adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KOSMOPOLİTİZM, YOXSA SİMASIZLIQ?..

BABƏK YUSİFOĞLU
67088 | 2013-06-12 00:20
Xalqımız yüz illiklər boyu düşmənləri ilə vuruşdu, işğalçılara qarşı mübarizədə qan tökdü, arxadan zərbə vuranları, xəyanət edənləri zaman-zaman yerində oturtdu. Lakin bizi məhv etməyə çalışanlar, yurdumuzu ələ keçirmək, insanlarımızı Yer üzündən silmək istəyənlər tükənmək bilmədilər. Hey üstümüzə qıcandılar, hey tələlər, pusqular qurdular, hey səmimiyyətimizdən, sevgimizdən sui-istifadə edib süfrəmizin başında özümüzə düşmən kəsildilər, qəfildən zərbə vurmağa çalışdılar. Gücləri yetməyəndə isə içimizdəki zatı qırıqları, haram süd əmmişləri, keçmişinə, ocağına tüpürməyə hazır olanları... satın alıb üstümüzə qısqırdırlar.
Və nə yazıq ki, Azərbaycanın, qardaş Türkiyənin qarı düşmənləri hələ də bu üslubda davam edirlər. Ən kiçik, ən ufacıq fürsətdən faydalanmağa çalışırlar. Əlbəttə, bu elə bir mövzudur ki, ondan bəhs edərkən çeşid-çeşid nümunələr, faktlar gətirərək istənilən həcmdə bir yazı ortalığa qoymaq mümkündür. Amma indi mən bu məsələnin yalnız bir məqamına diqqət çəkmək istəyirəm.
Artıq iki həftədən çoxdur ki, qardaş Türkiyədə AKP iqtidarının bəzi yanlış hərəkətlərinə etiraz olaraq xalq dirənişə başlayıb. Və bu etiraz aksiyaların İstanbul, Ankara başda olmaqla ölkənin əksər şəhərlərində keçirilməsi onu deməyə əsas verir ki, olaylar artıq Taksimdə, Gəzi parkında bir-iki ağacın kəsilməsinə etiraz statusundan çoxdan çıxıb. İndi hər kəs təsdiq edir ki, insanlar hakimiyyətin avtoritar tövrünə dirəniş üçün ayaqlanıb.
Bunları xatırlatmaqla mən heç də qardaş Türkiyədə gedən proseslər haqda deyilənləri təkrarlamaq niyyətində deyiləm. Zatən olaylar haqqında kifayət qədər danışıldığından heç buna ehtiyac da yoxdu. Məsələ, indi türk düşmənlərinin də fəallaşmasıdır. Anadolu insanının ən saf, ən doğal haqları uğrunda küçələrə, meydanlara axışmasını fərqli istiqamətlərə yönlədənlər öz məkrli planlarını işə keçirməyi düşünürlər. Və bu zaman Türkiyəyə, türkə içində gizli nifrət bəsləyən insanlardan istifadə olunur.
Xalq demokratiyanın, özgürlüyün mücadiləsini apardıqları bir məqamda adı və soyadından başqa heç nəyi türk olmayan Cengiz Alqan adlı birisi ortalığa çıxıb bəlkədə heç sadə erməninin belə ağlına gəlməyən tələblər irəli sürməyə başlayıb. Erməni şovnizminin yaltağı Alqan bəyan edib ki, hazırda mitinqlərin keçirildiyi yerdə, yəni İstanbulun orta göbəyində qondarma erməni soyqırımının xatirəsinə həsr olunmuş bir abidə ucaldılmalıdı. Onun iddialarına görə, məhz sözükeçən ərazidə 1940-cı illərədək belə bir abidədə mövcud imiş.
"Biz məhz həmin yerdə yeni bir abidənin ucaldılmasına hazırlaşırıq. Keçmişin unudulmasına əsla izn vermək olmaz. Belə bir abidə soyqırım hadisəsindən 4 il sonra həmin yerdə qoyulmuşdu. Lakin 1940-cı ildə abidəni götürdülər".
Mən əminəm ki, belə bir iddia ilə çıxış edən bu adamın "DNK"-sı dəqiqliklə yoxlanılsa onun türklə heç bir əlaqəsi olmadığı mütləq üzə çıxar. Və belə bir şəxs İstanbulda türk toplumu üçün təhqir mənasını verən bir abidənin ucaldılması üçün fəaliyyətə keçib. Deyilənlərə görə, hazırda o, içdə olan türk düşmənlərini və erməniləri ətrafında səfərbər edərək bunun üçün çalışmaqdadır. Diqqət edin, yalançı erməni tarixçiləri artıq "Gəzi parkı"nın uydurma "tarixini" vaxt itirmədən yazaraq bildirirlər ki, məhz adı çəkilən həmin ərazilərin hamısı ermənilərin olub və Kamalçılar tərəfindən əllərindən alınıb.
Erməni yaltağı Cengiz Alqan türk düşmənçiliyini yalnız ölkə içi məsələlərlə məhdudlaşdırmır. O bu gün tez-tez səslənən möhtəşəm "Bir millət, iki dövlət" şüarına qəzəbini gizlətmir də. Çünk Türkiyə yanında Azərbaycanla, Azərbaycan yanında Türkiyə ilə yenilməz bir güc bərqərar edib. Və şübhəsiz ki, bu da türk düşmənlərinə, erməni yaltaqlarına xoş gələ bilməz. Cengiz Alqan yazır ki, "İki devlet, tek millet, ikiz ırkçılık". Guya bu ekiz irqçilik imiş. Amma erməni yaltağı unutmasın ki, Türkiyədə onun iddia etdiyi irqçilik olsaydı o, bu cür anti-türk ideyalarını keyfi istədiyi yerdə bağıra bilməzdi, İstanbulun göbəyində erməni uydurmaları üzündən türkün ulu babalarının adına "qatil damğası"nın vurulması üçün dəridən-qabıqdan çıxa bilməzdi.
Azərbaycan-Türkiyə qardaşlığını pozmağa çalışan, erməni yalanlarına dəstək çıxan erməni yaltağı Cengiz Alqan uzaqdan-uzağa Bakıdakı türk şəhidliyində türk bayrağının endirilməsini, qazın Türkiyəyə baha satıldığını, Bakının KKTC-ni tanımamasını, "ve tek milletin Türkiye kısmında kalan 75 milyon kişiye vize uygulamaları"nı önə çəkməklə özü də bilmədən abdalcasına yalan danışdığını təsdiqləyir.
Diqqət edin: nəinki Bakıda Azərbaycanın heç bir köşəsində türk bayrağı endiriləməz. Çünki buna dövlətimiz də, millətimiz də izn verməz. Çox yox, yalnız bir örnək göstərəcəyəm. 75 milyonluq Türkiyə iki il öncə Avropada keçirilən "Eurovision" yarışmasında birincilik qazanan Eldarla Nigar Camalın Azərbaycan bayrağından öncə qardaş Türkiyə bayrağını başları üzərinə qaldıraraq səhnəyə çıxmasıyla həmin 75 milyonu qürur gözyaşalrına boğmadımı?!! Əlbəttə sən, və türk düşmənləri bunu görə bilməzdiniz...
Qazın baha satılması üzərində yalan danışmaq uydurmaçılar üçün ən kolay bir şeydi. Çünki insanlar gedib həqiqəti haradan öyrənəcəklər ki? Yalanı de, bəlkə yeyən tapıldı... Maraqlanan hər kəs bilir ki, qardaş Türkiyəyə qaz ən ucuz qiymətlərlə nəql edilir. Xəbərsizsinizsə onda bilənlərdən öyrənin, TANAP layihəsi Türkiyə üçün nə deməkdi?!! KKTC-nin tanınması və viza məsələləri isə sənin şərəfsizcəsinə müdafiəsinə girişdiyin ermənilərin işğal etdiyi Azəırbaycan torpaqlarının problemləri ilə əlaqəli bir məsələdir. Və Anadolu qardaşlarımız bunlardan xəbərdardır. Cengiz Alqan və onun kimilərin bu cür iddiaları Azərbaycanda ən yaxşı halda "boşboğazlıq" adlanır.
Əgər sən muzdlu erməni yaltağı olduğuna bir daha əmin olmaq istəyirsənsə bunlara diqqət et. Əgər sən doğrudan da millətçilik əleyhinəsənsə Xocalıda Azərbaycan türklərini, silahsız insanları, hamilə qadınları, uşaqları, qocaları vəhşicəsinə öldürən, bizlərə qarşı soyqırım törədən ermənilərin cəzalandırılmasını niyə bircə dəfə də tələb etməmisən?!! Vaxtıyla Ermənistanda yaşayan 500 minədək Azərbaycan türkündən indi Ermənistan deyilən ölkədə bircə nəfər də qalmayıb. Amma bu gün Azərbaycanda 30 mindən çox erməni yaşamaqdadır!!! Əgər içində zərrə qədər vicdan deyiləndən qalıbsa söylə, kimdir millətçi, kimdir soyqırım törədən?!!
Belə faktları çox sadalamaq mümkündü. Lakin bu qədəri ilə kifayətlənirəm. Çünki dünya susmağa üstünlük verəsə də hər kəs hər şeyi təfərrüatınadək bilir.
Bundan başqa, Cengiz Alqan, əslində sənin kimi simasız birilərinin sözlərinə qarşılıq vermək lazım deyildi. Amma mən istədim ki, bunları bildirim və sənə aydın olsun ki, sənin necə şərəfsiz olduğunu bizlər də öyrəndik. Həm də sənin əməllərinin bu kicik parçaları bizim qəzetdə də qalsa pis olmaz. Gələcəkdə, nə vaxtsa lazım olar...
P.S. Yazının Cengiz Alqanın elektron ünvanına çatdırılmasına çalışılacaq.

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV