adalet.az header logo
  • Bakı 12°C

SEVGİ ADASI

İRADƏ TUNCAY
48496 | 2011-04-23 10:44

(Əvvəli ötən şənbə nömrələrimizdə)
  
   
   
   CAVAN ŞİR
   
   
   
   Yenə həmin Yakın Doğu Universitetinin kampındayıq. Amma bu dəfə ayrı vəsiləylə. Bəstəkarın görüşünə gəlmişik. Deyəsən pafoslu alındı. Pafossuz deyim, həmin bəstəkarı 20 ildən çoxdu "sən" deyib çağırıram.
   
   Hələ ki, görmür məni. Maşının pəncərəsindən boylanan qadına fikir vermir. Sevincək halı ilə tələsə-tələsə maşına yaxınlaşır. O, məni görmür, amma mən görürəm ki, bir az çəkisi artıb, bir az da saçları ağarıb. Yerişi dəyişməyib, həmin cəldliklə gəlir. Gözləri gülür... Gülməyinə gülür, amma həmin tənhalıq yağan baxışlardı. Hər kəsin yaradıcılığı özünün ruh halının ifadəsidi. Musiqisi elə gözlərinə bənzəyir - Qəm pəncərəsi.
   
   Maşının yanında öpüşlər- görüşlər bitəndən sonra pəncərəyə ötəri, çəkinə-çəkinə bir nəzər salır. Elə-belə, ötəri... Və sonra, gözləri böyümüş halda baxıb, qapını açır:
   
   - İradəəəəə!
   
   - Həəəə!
   
   
   
   ***
   
   
   
   - Heç ağlıma gəlməzdi sizinlə burda görüşəcəyim, nə yaxşı oldu.
   
   - Amma biz əvvəldən qərarlaşdırmışdıq səni tapacağımızı.
   
   - Nə yaxşı oldu...
   
   Maşında şəhərin mərkəzinə gedə-gedə söhbətləşirik. Ordan-burdan, yaşamdan, qürbətdən, siyasətdən. Qulaq asdıqca həm də düşünürəm, niyə belə olsun, niyə? Altmışı haqlamış, musiqimizdə öz yeri olan, sevilən böyük bəstəkara böyük Vətənin (hər halda bizim məmləkət bu adadan çox-çox böyükdü) bir guşəsində rahat bir yer tapıla bilərdi axı. Başqa heç nə yazmamış olsaydı belə "Əsgər marşı"nın müəllifidi axı.
   
   - İndi sizə şəhəri göstərəcəm. Balaca bir yerdi.
   
   Maşından enirik. İki-üç gün əvvəl gəzib-dolaşdığımız Lefkoşaya başqa tərəflərdən baxırıq.
   
   - Burda elə dəbdəbəli, təmtəraqlı məkanlar yoxdu.
   
   - Necə yoxdu, kazinolar alışıb-yanır.
   
   - Kazinolar heç. Keçən Qurban bayramında Ramiz Məlikaslanov İstanbuldan gəldi bura bayramı keçirməyə. Apardım onu kazinoya, bir az məzələndi. Bilirsiz, mən burda bu adamların içində müstəqil ölkə olmanın üstünlüklərini dərk elədim. Öz pasportun, pasportunda möhürün. Buralarda asılılı, tanınmamış bir yer olmanın kompleksini yaşayır hər kəs. Bizə qibtə ilə baxırlar.
   
   - Cavan, burda heç antik abidələr yoxdu?
   
   - İndi göstərəcəm. Qarşıda bir sütun var, deyirlər Romalılardan qalıb. Bir də ki, 400 il Osmanlıyla nə antik abidə.
   
   - Niyə ki, İstanbulda yoxdu, ya da bütün Türkiyənin ərazisində yoxdu?
   
   - Sən oralara baxma, burda yönətim tez-tez dəyişib.
   
   Cavanşirin Şəki ləhcəsinə bir az Kıbrıs şivəsi də qarışıb. Bir növ sintez. İndi onun danışdıqlarına qulaq asa-asa həm də fikirləşirəm ki, Cavanşir gənclik illərində efirdə təzə-təzə görünəndə gözəl, səlist, məntiqli söhbətləri ilə bizi inandıra bilmişdi ki, bəstəkarlar Azərbaycan dilində də danışa bilirlər, fikirlərini izhar edə bilirlər. Bizi inandıra bilmişdi ki, estrada musiqisində saz da səslənə bilər. Cavan sintezi sevir, hər mənada...
   
   - Bax, indi bu aralıqdan keçək, yunan Kipri ilə sərhəd məntəqəsini görəcəksiz.
   
   - Açıqdı sərhəd?
   
   - Hə, burdan ora gedirlər, ordan bura gəlirlər, amma vətəndaşı olmalısan Kiprin.
   
   - Mənim diplomatik pasportumla olmaz?- deyən Aqil Abbasa:
   
   - Olar, amma belə olar da. İndi Ercan hava limanından İstanbula, ordan da Afinaya uçub, geriyə - Yunan Kiprinə qayıda bilərsən. Belə olar!
   
   ... Sərhəddə (sərhəd deyəndə ki, balaca bir qapıdı. Qapıda gömrükçülərmi, sərhədçilərmi oturub pasportlara baxırlar, vəssalam) qələbəlikdi. Görünür, hər iki tərəfdə hər iki tərəfi maraqlandıran ticari nələrsə var. Çünki hamı bərk alış-verişdədi. Nə alırlar burdan, anlamam ki...
   
   - Siyasət öz yerində, amma sıravi insanların öz qayğıları var. Hər kəs yaxşı yaşamaq istəyir. Və özləri də deyirlər ki, siyasətçilər imkan versəydi hər şey başqa cür olardı. Lap əvvəldən. Həyat...
   
   ... Həyat ... Deməli, biz də nə vaxtsa olub-bitənləri yenidən unudub hardansa bir qapı aça bilərik. Və bu qapıdan rahatca bir-birimizə qonaq da gedə bilərik. Zatən kişilərimizin erməni qadınları ilə dostluğu dastan olub, qalır qadınlarımızın dastan yaratmağı. Problem deyil...
   
   Sərhəddən aralanıb elə oralarda kiçicik bir kafedə şam edirik. Kişilərin siyasi söhbətləri davam edir. Mən də siyasət yürüdüb susuram. Dinləyirəm, baxıram, fikirləşirəm...
   
   Ay acıdil, inadcıl, sərt, ürəyi yuxa, təmənnasız, alicənab Cavan Şir! Deyəsən yumşalmısan. Deyəsən dəyişirsən. Nədi səbəb? İllərmi, qürbətmi? Dəyişməyən nədi? Tənhalığın? Necə idi o mahnın - arzuda inam, inamda şübhə qoxusu, ümiddə səadət, səadətdə onu itirmək qorxusu... Səssizliyə dözmək çətin. Baş götürüb bu boşluqdan hara gəldi, necə gəldi, heç qaçdınmı?... Bu da başqa mahnın.
   
   Bakıdakı üçotaqlı, balaca evini xatırlayıram. Studiyaya çevirdiyi evini. Qarışıq, səliqəsiz, qadın əlinə ehtiyac olan ev. İşini-gücünü atıb da mənim filmlərimlə ilgiləndiyini də unutmamışam. Üç filmimin musiqi tərtibatını verib. Hələ üstəlik səsini də istismar eləmişəm. Qürurlanmayım? Cavanşir Quliyevin özü, şəxsən...
   
   Özü, şəxsən... Danışır və qulaq asdıqca anlayıram ki, darıxır. Darıxır bu adam. Hamımız kimi.
   
   - Siz orda yazı yazanda ancaq tərifləyin buraları. Yazıqdılar, qoy gəlib-gedən çox olsun, - deyir.
   
   (Bakıya gələndən sonra orda çəkilən şəkillərə baxanda gördüm ki, bu adada bizim birlikdə çəkdirdiyimiz yeganə fotonu da Cavanşir çəkib).
   
   
   
   ... Universitetin kampına qayıdırıq. Girişdə Cavan maşından enir, sağollaşırıq. Qaranlıqda gözdən itir. Maşın geriyə dönəndə qanrılıb arxaya baxıram. Burda - Sevgi adasında sevdiyim bəstəkarla yenidən görüşdüm. Hər şey gözəldi həyatda! Hər şey gözəldi həyatda?! Hər şey gözəldi həyatda?
   
   
   
   LA İSLA BONİTA
   
   
   
   ... Yox, bu gün nə olur-olsun, heç olmasa ayaqlarımı Aralıq dənizinin sularında yuyacam. Hava da yaxşıdı. Azacıq meh var. Başımı arxaya atıb saçlarımı verəcəm küləklərin ixtiyarına. Madonna kimi "LA İSLA BONİTA" oxuyacam. Onun səsi var, mənim sözüm var. Ha Madonna, ha İradə... Amma söz də üşüyər düzü, məhəbbət olmayanda...
   
   ... Dayan görüm, bu nə nazdı belə? Otluğun üstündə iki pişik mart əhvalındadı. Sarı olanı (yəni dişisi) yumalanır o tərəf-bu tərəfə. Qarası da (yəni erkəyi) səbirlə xanımın işvələrini seyr edir. Baxıram ki, bunlar biz insanlardan daha hissiyyatlıdı. Ən azından qəlb yaralamaq olayı yoxdu aralarında...
   
   Bu Sevgi adasını da insanlar yaralayıb ikiyə bölüblər. Günəş bir, səma bir, amma torpaq bir... deyil. Qırıblar Afroditanın könlünü. Afroditanın sınıq qəlbi...
   
   Su soyuqdu. Heyf, çox heyf. Bir vaxtlar İlahə hər yeni sevgilisindən sonra bu sularda çimib bakirə olurmuş. İlahə, bakirə ürəklərə rəhmin gəlsin!
   
   Madonna necə oxuyurdu: La isla bonita... Elə bil röya idi, heç olmamışdı bu ada. San Pedroda qürub çağı, xoşbəxtlik adası. Xülya...
   
   
   
   ***
   
   
   
   - Sabah gedirik. Amma heyf xəstələndim, istədiyim kimi gəzə bilmədim. Bax, yenə üşüdürəm. Səhər təyyarədə neyləyəcəm?
   
   - Yaxşı olar, darıxma. Gözəl səfər oldu.
   
   - Evliliyimizin bir illiyini də qeyd elədik...
   
   - ???
   
   - Yunan Kiprini də görmək istəyirəm.
   
   
   
   ... Bu arada neçə gündü müşahidə elədiyim bir ingilis cütlük yanımızdan ötüb keçir. Bəlkə də səksəni adlayıblar, amma əl-ələ tutub gəzirlər. Gözləri çox məsuddu. Nə fərqi var, bir il, otuz il, ya yüz il. Önəmli olan illər deyil, o illərin məzmunudu. Bu ağrı...
   
   Masanın üstündəki badənin cazibəsinə bax. NƏ GÖRDÜ BADƏDƏ Kİ, BİLMƏM OLDU BADƏPƏRƏST... KÖNLÜM...
   
   
   
   ***
   
   
   
   Kipr - Afroditanın başqa adıyla Kiprida. Bir etimologiya da var: Kipr, yəni kiparislər - sərv ağacları ölkəsi. MƏN BİR SƏRV AĞACIYDIM SEVGİ ADASINDA. NƏ SƏN BUNUN FARKINDASIN...
   
   
   
   ***
   
   
   
   İndi fikir verirəm ki, Ercan hava limanında adətən aeroportlarda görməyə öyrəşdiyimiz dəbdəbəli heç nə yoxdu. Hətta dükanlar da qarmaqarışıqdı. Ətirlə peçenye eyni yerdə satılır.
   
   ...Çox sərtdirlər deyəsən sərhədçilər. Ciddi, hər kəsə eyni gözlə baxan, hətta ərköyün millət vəkilinin diplomatik pasportuna da əhəmiyyət verməyən. Qanun- qaydalara özləri bildiyi kimi əməl edən. O da hikkə ilə kəmərini çıxarıb atır yoxlama qutusunun içinə, qayıdıb götürmür də. Bir az gülməyim tutur:
   
   - Niyə hirslənirsən? Tanınmayan dövlətin məmurlarıdı. Ayda-ildə bir dəfə diplomatik pasport görürlər. Nə gözləyirdin?
   
   ... Təyyarədə yenidən bir həftə əvvəlki tanış simaları görürəm. Bir azdan qalxacağıq səmaya. Bu parçalanmış torpağın sahibəsindən son ricamı edirəm ürəyimdə...
   
   
   
   İLAHƏ, QƏLBİMƏ BİR SEVGİ GÖNDƏR,
   
   İLAHƏ, YAZIQDI MƏNİ SEVƏNLƏR...
   
   
   
   SON
   
   Girnə-Lefkoşa-Bakı
   
   mart-aprel

TƏQVİM / ARXİV