HƏR GÜN OTUZ YEDDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
82589 | 2013-06-15 01:04
Heç bilmirəm hardan gəlib düşdü yadıma, necə oldu və ümumiyyətlə, indiki məqamda, indiki durumda heç otuz yeddinin yeridirmi? Və bir də, bu dünya otuz yeddidən qurtulmayıb? Bəlkə mən yanılıram? Bəlkə hər şeyi dolaşıq salmışam? Yox, deyəsən doğrudan - doğruya bir şeirimdə yazdığım kimi:

Mən dəli olurum, mən yavaş-yavaş...

Dəlinin ki, buynuzu olmur. Belə götürəndə elə bu gün əksəriyyətimiz dəli deyilikmi? Bilirəm, sözümü min yerə yozacaqsınız, qulp qoyacaqsınız, fikirlərimi çırpib mitilini çıxaracaqsınız. Olsung islanmışın yağışdan nə qorxusu! Onsuz da gözgörəti bir yağışın altında, bir bulağın gözündə, bir dənizin ləpələrində və nəhayət, bir haqsızlıq məngənəsinin burulğanında hər gün, hər saat, hər an islanıram. Nə qurumağa yerim, dəyişməyə köynəyim, bir az da obrazlı desəm, heç qurutmağa canım da qalmayıb. Çünkig
Həyatın dolanbacları çoxdur. Ona görə də səhərin necə açılıb, axşamın necə düşəcəyini bilsəm də, bəzən burda da yanılıram, burda da səhv edirəm. Elə bil bütün dünya, təbiət, yer, göy hamısı mənə qarşıdır, hamısı mənlə haqq - hesab çəkmək istəyir və çəkir də. Mən də ki, Ramiz Rövşən demiş, fağır bir kənd uşağı, başımı aşağı salıb öz cığırımla getməyə çalışıram. Əslində isə, bu cığır az qala elə Ramiz Rövşənin dediyi ilan balasının getdiyi qum üzərində açdığı nazik, əyri - üyrü bir izdi, bəzən heç gözə də dəymir. Gözünə sataşanlar isə ya diksinib geri çəkilir, ya lənət oxuyur, ya da əhəmiyyət verməyib, elə o cığırın özünü də tapdalayırg
Bəli, eni - uzunu 4 saatlıq yol olan bu məmləkətdə cığır sahibi olmaq, iz açmaq çox çətindir. Çünki bu dörd saatlıq yolda bütün məmləkət sanki qurd kimi ağız - ağıza yatıb, hamı bir - birini güdür, hamı bir - birini izləyir və hamı da özünü ən böyük, ən güclü sayır. Mən hələ bu iddiaların içərisində işverənliyi, dəsmal gəzdirməyi, aftafa tutmağı və s. və ilaxır demirəm. Allah yaxşı kişilərə rəhmət eləsin! Bu yaxşı kişilər heç yaxşı iş görmədilər. Çünki həmin o yaxşı kişilər bütün yaxşı atları minib getdilər, özü də çaparaq getdilər. Dünya kora, keçələ, şilə, şikəstə, əyri - üyrüyə, içi xıltla dolu olanlara qaldı. Elə onlar da öz içlərində olanı suladılar, göyərtdilər. İndi də həmin o göyərtdiklərini gah calaq eləyirlər- gah şitil eləyirlər, gen - bol yayırlar. Axı onların qarşısına çıxan bir yaxşı kişi qalmayıb dünyada. Necə deyərlər, "dərə xəlvət, tülkü bəy!".
Hə, deyəsən bir az çox uzaqlara getdim, geri qayıtmağın məqamıdı. Özü də elə - belə yox, yazımın yarımbaşlığında adını anıb, ruhuna salavat çevirdiyim Ulutürkün məşhur "Davam edir otuz yeddi" müdrik və tarixi hökm kimi səslənən şeirinin misrası ilə. Çünki həmin misra bütün zamanların, bütün günlərin ən çılpaq, ən sərrast, ən dəqiq və heç cürə inkar edilməsi mümkün olmayan bir gerçəyidi, bir həqiqətidi.
Mən bu həqiqəti həyatımda addımbaşı görürəm, onunla qarşılaşıram, onunla əlbəyaxa oluram, hətta bəzən sıyrılıb əlinin, qolunun altından keçib getmək istəyirəm, amma mümkün olmur. Çünki Məmməd Araz demişkən, "bu dünyanın qara daşı göyərmir" və bir də Ramiz Rövşən demiş, "göy üzü daş saxlamır" və nəhayət, bütün bu deyilənlərin bəlkə də əl çatmayan bir yerində də Zakir Fəxrinin fikirləri dayanır "qalmaz belə, qalmaz dünya...". Yox, deyəsən çox qarışdırdım, amma açığını deyim ki, bilə - bilə qarışdırdım. Ona görə ki, üstümə olacaq basqılardan, 37 havasından bir balaca qorunmaq məcburiyyətindəyəm. Çox dəyərli bacım, hər yazısını sevə - sevə oxuduğum Flora Xəlilzadənin dilindən oğurladığım 37 hər an, hər gün davam edir fikri mənim bütün düşüncələrimin, yazmaq istədiklərimin ifadəsinə çevrildi. Baxıb gördüm ki, televizorda, mətbuatda, harda gəldi 37-dən danışanlar ya bilərəkdən, ya da xəbərləri olmadan ətraflarında baş verən 37-ni, onun ağrı - acısını, onun fəsadlarını görmürlər və yaxud da elə görə - görə də fikirləri yayındırmaq, dolaşıq salmaq üçün özlərinin otuz yeddisindən yox, özgələrinin otuz yeddisindən danışırlar. Bizi o səmtə yönəldirlər.Ancaq unudurlar ki, söhbət dövlətdən, hakimiyyətdən yox, fərdlərdən gedir! Əgər mən öz icimdə hansısa ədaləti öldürürəmsə, oturub - durduğum yerdə kimisə sıxışdırıb cərlədirəmsə, bundan dəhşətli 37 ola bilməz! Bu marşrut sürücüsünə də, çobana da, müəllimə də, İdman məşqicisinə də, tələbəyə də, zabitə də, yazara da ... bir sözlə, bütün insanlığa aiddir!!! Deməli, nahaq yerə küfrümüzü, nifrətimizi ötən əsrin 37-nə istiqamətləndirirlərg
Çox qəribədir, hamı görür, hamı duyur və hamı da eləcə, 37-dən danışır. Mən də görürəm, duyuram, yükünü, acısını çəkirəm, amma dözməkdən başqa heç nə edə bilmirəm. Çünki mən və mənim kimilər bu dərdin abunəçisiyik. Sadəcəg

Qəmini mənə tanıt
Dostluq təklifi edimg
Onu səndən almaqçün-
Qədəmlərinə gedim!

Qəmini mənə tanıt
Dilə tutum, söz alımg
Onun verdiyi qorla -
Ürəyimə köz salımg

Qəmini mənə tanıt
Şam tək yanım yolundag
Doğmalaşıb cüt gəzək-
Qolu olsun qolumda!

Qəmini mənə tanıt
Alım, qəmsiz kef elə!
Sənə sevgimi verim -
Sən də bu cür nəf elə!

***
Elə bir məmləkətdə yaşayıram ki, orda kifayət qədər insanlarla hal - xoş edir, əhval öyrənir və bəzən də öz əhvalımı, öz ovqatımı onlarla bölüşürəm. Bax, bu mənada qəzetimizin şənbə sayında mən üzümə açılan qapıdan istifadə edib, bir növ özüm özümlə üz - üzə dayanıram, danışıram, gileyləşirəm, sevinirəm, küsürəm və hətta bəzən özümün özümdən əmlli - başlı acığım gəlir və yadıma məşhur bir tamaşada bir vaxtlar dillərimizin əzbəri olan, təpədən - dırnağa istedad kimi dünyaya gəlib, dünyadan da gedən mərhum İsi Məlikzadənin "Qatarda"sı düşür. Əgər xatırlayrsınızsa, orda bir yer var, obrazın yaradıcısı mərhum və böyük sənətkar Yaşar Nurinin səsi indi də qulaqlarımdadı:
- Əə, kişi daş daşıyar, "Kamaz" sürərg
Hə, indi nə dediyimi yəqin anladınız. Mən nə daş daşıyıram, nə "Kamaz" sürürəm. Eləcə, dərd çəkirəm, dərd üyüdürəm. Bir növ qələmlə gorumu qazıram. Əgər o gor yerini də tapa bilsəm! Axı indi gor yeri almaq da böyük bir müsibətdi. Düzdü, arada fikirləşirəm ki, gor harama yaraşır? Nə çoxdu döyüş bölgəsində gözdən qıraq yovşanlıq, çala - çuxur, dərə - təpə. Tərəkəmə dostlarım demiş: yiyəsiz irəmələr!!! Bəlkə vəsiyyətimdə elə dilimə güclə yatan bu sözü pıçıldadım!..
Adətən yurd - yuvası yağmalanan, ev - eşiyi odlara qalanan insanlar daha çox yurd həsrətindən, evsizlikdən söhbət açırlar, qarşılaşanda bu fikirlərini bölüşürlər. Hətta bəzən bir az kinayə ilə, bir az ironiya ilə, bir az zarafatla deyirlər ki, filankəsin kirayə qaldığı ev mənim kənddə qalan toyuq damımdan balacadı!!! Təsəlliyə bax e! Gör insan nə ilə təsəlli tapır. Əli çatmayan, ünü yetməyən, yuxusunda görüb, xatirəsində gəzdirdiyi toyuq damını!!! Amma zarafat - zarafat kaş ki, o toyuq damından biri burda olaydı. Sil - süpür eləyib, gecə - gündüz reklamı gedən "Ağdağ"la suvadıb, hamını dəvət edərdim evimə, samovar çayına qonaq edərdim sizi, özü də İsmayıllı kömüründən. Doğrudur, İsmayıllıdan olan əməkdaşlarımız mənə kömür söz veriblər, amma nə vaxt gətirəcəklərini deməyiblər. Onlar da zəmanə adamlarıdı. Bilirlər ki, ən yaxşısı söz verməkdi! Yoxsa pul verib, sonra da geri ala bilməyəsən, qalasan qapılarda. Odur ki, siz də söz verin, yiyəsi yox, sahibi yox. Necə deyərlər, yəhərsiz, yüyənsiz bir at, buraxın başını, hara qədər gedər, gedərg Elə mən də sözdən danışarkən yadıma düşdü ki:

Bir söz tuzağa düşüb
Dildən uzağa düşüb
Qara-sazağa düşüb-
Deyin, dilim isinsing

Bir köz qovrulub təkcə
Tüstü qıvrılıb təkcə!
Yanıb sovrulub təkcə-
Deyim, elim isinsing

Bir göz sulanıb daha
Dibi bulanıb daha
Mənə bu qalıb daha-
Silim, əlim isinsing

***

Bir atalar sözü var. Bilmirəm, xatirinizdədi, yoxsa yox. Deyilsə, icazə verin yadınıza salım. Atalar sözündə deyilir ki, "ilan vuran ala çatıdan qorxar!". İndi mən xeyli götür - qoy edəndən sonra məcbur olub 23 il geriyə, yəni arxada qoyub gəldiyim o məlum tarixə qayıtdım. O tarixi də yada salaq: 1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə! Bax, həmin o dəhşətli gecədə mən evsiz qaldım və bildim ki, evsiz qalmaq nə imiş! Özü də bunu, ən çox, sığındığım uşaq bağçasının eni - uzunu bir qarış olan otağında hiss etdim. Bağça uşaqlarının nəfəsi hopmuş həmin otaqda nələr çəkdim, nələr yaşadım, nələrdən keçdim. Gecələr başıma çəkdiyim nimdaş yorğanın altında kimlərə, nələrə asi oldum, kimlərdən, nələrdən kömək umdumg Mən yaşadım bu həyatı və bildim ki, evsizlik nədir! Sonra yataqxana, sonra kirayəşinlik - axı uşaqlar böyüyürdü, uşaq bağçasına sığışa bilmirdik, ev kirəsini də ödəmək çətinləşirdi. Üstəlik, ev sahibinin tələbləri, şərtlərig və bütün bunlar doğrayırdu ömrümü, budayırdı məni. Sonra da bir gecəqondu - özülsüz, sənədsiz - sübutsuz bir gecəqondu! Zarafat deyil, evdi. Hamının həsəd apardığı, hamının sübut kimi gördüyü ev!!!
Bilmirəm, məmləkətimizdə nə qədər insanın isti ocağa, özünə aid bir küncə ehtiyacı var! Amma bildiyim odur ki, yəni bu mənim bütün səmimiyyətimlə, bütün varlığımla, bir az da çılpaq desəm, bütün kişiliyimlə hər kəsə arzuladığım bir istəkdi:
- Tanrı hər kəsi evli-eşikli etsin! Hətta məndən zəhləsi gedənləri də, məni görmək istəməyənləri də!
Hə, deyəsən mövzunu yaman çox uzatdıq. Hiss edirəm ki, bilgisayar yazarının da, yazını oxuyanların da hövsələsi daralır. Ona görə də bir az fikrimi yığcamlaşdırmaq, bir az qısa etmək istəyirəm. Yəni ürəyimdən keçir ki, Allah bizə dözüm versin. Taleyimizin, həyatımızın 37-nə - evsizliyə, qaçqınçılığa, kədərə, sevincə, laqeydliyə, diqqətə, bir sözlə, bu dünyaya - ömür payımız çərçivəsində dözə bilək. Bundan böyük daha nə istəyə bilərəm ki, bu köhnə dünyadan? Bəlkə də istəyərəm ey, amma o istəyimə də mütləq qulp qoyacaqlar, məni iddialarımda suçlayacaqlar. Yaxşısı budur ötənlərlə, xatirələrlə yaşayım. Çünki onlar həm yuxu idi, həm də deyildi.

Bəlkə də yuxu idi
Gördük, sonra oyandıqg
Həsrətin saçlarını -
Hördük, sonra oyandıqg

Yuxuda da imtahan
Yarı çən, yarı dumang
Yaşananı anbaan-
Böldük, sonra oyandıqg

Biz əl açdıq göylərə
Yaxınlaşdı göy yerə!
Ruhumuzu göylərə -
Verdik, sonra oyandıqg

Nur yağdı üzümüzə
Daş dəydi dizimizə
Özümüz özümüzə -
Döndük, sonra oyandıqg

Doğrudanmı oyanmışam? Hər halda siz fikirləşin bu sual ətrafında, elə mən də fikirləşəcəm.

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV