adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ALTMIŞINCILAR: - ƏHƏD MUXTAR

TOFİQ ABDİN
49628 | 2013-06-15 00:57
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında çatlayır. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
Qərib bir duyğu içindəyəm: ədəbiyyat insanı olaraq bu günə qədər tanıdıqlarımı sıralasam (və hətta Bakıya gələndən sonra ilk tanış olduğum İsa İsmayılzadə, Abbas Abdulla, Çingiz Hacıyev və başqalarını da bura daxil etsəm) bütün çırpıntılarıma baxmayaraq ilk adam ƏHƏD MUXTAR olmuşdur. Təkcə Əhəd Muxtar deyil, bu sıraya, bir neçə adı da əlavə etməliyəm.
Məsələn: həmkəndlim Əjdər Ağayev (titullarını bilmirəm, amma doktor olduğunu bilirəm, yazar kimi də çox yaxşı tanıyıram və bəri başdan deyim ki, onun QU QUŞUNUN SON NƏĞMƏSİ kimi bir hekayəsi hələ də mənim yadımdadır, əlavə edim ki, Əhəd Muxtarı da mən onun araçılığı ilə tanımışam, bunu yazacam elə bu yazıda və daha sonra başqa yazıları və kitabları da diqqətimi çəkib), daha sonra ədəbiyyat insanı olaraq, məsələn böyük yazıçımız İsmayıl Şıxlı da Bakıya gələndən sonra tanıdığım ədəbiyyat insanlarından qabaq sıraya girir və mən bu insanları yaddaşım məni yanıltmırsa, yeddilik məktəbin 6-ya da 7-ci sinfində oxuyanda tanımışam. O zamanlar içimdə ilk sevginin qığılcımları kimi, şair olmaq, yazar olmaq kimi bir qıpır damalar vardı və ilk qələm təcrübələri olaraq özüm üçün yazırdım və təbii ki, sonradan mən o yazıları da artıq mətbuata çıxarmaq cəsarətini də tapacam və bu cəsarəti mənə bəlkə də elə həmin bu adamlarla ilk təmas verdi. Və onların biri də dediyim kimi həmyerlim Əjdər Ağayevin yaxın dostu, kursdaşı (o zamanların Lenin adına Pedoqoji İnstitutunun tələbələri idilər) Əhəd Muxtar olub. İndi qətiyyən xatırlamıram ki, onun familyası nə idi, heç güman ki, o zaman o Əhəd Muxtar kimi tanınmırdı və çox gənc, çox gənc bir oğlan idi, bir gün, bir istirahət fasiləsindəmi (istirahət fasiləsi ona görə deyirəm ki, bu tanışlıq o zaman çox dəbədə olan Ali və başqa məktəb tələbələrinin pambıq yığımına cəlb olunması mövsümünə təsadüf edir, deyəsən yağış yağdığı üçün tarlaya getməmişdilər) yoxsa nə idi, o zaman Pedoqoji institutunun tələbələri bizim kəndə, kolxozunun adı BOLŞEVİK, kəndinin adı QIRMIZIKƏND olan bir kəndə gəlmişdilər və ya gətirilmişdilər, bu ikincisi məncə daha doğrudur və orada mən bu institutun tələbələri ilə tanış oldum və daha sonralar onlar gəldikləri kimi, çıxıb gedəcəklər və mən onların xiffətini çəkə-çəkə qalacam, amma onlardan mənə keçən bir daxili gücün məni silkələdiyi açıq-aydın vardı. (Vallah, indi dəqiq bilmirəm, ola bilsin, mən o zaman əl yazılarımdan bir şeylər oxumuşdummu, oxumamışdımmı, amma yaddaşımın çox alt qatında bir iz var ki, məncə onlar mənim bu sevdada olduğumu duymuşdular.)
Yəni bu gün bütün insafımla və içimin təmizliyi ilə deyə bilmərəm ki, mənim ədəbiyyat aləminə gəlməyimdə Əhəd Muxtar və ya Əjdər Ağayevin bir olub, amma daha dəqiqi böyük bir rolları olmasa da, mənə elə gəlir ki, bax, o illərdə o insanlar gəlib bizim o ucqar kəndə çıxmasaydılar və mənə qarşı bir maraq hissini görməsəydim, inanın ki, bu gün təbii ki, bu yazını da yazmazdım. Çünki mənim orta məktəb illərim və bu adamları sonuc olaraq Əhəd Muxtarı tanımağım, Əhəd Muxtar haqqında yazmağım olmazdı bəlkə. Başqa bir yol seçərdim, yəni ədəbiyyat insani olmazdım, daha başqa bir yol tutardım. Çünki mən orta məktəbi çox gözəl oxumuşam və hətta səkkizinci sinifdən başqa bir kəndə oxumağa gedəndə, orda bir fizika müəlliməsi vardı, bir xanım əfəndi və mən də fizikanı çox gözəl bildiyimdən və ya əzbərçi olduğumdanmı, xanım əfəndi, mənə vurulmuşdu, yəni öz tələbəsinə vurulmuşdu, çox hörmətli yazarlarımızın roman və povestlərindəki kimi bir şey, mən ilk sevginin bəlkə də ilk işığını o xanım əfəndidən görmüşdüm, amma o hara, mən hara canım əfəndim. Bax, beləcə mən şayət Əhəd Muxtarın və onun tələbə dostlarının (filoloji fakültə tələbələri gəlmişdi o kəndə) bizim o ucqar kəndə gəlişinin şahidi olmasaydım, bəlkə də doğrudan da bu gün bu yazını yazmazdım indicə yazdığım kimi.
O tələbələr qayıdıb Bakıya gəldi, təbii ki, Əhəd Muxtar da onların içində və daha sonralar, Əhəd Muxtarla Əjdər Ağayev arasında sıxı bir dostluq oldu ki, öz kəndimizdə oxuduğum illərdə Əhəd Muxtarı bir neçə dəfə bizim kəndə gələn gördüm və bütün görüşlərdə də içimdə qərib bir diqqət vardı bu insana. Bu diqqətdən daha çox bir az da deyəsən uşaqcasına bir qibtə yetişirdi içimdə, yəni mənə ədəbiyyatçı olmaq kimi bir enerjinin qibtəsi olaraq tanışdı bu və mən bu gün özümü onsuz təsəvvür etmədiyim bir yolun yolçuluğuna başladım. Sonradan daha yaxından tanıdığım Əhəd Muxtardan aldığım ilkin enerjinin hesabına yola çıxaraq və bu günlərə gəlib çatacam.
Sonra təbii ki, biz tez-tez rastlaşacayıq, bu çox sonralar olacaq. Əhəd Muxtarla çox rastlaşmağımıza baxmayaraq, mən onunla çox yaxın olmayacam. Yəni iş elə gətirəcək, amma ədəbiyyat adamı kimi onun varlığı mənim əhatə dairəmdə olacaq, rəsmi desəm, onun yazılarıyla maraqlanacam və uzaqdan uzağa olsa da. Onun ULDUZ jurnalında, AZƏRBAYCAN jurnalında, daha sonralar isə müxtəlif qəzet və jurnallarda çap olunan yazılarından, daha sonra radio və televiziyadakı işlərindən, yazılarından, xəbərim olacaq və acığını deyim ki, çox parlaq şeylər yadımda qalmasa da, onun yazılarını mütəmadi oxuyacam və Əhəd Muxtarın çox namuslu bir ədəbiyyatçı kimi, yəni heç bir qrupa və qeyri qrupa yaxınlaşmadan öz işini gördüyü və bizim ədəbiyyatımız üçün gördüyü işlər hamının diqqətini çəkəcək və o artıq Yazarlar Birliyinin sıradan bir üzvü kimi yox, bu yaradıcı kollektivin ən üzdə olan bir qələm sahibi kimi tanınacaq. Və çalışmalarına baxmayaraq yenə də, diqqətdən qıraqda qalacaq və arı kimi işləkliyi belə heç kəsin vecinə olmayacaq, bu diqqətsizlik və bir çox prosedurlar axırda gətirib elə bir hala çıxaracaq ki, onun öz dostları onun başını yeyəcəklər, xalq arasında belə deyirlər. Və təbii ki, bütün bunlar mənim buralarda olmadığım günlərə təsadüf edəcək, bir zamanlar əl qaldırıb və səs verib yuxarı vəzifəyə, BAŞ REDAKTORluq vəzifəsinə təqdim etdiyi insan onu get-gedə sıxışdıracaq və Əhəd Muxtarın çox sıxıntılı günləri başlayacaq, o sıxıntı onun sonunu gətirəcək. Necə gətirəcək? Əhəd Muxtarın yazılarına öz işlədiyi jurnalda mız qoyulacaq, yazıları qaytarılacaq, onun işləri get-gedə zorlaşacaq, o müvazinətini itirəcək və balalarını dolandırmaq, yaşatmaq üçün işlədiyi yerdən bir şey əldə etmədiyi üçün, canını oda yaxacaq, ora-bura qaçacaq və daha çox işləməli olacaq, daha çox yazılar yazmağa başlayacaq, tərcümələr edəcək, işlədiyi jurnalın Baş redaktoru hiyləgərcəsinə və quzu postunda qurd xislətiylə onun yazılarının qabığını alacaq, Əhəd Muxtar bu sarsıntılara dözsə də DÖZƏ BİLMƏYƏCƏK və 1995-ci illərin ekonomik sıxıntılı günləri onun əsəblərini tamamilə korlayacaq və hətta o cür iradəli bir yazar öz iradəsini idarə edə bilməyəcək, daha başqa yerlərə baş vuracaq və bu gün qızara-qızara yaşayıb, buğlana-buğlana araq vurub, yayın istisində kondisioner altında Bakı çubuşlarının zəhərini çıxara-çıxara və o zəhəri başqalarına verə-verə onlar yaşayacaqlar və Əhəd Muxtar namusuna sığınıb Yazarlar Birliyinin yuxarı eşalonuna bu vəziyyət haqqında məlumat verməyi belə vicdanına sığışdırmayacaq və beləcə ürəyi dözməyəcək və ədəbi camiəni əbədi tərk edəcək.
Əhəd Muxtar mənim yadımda, bizim ədəbi dünyamızın çox çalışqan bir yaradıcısı kimi qalıb, amma bu çalışqanlıq ona heç nə gətirməyib. Baxın "heç nə" dediyimdə mən bir çox şeyləri nəzərdə tutmuram. Amma ölümündən bir çox sənələr keçsə də bu günə qədər Yazarlar Birliyi onun ən ümdə olan yaradıcılıq gününə həsr olunmuş kiçik bir toplantı da keçirməyib və onun bizim ədəbi aləmdə olması artıq bir çox insan üçün uzaq və qaranlıq bir ada kimi qalmışdır və mən burada bir parantez də açmaq istərdim ki, onun çox savadlı və çox istedadlı oğlu Rövşən Əhədoğlu da öz atası kimi başını aşağı salıb işini görür və Əhəd Muxtarın bir zamanlar öz haqqını tələb etmədiyi kimi. Vallah, Əhəd Muxtarı heç qınamaq olmur, çünki o öz haqqını tələb etdiyi anda belə onun səsini eşitməyiblər və onun səsi batırılıb. Bu çox acı və çılpaq bir həqiqətdir, bu həqiqəti görən insanlar bu gün yaşayır və onlardan biri də gözəlim Tofiq Mahmuddur, amma Tofiq Mahmud heç zaman Əhəd Muxtar həqiqətini bir başa yazmaz və rəsmi yerlərdə danışmaz. Ən azından Əhəd adı gələndə, onun çox böyük bir insafla danışdığı bir olay var. "Ulduz" jurnalına baş redaktor seçiləndə Əhəd Muxtar sabah ən olacağından xəbərsiz iki namizəddən özünə daha yaxın bildiyinə səs verəndən sonra, elə həmin adam onun başını yeyəcək və gözəl yazar Sabir Azəri daha sonralar deyəcək: lap yaxşı olur sənə. Oturtdun başımızda, indi al payını.
Bəli, o pay bir ömrün sonuna doğru olan yolu bir az da tezləşdirdi.
İndiki məqamda durum deyim ki, Əhəd Muxtar mənim çox sevdiyim şair idi, bu doğru olmaz və Əhəd Muxtarın şeirləri bu gün əlimin altında deyil ki, bir şeylər yazım, amma onun şeirləri o illərin qoxusunu verən, o illərin məkanında görünən şeirlər idi və həmin şeirləri mən insafla desəm qısqanclıqla oxuyurdum, ona görə ki, mən Əhəd Muxtar qədər çap oluna bilmirdim və daha dəqiq desəm, o zaman dəbdə olan şairlərdən idi Əhəd Muxtar. O dəbin öz insanları vardı ki, mən o çərçivəyə, o məkana girə bilmirdim və ona görə də Əhəd Muxtar kimi populyar yazarlara uzaqdan baxmaq qismətini yaşayırdım.
Əhəd Muxtar gözəl publisisti idi və savadlı tərcüməçi idi və çox təəssüf ediləsi haldır ki, böyük istedad sahibi, tənqidçi Əsəd Cahangir Azərbaycan ədəbiyyatı çevrici yazarlarından söz açanda İslam İbrahimov kimi, Əhəd Muxtar kimi tərcüməçiləri unutmuş və bir də Əsəd Cahangirin yadına salmaq istərdim ki, tərcümə təkcə elə rus ədəbiyyatı üstündə köklənməyib, çünki Əsəd Cahangirin adların çəkdiyi yazarların hamısı, rus demişkən poçti rus dilindən tərcümə edənlərdir və Əhəd Muxtarın "DÜNYANIN YEDDİNCİ MÖCÜZƏSİ" kimi çətin çevrilən bir əsərin bizim dilə gətirilməsi çox da asan bir iş deyil. Və deyim ki, Əhəd Muxtar bir publisist olaraq da çox maraqlı bir qələm sahibi və düşüncə tərzi olan yaradıcı idi. ULDUZ jurnalında onun seriallar olaraq çap etdirdiyi ÖLÜM SEVİNMƏSİN QOY... rubrikasında, indiki modla desək, proyektində çox gözəl insanların yada salınması və onların haqqında yazması təqdirdən də bir az yana bir işdir.
Əhəd Muxtar tanıdığım ilk illərdə yaddaşım çox gözəl olmasına baxmayaraq, o yaddaş get-gedə bu şəhərin çör-çöpləri içində bulanıq bir şeyə çevrildi və Əhəd Muxtarla uzun müddət bir yerdə işləyən, tanımış rəssam Ədalət Həsənov mənə deyəndə ki, Tofiq bəs sənin məndə bir şəklin var: Əhəd Muxtarla birlikdə və orada başqa iki nəfər də var. İstəyirsən o fotonu sənə verim və səxavətlə də o fotonu mənə verdi. Bu məncə Ədalətin toyuna getdiyimiz günlərin və ya başqa bir zamanın fotosudur. Dəqiq bilmirəm. Amma içdən gələn bir səs sadəcə kədərlə sızlayır: nə zamanlar varmış, dostlar?!
Bəzi insanlarla çəkdirdiyim bir çox fotolar var ki, indi onların sadəcə yandırılması lazımdır. Və elə fotolar da var ki, insanın içinə bir təmizlik, bir insani sızıltı, bir təəssüf dolusu sevinc gətirir. Daha... daha çox şeylər verir insana və ƏHƏD MUXTARLA çəkilən o nadir foto da bu sonuncular sırasındadır.

Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV