Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
"Cəmil Həsənlinin məntiqi ilə yanaşsaq, guya başqa xalqlar bizdən həm savadlıdırlar, həm də ağıllı?! Elə Milli Şuranın onlayn toplantısından olan məlum videogörüntünün ictimailəşməsi yaxşı oldu. Çünki cəmiyyətimiz bu adamların hansı səviyyəyə malik olması və xalqa münasibətini aşkar gördü”.
Trend-in məlumatına görə, bunu açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O bildirib ki, insanlarımızdan mandat, səs istəyən birinin bizim xalq haqqında bu cür düşüncəyə sahib olması təəssüf hissi doğurur:
"Bu anormal fikri özünə tarixçi deyən biri səsləndirir. Əslində o yalançı tarixçidir. Azərbaycan, bu xalq demokratik cümhuriyyət quranda çox ölkədə heç müstəqil dövlət belə yox idi. Azərbaycanda qadınlara seçki hüququ veriləndə indi sığınıb qrantlar aldıqları Amerikada bunlar mövcud deyildi. Okeanın o tayında sənin qabağına bir tikə çörək atırlar deyə bu xalqı aşağılamalısanmı?”.
Siyavuş Novruzov onu da deyib ki, toplantıda cəmiyyətimizi qıcıqlandıran yalnız Cəmil Həsənlinin "şüursuz xalq" fikri olmayıb, səviyyəsiz hərəkətlər də diqqətdən yayınmır: "Biri deyir ayağını qaldır ayağını görək, kəlləndə baxılmalı heç nə yoxdur, digəri trolluq fəaliyyətlərini ifşa edərək Əli Kərimli adından buna görə təşəkkürlər yağdırır və s. Qısası, ora əxlaqdan, mənəviyyatdan, tərbiyədən kənar insanlar toplaşıblar. Əvvəllər toplantılarında çıxışları qapalı qalırdı deyə insanlarımız onların əsl simasını, düşüncə tərzlərini görmürdülər. İndi bayağı söhbətlərlə əslində hansı səviyyəyə malik olmaları onlayn konfranslardakı çıxışları ilə üzə çıxır. Özü də bu ilk dəfə deyil ki, xalqımıza qarşı aqressiv olmaları görünür. Hər dəfə bu milləti aşağılayırlar. Ötən dəfə Gültəkin Hacıbəyli ağzına gələni danışaraq virusun çəkilməsinin onlara sərf etmədiyini deyirdi ki, insanlarda narazılıq artsın və s. İnsanlar virusdan əzizlərini itirirlər. Hamı bu bəlanın tezliklə çəkilməsini arzuladığı vaxtda bunlar çıxıb deyir ki, yox, elə millət bu halda qalsa yaxşıdır.. Bilirsiniz niyə bu cür yanaşmanı ortaya qoyurlar? Açıq deyəcəyəm, çünki bu xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər. Təbii ki, belə olan təqdirdə erməni maraqlarına xidmət etməli, düşmənin də ideoloqlarının, pul paylayanlarının tapşırıqlarını yerinə yetirməli idilər. Bu tapşırıqlardan biri də odur ki, mütəmadi olaraq millətinizi alçaltmaq lazımdır.
Siyavuş Novruzov AXCP və digər radikal müxalifətçilərdən Cəmil Həsənlinin bu anormal yanaşmasına etiraz gəlməməsini təbii sayıb: "O partiyada heç müstəqil fikirli, normal adam da qalmayıb. AXCP-də olmuş funksionerlər, aktiv cəbhəçilər zamanında dağılışıb getdilər. Elçibəyin dövründə olanlardan isə ümumiyyətlə heç kim yoxdur. Hazırda bu partiyada zamanında AXCP-də beşinci, onuncu dərəcəli adamlar qalıblar. Əslində onların da böyük hissəsi dağılıb gedib. İndi qalanların hamısı Əli Kərimlinin bloggerləri, trollarıdır. Bu qruplar isə müstəqil deyillər ki, Cəmil Həsənliyə etiraz edələr, deyələr ki, amerikalıları öz xalqından üstün tutma... İndikilər sırf Əli Kərimliyə bağlı adamlardılar, o nə göstəriş versə, onu da edirlər, yazırlar. Qısası milli şuraçılar qarışıq azsaylı cəbhəçilər hazırda virtual fəaliyyət göstərirlər, canlı fəaliyyətləri də yoxdur”.