adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÜNAHLAR İÇƏRİSİNDƏ PARILTI...

BABƏK YUSİFOĞLU
49581 | 2013-06-11 01:19
Bilmirəm, siz belə bir ifadə eşitmisinizmi: Allahın lənətinə gəlmiş(lər)? Amma mən nəinki bu cür deyimi eşitmişəm, hətta oxuduğum kitabların bəzilərində həmin ifadəylə rastlaşmışam da. Lakin tələbəlik illərimdə savadlı, ağıllı, geniş dünyagörüşlü bir din adamından eşitdiklərim indiyədək yadımdadı. O, danışırdı ki, böyük günah əməllərinə görə Tanrının qəzəbinə gələnlər gec və ya tez buna görə cavab verirlər. Sadəcə olaraq belələri cəzalarını alarkən onun hansı səbədən, nə vaxt qazandıqlarını ya qəsdən xatırlamaq istəmirlər, ya da ümumiyyətlə unudurlar.
O, deyərdi ki, günah əməllərin bu dünyadakı cəzasını almaq insan oğlu üçün hələ böyük mükafat hesab olunmalıdır. Çünki Böyük Yaradanın dərgahında hər şey daha fərqlidi. Və heç kəs belə düşünməsin ki, həyat şərtlərinin çətinliyi, maddi sıxıntılar, müəyyən məqsədlərin həyata keçməməsi və s. kimlərinsə boyuna biçilmiş həmin cəzaların sırasındadı. Əsla. Günah əməllərin bədəlləri insan oğluna böyük heybətiylə, dəhşətiylə ürcah olur. Hələ onlar da bizim gerçəkçi sandığımız dünyada baş verirsə...
Bəzən bəhs etdiklərim haqqında düşünəndə niyəsə ilk növbədə bir sıra məşhurları xatırlayıram, o cümlədən XIX yüzillikdə yaşamış böyük ingilis şairi Persi Bişi Şellini... Onun yaşadıqlarının, keçdiyi həyat yolunun başqa bir yerə yozumu mümkünmü? Mən bilmirəm...

PERSİ

İmkanlı bir ailədə doğulmuş, solğun bənizli, ağıllı baxışlı bu balacanı elə həmin dövrlərində digərlərindən asanca fərqləndirmək mümkün idi. Kiçicik Persinin şair olacağını erkən çağlarında demək mümkün olmasa da hiss edilirdi ki, o, sıradan, adi bir həyat yaşamayacaq.
Persi Bişi Şelli 1792-ci ilin 4 avqustunda İngiltərədə Susseks qraflığında, zadəgan ailəsində dünyaya göz açdı. Atası Timoti Şelli ilk övladı olan Persini oxumuş, gələcəkdə müəyyən vəzifəyə sahiblənmiş birisi görmək arzusu ilə onu İton məktəbinə verdi.
Əlbəttə, əsası hələ 1440-cı ildə IV Henrix tərəfindən qoyulmuş bu nüfuzlu məktəbdə təhsil almaq hər kəsə nəsib olmurdu. Çünki buranın təhsil haqqını ödəmək üçün yaxşı imkanlara malik olmaq lazım idi. Və Persi Bişinin 13 yaşından başlayaraq belə bir mühitə düşməsi, nüfuzlu müəllimlərdən biliklər öyrənməsi onun dünyagörüşünə, istedadının püxtələşməsinə, yeni-yeni dostlar qazanmasına şərait yaratmışdı.
Valideynləri təhsilini davam etdirməsi üçün Persini sonra məşhur Oksford universitetinə göndərdilər. Kitablara xüsusi həvəsi olan 18 yaşlı gənc üçün yenidən inanılmaz imkanlar yaranmışdı. O, bu illərdə daha çox ədəbiyyatla, məntiq elmiylə maraqlanırdı. Əlavə kitablar əldə edərək oxuyur, mütaliəsini artırırdı. Hətta hələ çox gənc olmasına baxmayaraq Persi Bişi böyük həvəslə bədii yaradıcılığa da girişmişdi.

İLK CƏZA VƏ VALİDEYNLƏRDƏN DÖNƏN ŞAİR

Bioqraflar qeyd edir ki, Oksforda gəldiyi ərəfədə artıq o iki roman yazmışdı. Tələbələr də, müəllimlər də gəncin xüsusi bacarığını elə ilk dövrlərdən fərq etmişdilər. Və çox keçmədi ki, heç bir əndazəyə, çərçivəyə sığmayan iddiaları onu arzuolunmayan istiqamətlərə sürükləməyə başladı. Lakin Persi bunların heç fərqində də deyildi. Bir müddət əvvəl dostlaşdığı Tomas Cefferson Hoqqla birlikdə fərqli, həm də heç doğru olmayan, ateist iddialara girişdi. Hətta onların bu cür işləkləri özlərinə necə yaxşı təsir eləmişdisə onlar tezliklə anonim bir bröşür da nəşr etdilər.
Həmin nəşrdə Şellinin "Marqarita Nikolsonun ölümdən sonrakı qeydləri" başlığı altında məzəli, bir qədər də satrik şeirləri öz əksini tapmışdı. Bundan başqa, "Ateizmin zəruriliyi" yazısı broşür vasitəsi ilə bütün tələbələr arasında yayıldı.
Əlbəttə, ateist ideyaları, ümumiyyətə ateizmin insanların həyatı üçün çox vacib olduğunu özündə əks etdirən bu nəşr uzun müddət gizli qala bilməzdi. Gizli qalmadı da. Və tezliklə rəhbərlik belə allahsız hərəkətlərinə görə onları təhsil müəssisəsindən xaric elədi. Təbii ki, övladını cəmiyyətdə nüfuzlu birisi kimi görməyi arzulayan ata belə bir hadisəni sakit qarşılaya bilməzdi. Allahı, dini inkar etməyincə bağışlanacaq kiçicik bir şansı belə yoxdu. Atası Persiyə bərk qəzəblənmişdi. Və bundan sonra Persi Bişiylə ailəsi arasındakı bağlar qopudu. Təqiqatçılar yazır ki, heç nəyə baxmayaraq atası Persiyə ildə 200 funt pensiya təyin etmişdi. Hansı ki, həmin dövrdə bu pul bir nəfər üçün kifayət qədər böyük məbləğ sayılırdı.
Hər şeyə rəğmən Persi Bişi valideynlərinin onun üzərindəki haqlarını unudaraq öz bildiklərini daha düzgün sayıb ailəsindən üz döndərdi. Nəyin düz, nəyin səhv olduğunun fərqinə belə varmadı. Əslində bütün bunlar onun səhvlər, günahlar qazanmaq yolunda sonuncusu deyildi. Hətta çox təəssüf ki, hələ başlanğıc idi...

İLK NİGAH VƏ NÖVBƏTİ ƏSƏRLƏR

Persi Bişi doğmalarıyla münasibətlərini qəti olaraq qırdıqdan sonra daha uzaqlara getməyə qərar verdi. Amma tək yox. Sanki qarşıdakı naməlum, çətinliklərlə dolu bir həyata bir ortaq da seçmişdi. Bacısı ilə birlikdə oxuyan Harriet Uestbrukla Edinburqa yola düşdülər. Və Edinburqa gələndən sonra vaxt itirmədən nikah da bağladılar. Onda Persi Bişi qızı sevdiyini düşünürdü. Bəlkə doğrudan da gənc şairin qəlbində Harrietə məhəbbət duyğuları vardı, amma həyatın sonrakı sınaqlarına rəğmən bunu heç də təsdiqləmək mümkün deyildi. Axı, onun elə bu "sevgisi" üzündən dərin faciələr yaşandı... O özü də bu nikahın ilk zərbəsini atasının mirasından məhrum edilməsi ilə qazanmışdı.
Əslində ilk dövrlər hər şey onlar üçün yaxşı idi. Gənclər bir-biriylə çox vaxt keçirir, qarşılaşdıqları sıradan çətinlikləri adladaraq hər şeyin daha gözəl olacağına inanırdılar. Amma görünür qarşıda onları daha çətin imtahanlar gözləyirmiş. Yəni, Persi Bişi Şelli o qadınla rastlaşana qədər... Hələlik həmin günlərə xeyli vaxt vardı və cütlük xoşbəxtcəsinə yerlərini şəhərdən-şəhərə dəyişərək, hətta Şotlandiyaya da, İrlandiyaya da səyahət etdilər. Onu da bildirmək lazımdı ki, bu zamanlar Persi Bişi yaradıcılığından da vaz keçməmişdi. Necə deyərlər, heç keçə də bilməzdi. Çünki İlahi ona fitri istedad bəxş eləmişdi, o da yazıb-yaratmalıydı.
Çox keçməmiş Persi Bişi aktiv şəkildə ölkənin siyasi proseslərinə qoşuldu. Dövrünün tanınmış jurnalist-yazarlarından biri hesab edilən Qodvinlə, onun ideyalarıyla yaxından tanışlığı Persini bu yola daha da çox bağladı. Hakimiyyəti, cəmiyyətdəki haqsızlıqları, sinfi bərabərsizliyi... kəskin tənqid edən siyasi pamfletlər, şeirlər yazdı. Artıq müəyyən dairələrdə tanınmağa başlayan Persi Şelli nəhayət özünün ilk böyük həcmli poetik əsərini - "Kraliça Mab"ı ərsəyə gətirdi. Əlbəttə, bu böyük bir ədəbi hadisə olmasa da əsərdə gəncliyin həyat ritorikası, romantik duyğuların lirik təsviri, müəllifin özünəməxsus ifadə tərzi çoxlarının diqqətini çəkmişdi. Amma az sonra onun Robert Sautinin... əsərləri ilə tanışlığı Persi Bişi Şellinin yaradıcılığına, həyata baxışlarına fərqli şəkildə təsir etdi.
Yeri gəlmişkən, məhz bu illərdə Persiylə Harrietin bir qızı da dünyaya gəlmişdi. Amma artıq övlad sahibi olsalar da gənclərin ailə bağlarının gələcəyi heç də parlaq görünmürdü. Çünki Persi Şelli indi başqa bir sevgi ilə alışıb-yanırdı. O bu dəfə Qodvinin qızı Meriyə vurulmuşdu. Nə kiçicik qızı, nə göz yaşları, nə də 19 yaşlı gənc xanımının kimsəsizliyi (qızın ailəsi də onlarin evlənməsindən sonra gənclərdən üz döndərmişdi) gənc şairi yeni sevdasından vaz keçirə bilmədi. Özü də Persinin Meriylə münasibtləri sadəcə bir sevgi romanı, xanımını aldatma kimi mövcud deyildi...

AİLƏ FACİƏSİNİN BAŞLANĞICI

Adi tanışlıqdan başlayan bu münasibətlər Şelli ilə Merini qısa zaman içərisində bir-birinə ciddi şəkildə bağlamışdı. Kimsədən, hətta arvadından belə çəkinmədən bu münasibətləri sürdürən şair ailəsinin addım-addım fəlakətə sürüklədiyini heç fikirləşmirdi də. Harrietin durumu isə çox dəhşətli idi. Heç nəyə baxmadan, hətta ailəsini belə qarşısına alıb evindən ayrılaraq onunla naməlum həyata atılan qadın ərini necə geri qaytaracağını bilmirdi. Və onların arasında bundan sonra çox tez-tez ciddi mübahisələr başlamışdı.
Əslində onların münasibətlərinin belə hala gəlməsində başqa səbəblərin də olduğunu yazırlar. Belə ki, Şellinin yaxın dostu, onların evinə gəlib-gedən Hoqqun Harrietə vurulduğu, ona eşq elan etdiyi xatırlanır. Hətta bunlardan çox qəzəblənən Şellinin onların hər ikisi ilə dalaşdığı da deyilir. Lakin Harrietin Persini hədsiz sevdiyini bütün araşdırmaçılar yazıb.
Günlərin birində ailədə xeyli vaxtdı gözlənən həmin hadisə baş verdi. Özünün ailədən kənar yaşadıqlarını çox təbii qarşılayan Persi Bişi Şelli arvadına bildirdi ki, bundan sonra onlar bir yerdə, nikahda yaşaya bilməzlər, artıq boşanmalıdırlar. Çünki o, Merini sevir. Son dövrlər onsuz da əsəbi sarsıntılar keçirən, qarşıda onu hansı dəhşətlərin gözlədiyini təsəvvür belə edə bilməyən şairin həyat yoldaşı yeganə çıxış yolunu boşanmamaqda gördü. Bu biçarə qadının başqa çarəsi vardımı?.. Əlbəttə, Harriet bu addımla ərinin başqası ilə rəsmən evlənməsini əngəlləməyi bacarsa da bundan artığına nail ola bilmədi.
Arvadından belə bir hərəkəti gözləməyən Persi Bişi Şelli əvvəlki zamanlar çox narahatlıq keçirsə də inadla üz tutduğu bu haqsız yoldan geri çəkilmədi. Hadisələrin hətta daha böyük faciələrə gedib çıxa biləcəyini hiss etsə də. Şairin əksər bioqrafları Şellinin belə hərəkətlərini ən sərt dillə qələmə almışlar. Yaradıcı bir adamın, insan duyğularını, lirikanı, şeiriyyəti həyatının bir parcası hesab edən şəxsin belə amansız, ədalətsiz qərar qəbul etməsini vicdansızlıq kimi dəyərləndirənlər də az olmamışdı. Növbəti faciələrsə hələ irəlidə idi...

(Davamı var)
BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV