MÜSAHİBƏ

İRADƏ TUNCAY
53441 | 2010-12-18 06:16

İş günümün axırında yorğun-arğın, sonuncu dəfə kompüterdə sabahkı nömrənin materiallarına göz atıram. Yorğunluğum işin çoxluğundan deyil - şikayətə gələnlərin, ya da yazıb, ancaq heç nə oxumayanların bolluğundandı. Hərə ilə 5-6 dəqiqə söhbət eləsən dəli olacaq duruma gəlirsən. Hələ üstəlik telefon zənglərini də bura əlavə eləsən...
   
   Mən səhifələrə baxıram və bu arada jurnalist Kərim Kərimli girir otağa, həmişəki nəzakətli halı ilə:
   
   - İradə xanım, bir dəqiqə vaxtınızı alacam- deyir.
   
   Üzünə baxıram, iş vaxtı qurtarıb, bir on dəqiqə də gec gəlsəydi mənim bu səfeh işlərə sərf olunan vaxtımı ala bilməyəcəkdi.
   
   - Nə məsələdi?
   
   - Polşadan jurnalistlər gəlib, Azərbaycan haqqında yazmalıdırlar. Müxtəlif adamlarla görüşürlər. "Novoya Yevropa" jurnalından.
   
   Kərim belə deyir jurnalın adını. Çıxıram dəhlizə. Baxım görüm Avropadan gəlmiş novı yevropalılar kimdi belə? Avropa elə köhnə Avropadı, sevgiləri təzədi. İndi də bizi çox sevməyə başlayıblar. Biri gedir, o biri gəlir. Yazırlar, yazırlar, yazırlar...
   
   Baxıram, jurnalistə oxşayırlar. Biri yaraşıqlı hündür oğlandı, biri də bizim Günel Mövluda oxşayan arıq, çəlimsiz, balaca bir qızcığaz. Otağa dəvət edirəm. Amma özlüyümdə fikirləşirəm ki, heç yaxşı olmadı bu. Məmləkətin gül-çiçək mətbuatının yerləşdiyi binanın çirkli, tualet qoxulu qaranlıq dəhlizindən keçib bizim redaksiyaya gələnəcən haqqımızda nə fikirləşiblər Allah bilir. Nə isə, otağa bir göz gəzdirirlər, divardakı portretə baxırlar, stolun üstündəki portretə baxırlar, mənə baxırlar. Və diktofonu yandırmağa icazə istəyirlər. Söhbət başlayır, təbii ki, RUS dilində. İrəlidə "rus" sözü ilə bağlı bəzi məqamlar olacaq da - ona görə bu sözü vurğuladım...
   
   
   
   ***
   
   - Dedilər ki, sizin qəzetiniz hakimiyyəti dəstəkləyir.
   
   - Bilmirəm sizə nə deyiblər, bizim qəzet müstəqil qəzetdi, adı "Ədalət"di. Biz ədalətin yanında olmağa çalışırıq. Gələcəyimizin "güclü dövlət" prinsipindən asılı olduğunu düşünürük və bu prinsipi dəstəkləyirik.
   
   - Otağınızda həm keçmiş, həm də indiki prezidentin şəkilləri var.
   
   (Birinci suallarından söhbətin hara fırlanacağını anlamışdım. Deməli, mən bu söhbətdə balanslaşdırılmış siyasət yürütməliyəm. Odur ki, sözləri qalır yarımçıq, mən hücuma keçirəm).
   
   - Avropada prezidentlərin şəkilləri asılmır iş otaqlarından? Ya demokratiyanın beşiyi Amerikada belə deyil? Keçmiş prezident çox ağır durumda olan ölkəni dirçəltdi, dağılmaqdan qorudu, sabitlik yaratdı, indiki prezident isə həmin kursu uğurla davam etdirir. Ölkədəki inkişaf, yeniliklər göz qabağındadı. Tikinti
   
   (Deyəsən məndən əvvəl bu tikinti məsələsindən qonaqlarımıza çox danışıblar, çünki mən həmin sözü işlədən kimi hər ikisi xorla):
   
   - Gördük, gördük,- deyirlər və davam edirlər,- ölkənin heç problemi yoxdumu?
   
   - Var, əlbəttə. Ərazisində müharibə getmiş, torpaqları işğal olunmuş ölkədə problem olacaq təbii. Evsiz-eşiksiz, yurdsuz-yuvasız qalmış bir milyondan söhbət gedir. Yaxınlarını, əzizlərini itirmiş yüz minlərdən söhbət gedir. Müharibə insan psixologiyasını dəyişir - aqressiya, nifrət, narazılıq yaradır. Bu həmişə belə olub, bütün dünyada belədir, bizdə də belədi. Sadəcə siz avropalılar bizə ikili standartlarla yanaşırsınız.
   
   - Siz ikili standart nəyə deyirsiniz?
   
   - Bu standart məsələsinə bir az geniş yanaşmaq lazımdır. Avropalılar irqçidilər və xırda xalqlara da yuxarıdan aşağı baxırlar. Halbuki bütün xalqlar üçün məqbul bir həqiqət var. Kütlə və onun hərəkətverici qüvvəsi olan fərdlər. Sadəcə bu gün bizim keçdiyimiz yolu siz iki yüz il əvvəl keçmisiniz. Bunun da səbəbləri çoxdur. Biz müstəmləkə olmuşuq. Siz polyakların da əsarət dövrü olub, amma dövlətçilik ənənələriniz daha qədimdi. Bu da mühüm amildi. Mərkəzləşmiş dövlət sözü çox mətləblərdən xəbər verir. Avropa heç vaxt istəməz ki, hansısa balaca bir ölkə, xüsusən də Şərq ölkəsi rahat yaşasın, inkişaf eləsin. Onda bizi istismar etmək mümkün olmayacaq axı.
   
   - Avropalılar sizi istismar edir?
   
   - Əlbəttə!!! Konkret siz polyaklardan söhbət getmir, ümumilikdə Avropadan danışıram. Sizə gəlincə, super güclər Polşanı rusların acığına qucaqlayıblar. Hə, yeri gəlmişkən, mən 1989-cu ildə Polşada olmuşam. Hələ Sovet İttifaqı dağılmamışdı. Və mən o zaman polyakların ruslara böyük nifrətini hiss etdim.
   
   - Düzdür, təəssüf ki, belə olub...
   
   (Bu qız elə təəssüflə üzrxahlıq edir ki, sanki mən də rusam) - Ruslara münasibətiniz yaxşıdı?
   
   - Mən bütün millətlərin yaxşı keyfiyyətini görməyi bacarıram. Fateh xalq idi. Amma işğal elədiyi torpaqlarda ruslar zibil də daşıyırdılar, tualet də təmizləyirdilər. Özlərini yerlilərdən çox da yuxarı tutmurdular. Heç təsəvvür eləyə bilərsiniz ki, hansısa bir ingilis Hindistanda tualet təmizləsin?
   
   - Onlar sizin neftinizi daşıyırdılar...
   
   - Bir o qədər də qaytarırdılar. Təhsil pulsuz idi, səhiyyə pulsuz idi. İnsanlara pulsuz ev verirdilər. Dağ kəndindən gəlmiş uşaqlar gedib Moskvada təhsil ala bilirdilər. Hər xalq üçün təhsil sistemi vacib şərtdi. Avropalılar bunu dağıtmaqla məşğuldular.
   
   - Bəs onda niyə Avropa Şurasına daxil olmusunuz?
   
   - Ona görə ki, biz aziat deyilik, biz də sizin kimi yaşamaq istəyirik və buna gücümüz çatar. Nə şüurumuz, nə də düşüncəmiz sizdən geri qalmır. Siz özünüzü ağ, bizi qara adam hesab eləsəniz də bu belədir. Yaxın onilliklər bunu göstərəcək. Nə qədər din pərdəsi altında müdaxilələr olsa da, demokratiya pərdəsi altında müdaxilələr olsa da...g Bir vaxtlar kitab oxumaqla öyünən gənclərimiz siz bura ayaq açandan gecə barlarının daimi sakinlərinə çevriliblər. Azyaşlılar əyləncə məkanlarının daimi sakinlərinə çevriliblər. Avropa bizi həmişə aşağıda görmək arzusundadı...
   
   - ... Mətbuatdan danışaq. Bu gün konkret olaraq Polşada KİV-lərin ən böyük problemi maddi problemdi. Siz necə həll edirsiniz bu məsələləri?
   
   - Bizdə sizdən fərqli olaraq reklamlardan gələn gəlir yoxdu...
   
   - Niyə yoxdu?
   
   - Yoxdu, vəssalam. Heç kim reklam vermək istəmir, - maraqlıdı eləmi? Bütün dünyada KİV reklamın hesabına dolanır. Bizsə ancaq satışdan qazanırıq.
   
   - Belə böyük tirajlarınız var?
   
   (İndi gəl cavab ver).
   
   - Bir vaxtlar bizim qəzetlərin tirajları milyonu ötürdü. Ancaq indi əlifbanı dəyişəndən bir xeyli oxucumuzu itirmişik. Amma ciddi mətbuata dövlət yardım edir.
   
   - Bəs söz azadlığı?
   
   - Ərəb ölkəsində yaşamırıq. Və yəqin ki, maraqlanmısınız, hər yönümdə qəzet var. Sarı mətbuatdan tutmuş ciddi ictimai-siyasi qəzetlərə qədər. Kim nə istəyir yazır. İndi nəyəsə təsir edir, ya yox, bu başqa məsələdi.
   
   - Bəs bloggerlər niyə həbs olunmuşdu?
   
   - Birincisi, bloggerlər həbsdən buraxılıb. İkincisi, onları restrorandakı xuliqanlığa görə tutmuşdular. Söz azadlığının bura dəxli yoxdu.
   
   - Sizin qəzet üçün prioritet mövzu nədi, oxucularınız kimdi?
   
   - Oxucularımız sadə ölkə vətəndaşları. Qəzetin adının mənasını da sizə izah etdim. Nə dərəcədə mümkündürsə, bir o qədər də ədalət axtarırıq. Amma siz dünyada ümumiyyətlə, ədalət görmüsünüz? Öz dərd-sərimizi qoyuram bir tərəfə. Lap Şərq ölkələrində baş verənləri də qoyuram bir tərəfə. Xristian Haitidə insanlar epidemiyadan milçək kimi qırılır. Dünya əl uzadır onlara?
   
   (İkisi də susur. Dünyanın işləri onlara verilmiş tapşırıqlar siyahısında yoxdu. Konkret sualları var. Yeni Avropadan onun üçün gəliblər:)
   
   - Seçkilər necə keçdi?
   
   - İnsanlar öz seçimlərini tam sakit və demokratiya şəraitində etdilər.
   
   - 2003-cü ildə ölkədə seçkilər vaxtı qarışıqlıq olmuşdu...
   
   - Ölkə demək çox böyük çıxır. Paytaxtın bəzi yerlərində, bəzi küçələrində. Xaricdən maddi dəstək almış bəzi qruplar qeyri-sabitlik yaratmaq istədilər və təbii ki, dövlət bunun qarşısını aldı. Belə şeylərdən hər zaman istifadə olunur və sonra ölkənin adını müəyyən siyahılara salıb basqı vasitəsinə çevirirlər. Bax, indi sizi bura nəyə göndəriblər? Bizi çox sevirsiz? Xocalı faciəsi haqqında eşitmisiz? Tarixdə müharibələr zamanı belə şeylər olub. Deyək ki, Çexiyada Liditsa kəndi, Belorusiyada Xatın kəndi... Bunlar haqqında yazıblar, bəs Xocalını niyə qəbul etmirlər? Qaynar nöqtələr dünya birliyinə lazımdı, ona görə soyumur. Qafqaz da poliqona məhz buna görə çevrilib.
   
   - Tamam, Qafqazdan danışaq. Gürcüstan demokratik inkişaf yolundadı...
   
   - Ola bilər subyektiv fikir olsun, amma yenə də. Gürcüstan Amerikanın həyata keçirdiyi layihədi. Layihənin vaxtı bitəndə nə olacağını kimsə bilmir. Ümumiyyətlə, demokratiyadan çox danışan adamların dünyada baş verən bütün hadisələrə həmin prizmadan baxması lazımdı. Amma baxırlarmı? Bəlkə bu da subyektiv fikir olacaq, ancaq bu gün dünyanın birqütblü olması yaxşı heç nə vəd eləmir. Sovet İttifaqının dağılması güc balansını pozdu. Və ümumiyyətlə, çox şeyləri pozdu...
   
   - Sovet İttifaqı haqqında nostalji hisslərlə danışırsınız...
   
   - Təbii, mən sovet adamıyam... Həmin dövrdə tərbiyə olunmuşam.
   
   - "Sovet adamı" nə deməkdi, izah edə bilərsinizmi?
   
   - Bir az çətin olacaq. Özüm bildiyim kimi deyim. Qanunlara hörmətlə yanaşan, bərabərlik prinsiplərinə hörmətlə yanaşan, maddiyyatı yox, mənəviyyatı önə çəkən... Kapitalist sistemi qorxulu bir şeymiş, biz indi anladıq bunu. Avropa isə bu gün sosializmi yaşayır. Amma özüyçün yaşayır, başqalarına imkan vermir. Xüsusən də saçının və gözünün rəngi qara olan adamlara. Bir faktı deyim sizə. Üç il əvvəl Hollandiyaya gedəndə viza almaq üçün səfirliyə baş vurdum. Çox get-gələ saldılar məni. Terroristə oxşayıram? Halbuki maşın alveri üçün gedənlərə həmin dəqiqə düzəldirlər şəraiti. Çünki onlardan pul alırlar, amma mən rüşvət verən deyildim və bu münasibəti gördüm. Burda da ikili standart.
   
   - Biz də bura gələndə vizanı çətinliklə aldıq...
   
   - İnanmıram. Çünki Azərbaycana gəlmək həmişə asandı, xüsusən avropalılara. Bəlkə müəyyən prosedur qaydalarda dəyişiklik olub, xəbərim yoxdu. Bizim ölkədə nəyi bəyəndiniz? İnsanlarımız çox istiqanlıdı, qonaqpərvərdi...
   
   - Düzdü, insanlarınız çox gözəldi. Bəs sizin narazı olduğunuz heç nə yoxdu?
   
   - Var təbii. Mən həmişə narazı olduğum nələrdənsə yazıram. Məsələn, məmurlardan.
   
   (Ürəyimdə fikirləşirəm ki, məmurlar öz işlərini görsəydilər mən bütün günü mənə aid olmayan şikayətlərə qulaq asmazdım) Kadr siyasətindən. Narazı olduğum nələrsə var. Amma bunun sizə dəxli yoxdu. Onsuz da gedib öz bildiyinizi yazacaqsınız. ATƏT gəlib-gedir nəticəsi nə olur?
   
   Gülümsəyirlər və baxışırlar.
   
   - Söhbətimizin sonunda avropalılara nə isə demək istərdiniz?
   
   - Güman eləmirəm ki, avropalıların mənim sözümə ehtiyacları olsun. Amma hər halda bir söz deyim də. Hamımızı bir olan qüvvə yaradıb. Və onun qarşısında hamımız eyniyik. Avropalılar da özlərini fövqəlinsan hesab eləməsinlər, bütün insanlara da sevgi ilə yanaşsınlar. Bax, onda sizin dediyiniz prinsiplər zəfər çalacaq.
   
   
   
   ***
   
   Əslində söhbət çox çəkdi, iki saata yaxın. Hər şeydən danışdıq. Sənətdən, ədəbiyyatdan, tarixdən, özəlliklə Polşanın. Hiss elədim ki, heyrətverici oldu onlar üçün. Mənə sual verdilər:
   
   - Müsəlmansınızmı?
   
   - Hə - dedim.
   
   Amma özlüyümdə fikirləşdim ki, mən bunların düşündüyü kimi müsəlman deyiləm axı. Namaz qılmıram, oruc tutmuram, həccə getmək arzusuyla alışıb-yanmıram, bütün dinlərdə yaxşı nə varsa, gözəl nə varsa mənə məqbuldu. İsa peyğəmbəri çox sevirəm. Amma bunları onlara demədim. Məndən əvvəl kimlərlə görüşdüklərini bilmədim. Sonra da kiminlə danışıblar bilmədim. Hər halda böyük yerlərdə təmsil olunmasalar da, nümayəndə heyətlərinin tərkibində xarici ölkələrə göndərilməsələr də, orden-medallardan onlara pay düşməsə də bu məmləkətin intellektual potensialı yerindədi...
   
   Və sonda polşalı jurnalistlər məndən mərhum prezidentin portreti altında bir şəkil çəkdirməyi xahiş edirlər. Anlayıram niyə və nə yazacaqlarını da təxmin edirəm. Olsun! Bizim gerçəklərimiz də, həqiqətlərimiz də fərqlidi, cənablar!
   
   Onlar çıxıb gedirlər, interneti açıram. Və bu jurnalın mövcud olduğunu və bu adamların da həqiqətən jurnalist olduğunu öyrənmək istəyirəm. Bəli, həqiqətən var bu adda jurnal. Amma Kərimin dediyi kimi deyil, fərqli yazılışdadı. O adamların yazılarını da açıb oxumağa çalışıram. Ortaq polyak-rus sözlərini tutuşdurmağa çalışıram və mətndən belə anlayıram ki, bu adamlar keçmiş postsovet məkanından yazmaqla ixtisaslaşıblar. Ağıllı gənclər idi. Və əməlli hazırlaşıb gəlmişdilər. Düşündüm ki, görəsən bizim qəzetlərdə də nə vaxtsa belə gəncləri yetişdirib harasa göndərmək mümkün olacaqmı? Belə gənclərin sayı çoxalacaqmı? Bayaqdan qabağıma qoyub danladığım avropalılar mane olmur ki, buna da. Ya da bizim işlədiyimiz bu binanın dəhlizlərini də onlar çirkləndirmir ki? Gecə kəpənəklərini də bu binaya avropalılar yığmayıb ki? Bayaqdan gözümü qırpmadan nə qədər yalan danışdım. Amma lazımlı yalan idi. Nə qədər gərəksiz yalanlar da danışırıq. Bunu da avropalılar eləmir ki?
   
   Söz verdilər ki, jurnalı göndərəcəklər mənə. Göndərməsələr də avropalıların icad etdikləri internet sağ olsun.

TƏQVİM / ARXİV