adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Avqust 2020 12:59
16168
MƏMLƏKƏT
A- A+

Təhsil Nazirliyi: Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər

Bu il müəllimlərin işə qəbulu üçün yaradılan ən çox imtahan mərkəzi Bakıda fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, Bakı və Sumqayıtda ümumilikdə 13 imtahan mərkəzi var. Onların 11-i Bakıda, 2-si Sumqayıtdadır:

"Namizədlər də ən çox bu mərkəzlərdə keçirilən imtahanlara cəlb edilib. Ötən illərdən fərqli olaraq, bu il test imtahanları yalnız Bakıda deyil, ölkənin 17 şəhər və rayonunu əhatə etməklə 32 mərkəzdə həyata keçirilir. Ümumilikdə hər rayon və ya şəhərdə maksimum 2 mərkəz, lakin bəzi rayonlarda 1 mərkəz var".

E.Bağırov qeyd edib ki, bu gün fransız dili və fizika fənləri üzrə imtahanlar keçirilir. Bu imtahanlarda 2000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 şəhər və rayonda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 228 namizəd iştirak hüququ qazanıb.