adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İLLƏRDƏN BİRİ

İRADƏ TUNCAY
50628 | 2009-12-31 01:12

Bu ili də yola verdik getdi. Yola verdik... Dünya elə qüvvələrin əlinə keçib ki, insanlara yaşamaq yox, mövcud olmaq haqqı veriblər. Dünya qaynar qazandı, biz də yağlı tikə. Bu da bir statusdu. Hamı yemək istəyir, amma nə vaxtsa, kiminsə boğazında ilişib qalmaq statusunu qazananda bəlkə insan olmaq haqqını da verərlər bizə. Biz də nəsə yemək haqqını qazanarıq. Hələlik isə təsəlli və ümid qaşıqlayırıq...
   
   Dörd bir tərəfin od tutub yanırsa... Çox qəribədi, atəşin dərəcəsi yüksəldikcə insanların ürəyinin hərarəti enməyə başlayır, ürəkləri buz bağlayır. Görən bu tərs mütənasiblik hər zamanmı belə olub, ya mən indi görməyəmi başlamışam?
   
   
   
   ***
   
   
   
   ... Telefonun o biri ucunda şirin, doğma Naxçıvan ləhcəsi eşidilir. Həmən tanıyıram:
   
   - Gözəl xala?
   
   - Hə, qızım, başına dönüm, elanı verdiniz?
   
   - Əlbəttə. Bir həftədi veririk, heç nə köçürülməyib hesaba?
   
   - Yox, ay qızım, heç bir qəpik də.
   
   - Gözəl xala, mən sənə dedim axı, pulu olan adamlar elə elanları oxumurlar, heç qəzet oxumurlar...
   
   (İki yeniyetmə nəvəsi ürək qüsurlarından əziyyət çəkir bu qadının. Çırpınır, çabalayır həyatda saxlamağa çalışır uşaqları. Əzmli, qürurlu qadındı. Son vaxtlar bir təbəqə insan formalaşıb ki, duyğu sömürüsü ilə dilənirlər. Ağzını açan kimi yalan danışdığını bilirsən. Amma bu qadının səmimi və doğru olduğunu bilirəm).
   
   - Bə neyləyək?
   
   - Gəl,- deyirəm, - görək neyləyərik.
   
   ... Telefon cingildəyir. Bir informasiya saytındandı, sorğu keçirirlər:
   
   - İl mətbuatımız üçün nə ilə əlamətdar oldu?
   
   - ... Əlamətdar? Belə dəqiq xatırlaya bilmirəm. Deyim də, mətbuata yardımlar olundu, layihələr həyata keçirildi (bu sözləri telefonun o biri ucunda məni dinləyən qızcığaza deyə-deyə fikirləşirəm ki, "əlamətdar" sözü o vaxt yerinə düşərdi ki, biz heç bir yardımsız-filansız öz qüvvəmizlə yaşaya biləydik. Əlahəzrət oxucu xahişsiz-minnətsiz qəzet oxuyaydı. Heç olmasa qəzetdəki elanları oxuyaydı. Məzahir Əhmədoğlu da abunə vaxtı çatanda belə gərgin olmayaydı). Hə, bir də mənim üçün il itkiylə yadda qaldı - Elçin... Elçin Səlcuq...
   
   
   
   ***
   
   
   
   ... - Canı qurtardı - deyir Mehriban.
   
   - Hə, -deyirəm, -düzdü.
   
   - Canı onun özündən qurtardı.
   
   - Hə,- deyirəm yenə. Amma burda da "qurtardı" sözcüyü yerinə düşmür. QURTULDU. CANI, RUHU QURTULDU.
   
   
   
   ***
   
   
   
   - Xatun, iki dəqiqə vaxtını alacam- deyir. Yağışdan islanmış sərçələrə oxşayır.
   
   - Nə olub?
   
   - Hekayəmi oxudun?
   
   - Yox.
   
   - Niyə?
   
   - Çox ədəbsiz hekayədi.
   
   - Oxumamısansa nə bilirsən?
   
   - Oxumuşam, xoşuma gəlməyib.
   
   - Mən səndən yaxşı yazıram, paxıllıq edirsən.
   
   - Bütün kişilər özlərini qadınlardan üstün sayır.
   
   - Yox, həylə deyil. Həyəcanlanma, - deyir və başlanır qadın-kişi münasibətlərinə dair ən ədəbsiz söhbətlər. Elçin danışır və mən sakitcə qulaq asıram. Özlüyümdə də fikirləşirəm ki, Allah da mənə belə yazıb. Sərxoş adamların fəlsəfi düşüncələrini dinləmək.
   
   
   
   - Qulaq as da mənə, iki dəqiqə vaxtını alacam.
   
   - Qırx dəqiqədi danışırsan, zəhləm gedir sərxoş adamdan.
   
   - Bunu sən deyirsən?
   
   (Nəyə işarə elədiyi məlumdu).
   
   - Elə ona görə də zəhləm gedir.
   
   - Sən dədəyin goru, yerliyik da. Amma vəzifəsi olmayan naxçıvanlı elə ... kimi bir şeydi.
   
   (Bir bölgənin adını çəkir. Dahiyanə sözdü deyə fikirləşirəm).
   
   - Eyni statusdayıq. Mənim də vəzifəm yoxdu. Deməli mən də elə ... kimi bir şeyəm.
   
   - Sənə məktub yazmışam oxuyarsan.
   
   - Şifahi de.
   
   - Yox, oxuyarsan.
   
   - Oxumayacam.
   
   Ürəyindəki çox sözləri deyir, deyir, deyir, mən də uduram. Sonra durur ayağa, sürəkli baxışlarla süzür məni:
   
   - Çox amansızsan- deyir.
   
   Bu ondan eşitdiyim sonuncu sözdü. Hə, Elçin, AMANSIZAM. ÖLÜM KİMİ !
   
   
   
   ***
   
   
   
   Dünyanı necə tutsan elə də gedir. Əvvəldən. Yük götürməyə alışdınsa, hamı yüklənəcək. Kişi olsam bəlkə mən də içki şüşəsinə sarılardım. Qadın daha güclü olduğundan zərbələri qaytara bilir. Özü üçün kəşf elədiyi həqiqətləri həzm eləyə bilir. Nə qədər zəhərli olsa da. Çox yaxından tanıdığını zənn etdiyin adamlarda aşkarladığın iyrəncliklər nə qədər heyrətverici olsa da... Yaşamalısan, ətrafdakıları ayaq üstə saxlamağa məhkumsan. İlləri yola verə-verə... Harda qırılar, qırılar... Əlamətdar heç nə olmadı... AMMA HEÇ OLMASA ELANLARI OXUYUN !

TƏQVİM / ARXİV