adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ölməyən ümid haqda...

XURAMAN HÜSEYNZADƏ
50531 | 2013-06-15 01:05
Yox, o, ümumiyyətlə, ölmür. Son nəfəsdə belə insanın gözlərində həyat eşqi parlayır. Bəlkə də elə son nəfəsdə gözdən axan bir damla yaş da odur - ümid... Dayanmır gözdə. Qara torpağa hopmaq istəmir...
Uzaq bir qohumum var, orta yaşlı qadındır. Xərçəng xəstəliyindən əziyyət çəkir. Döşlərini amputasiya etdirdikdən sonra görmüşdüm onu. Kimyaterapiyanın nəticəsi olaraq saçları, qaşları tökülmüşdü. Görünən selikli qişaları qurumuş, iştahdan tamam kəsilmişdi. Qohum-qəbilə onun yanına son dəfə ziyarətə gedirdi. O isə gülür, zarafatla "ehsanımı yeyə bilməyəcəksiz" deyirdi. Bir neçə gün öncə yenidən ziyarətinə getdik. Qadın, illər öncə gördüyüm həminki sağlam adam idi. Başına, qaşlarına tük gəlmiş, rəng-ruhu özünə qayıtmışdı. "Ümid məni ölməyə qoymadı..." -deyirdi. Həyatı necə sevməsindən, gələcək planlarından danışırdı. Çox sevindim. Bu günlərdə aktrisa Kübra Əliyevanı da efirdə yaxşı gördüm. Eyni xəstəlikdən əziyyət çəkən Kübra xanım özünəinamla, ümidlə, həyata olan sevgisiylə xəstəliyi yendiyini deyirdi...

***
Zarafatla deyirəm ki, mənim ümidim nəinki ölür, heç qrip də olmur. Bəzən bir zərrə, iynə ucu boyda ümidə ehtiyacımız olur. O varsa, ən müşkül işlərimiz də yoluna düşər. Yoxdusa özümüzdə yaratmalıyıq onu. Məsələn, özümüzü inandırmalıyıq ki, düşüyümüz böhrandan, çətinlikdən çıxa biləcəyik. Özümüz buna çalışmalı, çaba göstərməliyik. Suların saman çöpünü bizdən əvvəl aparmasını gözləməməliyik. O saman çöpü yoxdusa, xəyalən onu axdığımız sularda bitirməli, varlığına yapışıb xilas olacağımıza özümüzü inandırmalıyıq. Güclü olmalıyıq. Kimsənin minnətini götürmədən xilas olarıq. Vallah, olarıq...

***
Atamın yaşı 60-ı haqlayıb. Perspektivdəki 30 ildə aqrar sektora verəcəyi töhfələrdən danışır. Əmimin yaşı 70-i keçib. Gələcək nəsillər üçün insan ekologiyası haqda kitab yazır. Deyir, 20-30 il ərzində ekologiyanın bütün sahələrini əhatə edəcək kitablar yazacaq. Heyf ki, mən o günləri görməyəcəm. :))))))))
Zarafat edirəm. Nəinki görəcəm, hətta 70-80 il həmin kitabların təbliğatını aparacam. :)))))

Xuraman Hüseynzadə
[email protected]


TƏQVİM / ARXİV