SEVGİ ADASI

İRADƏ TUNCAY
47363 | 2011-04-16 09:53

(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   Dənizdən qalxan gün düşür otel odasının divarlarına. Gözümü açıb yatağımda qurdalanıram. Ağırlaşmışam, heç durmaq həvəsim yoxdu. Yox, bu deyəsən yorğunluqdan deyil, həm də üşüyürəm elə bil. Fərq eləməz, geyinirəm, çarıqlarımın, yəni krassovkalarımın ipini çəkirəm, güzgünün qarşısında sonuncu ştrixlər...
   
   Hüsnünə heç bir söz olmaz,
   
   Gözlərin yaman gözəldi - deyirəm özümə və yuxuyla heç bir problemi olmayan sayın millət vəkilini oyatmağa çalışıram. Səhər yeməyinə getməliyik, yeməkxana isə bir az aralıdadı. Dedim axı, otelin sahəsi çox böyükdü.
   
   
   
   ***
   
   
   
   "BİZİMKİLƏR"
   
   
   
    O qədər səliqəli və təmiz bir məkandır ki... Min bir çeşiddə naz-nemət düzülmüş bu açıq bufetdən iştah gətirən yemək ətri qalxır. Bizdəki kimi mətbəxin iyi restoranın içinə vurmur. Yemək çoxdu dedim, amma heç nə istəmirəm. Üşüyürəm yaman, xəstələnirəm deyəsən. Bir fincan çay, bir bulka götürüb müşahidələrimə başlayıram.
   
   Yanaşı masalarda yarıfarsca, yarıazərbaycanca danışan gənc ailələr çoxluqdadı. Əliuşaqlı kişilər və şəstlə, qürurla ətrafa baxan qadınlar. Çoxu, böyük əksəriyyəti baş örtüsüzdü. Bir az da dəqiqləşdirim, geyimləri də elədi ki, çox diqqət çəkirlər. Hələ mən mədəni şəkildə ifadə edirəm. (Bir müddətdən sonra saçlarına taxdıqları iri lələkli sancaqlardan, vulqar makiyajdan haralı olduqlarını həmən anlayırdım. Bizə oxşayırdılar).
   
   Görünür, o tərəflərdə belə qəbul olunub - evin də, uşaqların da bütün qayğısı kişilərin üzərindədi. Qadının da işi bəzənib-düzənib gəzməkdi. Heç tanımadıqları insanlara (yəni kişilərə) çox sərbəst, qiymətverici, cürətkar gözlərlə baxırlar. Və bu baxışlar deyəsən kişinin həm fiziki, həm də iqtisadi parametrlərini dəqiq müəyyən edə bilir. Çox qəribədir, dünyanın nə qədər ölkəsində iranlılarla rastlaşmışam, belələrini görməmişdim. Yeni kəşf oldu mənimçün.
   
   Hələ axşam rəqsləri görəndən sonra fikirləşdim ki, zəncirin qırılması heç yaxşı deyil, heç... İnsanların müəyyən azadlıqları olmalıdır...
   
   - Fikir verirsən, bunların kişilərinə, uşaqlar, lap körpələr də ancaq atalarının qucağındadı. Yeməyi də atalar yedirir- deyirəm.
   
   Cavab vermir. Amma gözləri danışır. Gör neçə illərdi mən gözlərlə danışıram. Bunu da atam öyrətdi mənə - gözdən oxumağı. Lal dili, danışan gözləri ilə. Sonra da deyirlər yazında daxili monoloqlar çoxdu. Olar da. Ömrüm elə özümlə danışmaqla keçib. "Sabah danışarıq" deyə keçib. Qəzəb gəlir içimə. Amma yenə Stop! Qəzəb-filan istəmirəm:
   
   - Yaxşı, başa düşdüm, demək istəyirsən ki, sən də uşaqlara çox diqqətli olmusan. Bəs, sonra hara getdi o oğlan?
   
   - Burdadı.
   
   - Ürəyinə söz gələndə saxlama. Danışmaq lazımdı. Dünyada dialoqdan gözəl heç nə yoxdu. Yoxsa bir gün Misirdə də üsyan olur. Monoloq... Nə isə...
   
   Resepsionda adam gurdu. Noutbukumu gətirmədiyimə təəssüf edirəm. İnternet axtarıram, yerini deyirlər. Burda da yanımdakı qonşu masada oturan "bizimkilərdəndi". Gözucu baxıram, İran qəzetlərini incələyir. Və birdən mənə tərəf dönüb:
   
   - Xanım, tanıyırsan buni?- deyib böyük adamın şəklini göstərir. Tanıyıram təbii.
   
   - Zeynəb qalır?
   
   - Oxuyur da...
   
   - Bizim mollalar qoymur oxumağa.
   
   Həvəsim yoxdu siyasi söhbətə, susuram.
   
   - Siz də Qaziantepdən gəldiz?
   
   - Yox, Antalyadan.
   
   Kimin hansı yollarla Kiprə gəlişindən söhbət gedir. Deyəsən susqunluğum ona da sirayət edir. Qalxır, yerini yenə "bizimki" olan gənc qızlara verir. Göyçək qızlardı, amma elə bil boyaqçı küpünə salıb çıxarmısan.
   
   - Hardan gəlmisiniz, Tehrandan?
   
   - Yox, Təbrizdən.
   
   Poçtuma baxıram, bayram təbrikləri var...
   
   Telefon açan dostumuzdu. Şeir, sənət bilicisi, ədəbiyyatsevər Müzəffər müəllim. Ədəbi təxəllüsü ilə Kərbəlayi Müzəffər. O da bizimlə bir təyyarədə gəlib Kiprə. Amma o başqa şəhərdədi, Maqosada. Nə vaxt görüşək? - deyir Aqil Abbasa. O da məndən:
   
   - Gedək Lefkoşaya?- soruşur.
   
   -Yox, yorğunam. Bu gün dincələk. Axşama onsuz da dəvətliyik. (Məndən çıxmayan iş, amma gecə temperaturum kəllə-çarxa çıxanda biləcəm hal-qəziyyə nədi. Möhkəm soyuqlamışam).
   
   
   
   İLAHƏ
   
   
   
   Qumsalda o baş-bu başa gedib də qarmaqarışıq fikirlərimi bir məcraya salmağa çalışıram. Uzaqdan təpələrin üstündə Atatürkün heykəli görünür. Dəniz ağ köpüklü dalğalarını sahilə gətirir. Tanrıların insanlarla birgə olduğu zamanlarda bu köpüklərin içində bir gözəl doğulub. Nimfalar onu sahilə gətiriblər. Dənizdən sahilə məhəbbət ilahəsi gətiriblər. Sonra Troya müharibəsinin baiskarı Paris nifaq almasını ona verib. Belə hiylə ilə gözəllik ilahəsi də olub. Hiylə ilə? Ay Aman, nə fərqi var, bacarıbmı? Gözəllik və məhəbbət ilahəsi Afrodita. "Afros" -köpükdən yaranan və Kipri sevgi adası yapan. Olimpdəki 12 Tanrıdan biri. Sevə bilməyənləri cəzalandıran, sevdiyinə və gözəlliyinə görə də özü cəzalanan. Bəlkə elə lap bu qayanın üstündə uzanıb çılpaq bədəni ilə gəlib-gedənlərin ağlını başından alan gözəl...
   
   Uzaqdan təpələrin üsündə Atatürkün heykəli görünür. Siyasətmi, məhəbbətmi?
   
   
   
   ***
   
   
   
   Sayın millət vəkili burda da dostlarını tapdı. Futzal üzrə millimizin keçmiş baş məqçisi Fazil Qarayev ailəsi ilə birlikdə Akapulkodadı. Axşam "Savoy" otelində bizi ağırlayacaq.
   
   Cahilliyimi afv edin, amma birinci dəfədi canlı kazino görürəm. Ən əsası qumar masası arxasında insanların üz ifadələrini, göz ifadələrini, ehtirası görürəm. Yaşı bəlkə də yetmişi ötmüş qadınlara baxıram. Allahım, bu dünyada mənim bilmədiyim nə qədər zövqlər varmış?!
   
   Kiprdə də qapalı məkanlarda siqara yasağı qoyulub. Kazinolarda siqaretə izn var. Buralarda insanlara stress atmaq (bəlkə qazanmaq?) şəraiti yaradıldığından bu yasaq yoxdu. Of, nə gözəl...
   
   Doğrudan gözəl axşam oldu. İdmançıların da içində maraqlı insanlar yox deyil. Bir də masamıza yaxınlaşıb bizimlə rusca danışan qızı görəndə elə bil doğmalarımla rastlaşıram. Keçmiş bizimkilərdən.
   
   ... Gecə işıqları alışıb-yanan kazinoların arasından otelə üz tuturuq. Otelin resepsionunda hollda oturub o tərəf-bu tərəfli "bizimkiləri" izləyirəm. Rəqslərin şıdırığı vaxtıdı. Elə bil Rio karnavalındasan. Zəncir məsələsi...
   
   - Heç yaxşı deyiləm, - deyirəm.
   
   - Gedək odamıza.
   
   Həmin gecə mən temperaturun qalxması, öskürəkdən boğulma nədəni ilə yatmadım. Sayın... sevgili qocam da səhərə qədər mənimlə ilgiləndi. Ay aman, nə qayğıkeşmiş? Bu da bir kəşf oldu mənimçün. Sənin adanda xəstələnmək də bir başqa oluyor, İlahəm! Oy, deyəsən bütpərəstliyə meyllənirəm...
   
   
   
   ***
   
   
   
    - Dur gör nə gözəl havadı. Səhər yeməyimizi yeyib gedəcəyik Lefkoşaya.
   
   - Heç hara istəmirəm. Halım yoxdu.
   
   - Yox, dur çıxaq günəşə, halın yaxşılaşacaq.
   
   ... Aydın hava var, gün adamın canını qızdırır, qəlbini isidir. Gedirik... Lefkoşaya. Oteldən Girnəyə, ordan da Kiprin paytaxtına. Təxminən 30-40 dəqiqəlik yoldu. İndi fikir verib görürəm bu yazını. Böyük dairəvi meydanın ortasında böyük-böyük hərflərlə yazılıb: "CƏMİL RAMADAN MEYDANI". Sürücüdən soruşuram:
   
   - Bu Cəmil Ramadan kim? Savaş kahramanı-falanmı?
   
   - Yok, abla, zengin birisi. Girnəyə böyük bağışlarda bulundu.
   
   - Aaaa...
   
   Sən du bütpərəstlikdən qorxursan, qız. Bax, insanlar neçə minilliklərdi ALTUNA sitayiş edirlər. Və bu heç dəyişmir...
   
   
   
   UNİVERSİTET
   
   
   
    Bora bəy sayın millət vəkilindən Kiprin Turizm bakanı ilə görüşməyi xahiş edib. Əvvəl ora gedirik. Bakanla görüşəcək başqaları da var. Hansı TV-dəndi bilmirəm, bizim qrupla gəliblər, amma. Əhəmiyyət verməmişəm, ancaq haqqına deyim ki, onlar da mənə fikir vermirlər. Mənə təxminən millət vəkilinin akssesuarı kimi baxırlar. Əlbəttə, hazıra nazir olmaq çox asandı... Nazir demişkən, Turizm bakanı qonaqları içəri dəvət edir. Getmirəm, çay içə-içə elə qəbul otağındaca gözləyirəm. Pafoslu, gurultulu sözlərə qulaq asacaq durumda deyiləm.
   
   Lefkoşanın köhnə, təxminən İçərişəhərə bənzəyən küçələrini gəzib taksi axtarırıq. Burda taksilər ancaq xüsusi dayanacaqlarda olur. İctimai nəqliyyat da yoxdu demək olar. Kərbəlayi Müzəffər bizi Yakın Doğu Universitetinin kampında gözləyir. Bax, bu universitet şəhərcikləri çox xoşuma gəlir. Şəhər içində şəhər. Öz marketləri, kafeləri, avtobusları, kinozalları, kitabxanaları, əyləncə mərkəzləri. 8-ci korpusu soruşuruq. Tanıyıb-bilən yoxdu. Elə bir təəssürat yaranır ki, bu şəhərcik Lefkoşanın özündən böyükdü.
   
   Hə, bu da dostumuz, yanında da gənc bir oğlan.
   
   - Niyə gecikdiniz?
   
   - Taksi tapa bilmirdik.
   
   - Bu cavan oğlan iş yoldaşımın oğludu, burda oxuyur. Bayaqdan şikayətlərinə qulaq asıram. Narazıdı, Bakıya qayıtmaq istəyir.
   
   - Neçənci kursdadı?
   
   - Birdə.
   
   - Ona görədi, az qalıb. Gələn il öyrəşəcəksən. Mənim də oğlum Ankarada oxuyanda əvvəl-əvvəl hər gün zəng edirdi ki, məni Bakıya qaytarın.
   
   Uşağın sifəti dəyişir. Bizdən dəstək görmədiyi üçün narazıdı:
   
   - Yox ey, xanım, burda bilirsiz necə davalar olur?
   
   - Cavan uşaqların olduğu hər bir yerdə dava da ola bilər. Başınızı aşağı salıb dərsinizi oxuyun.
   
   - Qoymurlar oxumağa...
   
   - Cavanşir Quliyevi tanıyırsan? Burda dərs deyir.
   
   - Bəstəkar? Hə, var burda belə bir xoca.
   
   - Telefonunu tapa bilərsən?
   
   - Soruşmaq olar.
   
   Bu uşaqdan ağlım bir şey kəsmir. Özüm taparam. Naharın vaxtı çoxdan ötüb keçib. Oğlan dəniz sahilində lokantaya getməyi təklif edir. Yolu getdikcə görürəm ki, Girnəyə qayıdırıq. Tanımağa başlamışam buraları.
   
   Dəniz sahilindəki lokanta... hmmm.... xoşuma gəlmir. Hələ menyüyə baxanda lap heyrətlənirəm. Qiymətlər Türkiyədə olduğundan iki-üç dəfə bahadı. Kiprdə ümumiyyətlə, bahalıqdı.
   
   Nə bu qiymətlərə, nə də bu miskin lokantaya baxma. Dənizə bax! Dəniz möhtəşəmdi, ağ köpüklər sahilə vurur. İlahə burdadı!
   
   Müzəffər öz narazı dostuyla qayıdır öz məkanına. Ünvanı tapa biləcək, ya yox, böyük sual altındadı.
   
   
   
   HÜRRƏM
   
   SULTANIN YÜZÜYÜ
   
   
   
   Biz də Girnədə bir az veyllənməyə qərar veririk. Sahildən üzüyuxarı qalxırıq. Küçə ticarətinin gur getdiyi yerdi. Amma o qədər fəqir görkəmi var ki. Köhnə görünüşlü iki-üç mərtəbəli binalar öz yunan özəlliyini saxlayır. İndi burda heç yunan yoxdu. Amma daşlar xatırladır. Suvenir satanlara yaxınlaşıb göz gəzdirirəm:
   
   - Sizdə heç Afrodit heykəlciyi yokmu?
   
   Anlamadan baxırlar üzümə. Gör ha, xanımın vətənində onu tanımırlar. Amma başqa nələrsə də gördüm. Zərgər dükanlarının vitrinlərində böyük hərflərlə yazılmış lövhələr cəlb edir diqqətimi. Demək olar ki, hər addımda təkrar olunur. Üzümə təbəssüm qonur. Dayanıram birinin qarşısında.
   
   - Nədi, nə var orda?
   
   - Bax gör, nə yazıblar?
   
   - Nə, harda, bunu deyirsən?
   
   "Hürrəm Sultanın yüzüyü geldi".
   
   - Görürsən, eynini düzəldiblər. Yaxşı reklamdı, özünü sevimli hərəm hiss etmək istəyən qadınları başdan çıxarmaqçün.
   
   - Alım sənə?
   
   - Yox, canım-gözüm, mənim elə illüziyalarım yoxdu. O üzük nə səni Sultan Süleyman, nə də məni Hürrəm eləməz. Gəl bəri...
   
   
   
   ***
   
   Otelin hollunda əməlli dava düşüb. Bu nədi? Yoxsa Otellonun kölgəsimi fırlanır buralarda? Dezdemonanın yaylığı kimdəsə tapılıb? Mavr öz işini görübmü?
   
   Bu çağıran gözlərin, hesablayan baxışların nəticəsi nə isə olmalıydı...
   
   - Alə, indi biz qeyidəndə hamıya diyəcüyük. Bura heç gəlməli xaraba deyül. Na nix pasmatri.
   
    O biri "bizimkilər də" farsca nəsə danışırlar. Rio karnavalı qalmaqallı sonuclanır deyəsən. Əşi, mənə nə var? Var, əlbət... Hamısı cavan oğlanlardı, amma yanlarındakı qızların gözü yaşlı kişilərdədi. Pul onlardadı axı.
   
   ... Rəssam Tərlan Qorçuya SMS göndərib Cavanşirin Kipr nömrəsini soruşuram. Az sonra cavab gəlir. Sabah ilk işim maestronu aramaq olacaq. Amma heç bilmirəm sabahı necə açacam. Atəşim yüksək, öskürək bütün əzələlərimi ağrıdır, hələ üstəlik təzyiq də qalxıb. Sayın millət vəkili, bu gecə də yatası olmadınız!
   
   (Ardı var)

TƏQVİM / ARXİV