RESPUBLİKA GÜNÜ

İRADƏ TUNCAY
53621 | 2010-05-28 04:41

Çox da uzaq olmayan tarixdə indiki adları 28 May olan metro stansiyasının və küçənin adı "28 Aprel" idi. 28 Aprellə 28 May arasında 30 günlük məsafəni qət edib, tarixi ədaləti bərpa etmək üçün 70 il vaxt lazım oldu. Mən tarixi ədalət dedim, amma ədalət məsələsi də nisbi olduğundan hansı ədalətin prizmasından baxmaq problemi meydana çıxacaq. Təbii ki, 1918-ci ildə istiqlaliyyətin elan edilməsi tariximizdə mühüm hadisə idi. Rusiyada baş verən inqilablar imperiyanı dağıtmışdı. Ucqarlarda cərəyan edən hadisələrə müdaxilə edəcək qüvvə yox idi. Deməli, ya öz Milli dövlətini yaratmalı idin, ya da kiminsə müstəmləkəsinə çevrilməli idin. Amma dövlət yaratmaq üçün kadrlar var idimi və bu kadrlar belə mürəkkəb zamanda fəaliyyət göstərə biləcəkdilərmi?
   
    İndinin indisində bütün parametrlərə cavab verə biləcək kadr qıtlığı mövcuddur. O ki ola XX əsrin başlanğıcında, əhalinin böyük əksəriyyətinin hətta yazmağı- oxumağı bacarmadığı bir dövrdə dövlət yaratmaq fikrinə düşəsən. O vaxt da, lap indi olduğu kimi müxtəlif istiqamətlərə meyllənən qüvvələr mövcud idi. Rusiya yönümlü, Avropa yönümlü, Osmanlı, İran yönümlü. Üstəlik də dünya yenidən bölüşdürülməyə çalışılırsa, sən də bu dünyada "yağlı tikə" statusundasansa necə olacaq? Təbii, cümhuriyyəti yaradanlar ağır yükün altına girmişdilər. Tam olmayan iki ildə onların çəkdiyi əziyyət heç nə ilə müqayisə olunası deyil.
   
   Müstəqillik elan etməklə ADR beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrilmişdi. Və Rəsulzadə öz çıxışlarında dəfələrlə qeyd etmişdi ki, Azərbaycan məsələsi beynəlxalq bir məsələdir. Bu gün dünyada baş verən hadisələrin fonunda bu sözlərin nə qədər doğru deyildiyinə bir daha əmin oluruq. Bu dövləti quranların hər biri partiya mənsubiyyətindən, meyllərindən asılı olmayaraq böyük arzu və ideallarla yaşayırdılar. Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində yazırdı:
   
   "Azərbaycan cümhuriyyətinin əsas idarəsi, bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Kişi-qadın, müsəlman-xristian, türk-türk olmayan, cins və milliyyət fərqi qoymadan, varlı-kasıb, sahibkar- işçi, torpaq sahibi -muzdur, öyrətmən - tələbə, möhtərəm-cahil, sinif, məslək, təbəqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmləkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqında sahib idilər. Burda bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünürdü. Bunun kimi nə yoxsulluğu üçün sayğılanır, nə də zənginliyi üçün alçaldılırdı. Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir barışıq bağlanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə də yox idi. Parlament hakimi - mütləq idi. Burada Avropada tətbiq edilməyən həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu".
   
   Bu fikirlərə inansaq düşünmək olar ki, o zaman Azərbaycanda utopik sosialistlərin belə xəyalına gətirə bilməyəcəyi bir rejim qurulmuşdu. Amma arzu və ideya bir şeydir, həyat - başqa bir şey. Ordusu və dövlətçilik tarixi olmayan bir məmləkətdə bütün bunları yaratmaq üçün uzun zaman lazım idi. Və nəzərə alsaq ki, bu məsələlərin həllində müttəfiq demək olar ki, yox idi, hər kəs enerji ehtiyatları ilə zəngin bu ölkədən nə isə qoparmağa çalışırdı, onda beynəlxalq münasibətlər müstəvisində də vəziyyətin nə qədər gərgin olduğu aydın görünür. Müstəqilliyin elan edilməsi tarixi dövlətlər içərisində ilk olaraq Rusiyanı və İranı narahat edirdi. Dəqiq müəyyən edilməmiş sərhədlər daxilində yeni yaradılmış dövlətin - Azərbaycan Demokratik Respublikası adlandırılmasından İran narahat idi ki, Türkiyənin köməyi ilə Cənubi Azərbaycanı onlardan ala bilərlər. İranın narahatçılığına son qoymaq üçün Azərbaycan hökuməti tarixi yazışmalarda Qafqaz Azərbaycanı ifadəsi işlədirdi. Dövləti idarə etməyə məsul milli şuranın Türk ordusunun burdakı nümayəndəsi Nuru paşa ilə münasibəti gərgin idi. Hətta Nuru paşa Xoyski hökumətinə etinasızlığı bildirməklə kabinet böhranı da yaratmışdı. Nuru paşa özünün təklif etdiyi şəxslərdən ibarət hökumət fikrində israrlı idi.
   
   Tam olmayan 2 ildə 5 dəfə kabinet dəyişikliyi olmuşdu. Əslində kabinet dediyimiz kabinə üzvləri bu 2 ildə heç bir kabinetdə oturmaq imkanında olmadılar. Danışıqlar, sazişlər, dünyanı gəzib Azərbaycan həqiqətlərini dünyanın eşitməyən qulaqlarına söyləmək lazım idi. Onlar öz borclarını yerinə yetirdilər. Qalanı isə dövrün və bizim vicdanımıza qalır. 1920-ci ilin aprelin 27-də parlamentin sonuncu iclasında Rəsulzadə öz tarixi çıxışını etdi.
   
   "Qardaşlar, qarşımızda bir ultimatum durub, burada təslimdən bəhs edilir. Fəqət, qardaşlar, təslim nə deməkdir? Kimə görə mövqeyimizi tərk edirik? Bizə deyirlər ki, hüdudlarımızdan keçən ordunun başında Nicati adlı bir türk komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu təxminən bilirəm ki, həyatla ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün keçir. Bizi aldadırlar, yalandı, gələn rus ordusudur. Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza girən işğal ordusu burdan bir daha çıxmaq istəməyəcək. Rusiyadan anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclis dinlədiyi bir ultimatumu qəbul etmək. Hökuməti öz əli ilə dost cildinə girmiş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusu ilə gəldik. Bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır".
   
   Təsvir belə olmalıdır. Və çox sonralar o deyirdi ki, yazıqlar olsun ki, biz daha səpələnmiş iqtidarımızla bir kərə yüksələn bayraq bir daha enməz ideyalarına etdiyimiz afərinləri unutduq. Canımız və malımızın qorxusundan bu istiqlal bayrağını bir qırmızı bezə dəyişdik.
   
   Əsas məsələ düşünürəm ki, budur- bezlə bayraq arasında fərq anlamı. Lövhələri və adları dəyişmək asandır. 28 Apreli 28 Mayla əvəz etməyə 70 il vaxt lazım oldu. İstiqlal bayrağımız yenə göylərdə dalğalanır. Biz bu bayrağı da, müstəqilliyin də dəyərini anlamalıyıq. Və bu tarixi bizə qoyub gedənlərin də, bu gün yaşadanların da qədrini bilməliyik!

TƏQVİM / ARXİV