adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Türkiyədəki mitinqlər nəyə etirazdır?

FƏRHAD ŞABANOV
32625 | 2013-06-15 01:02
Türkiyədə baş verənlər hamınızın məlumudur. Mən Ankarada olan bir insan kimi baş verən bu hadisələrin pərdə arxasında nələrin olduğunu sizə anlatmağa çalışacam.
Əvvəla vurğulamaq lazımdır ki, bir daha texnologiya çağında internetin gücünün şahidi olduq. Bu hadisələrin kütləviləşməsinin və demək olar ki, Türkiyənin bütün şəhərlərinə yayılmasının səbəbi məhz internet oldu. Ən əsası da bəzi şəkillər və videolar var idi ki, insanların səbir kasasına son damcıları tökdü. Türkiyəli olmasam belə, bəzi görüntülər var idi ki, baxanda özümdən çıxırdım. Artıq bütün dövlətlərdə hakimiyyətdə olan iqtidarların internet deyilən bir rəqibi var. Artıq heç bir dövlət qara qutu deyil. Nə varsa ortalıqdadır, nə olursa hamının bundan xəbəri olur. Ağıllı dövlət idarəçiləri texnologiyaya ayaq uydurmaq məcburiyyətindədir.
Əgər internet olmasaydı, Türkiyədə nə baş verdiyindən heç kimin xəbəri olmayacaqdı. Çünki mitinqin 5-ci günündə televiziya bu hadisələri işıqlandırmağa başladı. Onun da bir səbəbi var idi. İnsanlar kütləvi informasiya vasitələrinin binalarını dövrəyə aldılar və olub bitənə biganə qaldıqları üçün telekanalları tənqid atəşinə tutdular. "Media patronları" da gördü ki, olan olub, keçən keçib, artıq nəyisə gizlətməyin yeri yoxdur. Mitinq günündə pinqvinlər haqqında sənədli film verməklə şərəfli media olmaq mümkün olmur.
Yenə də media hər şeyi olduğu kimi təqdim etmədi əlbəttə. Göstərdikləri daha çox vandalizm və şiddətdir. Kimin tərəfində olduqları hələ də bilinir.
Vandalizm demişkən... Mitinqə qatılan bəzi qruplar var ki, məqsədləri ətrafdakı hər şeyə ziyan vuraraq insanlar haqlı durumda ikən onları haqsız duruma düşürür. Bəzi iddialar var ki, guya bunlar hökumətin provokatorlarıdır. Qəsdən çıxıb binaları, maşınları daşlayırlar ki, millətdə mitinqə çıxanlara antipatiya yaransın. Həm də polisin sərt müdaxiləsinə geyindirməyə don olsun. Çünki çılpaq ikən hər şey açıq-aşkar ortada olur və kimin nə eybi varsa bilinir. Ona görə də provokator iddiaları heç də tutarsız deyil.
Əsasən Türkiyədəki mitinqlərdə ətrafa ziyan vuran, molotof kokteyli atan, binaları və maşınları yandıran qruplar PKK terror təşkilatının dəstəkçiləri olur. Həmin qruplar isə bu mitinqlərdə iştirak etmir. Çünki hal-hazırda AKP və PKK arasında "sülh" müzakirəsi gedir. AKP və PKK arasında deyirəm, çünki Türkiyədəki əksəriyyət bu müzakirələrə qarşıdır. PKK-lı qruplar məhz buna görə mitinqlərdə iştirak etmir, səslərini kəsib öz künclərinə sıxılıblar.
Keçək əsas məsələyə. Ərdoğan özünü padşah hesab edir. Başçısı olduğu ölkədə üsyan qalxıb kəllə çarxa ancaq Ərdoğan hələ də üslubundan geri addım atmır. Deyir ki, biz qərarımızı verdik, parkı söküb yerinə filan şey tikəcəyik. Əgər Ərdoğan iddia etdiyi kimi Türkiyədə demokratiya varsa ölkə başçısı bu cür çıxış etməməlidir. Yəni deyir ki, biz qərar vermişik, heç bir etiraz bizim qərarımızı dəyişə bilməz. Demokratiya isə xalqın iqtidarı deməkdir. Xalq etiraz edir, ancaq heç kimin vecinə deyilsə bu idarə tərzi, demokratiya ola bilməz. Məhz Ərdoğanın bu cür sərt çıxışı Türkiyədə heç vaxt bir araya gəlməyən qrupları birləşdirdi. Hətta Qalatasaray, Beşiktaş və Fənərbaxça kimi futbol klublarının xuliqan azarkeşləri belə birlikdə mitinqlərə qatıldı. Məhz Ərdoğanın kibirli üslubu evdar qadınları küçələrə tökdü. Əllərinə qazan, tava alan evdar qadınlar mitinqlərdə öz tərzlərində etiraz etdilər.
Ərdoğan isə Türkiyənin dörd bir yanına yayılan mitinqlərin bir nömrəli səbəbkarı kimi müxalifəti görür. Daha dəqiq desək CHP-ni. Mitinqlərin birbaşa şahidi olan bir insan kimi deyə bilərəm ki, mitinqlərdə Türkiyənin hər təbəqəsindən insanlar var. Həyatında serialdan başqa heç nə ilə maraqlanmayan evdar qadınlar belə.
Avropa dövlətləri Türkiyədəki bu hadisələri dəstəkləyir. Çünki nə qədər haqlı etiraz olsa da bu mitinqlər Türkiyə dövlətinə həm iqtisadi, həm siyasi cəhətdən ciddi ziyan vurur. Avropa isə tarix boyu güclü Türkiyənin yerinə zəif Türkiyəni tərcih edir. Çünki Avropadakı etiraz aksiyalarındakı müdaxilələr heç də Türkiyədən geri qalmır. Bu qayda dünyanın bütün dövlətlərində eynidir və heç vaxt dəyişmir. Əgər dövlətin əleyhinə baş qaldırış varsa bu baş bədənə ağırlıq edir. Fərqi yoxdur necə, o başı yerindən qoparmaq lazımdır.
Türkiyədə də heç bir dəyişiklik olan deyil. Qopan yenə elə mitinqə çıxanların başı olacaq. Ancaq inanıram ki, Ərdoğan bundan sonra sözlərinə diqqət edəcək. Əgər yenə özünü padşah sanıb böyük-böyük danışsa və bu xalq bir də ayağa qalxsa Ərdoğan o xalqın ayaqlarının altında qalacaq.

Fərhad Şabanov
[email protected]

TƏQVİM / ARXİV