adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Avqust 2020 11:39
33434
MƏMLƏKƏT
A- A+

Dəniz üçün darıxanlar: Uşaqların çimərlik kefindən REPORTAJ

Xəbər verdiyimiz kimi, artıq 5 avqustdan karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən birgə yaydığı müraciətdə: "Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq" -deyilib

Həmçinin Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkim Səma Turan dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilmə ehtimalının aşağı düşdüyünü və hovuzlara nisbətən daha az təhlükəli olduğunu bildirmişdi. Nəhayət səlahiyyətli və əlaqədar qurumlarınicazəsi ilə çimərliklər fəaliyyətə başladı.

Adalet. az xəbər verir ki, çimərliklərdə sıxlıq müşahidə olunur. Uzun müddətdir, dənizə həsrət qalan insanlar, indi ora axın edir. Qəzetimizin əməkdaşları Novxanı çimərliyində olub. Əhalinin, xüsusən uşaqların 5 aylıq karantin stressindən sonra dəniz keyfini kameralarının yaddaşına həkk ediblər.


Bu arada uşaqları ilə çimərlikdə istirhət edən valideynlərlə ayaqüstü söhbətlər də etməyə imkanı yaranıb.

Vaqif Səfiyev: - Biz yerli Bakılıyıq. Novruz bayramı bitəndən sonra günümüz dənizdə keçib. Balıq tutmağa, təmiz hava almağa gəlmişik. Havalar isindimi, dəniz ilındımı, dənizdən çıxmamışıq. Düz payızın küləkli - yağışlı günlərinə qədər. Koronavirus pandemiyası ilə əlaqədar bu il nəinki dənizə girə bilmədik, heç evdən çölə çıxmağa imkanımız olmadı. Dəniz mövsümünün açılışını eşidəndən bir gün sonra artıq dənizə ayağımız açılıb. Hər gün gəlirik.

Səmayə Abdullayeva - Oğlumla qalıram, 3 nəvəm var. Bu gün oğlum məni də, nəvələrimi də dənizə gətirib ki, bir az dincələk. Karantindən yorulmuşuq axı... Böyük nəvəm 6-cı sinifdə oxuyur, o birilər balacadı. Bu səbəbdəndə özümlə bir çanta yemək gətirdim ki, acsalar yesinlər. Bayaqdan dənizdən çıxmırlar, çiləşirlər, güləşirlər. Elə sevinclidirlər ki, onları çağırmağada dilim gəlmir.


Səfayə Əliyeva- Mən uzun illərdi "zob” xəstəliyindən əziyyət çəkirdim. Epidemiya yayılılmamışdan əvvəl həkimlərin məsləhəti ilə hər gün səhər saat 5-6 radələrində ailəvi bura gəlirdik. Səhərin açılışını, dənizin gözəlliyini burda izləyirdik. Gözümüz təbiətin gözəlliyini görürdü, həm də səhhətimdə xeyli irəliləyiş hiss edirdim. Yay aylarında ən azı bir ay bu proseduru təkrarlayıram ki, qışda xəstəliyim məni yataqlara salmasın. Allah bizi şanslı yaradıb ki, bol günəşimiz, mavi dənizimiz var.

Adil Əmrullayev- Oynaqlarımda revmatizma var. Hansı yayı ki, gəlib özümü quma basdırmasam, həmin qışı həkimlərə möhtac qalıram, dərmanlar, iynələrdən əskik olmur. Nə yaxşı ki, əlaqədar qurumlar çimərliklərin açılmasına icazə verdi. İndi qızılı qumun ixtiyarındayam.

Təxminən 4 yaşlarında bir uşaq anasının dilimləyib verdiyi qarpızı çılpaq bədəninə dağıda-dağıda, tələsə-tələsə yeyir. Ona yaxınlaşırıq.

-Sənin adın nədi?

-Ceyhun...

- Ay Ceyhun, dənizə niyə gəlmisən?

Uşaq bəlkə də sualımı düz eşitmədi.

- Qarpız yeməyə...

Ətrafdakılar, xüsusən uşağın anası ucadan güldü. Ceyhun əlindəki qarpızdan bir dişləkdə alıb, dolu ordları ilə izah eləməyə başladı:


-Yox e, dənizə çimməyə gəlmişəm,.. Mama, ataynan məni çağırdı ki, gəlin qarpız yeyin...

-Ceyhun evinizdə qarpız var?

-Burdakı qarpız qəşəydi...

Anlayanlar anladı. 4 yaşlı Ceyhun da dənizin kənarında, təmiz havada, isti qumun üstündə yeyilən qarpızı hər şeydən çox bəyənir.

Beləliklə, çəkdiyimiz kadrlarda ancaq uşaqların sevincini göstərməyə çalışacağıq:

Əntiqə Rəşid