adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Avqust 2020 12:42
15010
GÜNDƏM
A- A+

VƏTƏNİM QARDAŞ - Təranə Musayeva yazır

Bütün dünyaya hayqırıb nə vaxtsa ondan İlqar kimi əvəzsiz bir oğulun keçdiyini bildirmək istəyirəm. Heç vaxt, heç kimin yanında onun üçün ağlamıram. O, göz yaşlarına dözə bilməzdi. Lap qəhərdən boğulsam da ağlamıram. Lakin ürəyimin içəridən necə parçalandığını bir mən bilirəm. O öləndə hansı hisslər keçirdiyimi və bu hisslərlə illərlə necə yaşadığıma təəccüb edirəm. 

Gözəl, gur saçları tökülmüş alnını sığallayanda mərmər soyuqluq bu gün də qanımı dondurur. Bu boy-buxunda igidi torpağa qoymaq, bu qədər gözəl gözlərə torpaq tökmək günahdı, vallah. Kim bilir, bəlkə də Tanrı bu əvəzsiz varlığın ədalətsiz dünyamızda yaşamağını, həyatın çirkinliklərini, insanların yaltaqlıqlarını, riyakarlıqlarını görməyi rəva bilməyib? İlqarla – onun ölümü ilə gözəl dünyam darmadağın oldu, onun ölümü ruhuma elə bir yara vurdu ki, gecə-gündüz, səhər-axşam, toyda-yasda – harda oluramsa-olum, bu yaranın gözündən axan qanını duyuram. Ayağımdan-başıma sızım-sızım sızıldayıram. Ondan sonra həyatımın düzümü qırıldı. Geyimin, yeməyin – bütünlükdə yaşamağın mənası itdi. Gecələr yastığım daşa dönür, bir üzü islanır, o biri üzünü çevirirəm. Gecələr işgəncədi! Səhər açılanda keçən gecənin ağırlığından necə qurtulduğuma təəccüb edirəm.

Vətəninin bir parçasını – o vaxta qədər ayaq qoymadığın parçasını düşmənlərdən azad etməyə könüllü gedən İlqarım, nəyə nail oldun? Qazandığın Şəhid adımı? Bu ad mənə, anama ağrı verir!

Həmişə məni göstərib "İlqarın bacısıdı”, - deyiləndə qürurdan köksüm qabarardı, indi "Şəhid bacısıdı”, - deyiləndə dərddən, ələmdən büklüm-büklüm bükülürəm.

Hansı sözümdən incidin, ömrüm boyu inləməyə məcbur etdin?
Hansı geyimimdən incidin ki, geyim seçmək zövqündən azad etdin?
Hansı gülüşümdən incidin ki, üzümə təbəssüm qonmaz oldu?
Hansı oyunumdan incidin ki, məclislərdə rəqs etmək üçün qolum qalxmadı?

Gecələr yuxularımı ərşə çəkən qardaş, sən belə gecələr necə olur, bilirsənmi, gecələr mənimlə dərdləşməyə gələn qardaş!

Əlacsızlığımı dərk edib dünyanın altını-üstünə gətirmək istəyirəm.
Sənsizliyimi, dərdimi, səssizliyimi, təkliyimi, gücsüzlüyümü, adamsızlığımı – bütün bunları mənə Sən verdin: əvəzində bir tək "Şəhid” adını qoyub getdin!
O biri dünyanın varlığına inansaydım, dünyamı dəyişəndə ilk növbədə fevralın qarlı günündə qarı təmizləyib buz kimi torpağa qoyulan qardaşımın mərmər soyuqluğundakı alnından və qapanmayan iri, qara gözlərindən öpmək istərdim...

Başların min cür hiylə, riya, rüşvət, mal hərisliyi, siyasətə qarışdığından qanının yerdə qaldığı vətəninə sarı həsrətlə baxan gözlərindən!

("Anama deməyin” kitabından)