Əlvan rənglərdən qapqara xəbər

ETİBAR CƏBRAYILOĞLU
89579 | 2013-06-15 01:06
Əlvan rənglərdən möcüzə yaradan Toğrul Nərimanbəyovun qara xəbəri gəldi. O, Azərbaycanın dünyaya bağışladığı dahi sənətkarlardan idi. Rənglərin yavaş-yavaş tündləşdiyi 30-cu ildə Bakıda doğulmuşdu. Özü də rəssam kimi. Balaca yaşlarından Bakı, İçərişəhər Toğrulun gözlərinin önündə idi. Bakını, İçərişəhəri tez də əsərlərinə köçürdü. 10-12 yaşlarında İçərişəhərdəki evlərin damına çıxıb şəkillər çəkərmiş. Toğrul dünya onu görsün və tanısın deyə dama çıxmadı. Damlardan baxıb elə əsərlər yaratdı ki, dünya onu gördü, tanıdı və sevdi. Toğrul Nərimanbəyov dünyaya yaxınlaşdıqca Azərbaycandan uzaqlaşmadı. İlin çox hissəsini Fransada yaşasa belə...
Toğrul Nərimanbəyovun fırçasından çıxan əsərlərində Azərbaycan elementlərini, Azərbaycan havasını görməmək mümkün deyildi. Bu havanı canında saxlamaq üçün aradabir Baklıya gəlir, aurasına vurulduğu doğma Bakını, İçərişəhəri dolaşır, yenə doğma Parisə qayıdırdı.
Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunan bu yazını kompüterə köçürdükcə bu böyük fırça ustasının ölməz əsərlərini və Rəsul Rzanın həmişəyaşar "Rənglər" silsiləsini xatırlayıram:


... Gördüyümüzdən artıq görmək istəməsək
Hər rəng adicə bir boyadır.
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin
gecənin, səhərin
və insan taleyinin...


Al-əlvan boyalı əsərlərində Azərbaycanı yaşadan Toğrul Nərimanbəyovun 83 ildən artıq yaşamağa gücü yetmədi. Anasının doğulduğu Fransada dünyasını dəyişdi, atası göz açan Şuşaya qayıda bilmədi. Müsahibələrinin birində Şuşaya turist kimi yox, ev yiyəsi kimi getmək istədiyini demişdi...
Əsərləri əlvan rəngə bürünən rəssamın ölüm xəbəri qara rəngə boyandı. Rəhmətlik Rəsul Rza qara rəngi necə təsvir etmişdi?

Həsrətli gözlər,
Pərişan saçlar,
Titrək dodaqlar.
Sürət yolunda dəstəbaşı çolaqlar.
Söz eşidə bilməyən qulaqlar.
Sındırılmış puçurlu budaqlar.
Nəğməsiz dağlar
Kor bulaqlar.
Ovsuz ovlaqlar.
Odsuz ocaqlar.
Yaşamalı ölülər.
Ölməli sağlar...

Fırçası ilə dünyaya böyük şedevrlər bəxş edən Toğrul Nərimanbəyov əl boyda bir vəsiyyətnamə də yazmadı ki... Böyük rəssam kiçik məişət mübahisələri üzündən nə doğma Parisdə dəfn oluna bilir, nə doğma Bakıda torpağa tapşırılır. Sağlığında Parislə Bakı arasında qalan Toğrul Nərimanbəyov artıq 10 gündən çoxdur ki, Yerlə Göy arasındadı.
Bu gün Paris məhkəməsinin baş sındırdığı müşkülün necə çözüləcəyi məni o qədər də ilgiləndirmir. Toğrul Nərimanbəyovun Parisdə, yoxsa Bakıda, əsas, yoxsa ikinci Fəxri Xiyabanda dəfn olunacağı məncə önəmli deyil.
Böyük sənətkarları məzarlarına görə deyil, yaratdıqları ilə tanıyırlar. Toğrul Nərimanbəyov da əlvan rənglərlə dolu, Azərbaycan havası duyulan əsərləri ilə həmişə yaşayacaq. Paris məhkəməsinin hansı rəngli qərar çıxarmasından asılı olmayaraq...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV