dəyişimlər özləmi ilə yaşayır. (Özləmək və gözləmək sözlərinin etimoloji bağlılığı varmı? Bilməm ki, filoloq deyiləm).
   
   Kimsə özünə etiraf edə bilir bunu, kimsə də edə bilmir. Amma ürəyinin dərinliyində var hər kəsin. Etirafa gedə bilməyənlərin həyatında nəyin dəyişib-dəyişmədiyi haqda ancaq fərziyyə yürütmək olar.
   
   Çevrəsi olan, sevilən, sevilməyən kimsələri olan biriləriyik, boşluqdan nəyəsə əl atmırıq. İzahı bu deyil - yalnız özümüzün bildiyimiz çox və ya az nəsnələrdən biri də budu.
   
   Kəşf elədim özümü - hər dəliliyi, çılğınlığı edə bilərəmmiş. Gecikdiyinə təəssüf edə bilərəm bəlkə, bəlkə də təəssüfə dəyməz. Belə olmalıymış yəqin... Bəlkə də içimdə yaşatmaqla tale məni bu şəkildə qoruyub. Olmalıydı amma... Xoş dəqiqələr də, günlər də, əzab-əziyyət də... İncimək, küsmək də hər şeydən. Hamıda olan kimi... Vaxt dəhşətli bir şeydi, bunu hər gün hiss edirəm. Və bütün olanları fəlakət kimi, ya taleyin töhfəsi kimi qəbul edəcəyimi də bilmirəm. Cavabım yoxdu - amma təsadüflərə inanmıram artıq.
   
   Donmuş, lehimlənmiş həyatıma cərəyan gəldi, damarlarımda qan dövran eləməyə başladı. Qüdrət... Səadət bildiyim hər şey cirəylə... Amma getdiyim Yol ömür yoluymuş.
   
   Yolu gedib də Qırxıncı otağın kandarında dayandım. Yasaq odanın... Açmaq olmaz dedilər. Açıb-görəcəyin nə ola bilər ki... Otu itin qabağına, əti atın qabağına qoyublar... Bütün Qırxıncı otaqları qır-dağıt, Qumral gözlüm. Yeni yollar ara-bul... Getdiyin yolu anlaya bilsən, tanıya bilsən heç nə çətin olmazmış... Mövlana der ki, ağılın kimyası və aşkın kimyası başqadı. Ağıl təmkinlidi, qorxa-qorxa atar addımlarını. "Aman, ehtiyatlı ol"- deyər. Halbuki aşk böylə deyil. Onun tək dediyi - "Burax, içindəki məhbusu, qoy getsin".
   
   Ağıl kolay-kolay yıxılmaz. Aşk isə kendini yıpratar, viran edər. Xəzinələr və dəfinələr isə xarabalarda bulunar. Nə varsa viran olmuş qəlbdə var! Bu həyatda təkbaşına inzivada qalaraq, sadəcə kendi səsinin yankısını duyaraq Həqiqəti kəşf edəməzsin. Kendini ancaq bir başqa insanın aynasında tam olaraq görə bilirsin. Nə yönə gedirsən get - Doğu, Batı, Quzey, ya da Güney - çıxdığın hər yolçuluğu içinə doğru bir səyahət olaraq düşün! Kendi içinə yolçuluq edən şəxs, sonunda ərzi dolaşır. Səndən yepyeni və təptəzə bir "Sən" zühur edə bilməsiyçün zorluklara, sancılara hazır olman gərəkir.
   
   Yer üzündə yollar bitməz. Həm yollarım, həm sözlərim, həm də konuşan gözlərim var... Yolları gəzdim, gözlərimlə baxdım, sözlərimlə dedim. Yolun bitdiyini düşünmək aldanışdı dedilər. Bitməz... İnsan qəlbi isə ən böyük müəmma. Bu labirintdə azmaq ehtimalı da var.
   
   Şimşək Qadın, sən ordan gəldin axı, göylərə bax, sonra istək aynasına bax.
   
   İstək aynasına baxıb da min işıq ili ötədə, neçə ulduz dumanlığı ötədə yaşayan birinə de sözlərini. Susacaq ayna, cavab gəlməyəcək...
   
   Hər şeyi demək də, danmaq da çətin...
   
   Və anlayacaq ki,Qumral gözlü dev...
   
   BİTMƏZ !
   
   May, 2011- yanvar, 2012

TƏQVİM / ARXİV