PUBLİKA VƏ PUBLİSİSTİKA

İRADƏ TUNCAY
48860 | 2010-07-22 06:48

Publika - yəni biz, hamımız.
   
   ... Çox yaxın qohumlarımız var, bizə gələndə qalaqlanmış, köhnə qəzetləri yığıb aparırlar. Oxumaq üçün yox, evdə işlətməyə lazım olur. Oxusalar da, ancaq maqazin xəbərlərini oxuyurlar - kimkimiynən didişib, kim-kimiynən söyüşüb. Deyəndə ki, ancaq didişmələr və söyüşmələr üzrə ixtisaslaşmış qəzetlər var, onları alın oxuyun, deyirlər pulumuzu qəzetə niyə verək? İndi kimsə desə ki, bəli, adamların pulu yoxdu qəzet almağa, yalan deyəcək. Çünki qəzetə pul vermək istəməyən həmin adamlar şou proqramlara SMS göndərib daha böyük məbləğlər xərcləyirlər. Demək, məsələ istəkdədi. Sovet hökuməti məcburi qaydada abunə yazdırıb hər bir evə qəzet göndərməklə kütləni adam eləmək istəyirdi. Olmadı - bu millətin içində oxumağa meyl yaranmadı.
   
   Əslində mətbuat elə bir sahədir ki, bilavasitə bizim hər birimizə aidiyyatı var. Nə qədər maraqlanmadığımızı desək də hər halda, ehtiyac da duyuruq. Yarandığından 130 ildən artıq vaxt keçib. Yəni, söhbət bizdən gedir, doğma mətbuatdan. Bu vaxt nəyinsə formalaşıb ütülü-sığallı hala gəlməsi üçün az müddət deyil. Bu mənada yeni-yeni yaranmaqda olan başqa qurumlardan fərqli vəziyyət mövcuddur. Yarandığı gündən bu günə qədər hər zaman ən çox tənqid olunan, yuxarıların basqısı və aşağıların narazılığı ilə üzləşən bir sahədə çalışıb böyük əksəriyyətin ağlından razı, bəxtindən narazı olduğu bir məmləkətdə nə isə bir söz demək müşkül məsələdir. Birincisi, ona görə ki, ağlından razılar sənin dediklərinlə razılaşmırlar. İkincisi, ona görə ki, bəxtindən narazılar sənə inanmırlar. Üçüncüsü və ən əsası odur ki, söz qiymətdən düşüb, sözə qulaq asan yoxdu. Bəlkə yaxşı ki, yoxdu? Qulaq assalar çaşqınlıq yaranmazmı? Bu siyasi qütblərin arasında kim hara meyllənəcəyini necə müəyyən eləsin? Hər halda mətbuat da, elektron KİV-lər də məmləkətin ruh halının göstəricisidir. Təcrübəsinə və istedadına arxalandığım həmkarlarımdan soruşdum:
   
   - Siz oxucu və tamaşaçılardan nə gözləyirsiniz?
   
   Eyni cavabı aldım:
   
   - Zövq, intellekt, fərq qoya bilmək bacarığı.
   
   Kimsə deyə bilər ki, zövqü, intellekti formalaşdıran ən güclü silahlardan biri də KİV-lərdi. Razıyam. Amma neyləyək ki, biz didişmələrlə maraqlanırıq, söz eşitmək istəmirik. Bizi səbəblər yox, nəticələr maraqlandırır. Belə olan halda ictimai rəyin çox hörmətli tutulduğu bizim məmləkətdə ictimai maraq nəyi tələb edir? Bizim sevdiklərimizi! Ya ağlımız həddindən artıqdı, aşıb-daşır, ya da əksinə...
   
   
   
   ***
   
    Bir xeyli oxucu qıtlığından şikayətləndik. Amma paradoksal cəhət budur ki, insanlar bütün instansiyalara şikayət edib usanandan sonra üz tuturlar mətbuata. Sonuncu ümid yerləri yenə söz olur. Biz də yazırıq. Nəticənin necə olacağından asılı olmayaraq yazırıq. Olur ki, kiməsə xeyiri də dəyir. Əksər hallarda isə özbaşına məmurların hiddətiylə sonuclanır. Hələ üstəlik bu məmurlar əyalətdədirlərsə, demək, içlərində padşahlıq iddiası gəzdirirlər. Hələ bunlardan bu qədər yazırlar belə havalıdırlar, gör deyib-danışan olmasa neyləyərlər. Və ümumiyyətlə, çox qəribə tendensiya yaranıb - fikir verirsinizmi nə qədər balaca padşahlar cücərməkdədir? Hər hansı balaca bir şirkətin sədr kreslosunu qamarlayan kimi şəxsi tərifçilər başlayırlar həmin balaca padşahın apardığı uğurlu islahatları mədh eləməyə. Dövlət və dövlətçilik varkən, dövlətin apardığı siyasət varkən ayrı-ayrı adamlara tərif vurmaq nə anlama gəlir? Belə çıxır ki, hər kəs hakimiyyət iddiasındadı. Bütün bunlar niyə diqqətdən kənarda qalır?
   
   
   
   ***
   
   Publika və publisistika... Əslində bu sözlərin kökü eyni mənanı verir - cəmiyyət, ictimai mühit. Cəmiyyət və ictimai mühit varsa - bunların problemləri, aktual məsələləri, müxtəlif yönləri də var. Publisistika ictimai fikri, baxışları, maraq və məqsədləri formalaşdıran, sosial institutların fəaliyyətinə təsir edə biləcək vasitədir. Mübariz janrdı - əsas məqsədi yatanları oyatmaq, oyaqları isə səfərbər etməkdi. Həyatın müxtəlif sahələrinə dair problemlər qaldırmaq, cəmiyyətə, xalqa xeyirli işləri təbliğ, zərərli nöqsan cəhətləri tənqid etməkdir. Mahiyyətini bilmədən ən adi hadisəni nə tərifləmək, nə də pisləmək olar. Belə olan halda publisistin ən ümdə vəzifəsi toxunduğu məsələlərin ətraflı öyrənilməsi və bunu şirin, yığcam dildə kütləyə çatdırmaqdır.
   
   Sovet dönəmində, müəyyən bir vaxtda "konfliktsizlik" konsepsiyasını ortaya atmışdılar. Sovet cəmiyyətində sosial konfliktin mövcud olmadığı iddia olunurdu. Təbii ki, ideologiyaya xidmət edən bütün vasitələrdən də bu şüara xidmət tələb olunurdu. Yaxşı ki, ruslar bu absurd fikrə qarşı döyüşə bildilər, yoxsa kiçik millətlərin ümidinə qalsaydı "ləbbeyk" deyib ötüb keçəcəkdilər. Və biz də gül-çiçəkli, cənnət sovetlər ölkəsinin vətəndaşları ətrafımızda baş verənlərin fərqinə varmadan, ağ kağız üzərində yazılmış ağ yalanlarla bəxtəvər saymalıydıq özümüzü. Həmin dövrün publisistikası öz bədii keyfiyyətləri ilə də seçilir - güclü senzor baxışlarından sətirlər arasında fikir gizlətmək və nəsə deyə bilmək bacarığıyla. Həyatın gerçək görüntüsünü təsvir etmək, hadisələrə real qiymət vermək, ədalətli hökm çıxarıb perspektivləri göstərə bilmək bacarığıyla.
   
   Uzun illər biz dünyanı rus dili vasitəsiylə qavradıq, dərk etdik. Söz tarixini öyrəndik. Antik dünya natiqlərinin nitqləri (Demosfen, Siseron), Reformasiya dövrü kilsə xadimlərinin vəəzləri (Martin Lüter, Tomas Münser), orta əsrlərdə Rotterdamlı Erazmın məktubları ilə tanış olduq. Pamflet janrının parlaq nümunələrini oxuduq (Con Milton və Con Lilbern). Maarifçilik dövrünün humanizm, azadlıq ideyalarının daşıyıcıları olan Volter, Didro, Russonu ağlımızın süzgəcindən keçirtdik. Onlardan mayalanaraq doğulmuş rus inqilabçı demokratlarının (Belinski, Çernışevski, Gertsen, Plexanov) mübariz publisistikası. Və təbii ki, Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə və sairə və sairə. Əslində publisistika hər zaman cəmiyyətdə təbəddülatların, çalxantıların artdığı dövrdə fəallaşır. Mənə görə bizim publisistika tariximiz Füzulinin "Şikayətnamə"si ilə başlayır. Və bu gün heç kim iddia edə bilməz ki, dərin kökləri olan söz tariximizin bugünkü mənzərəsi sönükdü. Əksinə, müxtəlif dövri nəşrlərdə öz üslubu, öz mövqeyi, baxış bucağı olan müəlliflər var. Qəzet səhifəsini açanda xəbərlərdən əvvəl sevdiyim müəllifləri axtarıram. Deyək ki, indi yadıma düşənləri sadalayaq - Tofiq Abdini, Emil Ağayevi, Məlahəti, Fikrət Hüseynlini, Zamin Hacını, Samir Sarını, Məmməd Süleymanovu, Yaşarı, Sevdanı, Həmid Herisçini, Adil Qaçayoğlunu, Flora Xəlilzadəni və bir çox başqalarını, azdı? Qətiyyən! Biz yenə də partiyalı mətbuat prinsipindən çox da uzağa gedə bilmirik. Və bu savaşın içində nələri itirdiyimizin fərqində də deyilik. Əsas savaş isə içimizlə olası savaşdı. Sadəcə, sabit "hava şəraiti" lazımdır...
   
   Müstəqilliyə yenicə qədəm qoymuş bu gənc ölkədə, ancaq mətbuat tarixi 130 ili ötmüş bu ölkədə "Literaturnaya qazeta" kimi səviyyəli bir qəzet görmək arzusundayam. İxtisaslaşmış jurnalistləriylə, xarici ölkələrdəki müxbirləriylə. Prinsip etibarilə mümkünsüz deyil. Həm iqtidar, həm müxalifət, həm də mərkəzçi mətbuatda nə qədər gözəl jurnalistlər çalışır. Bəlkə eksperiment kimi belə bir qəzet buraxmaq olar?! İqtisadiyyatdan yazan öz yazısını yazsın, siyasətdən yazan özününkünü, mədəniyyətdən yazan özününkünü, ədəbiyyatdan, idmandan, təsərrüfatdan yazan da özününkünü yazsın. Bu gün bizim düşmənçilik cərəyanına yox, maarifçilik cərəyanına böyük ehtiyacımız var. Və belə bir qəzetin oxucusu olmazdımı?! Lap məcburi şəkildə abunə tətbiq olunsa belə. Kontr baxışlı müəlliflərin debatıyla, təhlillərlə, ağıllı, savadlı şərhlərlə. Bəlkə onda yeni dövlətin yeni vətəndaşı tamam başqa cür formalaşardı. Qəribə oxucu yetişdirmişik, söyüş, böhtan yoxdursa - qəzeti alan da yoxdur. Və bu oxucu müxtəlif yönümlü sarı mətbuatın çiçəklənməsinə rəvac verir.
   
   Elektron KİV-lərdə isə fərqli mənzərə var. Onların publikası çoxdu, nüfuz dairələri genişdi. Teleradio yazılı mətbuata nisbətdə daha gəncdir. Amma orda da yavaş-yavaş telepublisistika yetişməkdə idi, sözünə inana biləcəyin kimsələrə qulaq asmaq imkanı yaranırdı. Təəssüf, bu gün nə Qulu Məhərrəmlini, nə Mirşahini, nə Mehriban Ələkbərzadəni, nə Həmid və İlhamiyyə cütlüyünü ekranda görmək olur. Bircə ANS-də kiçik adalar şəklində Orxan Fikrətoğlu və Nadir Bədəlov qalıb. Bunun da səbəbini anlamaq olmur. Doğrudanmı, bizə simalar yox, sifətlər lazımdı?
   
   
   
   ***
   
   Mirzə Fətəli Axundov "Kamalüddövlə məktubları"nda Nadir şahdan yazan tarixçi Mirzə Mehdi Əstərəbadidən misal gətirir: "Elə bir padşah ki, əgər döyüş meydanında onun iradə sərkərdəsi dənizin sükutuna işarə edərsə, dalğa tufanın ləngərçisi olar və ağır dağın hərəkətinə fərman verərsə, sıldırım qayalar narın qum kimi axışıb gedər. Əgər qaranlıq gecədə od yandırmağı qadağan edərsə, ildırım şimşək çaxmağını vurmağa cəsarət etməz və əgər səhər-səhər susmaq əmrini verərsə, sübh nəfəs çəkməyə cəsarət edə bilməz". Bunun dalınca Axundov öz şərhini yazır: "Yalançının evi yıxılsın! Deyən ola ki, ay axmaq tarixçi, sən ki zəhmət çəkib bu qədər sözü yazırsan, barı bu zəhməti elə bir mətləb üçün sərf et ki, içindən bir xeyir çıxsın. Nə üçün ancaq cəfəngiyyat yazırsan?". Bunu Axundov XIX əsrdə yazıb, ancaq bu gün də nə qədər belə cəfəngiyyatlar yazılır. Faktlar qalır qıraqda, boş-boş söz yığını, boş-boş təriflər... Ağıllı təhlil yoxdursa nə inanan olacaq, nə də ürəyindən keçirən. Bunlar da məlumatsızlıqdan, savadsızlıqdan doğan nəticələrdi. Günümüzün mətbuatında bu da var. Dövrün təzadları, ağrıları ona görə narahatlıqla yazılır ki, vaxtında həll olunsun, gələcək nəsillərin işi yüngülləşsin. Deyək ki, bu gün biz kəndi, orada yaşayan insanları əməlli-başlı unutmuşuq. Siyasi davalardan, oliqarx savaşlarından gözümüz açılmır. O insanların qayğıları nədi, nəylə nəfəs alırlar?. İrəliləyiş, tərəqqi hardadı, nə çöküb? Vallah, mən şəhərdə doğulub böyümüşəm, kəndi bilmirəm, amma bilənlər var axı, yazmaq olar. Milçəyi fil eləmədən, qaraya ağ demədən.
   
   Publisistika sosial həyatın ən müxtəlif olaylarını özündə əks etdirir. Buna görə həm də tarixi mənbə ictimai-siyasi mühitin salnaməsi sayılır. Bizdən əvvəlki nəsillər bugünkü mətbuatı yaratdı. Biz kimləri yetirəcəyik?
   
   ***
   
   Mətbuat günü ərəfəsindəyik. Təbii ki, neçə illər bu aləmdə can qoyanlar, yazıb-pozanlar nə isə bir diqqətə möhtacdırlar. Ağır zəhmətin müqabilində maddi maraqlar təmin olunmursa, heç olmasa, təltifləndirmə nəyinsə üstünü qapadır. İşin mənəvi tərəfi zatən yoxdur. Mətbuat elə bir sahədir ki, hər kəsə açıqdır. Kimin imzasının hansı çəkidə olduğu da məlumdur. Təbii ki, oxuyan varsa...
   
   Deyəsən, bir az dağınıq alındı. Mövzu ətrafında çabaladım, eynən mətbuatımız kimi. Həmişə yaxşı yazmaq olmur, iynə ilə gor qazırıq...
   
   2007, iyul

TƏQVİM / ARXİV