BU YALNIZLAR TRENİ...

İRADƏ TUNCAY
48639 | 2010-10-30 06:22

... Elə bil sinəmdən ağır daşla vurub itələdilər. Necə, nə vaxt, səbəb, harda? Sualları həm özümə, həm də qarşımdakına yağdırıram. Niyə, axı niyə? Tənhalıq çökmüş baxışları gəlir gözlərimə. İndi, bax indi, həmin baxışların ağırlığı əzir məni...
   
   
   
   ***
   
   - Sənin yanında rahat ola bilirəm, amma düzünü de, sən də məni qatil hesab edirsən?
   
   - Yox, mən arxayınam ki, sən heç qarışqanı da əzə bilməzsən.
   
   - İnanım, ürəkdən deyirsən?
   
   - Lap ürəyimin içindən.
   
   - Mən burda gəzə bilmirəm e, hamı mənə düşmən kimi baxır, lənət şeytana.
   
   - O onların problemidi.
   
   - Məni işə götürəcəksən?
   
   - Yox.
   
   - Niyə?
   
   - İçirsən...
   
   
   
   ***
   
   Üç-dörd ay əvvəl.
   
   - Alim yazını gətirib?
   
   - Yox, - deyir Nizami, - Alimi nəşriyyata buraxmırlar. İçib dalaşıb yeməkxanada.
   
   - Zəng eləyin heç olmasa gətirsin, qapıdan versin getsin.
   
   - Tapa bilmirik.
   
   - İy nə deyil, soruşun görün hardadı...
   
   Gecənin bir aləmi zəng gəlir telefonuma, nömrəni tanımıram, amma cavab verirəm. Səsini tanıyıram. Heç soruşmuram nömrəni hardan almısan, niyə belə gec zəng eləyirsən...
   
   - Nədi, Alim?
   
   - Kömək elə də mənə.
   
   - Səhər Aqil danışar, buraxarlar səni nəşriyyata.
   
   İçə bilmirsən içmə də...
   
   - Lənət şeytana, mənim günahım yoxdu...
   
   ... Bunlar hamısı niyə məni tapırlar, ay Allah...
   
   
   
   ***
   
   Görəsən bəşəriyyətin inkişaf tarixində insanlar nə vaxt özlərinə sual verməyə başlayıblar - "mən kiməm", "niyə , nə üçün varam?". İnsanlar bu sualı dərk edəcək qədər nə vaxt şüurlu olublar? Filosoflar deyir ki, bu an ancaq insanın özünü tənha hiss etdiyi zaman gəlir. Taleyin hökmüyləmi,ya xarakterin təsiriyləmi, özüylə üzbəüz qalanlar, özüylə üz-üzə gələnlər, öz "Mən"ində insan görə bilənlər və bu "Mən"in dərdində bəşəri dərdləri görə bilənlər dərk prosesinin iştirakçısına çevrilirlər. İnsanın var olmaq savaşında - məhz tənhalıq əzabından keçib, onu yenə bilənlər və həm də bu zaman dərketmə enerjisini (tənhalığın verdiyi) qoruya bilənlər qalib olurlar.
   
   Bədii ədəbiyyat bu problemin təsviriylə də, tənhalıqdan əziyyət çəkən qəhrəmanların bolluğuyla çox zəngindi. Lermontovdan, Dostoyevskidən, C.Londondan, Remarkdan, Folknerdən və kimlərdən üzü bəri yazırlar. Və möhtəşəm "Yüz ilin tənhalığı" - Markes. Amma qəribədir ki, fəlsəfə üçün bu mövzu hər zaman "maraqlı" olmayıb. Yalnız XX əsrdə tənhalıq problemi bəşəriyyətə o qədər doğmalaşıb ki, filosoflar da, psixoloqlar da bunu şəxsiyyətin və insan varlığının əsas problemi kimi görməyə başlayıblar. Özüylə barışı yaşaya bilməyən fərdlər cəmiyyətlə də barışa bilmirlər və bunun yaratdığı ziddiyyətləri düşünək. Düşünək, ay insanlar, düşünək! Düzdür, biz öz fikirlərimizlə tək başına qalmaqdan qorxuruq və çıxış yolunu əyləncədə axtarırıq. Bu əyləncələr təhlükəli olsa da ora qaçırıq. Hətta həyat üçün təhlükəli olsa da. Hər hansı avantüranın əsl məğzi qarşıya qoyulan məqsədə çatmaq deyil əslində - insanın özündən qaçmaq istəyidi.
   
   
   
   ***
   
   ... Səs tembrində həm qəribə məhrəmlik var, həm də nəsə ayrı notlar. İlk anda izahını verə bilmirəm özümə. Sualları var mənə, ilk anda heç bilmirəm hansı qəzetdəndi, adı nədi bu oğlanın. Cavablaşdırıram suallarını təbii. Mənə zəng eləyən çoxsaylı müxbirlərdən fərqli bir söhbət eləyir. Mövzuya dəxli olan və olmayan. Heç kimlə hər hansı bir mövzuda, hən hansı artıq söz danışmağa həvəsi olmayan mən özümə heyrətlənirəm, bu qədər danışdığıma görə. Nəsə vardı səsində, amma hələ anlaya bilmirəm. Səs yadımda qalır... Sonra zaman-zaman təkrarlanan bu sorğu-suallarda hər kəslə, ötəri danışıb yola verməyə çalışan mən nəsə bu oğlanla çox hörmətlə danışıram. Səsi məcbur eləyir, ağıllı mühakimələri məcbur eləyir. Yaşını soruşuram, çox gəncdi. Gənclərin arasında öz düşüncəsi, öz dünya baxışı olanlar məni sevindirir təbii, amma səsində nəsə var bu oğlanın. Doğma nəsə... Və hiss edirəm ki, mən bu zəngləri gözləyirəm. Fərqi yoxdu nə suallar olacaq - amma səsdə nəsə var...
   
   ... Yenə gecənin bir aləmi Alimdən zəng gəlir:
   
   - Məni yenə aparmışdılar...
   
   - Mən neynim, mən nazir deyiləm ki... Günahın yoxdusa...
   
   - Mənim günahım yoxdu...
   
   Oğlum da deyinir, "niyə icazə verirsən, bu avara, sərkərdan adamlar sənə hər vaxt zəng eləyirlər". İzah ver görüm - məndən asılı deyil, bu adamları maqnit kimi cəzb eləyirəm. Məndən asılı deyil...
   
   Axtarıb tapırlar məni. Niyə, Allahım?! Sonra bir dostumun sözünü xatırlayıram. "Bütün istedadlı adamlar bir az da dəli olurlar. Fikir ver, hamısı sənin başına yığışır, bütün dəlilər, sənin kimi dəlilər".
   
   
   
   ***
   
   - Sənin bilmədiyin nəsə var?
   
   - Yəqin ki var, Alim, amma onun sənə dəxli yoxdu. Nədi bu dəfəki mövzun?
   
   - Andrey Voznesenski, Bella Axmadulina...
   
   - Və Yevgeni Yevtuşenko və məhəbbət üçbucağı... - deyirəm.
   
   - Elə bir şey olacaq ki, sən bilməyəsən? Tapacam o mövzunu...
   
   - Tapa da bilməyəcəksən, mən çox oxumuşam.
   
   Birdən gözləmədiyim bir sual gəlir:
   
   - Darıxmırsan bu adamların içində, sən heç kimə bənzəmirsən?
   
   - Çox darıxıram, neynim?
   
   - Şeirlərimi gətirmişəm, neçə gündü, oxu da...
   
   - Aa-a, bu difiramblar şeirlərin oxunması üçündü?
   
   - Sən də belə deyəndən sonra..., sənin fikrin mənim üçün çox vacibdi, lənət şeytana - deyir və gedir.
   
   Jurnalı vərəqləyirəm, yazdıqları doğrudan şeirdi və görürəm ki, mənə həsr olunmuş şeir də var, dərd haqqında... Bunlar nə istəyirlər e, məndən, dərd nədi, mənim dərdim-zadım yoxdu - deyə mızıldanıram.
   
   
   
   Yolunu kəsib yellənən
   
   Günündən küsüb yellənən
   
   Səsində əsib yellənən,
   
   Ağrını gördüm tanıdım.
   
   
   
   Qadan alım, adamlara,
   
   Neynər halım, adamlara.
   
   Mən bu zalım adamlara,
   
   Mələk deyirdim, tanıdım.
   
   Qaldı ömrün boş dəyəsi.
   
   Dərd qalmadı baş döyəsi.
   
   Ayrılıqmış eşq yiyəsi
   
   Könlümü verdim tanıdım...
   
   
   
   ***
   
   - İş yerimi dəyişmək istəyirəm...
   
   - Bilirsən, mən sənə çoxdan təklif eləmək istəyirdim, bizim redaksiyada işləməyi, gəl mənim yanımda işlə. Gəl, bir az söhbət edək.
   
   Birdən sonra işdəyəm. Gəl, gözləyəcəm. Sənin yazılarını çox bəyənirəm. Gəl...
   
   İşə gəlirəm, gündəlik qayğılar başımı elə qatır ki,
   
   səhərki söhbəti unuduram və birdən otağımın kandarında gördüyüm, başımı qaldırıb diqqət yetirdiyim sima məni səhərki söhbətə qaytarır. Adını deyənə qədər tanıyıram onu. Tənha baxışlarından tanıyıram. Baxışlarını görəndən sonra anlayıram səsinin niyə belə doğma olduğunu... Yalnızlar treninə xoş gəldin, oğlan! Aramıza xoş gəldin!
   
   
   
   ***
   
   ... Polkovnik Aureliano Buendia divara söykənib edamını gözlədiyi dəqiqələrdə həyatının ən parlaq anlarını xatırlayır. Aureliano Buendia - Markesin çox əsərlərində adı keçən polkovnik və yüz ilin tənhalıq qəhrəmanı.
   
   Yazıçı yeddi nəsil Buendiaların taleyini təsvir edir. Bu nəslin taleyi əslində yüz il ərzində Latın Amerikasında baş verən hadisələrin tarixidi. Uydurma Makondo şəhərciyi hər hansı bir Kolumbiya qəsəbəsi ola bilər. Buendia ailəsi də bəlkə eləcə - amma ailənin bir özəlliyi var. Bu ailənin hər bir fərdi yalnızdı, tənhadı. Bu ailənin hər bir fərdini tənhalıq boylanan baxışlarından tanımaq olur. Bu əsərdə dərs yoxdu - sadəcə anlamaq cəhdləri var. Hakimiyyəti olan insanın tənhalığı, yaşlı insanların tənhalığı, sevən qadının tənhalığı, hətta ağlı başından çıxmış dəlinin tənhalığının təsvirləri var. Çıxış yolu isə... yoxdu. Maraqlı bir epizod var əsərdə. Şəhərdə yuxusuzluq epidemiyası yayılır. Əvvəl-əvvəl sakinlər buna əhəmiyyət vermirlər, yəni nə olsun yatmırlar-yatmırlar da. Amma sonra hər şeyi unutmağa başlayırlar - özlərinin kim olduğunu, ata-analarının adlarını, əşyalarının nəyə lazım olduğunu, hətta Yaradanın var olduğunu, nəyi unutmaq mümkünsə... Və unutmağın necə təhlükə olduğunu dərk edə biləcək bir kimsə tapılır. Hər yerdə nəyin, nəyə lazım olduğunu yazırlar, şəhərin mərkəzi küçələrindən birində böyük bir lövhə asılır: ALLAH VAR!
   
   ... İndi bu heç yatmayan, yuxuçu qaçmış, işıqları alışıb-yanan şəhərin küçələrinə baxıb da fikirləşirəm, bu lövhəni hardan asaq ki, hamı görsün...
   
   
   
   ***
   
   - Lənət şeytana, gec xəbər tutdum. Təqdimata gəlmək istəyirdim.
   
   - Sən gəlmədin təqdimat olmadı? İkinci kitabımın təqdimatına gələrsən...
   
   - Mənə kitab ver...
   
   - Orda şkafdadı, götür...
   
   - Üstünü də yaz, amma mənə hamıya yazdığın sözləri yazma!
   
   - Niyə, sən göydən düşmüsən? Hamıya yazdığımı yazacam!
   
   - Lənət şeytana, görmürsən necə oxşayırıq...
   
   Zəndlə baxıram üzünə.
   
   - Bildin nə deyirəm...
   
   - Get, Alim, get...
   
   - Məni işə götür.
   
   - Əl çək məndən, öz avaralarım özümə bəsdi.
   
   ... Elçinin yeri boş qalmır, ay Allah! Özüm kimi dəlilər axtarıb tapırlar məni, ay Allah!
   
   ***
   
   O günki insanlar özləri birinci dərəcəli vaqonlara minib, kitabları yük vaqonlarında daşıyacaqlar - dünyanın axırı gələcək.
   
   "Yüz ilin tənhalığı" - Qabriel Qarsia Markes.
   
   Yalnızlar trenində birinci, ikinci dərəcə yoxdu... Bu da məndən...
   
   Bizdən fərqli olaraq onun nə evi, nə də bir kimsəsi yox idi. Burda da birmənalı bir söz demək olmayacaq. Evdə də "bən kendimə aid, sen kendinə uyruk" prinsipi hökm sürürsə kimin daha çox kimsəsiz olduğu da sualdı. (Tofiq Abiyə telefon açıb "uyruk" sözünü bizim türkcədə necə səsləndirməyi soruşuram. "Öz aləmində" ola bilər - deyir. Amma daha doğrusu, "öz kefində" olacaq).
   
   
   
   ***
   
   ... Heç özümə gələ bilmirəm. Elə bil lap yaxın məsafədən böyük bir daşı sinəmin üstünə buraxıblar.
   
   - Yatıb, durmayıb - deyirlər.
   
   İlk ağıla gələn səbəb... Boş şeydi, mənə danışırdı axı ağrılarını. O intihar çox incidirdi onu. Ora-bura aparıb-gətirilməsi də bu ağrıların çox cüzi bir parçası idi.
   
   - Otağa girirəm, hər şeyi necə səliqə ilə yığıb, necə düzüb - heç nəyə toxunmaq istəmirəm. Çox kövrəlirəm. Sən mənə inanmırsan?
   
   - İnanıram... Sevirdin onu?
   
   - Yox, insan idi də...
   
   ... İndi, bax indi, onun tənha baxışlarının ağırlığı altında əzilirəm. Qarışıq hisslərlə evə qayıdıram. Bu günlərdə divanın yeganə hakimi mənəm, təkəm yəni. Və həm də təkəm. Bir küncdə büzüşüb ürək işığında, göz işığında, arzu, ümid işığında yaşamaq necəliyini düşünürəm. Nə dizimə döyürəm, nə sinəmə vururam. Qəlbimlə, ürəyimlə qanlı bıçağam. Niyə beləsən, qız? Bu ağrıları necə qapatmaq olarsa, o yöntəmlərlə qapatmağa çalışıram. Kömək eləmir, heç nə kömək eləmir. Və özüm kimi birinə elə belə də yazıram: "Heç nə kömək eləmir". Cavab gəlir: "Eee, hara gedirik, hara gedirik?". "Bilmirəm" - cavabını yazıram... Trenin aparacağı yerə...
   
    Niyə belə acıdilsən, qız?! Niyə sevgini göstərə bilmirsən?!
   
   
   
   ***
   
   İşə gələndə qara haşiyəli şəklinin yanından tələsik ötüb keçməyə çalışıram. Daha doğrusu, qaçmağa...
   
   ... Qaçdığım yer bu otaqdı, özüm kimilərin başıma yığışdığı yer. Ərazimin daimi sakinlərindən biri də bu oğlandı - Səbuhi. Çox rahat oturub kreslomda, öz evindəki kimi. Üzümə bir təbəssüm də gəlir, amma hiss eləyirəm nəsə əsəbidi, nəsə oynadıb onu yerindən. Stulu yaxına çəkirəm. İndi deyəcəm, deyəcəm, deyəcəm... Deyə bildiyim ancaq bu olur:
   
   - Səbuhi, canının qədrini bil. Heyifsən, sən də istedadlısan axı...
   
   Yox, olmadı qız, olmadı. Bunu demək istəmirdin axı. Ancaq o da baxır gözlərimə, anlayır deyəsən. Durub otaqdan çıxanda dodağının altında mənə dediyi sözlərdən anlayıram ki, anlayır... Əslində nə deyəcəkdim? Bu yalnızlar treni... Sən də bu trenin yolçususan axı. Tren boşalır. Yüz ilin tənhalığına məhkum olmuş insan övladı bu viranə dünyaya ancaq bircə dəfə gələ bilər. Yalnızlar trenində yol getmək üçün.
   
   Qoymayın da bu treni boşalmağa. Orda da yalnız olmayaq da. Qaçanda içki şüşəsinin içində gizlənməyin də... Bu yalnızlar treni... bizi harasa aparacaq da...

TƏQVİM / ARXİV