Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar
Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Adalet.az-a bildiriblər ki, bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır.
Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya "Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.