adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Avqust 2020 11:22
221976
MARAQLI
A- A+

Cənubi Amerikanın hərbiçi diktatoru: PİNOÇET

Ölkəsinin seçilmiş hökümətini çevrilişlə devirdi. Kommunizmlə mübarizə bəhanəsiylə ölkəni tar-mar edib böyük bir həbsxanaya çevirdi. Ölkə onun izn verdiyi ölçülərdə demokratiyaya keçdi. Həm özünü, həm də milləti əzən digər dostlarını mühakimə olunmaqdan qurtarmaq üçün min cür oyunbazlıq etdi. Budur, XX əsrin ən bayağı diktatorlarından birinin hekayəti.

Avqusto Pinoçet (Augusto Pinochet) Hitler kimi bir gömrük məmurunun oğlu olaraq dünyaya gəlmişdi. Hərbiçi olmasını əvvəl anası, daha sonrasa arvadı dəstəklədi.

Gənc Pinoçet Prussiya qaydasıyla, yəni nizamlı və konstitutsiyaya bağlı Çili ordusunda sürətlə yüksəldi. Hər nə qədər kommunistlərdən nifrət etsə də və 50-ci illərdə Çili Kommunist Partiyasına qarşı nümayişlərdə rol oynasa da ordunun rəhbərliyinə gəlməsi Latın Amerikasının ilk Marksist lideri Salvador Allendenin hakimiyyəti dövründə və onun istəyi ilə gerçəkləşdi. Lakin hər qiyamçı kimi Pinoçet də onun önünü açan komandirlərini yeməkdə gecikməyəcəkdi.


Soyuq müharibənin ən soyuq günlərində...


Yetmişinci illərin əvvəliydi. Dünya SSRİ ilə Amerika arasında ideoloji baxımdan bölünmüşdü. Tərəflərin tez-tez təsir ərazilərini genişlətməyin yollarını axtardığı günlər idi. 1969-cu ildə Ağ evə yerləşən dövrün ABŞ prezidenti Riçard Nikson Amerikanın arxa bağı kimi görünən Cənubi Amerikada kommunizmin yayılmasından narahat idi. Ona çatan raportlara görə Çilidə yaxınlaşmaqda olan seçkilərin favoriti sosialist Allende idi. Prezidentin üzü turşumuşdu. Bu vəziyyətə tamaşaçı kimi baxa bilməzdi. MKİ Çili xalqının iradəsinin sandıqlara keçməməsi üçün əlindən gələni etdi. Lakin Vaşinqtonun hesabları Santyaqoya uyğun gəlmədi. 1970-ci ildəki seçkinin nəticələri açıqlananda Ağ evdəkilərin üzü pərt olmuşdu. Allende ən yaxın rəqibini 40 min səslə olsa da məğlub edə bilmişdi.


" Allende gəlsə Latın Amerikası qırmızı sandviç olar”


Nikson daha sonra dərc olunan xatirələrində sözçülərindən birinin ona " Allende seçkini qazansa Latın Amerikası bir tərəfində Kuba, digər tərəfində Çili olmaqla qırmızı sandviç olar” dediyini yazacaqdı. Seçkilərdən sonra Niksonun əmriylə Çilidə iqtisadiyyatın çökdürülməsi əməliyyatlarına başlanıldı.
Çiçəyi burnunda olan prezident Allendenin gündəmindəki maddələr sənayenin, xüsusilə Amerikalıların əlində olan obyektlərin milliləşdirilməsi və torpaq islahatları idi. 1973-cü ildə inflyasiya yüksəlmiş, MKİ –nın dəstəklədiyi tətillər işləri çökdürməyə başlamışdı. Özbaşına hərəkət edən solçu qrupların torpaq islahatı fəaliyyəti də vəziyyəti çətinləşdirmişdi.


Öz cəlladını özü seçdi


Vəziyyəti düzəltmək istəyən Allende Latın Amerikasının ən uzun demokratiya keçmişi olan Çilidə həmişə siyasətdən kənarda qalan ordudan kömək istədi. Bu etdiyi ən böyük xətası olacaqdı. Bununla bağlı digər bir səhvi isə 1973-cü ildə Pinoçeti baş qərərgah rəisi təyin etməsiydi. Üstəlik, generalı siyasi iddiaları olmadığına görə seçmişdi. Seçiminin nə qədər səhv olduğunu anlaması üçün çox gözləməyinə ehtiyac olmadı.

1973-cü ilin 11 sentyabrı Çilin xalqının unutmayacağı gün oldu. Həmin gün Pinoçet seçkilərlə hakimiyyətə gələn Allende hökümətini devirdi. Allende çevriliş əsnasında öldü. Bəzilərinə görə intihar etmiş, bəzilərinə görəsə əsgərlər tərəfindən öldürülmüşdü. Pinoçet hər nə qədər çevrilişin baş tutmasında rolunun az olduğunu iddia etsə də ölkəyə nəzarət edən 4 nəfərlik cuntanın lideri olaraq ölkənin tək hakimi oldu. Parlament bağlanmış, siyasi partiya və həmkarlar ittifaqlarını susduraraq özünü prezident elan etmişdi.

Olub-bitənlər həmin günlərin klassik şablonuna uyğun gəlirdi. Amerika ilə təzad təşkil edən solçu hökümət vətənini radikalcasına sevən bir qrup sağçı general tərəfindən devrilir və ölkə doğru yolu tapırdı.

Allende soyuq müharibənin ən həssas günlərində ortaya çıxıb "demokratik yolla sosializmə çatacağıq” deməyib, ardınca seçkiləri qazanmasaydı, Amerika hirslənməyəcək, Pinoçet isə tarixin məzarlığındakı adsız hərbiçi təqaüdçülərdən biri olacaqdı.


Ölkə uçurumun kənarına gəlmişdi...


Onun fikrincə " Ölkəsini sevən bir vətənpərvər idi və uçurumun yanında olan ölkəsini kommunizm və terror bəlasından qurtarmaq üçün borcunu yerinə yetirmişdi.”

Qiyamçı dövlət başçısı sənayedəki milliləşdirməni dayandırdı. Şirkətləri və torpaqları keçmiş sahiblərinə qaytardı. Iqtisadiyyatdan başı heç çıxmasa da Çikaqo Universitetindən Milton Friedmanın ticarət siyasətini həyata keçirmək üçün bir qrup gəncin (sonradan `Chicago boys` kimi tanındılar) Friedman tərəfindən təlim keçməyini təmin etdi. Bu heyətin ölkədə yürütdüyü iqtisadi modellə Çili iqtisadiyyatı bölgənin ən yaxşı iqtisadiyyatı oldu. Təbii ki, ölkənin inkişaf etməsində Amerikanın da böyük dəstəyi var idi.

Diktatorluq köynəyini geyinən digərləri kimi çilili general da ` Tanrı tərəfindən seçildiyinə` inanırdı. Özünü siyasətçidən çox hərbiçi kimi görməyə davam etdi. Hərbi formalara həvəsiylə birgə taxdığı qara eynəklə çili xalqının iradəsinin üzərinə qaranlıq kölgə saldı. Kommunizm qarşısında vampir kimi idi. Eyni zamanda demokratiya fikrindən də xoşu gəlmirdi. Ona görə " demokratiya məhv edilməsi rahat olan quruluş idi.”

70-ci illərdə xüsusilə iqtisadiyyatın inkişafına görə bir çox çilili generalı dəstəkləməkdə gecikmədi. Bununla birlikdə dəmir yumruq siyasətinə etiraz edən radikal müxalifət də yarandı. Məxfi polisin qəddarlığına və hərbi rejimin bütün əzici gücünə baxmayaraq Pinoçet 1986-cı ildə suiqəsd cəhdindən canını güclə qurtardı. Ölkədə kommunizmə qarşı mücadiləsinin memarı olan Amerikanın dəstəyi ilə yaratdığı iqtisadi möcüzəyə çox inanırdı. Buna görə də hərbi hökümətin əlavələr etdiyi konstitusiya layihəsini 1988-ci ildə referundama apardı. Səs toplayacağına əmin idi. Amma şoka düşdü. Məğlub olmuşdu.

Xalq seçkidə söyləməli olduğunu deməkdə gecikməmiş, qiyamçı öz əliylə sivil idarəçiliyə gedən yolu açmışdı. 1990-cı ildə prezident kürsüsündən ayrıldı. Amma `sivil hökümət dediksə də o qədər də deyil`. Baş qərərgah rəisliyini davam etdirdi. Silahı əlindən buraxmaq ona sərf etməzdi.


Çilililərin çiləsi bitənə oxşamır


Dünya dəyişirdi. Demokratiya dünyada daha çox sevilən duruma gəlmişdi. Amerikada prezident Klinton var idi və ən çox tələffüz etdiyi sözlər `qloballaşma` və ` internet inqilabı` idi. Əli qanlı diktatorlar bu yeni quruluşun vitrininə yaraşmırdı. Pinoçet 1998-ci ildə qərərgah rəisliyindən istefa verdi. Amma çili xalqının çiləsi hələ bitməmişdi. Bu dəfə özünü ömürlük senator elan etdi. Ədalətdən canını qurtarmaq üçün min cür oyunbazlıq edirdi. 

Senatorluğun toxunulmazlığına sığınan Pinoçetin gücü simvolik idi. Amma edəcəyini də etmişdi. Özündən sonra gələn hakimiyyətlərə insan haqları problemləri dastanı buraxmışdı. 30 min nəfərin şahidliyi ilə hazırlanan raporta görə cunta rejimi 3 min 197 nəfəri öldürmüş, 29 min nəfəri isə işgəncəyə məruz qoymuşdu. Itkin düşənlərin sayını isə Allah bilirdi.


Və bir gün çarx dönər...


Pinoçet senatorluğun dadını çıxartmadan yaxalandı. Həmin il İngiltərə ziyarəti zamanı İspaniyaya təslim edilmək üçün ev həbsinə salınarkən şoka düşmüşdü. Necə olur ki, ona vaxtilə qol-qanad verən super güclər indi onunla belə rəftar edirdi? Belə görünür ki, adam öldürməyə başı qarışan diktator tarixi oxumağa vaxt tapmamışdı. Halbuki, təkcə İran şahının həyatını oxusa bəs edərdi. Ispanlar öz vətəndaşlarını öldürmək ittihamıyla keçmiş qiyamçının izinə düşmüşdü. Pinoçet səhhətini bəhanə edərək zaman keçirdiyi iki ildən sonra ispanlardan canını qurtara bildi. Ingilislər 2000-ci ilin martında " Məhkəməyə dözə biləcək qədər sağlam deyil` deyərək generalı ölkəsinə göndərdi. Bununla birlikdə Pinoçet tərk etdiyi Çilini tapa bilmədi. Körpünün altından çox su axmışdı. Ölkəsinə qayıtdığı ay Çilinin Allendedən sonrakı ilk sosialist dövlət başçısı Ricardo Lagos and içərək vəzifəsinə başladı. Keçmişin cinayətlərini üzə çıxartmaq qərarlı idi. Çili məhkəmələrindən birinin qərarı ilə generala istintaq açıldı. Bundan sonra Pinoçet və istintaq gizlənqaç oynamağa başlayacaqdı.


Toxunulmaza da toxunarlar


Nəhayət, 2001-ci ildə istintaq onun insan haqlarına qarşı cinayaətlərinə görə məhkəmə önünə çıxarılmasına qərar vermiş və keçmiş diktator 6 həftəlik ev həbsinə salınmışdı. Müxaliflər simvolik bir qələbə qazanmışdı. Çilidə inanılmaz şeylər olurdu!

Buna baxmayaraq Ali məhkəmə 2002-ci ildə " əqli baxımdan ittiham olunmağa uyğun deyil” deyərək Pinoçet tərəfdarlarını sevindirdi. General bu qərarın ardından ömürlük senatorluq kürsüsündən imtina etdi və səhhətini dövlətə görə itirdiyini iddia etdi. Halbuki pisləşən səhhəti ən yaxşı vəkili olmuşdu. Vücudu və əqlini sıradan çıxaran xəstəliklərə yoluxsa da bu xəstəliklər onun yüzlərlə məhkəmə, sorğu-sualdan canını qurtarmasına kömək olacaqdı. Amma ədalət son sözünü deməmişdi. Tez-tez ev həbsinə salınıb buraxılan diktator haqqında ilk məhkumluq qərarı 2005-ci ildə çıxarıldı. Polis davam edən istintaqlar zamanı Pinoçetin şəkillərini çəkmiş, barmaq izini götürmüş, üstəlik də keçmiş dövlət başçısı hər gün polis şöbəsinə gələrək adi cinayətkarlar kimi raport vermək məcburiyyətində qalmışdı. 

Məhkəmələrin bir-birinin ardınca qərarlar çıxarmasına baxmayaraq vəkillər onun səhhətini qalxan kimi istifadə edərək bunlardan yan keçə bilirdilər. Bütün bunlara baxmayaraq məhkəmə onun özünü olmasa da onlarla cinayət ortağını dəmir barmaqlıqlar arasına salmağı bacarmışdı. Diktatorun hələ də güclü əlaqələri var idi. Çevriliş qurbanı digər ölkələr kimi hər zaman bir kütlə qiyamçıların xilas edilməsində rol oynayırdı.

Pinoçet 2006-cı ildə Allendenin iki mühafizəçisinin öldürülməsində birinci dərəcəli rol oynadığına görə beşinci dəfə ev həbsinə salınmaqdan canını qurtara bilməyəcəkdi.


Ölkənin sərvətini xaricə daşımışdı


Pinoçet hökümətinin maliyyə nizam-intizamı nəticəsində bölgənin ən güclü iqtisadiyyatına sahib olmasına baxmayaraq son illərdə sadiq tərəfdarlarını itirməyə başlamışdı. Bir-birinin ardınca ortaya çıxan faktlar bu qoca ixtiyarın təkcə Çilinin deyil, öz cibini düşündüyünü də üzə çıxarmışdı. Xüsusilə, Vaşinqtondakı Riggs Bankda ortaya çıxan gizli hesablarındakı milyonlarla dollar pul tərəfdarlarını belə çilədən çıxartmışdı. Honq Konqdakı bir bankda isə diktatorun adına 10 ton qızılın olması bunlardan biri idi.

Diktator 2006-cı ilin 10 dekabrında 91 yaşında müalicə aldığı xəstəxanada öldü. Xəbərdən sonra bayraqlarla meydana çıxan minlərlə çilili Pinoçetin ölümünü rəqs edərək qeyd etmiş, tərəfdarları isə xəstəxana önünə yığışaraq keçmiş diktatorun xatirəsini yad edirdi.

Tərcümə və hazırlayan: Emin Piri